Azərbaycan İslam
dünyasının ən nüfuzlu
ölkələrindən birinə çevrilir
Bu gün Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən qədim bir ölkə kimi öz dünyəvi, demokratik dövlət imicini qoruyub saxlamaqla bərabər, həm də öz dini və milli ənənələrinə sadiqdir. Azərbaycan xalqı İslam dünyasının ayrılmaz parçasıdır. Azərbaycanda milli-mənəvi dəyərlərin formalaşmasında İslam dini mühüm rol oynayıb. Azərbaycan Avropa Şurasının, ATƏT, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Hazırda müsəlman dünyasının birliyə və həmrəyliyə daha çox ehtiyacı vardır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunmasında və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsində əsas məqsəd müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Əlbəttə, dərindən düşünəndə görürük ki, Bakının son illər nəinki İslam aləmi, bütövlükdə dünyanın vacib problemlərinin həllini nəzərdə tutan siyasi-mədəni mövzularda mötəbər tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını alıb. Azərbaycanın adı bu gün dünyanın mədəni dairələrində sabitlik məkanı, əməkdaşlığın etibarlı ünvanı, tolerant mühitin qorunduğu, fərqliliklərin ayırdığı deyil, əksinə, birləşdirici dəyərlər kimi aşılandığı bir məmləkət olaraq çəkilir.
Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. İslam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salmış, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməmiş, 70 illik sovet imperiyasının güclü təbliğat və repressiya maşını belə xalqımızın qəlbindən İslam dəyərlərinə məhəbbəti silib çıxara bilməmişdir. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra isə İslama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur.
Hər bir xalqın ən qiymətli sərvəti onun tarixinin süzgəcindən keçmiş milli-mənəvi dəyərləridir. Bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin nə qədər önəm daşıdığının şahidi oluruq. Xüsusilə də, din adından istifadə edib, insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib.
Son illər bəzi qlobal aktorların, məkrli siyasi dairələrin, guya demokratiya, azadlıq, gender bərabərliyi, psevdo antidespot bəyanatlar və bunlarla mübarizə bəhanəsi ilə din amilindən istifadə edərək, törətdikləri ağlasığmaz cinayətlərin arealını getdikcə genişləndirdiyinin şahidi oluruq. Radikal dini təşkilatlar yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, geridə saxlamağa, texnoloji cəhətdən inkişafını əngəlləməyə və yekun nəticədə, coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna malik olan ərazilərdə hegemonluğa sahib olmağa cəhd göstərirlər.
Bu gün ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və din rəqabəti də gedir. Təəssüf ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Biz bunu Yaxın Şərqdə, bəzi Afrika ölkələrində, Əfqanıstanda, Myanmada və digər yerlərdə görürük. Bu qüvvələrin ən böyük silahı İslam ölkələrinin arasında birliyin olmaması və bir-birilərinə qarşı olan soyuq münasibətdir. Həmin qlobal aktorların İslam dini adı altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyərək, dünyada islamofobiya meyillərinin artmasına rəvac verdiklərini heç cür danmaq mümkün deyil. Təəssüf ki, Avropa ictimai rəyini diqqətlə izləsək, bütün terrorların İslam dini ilə əlaqələndirildiyini görərik. Halbuki, 2015-ci ildə ümumilikdə, dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib. Lakin dünya mediasında aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb.
Cənub Şərqi Asiyada yerləşən Myanmanın Arakan vadisində son vaxtlar törədilən dəhşətli qətliamlar buna əyani sübutdur. Qətlə yetirilənlərin əksəriyyəti müsəlman olsalar da, dünyanın güc nümayiş etdirən dövlətləri susmağa üstünlük verir, bu kütləvi qətliamlara statistika kimi yanaşırlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur. Necə ki, xalqımızın sahib olduğu bu dəyərlər artıq ölkəmizdə həyat tərzinə çevrilib və biz bununla dünyaya “bu yolun alternativi yoxdur” mesajını verməkdəyik.
Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi ili” elan etməsi bütün dünyaya dərin bir mesaj idi. Bu mesajın mahiyyətində bizim mənəvi dəyərlərimiz sülhü, insanlığı, yardımsevərliyi, mərdliyi təbliğ edir. Ümumbəşəri dəyərlərə xəyanət, terror, işğalçılıq, qeyri-insani rəftar bizə yaddır və bizim mənəviyyatımız bunları qəbul etmir.
Vaxtilə ümummilli lider Heydər Əliyev dinimizə, milli-mənəvi dəyərlərimizə elə bir münasibət ortaya qoyub ki, bu gün həmin siyasi xətti tapdalamaq sadəcə qeyri-mümkündür. Heydər Əliyevin çıxışlarının birində “dinimiz milli-mənəvi sərvətimizdir” fikri bu siyasətin əsas prinsipinə çevrilmişdir. Nümunə üçün qeyd edək ki, əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2 mini ötüb. Təkcə son 13 il ərzində ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq, Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb.
Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və Cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin – Heydər məscidinin 2014-cü il dekabrın 26-da açılışı olub. Bu isə ölkəmizin dini-mənəvi dəyərlərinə, dövlət və din münasibətlərinə ehtiramla yanaşdığının göstəricisidir. Bu gün Azərbaycan İslam ölkələri ilə bir sıra məsələlərdə həmrəylik nümayiş etdirir. Hələ ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində fəal iştirak etmişdir. Ölkəmizin İslam dünyasının ayrılmaz parçası olduğunu dönə-dönə vurğulayan ulu öndərin İslam Əməkdaşlıq Təşkilatının Mərakeş Krallığında keçirilən zirvə toplantısında səsləndirdiyi “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla – müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm” fikri onun İslam dünyası ilə əlaqələrə verdiyi önəmin bariz göstəricisi idi.
Bu gün həm Avropa Şurasına, həm də İSESCO-ya müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurub. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.
Son illər qeyd etdiyimiz istiqamətlərdə keçirilmiş beynəlxalq tədbirlərin qısa xronologiyasına nəzər salsaq, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycan tərəfindən irəli sürüldüyünün şahidi olarıq. Buna misal olaraq ulu öndər Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü”nün hər il qeyd edilməsi, 2007-ci ildə “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” beynəlxalq elmi-praktik konfransın, 2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsi, həmçinin 2006-cı ildə “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısının, “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi”
I Beynəlxalq Bakı Forumunun, 2014-cü ildə “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” beynəlxalq konfransının, beş beynəlxalq humanitar forumun, ötən ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və ən əsası IV İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər tədbirlərin keçirilməsini qeyd edə bilərik. Eləcə də 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addım kimi dəyərləndirilir.
“İslam Həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda, müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirən, dialoqa çağıran addım, eləcə də onlar arasında ədavət salmaq istəyən qüvvələrə tutarlı mesaj idi. Belə bir ildə çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsini yüksək səviyyədə təşkil etmək, bütün müsəlman aləminin diqqətini Bakıya yönəltmək böyük uğur hesab edilməlidir. Bu da müstəqil Azərbaycanın müsəlman dünyasında sanballı mövqeyinin olmasından, qabaqcıl pillələrdə qərar tutmasından xəbər verir. Prezident İlham Əliyev İslam Həmrəyliyi Oyunlarından danışarkən, onun böyük siyasi, mədəni tədbir, böyük ictimai hadisə olduğunu bildirmişdir. Dövlət başçısı çıxışında qeyd edib ki, bu möhtəşəm idman tədbiri bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, guya bu din geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər.
Bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan və İslam Əməkdaşlıq Təşkilatında birləşən müsəlman ölkələri dünya əhalisinin təqribən 22 faizini təşkil edir. Bu göstəricinin 2050-ci illərdə 30 faizə yaxınlaşacağı ehtimal olunur. Bu isə onu göstərir ki, İslam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Son günlər Myanmada baş verən dəhşətli qətliamlar bir sıra müsəlman ölkələri ilə yanaşı, Azərbaycanı da dilə gətirdi. Ölkəmiz bu məsələdə ədalətin, insanlığın tərəfində olduğunu vurğulayaraq, Myanmadakı müsəlman qətliamı pisləyən bəyanatla çıxış etdi. Ölkə ictimaiyyətinin tanınmış dövlət rəsmiləri uzaq Myanmada baş verənləri kəskin şəkildə pisləyərək, dünyanı bu rəzalətə göz yummamağa çağırdı. Ən vacib məqam isə Prezident İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərildi.
Göründüyü kimi, Azərbaycan dünyanın istənilən nöqtəsində baş verən soyqırımı və dəhşətlərə reaksiya verdiyi kimi, uzaq Myanmanın Arakan müsəlmanlarına, öz din qardaşlarına da kömək əlini uzatmağı bacardı. Bu isə dövlətimizin İslam aləmində baş verən prosesləri yaxından izlədiyini və hər zaman həmrəylik nümayiş etdirmək üçün hazır olduğunu təsdiqlədi. Bu gün bir sıra müsəlman ölkələrinin liderləri və tanınmış ictimai xadimləri dəfələrlə Azərbaycanı müsəlman aləminin təəssübkeş ölkəsi, Azərbaycan dövlət başçısını İslam dünyasında aparıcı liderlərdən biri kimi təqdim etmişlər. Bu isə xarici siyasətimizdə mənəvi dəyərlərimizin eyni olduğu ölkələrlə həmrəyliyə söykənən düzgün prinsiplərin qurulduğunu sübut edir.
Anar TURAN
Xalq qəzeti.-
2017.- 24 sentyabr.- S.4.