Mühüm sosial-iqtisadi məsələ: Ölkədə

dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi

və əczaçılıq sənayesinin inkişafı

 

Azərbaycan Respublikası Prezidentinin əsasını insan amili təşkil edən sosial-iqtisadi siyasətinə uyğun olaraq və verdiyi müvafiq tapşırığa əsasən, 2015-ci ilin ortalarından başlayaraq dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi həyata keçirilib. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişaf etdirilməsi barədə AZƏRTAC-ın suallarını iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev cavablandırıb.

 

– Cənab nazir, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesini necə dəyərləndirmək olar?

– Məlum olduğu kimi, məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında müşahidə edilən xaotik vəziyyətin aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi və ölkədə əczaçılıq sənayesinin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.

Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb, proses intensiv şəkildə davam etdirilib, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib. 2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.

Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır. Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur.

Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir.

– Bir müddət əvvəl bəzi KİV-də aptek təşkilatlarının təchizatında problemlərin yarandığı qeyd edilirdi...

– Bildiyiniz kimi, ölkəmizdə tətbiq edilən tənzimləmə metodu “referans qiymət yanaşması” adlanır və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Azərbaycan dərman vasitələrilə bağlı referans qiymət sistemini aydın metodologiya çərçivəsində və şəffaf şəkildə ən qısa zamanda uğurla tətbiq edən ölkə kimi nümunə göstərilir. Həmin metodologiya hazırlanarkən Avropa ölkələri də daxil olmaqla 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib. Bu mexanizm optimal qiymətlərin müəyyənləşdirilməsinə tam imkan verir.

Qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məqbul səviyyədə – hər biri üçün 20 faizədək marja nəzərdə tutulur ki, bu da normal rentabelli fəaliyyəti təmin edir və dərman vasitələrinin idxalı və təchizatı baxımından heç bir problem yaratmır. Yeri gəlmişkən qeyd edim ki, ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb.

Buna baxmayaraq, manatın ABŞ dollarına olan rəsmi məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı. İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb.

Gələcəkdə manatın məzənnəsindəki dəyişikliklərin dərman təchizatına təsirinin neytrallaşdırılması və daha çevik tədbirlərin görülməsi məqsədilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında müvafiq dəyişikliklər edilib.

Qeyd olunmalıdır ki, tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Xüsusilə, uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir.

Təsəvvür edin ki, tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar.

Bir daha vurğulayım ki, tənzimləmənin məqsədi dərman vasitələri üzrə optimal qiymətlərin tətbiqinə nail olmaqdır. Aydındır ki, əczaçılıq subyektləri gəlirlərinin çox olması üçün əsasən yuxarı qiymətlərin, istehlakçılar isə xərclərinin az olması üçün aşağı qiymətlərin təsdiq olunmasını arzu edirlər. Optimal qiymət mümkün olan qiymətdir, yəni, əhalinin dərman vasitələrilə etibarlı təchizatının mümkün olduğu minimal qiymətdir.

Ümumilikdə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi davamlı prosesdir, həm yeni dövlət qeydiyyatından keçən dərman vasitələri üzrə qiymətlər müəyyən edilməlidir, həm də qiymətləri təsdiq edilən digər dərmanların istinad ölkələrindəki qiymət dəyişmələrinin mütəmadi monitorinqi aparılmalıdır.

– Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin idxalın strukturuna, keyfiyyətə və rəqabətə təsiri barədə nə deyə bilərsiniz?

– Nüfuzlu əczaçılıq şirkətləri sivil ölkələrdə qəbul edilən normaların, etik prinsiplərin hakim olduğu, şəffaf və aydın mexanizmlə qiymət tənzimlənməsinin həyata keçirildiyi, yəni, proqnozlaşdırılabilən, sabit inkişafa və əlverişli mühitə malik dərman bazarında fəaliyyət göstərməyə üstünlük verirlər.

