“Leyli və Məcnun” operası ilk dəfə Rusiya
paytaxtında
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Rusiyada nümayiş etdiriləcək. Moskvada “Crocus City Hall”da təqdim olunacaq operada Məcnun rolunda Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə beynəlxalq müsabiqələr laureatı, xanəndə
Arzu Əliyeva çıxış edəcəklər.
Dünən Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyada nümayişi ilə bağlı mətbuat konfransı keçirilib. Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bildirib ki, Şərqin 109 illik tarixə malik ilk operası “Leyli və Məcnun” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru Xalq artisti Yalçın Adıgözəlovdur.
Rektor “Leyli və Məcnun”un Rusiyada nümayişinin Azərbaycan mədəniyyətində olduqca mühüm hadisə adlandıraraq deyib: “Bu layihə bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Bu operanın dünyanın bir sıra ölkələrində səhnəyə qoyulduğunu söyləyən S.Kərimi bildirib ki, əsərin Rusiyada nümayişinə də xüsusi önəm verilir. “Nümayiş zamanı tamaşaçıda “Leyli və Məcnun” operası haqqında təsəvvür yaratmaq və onların bu sənət incisinin mahiyyətini başa düşmələri üçün rus dilində hazırlanacaq mətnlərdən də istifadə ediləcək. Məqsəd tamaşaçıda opera ilə bağlı aydın təsəvvür yaratmaqdır. Biz bütün bunları düşünürük və çalışacağıq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq “Crocus City Hall”a təşrif buyuracaq hər kəs səhnə əsərinə baxarkən zövq alsın, onda Azərbaycan mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvür formalaşsın”, – deyə rektor vurğulayıb.
Xalq artisti Yalçın Adıgözəlov isə çıxışında Üzeyir Hacıbəylinin adı ilə bağlı hər bir layihənin böyük əhəmiyyət daşıdığını söyləyib. Onun fikrincə, harada səslənməsindən, səhnəyə qoyulmasından asılı olmayaraq, dahi bəstəkarın bənzərsiz irsi xalqımızın tanınmasına xidmət edir.
Səhnədə 140 dəfə Məcnun obrazını canlandırmasına baxmayaraq, bu dəfə onu çox böyük bir sınağın gözlədiyini söyləyən Xalq artisti Mənsum İbrahimov deyib: “Operanın təqdimatına yüksək səviyyədə hazırlaşırıq. Hazırda ciddi məşqlər aparırıq. İstəyirik ki, operanı yüksək səviyyədə təqdim edək. Bu, bizim mədəniyyətimizin bir parçası olmaqla yanaşı, həm də iki dahi sənətkarın bənzərsiz sənət incisidir. Gərək elə təqdim edək ki, bu, mədəniyyət tariximizdə əbədiyaşarlıq qazana bilsin”.
Leyli obrazının ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arzu Əliyeva isə çox həyəcanlandığını söyləyərək bildirib ki, operanın bu təqdimatında iştirak etmək gənc xanəndə üçün olduqca qürurvericidir.
Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR direktoru Aytac Həsənova operanın premyerası üçün görülən işlər barədə məlumat verib. Artıq 4 aydır bu işin təbliği ilə məşğul olduqlarını deyən A.Həsənova operanın yeni həyat yaşayacağına, Moskvada 6 min insanın Azərbaycan sənətkarlarını ayaq üstə alqışlayacağına inamını ifadə edib.
Üzeyir bəyin əsərini 10-dan çox ölkədə səhnəyə qoyduğunu söyləyən operanın quruluşçu rejissoru Hafiz Quliyev deyib: “Hər dəfə olduğu kimi, bu dəfə də opera böyük maraqla qarşılanacaq. Ona görə ki, heyət çox böyük həvəslə çalışır. İnanıram ki, bütün çətinliklərin öhdəsindən gələcəyik. Üzeyir bəyin şah əsərini və Şərqin ilk operasını Moskvada milyonlara sevdirməyi bacaracağıq”. Quruluşçu rejissor dinamikliyin təmin olunması naminə opera üzərində bir çox dəyşikliklərin edildiyini də diqqətə çatdırıb.
Tədbirdə Mənsum İbrahimovun və Arzu Əliyevanin ifasında “Leyli və Məcnun” operasından bir parça təqdim olunub. İfaçıları Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edib.
Sonda bildirək ki, 6 min tamaşaçı tutan
“Crocus City Hall” indidən bu
möhtəşəm tamaşaya
hazırlaşır. Bu, dahi Üzeyir Hacıbəylinin ölməz
musiqisinə, eləcə
də incəsənətimizə
olan böyük marağın təzahürüdür.
Məhz bu səbəbdən konsertə xeyli vaxt qalmasına baxmayaraq, demək olar ki, bütün
biletlər satılmışdır.
Rafiq Salmanov
Xalq qəzeti.-
2017.-22 sentyabr.- S.6.