Gedən il
üzümüzə – sevinclə,
gələn il –
ümidlə gülümsəyir...
İllər
ayrıcında yaradıcı adamlar bir az da
duyğusal olur,
ömrümüzdən qopan daha bir illə
bağlı düşüncələrə dalırlar.
Şübhəsiz, arxada qalan,
əbədiyyətə qovuşan daha bir il
ötəri də olsa insanı kədərləndirir. Lakin məsələnin
o biri tərəfinə
nəzər salanda, bu
bir ilin həyatımıza
nələr gətirdiyini xatırlayanda sevinməyə bilmirsən.
Baş tutmuş arzular silsiləsi bizi
köhnə ilimizdən adladıb yenisinə keçirir.
Arzular bitib-tükənmədiyi kimi, onlara qucaq
açan illər də bir-birini
əvəzləməlidir.
Ötən bir il yaşlı nəsli bir il qocaltsa da, nəvələrimizi, uşaqlarımızı da bir yaş böyütməklə bizə sevinc gətirdi. 2016-cı il həyatın bütün sahələrində uğurlarımızı artırmaqla, yükümüzü-ağrımızı da xeyli azaltdı. Minlərlə gənc talelərini qoşalaşdırıb ata-analarına toy sevinci bəxş etdi. Dünyaya minlərlə yeni soydaşımız gəldi. Minlərlə ailə təzə mənzillərə köçdü. Minlərlə işsizin “çörək ağacı” göyərdi. Ölkəmizin ruzi-bərəkəti artdı. Nəhayət, xalqımız ona azadlığın nə olduğunu anlatmış, tarixi arzularına çıraq yandırmış dövlət müstəqilliyinin 25 illiyini böyük öyünc və məmnunluqla qeyd etdi.
Bütün bunlar müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin arzu-istəklərinin, amal və əməllərinin ardıcıl davam etdirilməsi nəticəsində mümkün oldu. Ulu öndərin sadiq davamçısı – cənab İlham Əliyevin gecəli-gündüzlü çalışdığı odur ki, altı da, üstü də sərvət olan Azərbaycan yüz illərin əsarətindən miras qalmış bəlalardan birdəfəlik qurtulsun. Ehtiyac və kasıblıq tarixin arxivinə verilsin.
Həyata keçirilən çeşidli proqram və layihələr ölkənin varidatını hər il artırır, şəhər və kəndlərimizi gözəlləşdirir, ellərə bolluq, ailələrə firavanlıq gətirir. İllər bir-birini əvəz etdikcə bu uğurlar da dəfələrlə artır. Yola saldığımız il bizdə ciddi məmnunluq yaratdığı kimi, gələn il də yeni ümidlər doğurur. Bu baxımdan qarşıdakı illərdə həyatımızın bütün sahələrində ciddi yeniliklərə meydan olacaq Strateji Yol Xəritəsi adı verilmiş milli inkişaf strategiyası 2016-cı ildə həyata vəsiqə aldı. 2017-ci il isə bu irimiqyaslı poqram sənədinin gerçəkləşdirilməsinə geniş qapı açır.
Xalqımız uzun onilliklərdir ki, fəsillərin əvəzlənməsi dövrəsinin bitib-başlaması məqamlarını tarixi ənənəyə uyğun olaraq yazda, çiçəklərin bəyazlığında – Novruzda bayram etdiyi kimi, sivil dünya təcrübəsi ilə qışda da – qar-qırov ağlığında da təntənə ilə qarşılayır. Əvvəllər bizə, müəyyən mənada, yad-yabancı görünən 31 dekabr şənlikləri həmin günün müstəqillik illərində taleyin hökmü ilə dünyada yaşayan soydaşlarımızın milli günü statusu qazanmasından sonra 50 milyonluq xalqımızın ən əziz bayramlarından birinə çevrilmişdir.
31 Dekabr artıq 25 ildir ki, bütov xalqımızla , milli ideallarımızla bağlı istəklərimizin dil açdığı, qanadlanıb yaxın-uzaqlara ünvanlandığı bir gündür. Məhz bu gündə yeni illə bağlı təbrik və arzularımız xalqımızın gələcəyinə yönəlik diləklərlə qol-boyun olur.
Bu günün məram və hissiyatı hamımıza imkan verir ki, bir-birimizi bağrımıza basaq, arzu-əməllərin hüdudsuzluğu qoynunda doğmalaşaq, ortaqlaşaq. Mən də xalqımızı onun arzu-amallarının dilmancı sayılan söz adamları adından Milli Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edirəm.
Artıq ötən illərin bir çox arzularına qovuşsaq da, onların sırasına yenilərini əlavə etsək də, illərdən bəri həsrətində olduğumuz Qələbə təşnəliyimiz hələ sönməyib. Arzu edirəm ki, Qarabağın yağıdan xilas edilməsi, nəhayət, 2017-ci ilin çevrəsində gerçəkləşsin! Xalqımızın milli- mənəvi bütövlüyü yolunda atılan yeni addımlar bizi hamılıqla sevindirsin.
Dədələrimizin dediyi kimi: suyumuz axsın – otumuz bitsin; ocağımız gur yansın – ruzimiz bol olsun!
Fikrət QOCA,
Xalq şairi, Azərbaycan
Yazıçılar Birliyinin birinci katibi
Xalq qəzeti.- 2017.- 6
yanvar.- S.2.