Azərbaycan Tokioda keçirilən
“JATA 2017” beynəlxalq turizm sərgisində
təmsil olunub
Yaponiyanın Tokio şəhərində keçirilən “JATA 2017” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi iştirak etmişdir. 21-24 sentyabr tarixlərində keçirilən beynəlxalq sərgi çərçivəsində Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilmişdir. Belə ki, 36 kvadratmetr sahəsi olan stenddə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki, nazirliyin turizm şöbəsinin marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və “AGTravel” turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirak etmişdir.
Sərginin açılışı zamanı Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət etmişdir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.
Sərgi çərçivəsində sentyabrın 22-də Yaponiyanın turizm sənayesinin nümayəndələri üçün ölkəmizin turizm potensialına dair təqdimat keçirilmişdir.
Samirə Əliyeva
Xalq qəzeti.-
2017.-26 sentyabr.- S.11.