AĞCABƏDİ:
illər ötür, izi qalır
Söhbət son
illər iqtisadi, sosial və mədəni sahədə əldə
edilmiş böyük uğurlardan, idarəetmə məsələlərindən,
bir də insan amilindən gedir.
Bu gün Ağcabədi Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində ən çox diqqəti cəlb edən fərqli cəhətlər nədən ibarətdir? İcra intizamı, insan amili, yerlərdə işin təşkili: vacib sosial məsələlərin uğurlu həlli istiqamətində nə kimi müsbət təcrübə toplanmışdır? Ümumiyyətlə, rayonda mənəvi-psixoloji mühit, insanların arzu və düşüncələri, həyat tərzi və s necədir?
Əlbəttə, bu sualların hər biri özlüyündə geniş təhlil və araşdırma tələb edir, son illər iqtisadi, sosial və mədəni sahədə baş vermiş inkişaf və yüksəlişin dinamikasını, bu dinamikanı əks etdirən fakt və rəqəmlərin arxasındakı həqiqətləri üzə çıxarmaq, necə deyərlər, əsl jurnalist tədqiqatı aparmaq zərurəti yaradır. Biz məhz belə də etdik.
Ağcabədi rayonu haqqında yazan jurnalistlərin, demək olar ki, hamısı eyni sözləri tez-tez işlədirlər. Müasir şəhər, müasir rayon, müasir küçə, müasir məhəllə....Görəsən, bu müasirliyin, yeniliyin arxasında nə dayanır? Təkcə tikilmiş yeni binalarmı, yeni küçələr, yollar, park və xiyanbanlarmı? Söhbətimizin bu yerində rayonun nüfuzlu ziyalılarından olan Kamil Quliyevin sözlərini xatırlayıram: “Müasirliyi insanların özündə, onların gündəlik həyatında, yaşam tərzində, arzu və düşüncələrində axtarmaq lazımdır”. Kiçik bir statistika apardıq. Məlum oldu ki, təxminən on il bundan əvvələ nisbətən rayonda fəaliyyət göstərən kitabxanalara gələn oxucuların sayı dəfələrlə artıb. İnsanlar park və xiyabanlara, müxtəlif istirahət və əyləncə yerlərinə ailəvi şəkildə gəlirlər. Boş vaxtlarını şən və mənalı keçirirlər. Görünür, elə bu ehtiyacdandır ki, son illər respublikanın müxtəlif yaradıcı təşkilatları, musiqi və incəsənət kollektivləri yollarını tez-tez Ağcabədiyə salırlar.
Bəli, Kamil müəllim tamamilə haqlıdır. Söhbət təkcə Ağcabədidə tez-tez deyildiyi kimi, taxta –qarğı çəpərlərin müasir üslubda yeni hasarlarla əvəz edilməsindən getmir. Söhbət insanın özünün daxilindən, yeniliyə, müasirliyə olan münasibətindən gedir. Axı biz insanları yaşadan təkcə çörək, su, hava deyil. İnsanı yaşadan həm də onun könül dünyası, daxili aləmi və düşüncələridir.
Bayaqkı sözümüzün üstünə qayıdırıq. Köhnə və yeni Ağcabədi. Gəlin, biz də bu yola fakt və rəqəmlərin gözü ilə qısa da olsa nəzər salaq: Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, Şahmat məktəbi, Gənclər mərkəzi, rayon mərkəzi xəstəxanası, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Bayraq muzeyi... Şəhər bütün istiqamətlərə doğru inkişaf etmiş, yeni binalar tikilmiş, səkilər, yaşıllıq zolaqları salınmışdır. Bütün küçə və prospektlər asfaltlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Milliliklə müasirliyin vəhdəti, yüksək zövq, səliqə -səhman hər addımda diqqəti cəlb edir. Ağcabədi güllər, çiçəklər, bulaqlar şəhəridir desək, heç də səhv etmərik. Ən isti yay günlərində belə yüzlərlə ağac və gül kolları, bulaq və fəvvarələr bu aran bölgəsinə sərinlik, gözəllik və rahatlıq gətirir.