Ötən il üzrə idxalın təhlili göstərir ki, dərman vasitələri idxalının təqribən 80 faizi Avropa ölkələrinin və digər inkişaf etmiş ölkələrin payına düşür. Dərman vasitələrinin digər hissəsi isə əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur. İdxal üzrə strukturda ölkələrin payı dərman vasitələrinin dövlət qeydiyyatı üzrə strukturuna uyğun olduğundan ucuz və ya bahalı dərman məsələsi optimal şəkildə tənzimlənir.

Müşahidələr göstərir ki, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzilərində isə baha qiymətə satılır. Hətta eyni istehsalçının dərman vasitələrinin qiymətləri Müstəqil Dövlətlər Birliyinə üzv olan bir sıra ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə bahadır. Qiymətlərin ucuzluğu o demək deyil ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətə diqqət yetirmirlər. Dərman vasitələrinin müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılması bazarın xüsusiyyəti ilə bağlıdır. Ümumi meyil belədir ki, hansı ölkələrdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, istehsalçılar həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər.

Yuxarıda da qeyd edildiyi kimi, tənzimləmədən əvvəl ölkəyə bir qutu dərman vasitəsi orta hesabla 3 ABŞ dollarına idxal olunduğu halda, hazırda 1,4 ABŞ dollarına idxal edilir.

Burada əsas məqam ondan ibarətdir ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst rəqabətin olması qiymətlərin aşağı düşməsini təmin etmir. Belə ki, vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır. Vətəndaş ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətindədir. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırlar.

Məhz bu kimi xüsusiyyətlər nəzərə alınaraq, dərman vasitələrinin qiymətləri “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında bir sıra inkişaf etmiş və tam liberal Avropa ölkələrində də bu və ya digər formada dövlət tərəfindən tənzimlənir. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkədə istehsalın hansı səviyyədə təşkil edilməsindən asılı olmayaraq optimal qiymətlərin formalaşmasına xidmət edir.

Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdirilir. Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsinin ekspertizası və sınağı keçirilir, yalnız bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Həmin dərman vasitəsi Azərbaycana idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən təkrarən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır.

– İstehlakçıların maariflənməsi nə səviyyədədir, qiymət intizamına ictimai nəzarətin təmin edildiyini deyə bilərikmi?

–Tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitələrinin ticarət adından asılılığının tədricən aradan qalxmasını və ən əsası qiymət intizamına ictimai nəzarəti zəruri edir. Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməli, həkim reseptinə dərman vasitələrinin ticarət adı əvəzinə tərkibi yazılmalıdır. Qeyd edim ki, bu barədə Səhiyyə Nazirliyinin müvafiq qərarı vardır.

Qiymət intizamına ictimai nəzarət tam təmin edilib. Belə ki, ilk gündən qeyd etdiyimiz kimi, ən səmərəli nəzarət mexanizmi ictimai nəzarətdir və bunun üçün hər cür imkan yaradılıb. Bildiyiniz kimi, hər bir dərman vasitəsinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiyməti qablaşdırıldığı qutunun üzərində göstərilir. Eyni zamanda, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, ticarət qablaşdırılması, qablaşdırmanın miqdarı, istehsalçı ölkə və şirkət göstərilməklə təsdiq edilib və vahid siyahı şəklində həm Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin internet səhifələrində yerləşdirilib. İstehlakçılar həmin cədvəli mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi istifadə edə bilirlər. Həmçinin İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi” (195-2) vasitəsilə məlumat almaq mümkündür. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla müəyyən etmək imkanı yaradılıb.

