Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə edilib

 

Sentyabrın 19-da payız sessiyasında Milli Məclisin mədəniyyət komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər haqqında məlumat verib.

Əvvəlcə mədəniyyət komitəsində 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə danışan Rafael Hüseynov bildirib ki, ötən sessiyalarda komitə məhsuldar fəaliyyət göstərib.

Komitədə bir sıra qanun layihələri müzakirə olunub, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilib, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi hazırlanaraq ikinci oxunuşa təqdim edilib. Komitəyə daxil olmuş 157 müraciətə aidiyyəti üzrə baxılıb.

Sonra deputatlar mədəniyyət komitəsinin 2017-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı haqqında fikirlərini səsləndiriblər.

İclasda, həmçinin “Muzeylər haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri də müzakirə edilib.

“Muzeylər haqqında” Qanunun 26-cı maddəsində “elmlər namizədi” ifadəsi müvafiq olaraq “fəlsəfə doktoru” ifadəsi ilə əvəz olunub.

“Mədəniyyət haqqında” Qanuna isə 1960-cı ildən sonra istehsal olunmuş mədəniyyət nümunələrinin ölkəmizdən ixracını sadələşdirmək məqsədilə bir neçə yeni maddə əlavə olunub, bəzi maddələrdə isə dəqiqləşdirmələr aparılıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2017.- 20 sentyabr.- S.2.