Belə bir cəhət də xüsusi razılıq doğurur ki, tikinti-quruculuq və abadlıq işləri təkcə rayon mərkəzini əhatə etmir. Bu gün Ağcabədinin qəsəbə və kəndləri də simasını əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına kənd yolları əsaslı şəkildə yenidən qurulmuş, qaz, su və elektrik enerjisinin verilməsi tam qaydaya salınmışdır. Təxminən 10 il bundan əvvəl Ağcabədiyə ümumiyyətlə, təbii qaz verilmirdi. İndi isə burada qazlaşma 88,7 faizdir.
Biz o qədər də tam olmayan bu siyahıya son illər tikilib istifadəyə verilmiş 32, əsaslı təmir və bərpa edilmiş 10 məktəb binasını, 19 əlavə sinif otağını, uşaq bağçalarını, əlil və şəhid ailələri üçün tikilmiş yaşayış binalarını, mədəniyyət obyektlərini və s də əlavə edə bilərik.
Böyük iqtisadi potensiala – münbit torpağa, bol suya, əməksevər insanlara malik Ağcabədi dövlətimizin qayğısında xüsusi yer alan bölgələrdəndir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Ağcabədinin həyatında dərin izlər qoymuş, rayonun yüksəlişinə təkan vermişdir. Bir zaman ulu öndər Heydər Əliyev “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. İndi bu sözlər gerçək tarixi təsdiqini tapır, ağcabədililər təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində göstərdikləri nümunələrlə, yaratdıqları xarüqələrlə nəyə qadir olduqlarını əzmlə nümayiş etdirirlər. Əlbəttə, dövlətin qayğısından, Prezident İlham Əliyevin isti münasibətindən güc alaraq. Respublika Prezidenti İlham Əliyevin indiyədək dörd dəfə Ağcabədidə olması dövlət başçısının bu bölgəyə verdiyi böyük önəmin göstəricisidir.
Ağcabədinin ərazisi 1756 kvadratkilometrdir. Rayonda 1 qəsəbə və 44 kənd yaşayış məntəqəsi vardır. Rayon əhalisinin sayı 133,1 min nəfərdir. Əhalinin 42 min nəfəri şəhərdə, 9,5 min nəfər qəsəbədə, 81, 8 min nəfəri isə kəndlərdə yaşayır. Dövlətin qayğısı ilə son illər həyata keçirilən genişmiqyaslı sosial infrastruktur layihələri rayon mərkəzində də, kəndlərdə də əhalinin həyat tərzini müqayisə edilməz dərəcədə yaxşılaşdırmış, əhalinin faydalı məşğulluq əmsalı nəzərə çarpacaq dərəcədə yüksəlmişdir. Ölkəmizin bütün regionlarında olduğu kimi son illər Ağcabədi rayonunda da sosial-iqtisadi inkişaf dinamik xarakter almışdır. Ağcabədi ölkənin böyük potensiala malik rayonlarındandır. Burada iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun əkinə yararlı torpaq sahəsi 66,933 hektardır. Bunun 65, 956 hektarında müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir. Torpaq istifadəçiləri taxıl, pambıq, qarğıdalı, şəkər çuğunduru, tərəvəz, bostan məhsulları və yem bitkiləri əkininə daha çox üstünlük verirlər.
Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə respublika Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr hər zaman fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Ölkədə ilk pilot taxılçılıq təsərrüfatının Ağcabədi –Beyləqan rayonlarının ərazisində yaradılması məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Bütövlükdə 4800 hektar ərazini əhatə edən “QarabağTaxıl” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2012-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Pilot taxılçılıq təsərrüfatına 4 ədəd su nasos stansiyası xidmət edir. Təsərrüfatın 47 ədəd süni yağış yağdıran aqreqatı, çox sayda traktorları, maşın –mexanizmləri vardır. Güclü maddi-texniki bazaya malik pilot təsərrüfatında müasir elmi-texniki yeniliklərə əsaslanan mütərəqqi texnologiyalar bacarıqla tətbiq olunur.
Son illər rayonda əkinçilik dinamik inkişaf
yolundadır.
