Azərbaycanda Turizm
Şurası fəaliyyətə
başladı
Ötən
il Azərbaycanda Turizm
Şurasının yaradılması haqqında Prezident fərmanından sonra bu istiqamətdə müəyyən işlər görülmüşdür. Ölkə rəhbərinin digər
fərmanı ilə Turizm
Şurasının tərkibi təsdiq olunmuşdur.
Bu yaxınlarda şuranın ilk iclası keçirilmişdir. İclasda çıxış edən şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə məlumat vermişdir. Bildirmişdir ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülməsi nəzərdə tutulur. “Yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”.
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə yol xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yer tutması bu sahədə yeni nailiyyətlər əldə edilməsinə gətirib çıxarmışdır: “Turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Biz artıq dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə dönüş yaradacaq və ölkəmizdə turizmin inkişafı üçün yeni bir mərhələ olacaq”.
Nazir, həmçinin indiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələrin həyata keçirildiyini də diqqətə çatdırmışdır.
Bildirmişdir ki, Turizm Şurası Azərbaycanda bu sahənin inkişafına yeni impuls verəcək, ölkəmizə turistlərin axınının daha da artmasını təmin edəcəkdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 6 yanvar.- S.6.