Qeyd edim ki, dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi, tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması və ya qiymətləri tənzimlənmədən satılması qiymət intizamının pozulması və istehlakçıların aldadılması deməkdir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər edilib və belə hallara yol verən əczaçılıq subyektləri barəsində qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Vətəndaşlar bir çox hallarda dərman vasitəsi kimi bioloji fəallığa malik qida əlavələrinin qiymətlərindən şikayətlənirlər. Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və onların qiymətləri digər ölkələrdə də dövlət tərəfindən tənzimlənmir. Bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklər edilib. Artıq bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə “dərman vasitəsi deyildir” sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Dünyadakı mütərəqqi meyilə uyğun olaraq, ölkəmizdə də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, xüsusilə indiki məzənnə dəyişikliyi şəraitində həm idxalçılar, həm də investorlar üçün bazarın proqnozlaşdırılabilən olmasına xidmət edir. Görülən işlər əczaçılıq sahəsində yerli istehsalın inkişafına və icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir.

– Ölkəmizdə əczaçılıq sənayesinin inkişaf potensialı barədə fikirlərinizi bilmək istərdik.

– Beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirirlər və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır. Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Daxili tələbatın ödənilməsi məqsədilə dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunması bu sahədə yerli istehsalın təşkili məsələsini də aktuallaşdırır. Eyni zamanda, dərman vasitələrinin istehsalı ilə bağlı əlverişli investisiya mühitindən danışarkən, - potensial investorların da vurğuladığı kimi, - ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin və hazırda pilot layihə kimi başlayan icbari tibbi sığorta sisteminin gələcəkdə tam tətbiqinin üstünlükləri nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, məhz qeyd edilən istiqamətlərdəki tədbirlərdən sonra ölkəmizdə dərman vasitələrinin istehsalına xarici investorların marağı əhəmiyyətli dərəcədə artıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq Pirallahı Sənaye Parkı yaradılıb. Qeyd edim ki, ötən ilin noyabr ayında sənaye parkında Rusiya ilə birgə müəssisənin – Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsal daha da genişləndiriləcəkdir.

Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq və müvafiq beynəlxalq norma və qaydalara uyğun yeni nəsil dərman istehsalı təcrübəsi tətbiq ediləcəkdir.

Bununla yanaşı, yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcəkdir və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcəkdir.

Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır. Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər.

Əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır.

Ümumiyyətlə, Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır.

– Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsindəki təbirlər barədə də məlumat verməyinizi xahiş edirik.

– Bildiyiniz kimi, “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.

Həmçinin dövlətimizin başçısının “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib, həmin fərmanın qüvvəyə mindiyi tarixə qüvvədə olan lisenziyalar müddətsiz hesab olunub, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib.

Eyni zamanda, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, o cümlədən regionlar üzrə 4 dəfə azaldılıb. Hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2250 manat, topdansatışına lisenziya verilməsi üçün 2250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün isə dövlət rüsumu 1000 manatdır.

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı tarixdən ötən ilin sonuna kimi sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni verilmiş, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır.

Qeyd edilən dövr ərzində əczaçılıq fəaliyyəti sahəsində 979 lisenziya verilib və bunun da 418-i yeni verilib, 561-i isə müddətsiz lisenziya ilə əvəz edilib. Həmçinin dərman vasitələrinin istehsalına 2-si yeni, 2-si isə müddətsiz ilə əvəz edilmiş olmaqla 4 lisenziya verilib.

Hazırda əczaçılıq fəaliyyəti sahəsi (dərman vasitələrinin topdan və pərakəndə satışı, istehsalı) üzrə qüvvədə olan lisenziyaların sayı 2257-dir. Məlumat üçün bildirim ki, ölkəmizə dərman vasitələrinin idxalı 50-yə yaxın fəal idxalçı tərəfindən həyata keçirilir. Eyni zamanda, əhalinin hər 100 min nəfərinə düşən aptek təşkilatlarının sayı 22-dir ki, bu da İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə orta göstəriciyə (25) uyğundur.

Sonda bir daha vurğulayım ki, bu islahatlar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş kompleks və ardıcıl tədbirlər sisteminin mühüm tərkib hissəsidir.

 

Xalq qəzeti.- 2017.- 7 yanvar.- S.3.