Keçən ilin nəticələri də bu
baxımdan uğurludur. 2016-cı ildə rayonun təsərrüfatlarında
30434 ton qarğıdalı, 9 min tona yaxın pambıq,
2364 ton kartof, 15627 ton tərəvəz,
12139 ton bostan məhsulları, 48525 ton şəkər
çuğunduru, 3675 kiloqram barama, 11698 ton meyvə və 2778
ton üzüm istehsal olunmuşdur. Əkinçiliklə
paralel olaraq heyvandarlıqda da məhsul istehsalının
artım tempi yüksəkdir.
İribuynuzlu mal-qaranın sayı artaraq 86987
başa, qoyun və keçilərin
sayı 330598 başa, quşların sayı 320 606 başa
çatmışdır. Təbii ki, heyvanların baş sayının
artırılması məhsul istehsalına da əhəmiyyətli
təsir göstərir. Keçən il 10 857 ton ət,
101287 ton süd, 14012 min ədəd yumurta, 1014 ton yun istehsal
edilməsi rayon heyvandarlarının fədakar əməyinin
nəticəsidir.
İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf
etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə,
mütərəqqi texnologiyalara geniş meydan vermədən
aqrar sektorda əsaslı irəliləyişə nail olmaq,
istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür.
Kənd təsərrüfatını sənaye təməli üzərinə
keçirmək müasir dövrün qarşıya
qoyduğu ən mühüm vəzifədir. Ağcabədi
bu sahədə də respublika üzrə öncül
mövqeyi təmin edə bilmişdir.
“Atena” MMC
indi öz ahəngdar fəaliyyəti ilə bir çox zəruri
ərzaq məhsullarına tələbatda ölkənin idxaldan
asılılığının azaldılmasına əhəmiyyətli təsir
göstərir. “Atena”nın istehsal etdiyi məhsullar yüksək keyfiyyəti ilə seçilir və
rəqabətə davamlıdır.
Bu nəhəng sənaye müəssisəsində cari
ildə məhsul buraxılışının həcmi belədir:
780 ton pendir və kəsmik, 79,2 ton ayran, 601 ton qatıq, 12 ton
kərə yağı və s.
Son illər müasir texnologiyaların tətbiqinə əsaslanan
layihələr Ağcabədidə uğurla həyata
keçirilir.
Əsasən Sahibkarlığa Kömək Milli
Fondunun güzəştli kreditləri hesabına maliyyələşən
yeni istehsal və emal müəssisələri rayon
iqtisadiyyatının güclənməsində mühüm
rol oynayır. 5 min tonluq logistik mərkəz, 5 min tonluq
taxıl anbarı, 1600 hektar ərazini əhatə edən iri
fermer təsərrüfatı, illik istehsal gücü 40,8 min ton süd olan 6000 başlıq 3
heyvandarlıq kompleksi, illik istehsal gücü 110 min ton olan süd
emalı müəssisəsi, gündəlik istehsal
gücü 20 ton olan çörək zavodu, illik istehsal
gücü 18 min ton ət kəsimi olan ət emalı müəssisəsi
məhz dövlətin güclü maliyyə dəstəyi ilə
fəaliyyətə başlamışdır.
Ötən əsrin 70-80-ci illərində Ağcabədi
pambıq istehsalı üzrə respublikada 100 min ton həddini
aşan 3 rayondan biri idi. Ancaq təəssüf ki, sonrakı illərdə
bu qiymətli məhsula maraq azaldı, istehsal aşağı
düşdü. Yaxşı ki, bu vəziyyət
uzun sürmədi. İndi artıq
itirilmiş şöhrət geri qayıdır.Ötən ilin
sentyabr ayında ölkə Prezidenti İlham Əliyevin sədrliyi
ilə Sabirabadda keçirilən müşavirə isə,
sözün əsl mənasında, dönüş nöqtəsi
oldu. Belə ki, kənd təsərrüfatına,
xüsusilə onun respublikamıza valyuta gətirən sahələrinə–pambıqçılığa,
baramaçılığa göstərilən diqqət və
qayğı artıq öz real nəticələrini verməkdədir.
2017-ci ildə
Ağcabədi pambıqçılarının və
baramaçılarının məqsədi belədir: 8 min
hektarda pambıq əkməli, 15 ton barama istehsal etməli. Bunun üçün rayonda 73700 yeni tut tingləri əkilmiş,
emal müəssisələri ilə müqavilələr
bağlanmışdır. Başqa sözlə desək,
ağcabədililər 2017-ci ili kənd təsərrüfatında,
xüsusilə pambıqçılıq və
baramaçılıqda dönüş ilinə çevirmək
üçün bütün imkan və səyləri hərəkətə
gətirmişlər.
Son illər rayonda müxtəlif təyinatlı yüzlərlə
yeni müəssisə yaradılmış, bununla da əhalinin
məşğulluğu artmış, gəliri
çoxalmışdır. Məsələn, 2005-ci ildən
indiyə kimi 28500 yeni iş yeri açılmışdır
ki, bunun da 12945-i daimidir.
Son illərin iqtisadi, sosial və mədəni
uğurlarını əks etdirən fakt və rəqəmləri
bir daha nəzərdən keçirirəm, müqayisələr
aparıram, ümumiləşdirmələr edirəm. Bir qəzet səhifəsinə
çıxara bildiklərim hələlik bunlardır. Əlimizin altında isə onlarca belə səhifəyə
bəs edəcək materiallar var. Görünür, Ağcabədi
haqqında ən geniş və bəlkə də ən yaxşı
yazı hələ bundan sonra yazılacaq.
İndi isə məqsədim başqadır. Həqiqət
anını axtarıram, bu yüksəlişi, inkişaf və
dinamikanı müəyyən edən əsas amillər barədə
düşünürəm. Burada, əlbəttə, ilk
növbədə, ölkə Prezidenti İlham Əliyevin
Ağcabədiyə olan tarixi səfərlərini,
keçirilən görüş və söhbətləri,
açılış mərasimlərini, görülüb başa
çatdırılmış işlərə verdiyi yüksək
qiyməti, dəyərli məsləhət və tövsiyələri
xatırlayıram. Ölkə rəhbərinin
görüş və söhbətləri insanlara əlavə
güc və stimul vermiş, onları daha yaxşı işləməyə
ruhlandırmış, sabaha olan inam və ümidlərini
artırmışdır.
Digər
mühüm cəhət isə heç şübhəsiz ki, yerlərdə işin
düzgün təşkili, adamları inandırmaq, onları
öz ardınca apara bilmək bacarığıdır. Daha dəqiq desək, təşkilat-idarəetmə
məsələlərinin daim təkmilləşdirilməsi,
ardıcıl və davamlı icra intizamıdır. Apardığımız
təhlil və araşdırmalar göstərir ki, məsələyə
bu cəhətdən yanaşdıqda, Ağcabədi Rayon
İcra Hakimiyyətinin fəaliyyətində nümunə
götürüləsi cəhətlər çoxdur.
İqtisadi,
sosial və mədəni - məsələlərin həllinə
kompleks münasibət, insan amili, vətəndaşların qəbulu,
onların ərizə, şikayət və məktublarına həssas münasibət...Əldə
edilmiş uğurların əsas səbəblərini bir də
burada axtarmaq lazımdır.
Bəzən
belə olur: aylar, illər keçir, hər hansı sahədə
başlanmış iş getdikcə sürətini azaldır,
temp aşağı düşür, nəticədə müəyyən
edilmiş hədəflər yarımçıq qalır. Bəs Ağcabədidə vəziyyət necədir?
Qətiyyətlə deyə bilərəm ki, 12 il
bundan qabaq götürülmüş sürət, müəyyən
edilmiş strateji xətt eyni temp və keyfiyyətlə davam
etməkdədir. Bu isə sözsüz ki, bir
çox ciddi mətləblərdən xəbər verir.
Göründüyü
kimi, yola saldığımız 2016-cı il
rayonun iqtisadi, sosial və mədəni həyatı
üçün əlamətdar və yaddaqalan olmuşdur. Ancaq ağcabədililər bunu heç də son hədd
hesab etmirlər. Yeni ilin ilk günlərindən
gələn xoş xəbərlər, adamların əhval-ruhiyyəsi,
yerlərdə işin təşkili daha böyük hədəflərdən
xəbər verir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.-
2017.- 7 yanvar.- S.6.