Azərbaycanı dünyaya sevdirən “qızıl səs”

 

Həmsöhbətimiz Xalq artisti Alim Qasımovdur

 

Çağdaş muğam sənəti  ustadlarından sayılan  Xalq artisti Alim Qasımov öz dəst-xətti, improvizasiya  bacarığı və yüksək ifa mədəniyyəti ilə artıq çoxdan dünya musiqisevərlərinin qəlbini fəth etmişdir. Bu gün bayağı musiqilərin konsert salonlarını zəbt etdiyi bir vaxtda o, dünya musiqisevərlərini Şərq hikmət xəzinəsinə qapı açan, qəlb oxşayan muğamlarımızla ovsunlayır. Azərbaycan nəğməkarı  sənət dünyasında ahəstə, ləngərlə irəliləyən muğam karvanının sarbanı kimi planetimizi qitə-qitə, ölkə-ölkə dolaşır, milyonlarla əcnəbini cazibəli səsinin məftunedici sehrinə salır.

 

İslandiyalı məşhur bəstəkar-müğənni Byorkun elə bu səbəbdən Alim Qasımovu  “canlı korifey müğənni”  adlandırıb. Rusiya tənqidçisi Artemi Troitski isə həmvətənimizə vurğunluğunu belə ifadə edib: “Alim Qasımovun heyranedici, coşqun səsi, qeyri-adi zəngulələri tamaşaçıda unudulmaz hisslər oyadır. O, muğam sənətini regional çərçivədən çıxararaq beynəlmiləl səviyyəyə qaldırıb, onu dünya mədəniyyəti sərvətinə çevirib. Bu insan muğamı dünyanın müasir mənəvi prosesinə qatmağa müvəffəq olub. Alim Qasımov sənətinin mübariz ruhu çıxışdan-çıxışa onu tamaşaçılara daha doğma, daha məhrəm edir.”

Haqlı deyiblər ki, musiqi sərhəd tanımır. Alim Qasımovun əsrarəngiz səsi, virtuoz ifa texnikası və sərbəst gəzişmələri dünyanın hər yerində sənətsevərləri  valeh edir, onlara Odlar yurdunun dünəni və bu günü haqqında maraqlı hekayətlər danışır. Azərbaycan dilini bilməyən, ömründə bir dəfə belə Azərbaycanda olmayan saysız-hesabsız duyğusal insan Alim Qasımovun səsinin tilsiminə düşərək bu “qızıl səs” sahibi ilə bərabər, onu yetirən torpağa da qəlbən vurulur.

Ömrünün yetkinlik, sənətinin şöhrət zirvəsində olan sevimli sənətkarımızla söhbətə, özünün dediyi kimi, kasıb və sıxıntılı uşaqlıq illərindən başladıq.

– Alim müəllim, deyirlər, sizin ilk musiqi alətiniz keçi dərisindən düzəldilmiş dəf olub...

–Bəli, elədir. Ancaq dəfdən əvvəl atam mənim üçün bir nağara da düzəltmişdi. Köhnə çuqun qazanın arxasını səliqə ilə kəsib, aşıladığı keçi dərisini iplə qazana bərkitmişdi. Yadıma gəlir, dörd-beş yaşım ancaq olardı, onu qoltuğuma sıxıb dayanmadan döyəcləyərdim. Arabir də dəf kimi qulağıma tutar, öz aləmimdə muğam “oxuyardım”. Çətin vaxtlar idi. Atam ailəmizin çörək pulunu güclə qazana bilirdi. Bir qarın ac, bir qarın tox dolanan ailənin hansısa musiqi alətinə pul verməsi mümkün deyildi. Atam sonralar danışırdı ki, sən də dinc dayanmır, yerlə-göylə əlləşirdin.

Kişi məni həvəsləndirmək üçün əvvəl dəf, sonra alüminium çanaqlı saz düzəltmişdi. Çanağın üstünə taxta yonub vurmuşdu. Sazın qolunu qızdırılmış şişlə deşib, simləri bağlamaq üçün aşıqlar taxmışdı... Kaş ki, həmin saz indiyə kimi qalaydı. Yəqin ki, bənzərsiz muzey əşyası olardı. Bu sənətə gəldiyimə, az-çox qazandığım uğurlara görə, ən əvvəl ata-anama borcluyam. Onlar mənim musiqiyə marağımı ölməyə qoymayıblar, əksinə, həmişə onu körükləyiblər. Atamın adi bir musiqi aləti almağa imkanı olmasa da, onları kor-kobud  olsa belə əziyyətlə özü düzəldib. Anam lap körpəlikdən mənə xalq mahnılarının, bayatıların  sözlərini və ritmini öyrədib.

İllər ötdükcə musiqiyə daha da bağlanırdım. Mənə qulaq asmaq istəyənlərin sayı da elə hey artırdı. Hər toyda oxutdurur, yaxşı da şabaş verirdilər. Bütün bunlar məni şirnikdirsə  də, başa düşürdüm ki, əsl musiqiçi olmaq üçün, nə hesaba olur-olsun, doğru-düzgün dərs almalıyam. Bir neçə dəfə kağız-kuğuzumu  musiqi məktəblərinə vermişdim. O illərdə imtahanlardan keçmək üçün kimlərisə “görmək” lazım idi. Ancaq ailə vəziyyətimiz elə idi ki,  “dayı” tapmaq halında deyildik. Ailəni dolandırmaq, atama kömək etmək məqsədilə Biləcəridəki elektrikləşdirmə idarəsində işə girdim. Bir müddət orada işlədim. Sonra pivə zavoduna keçdim. Əsgərlik yaşım çatmışdı. Hərbi komissarlığın hesabına sürücülük kursunu bitirib getdim orduya. Qayıdandan sonra bir müddət neft bazada sürücü işlədim.  Səsimə görə hər yerdə mənə hörmət edirdilər.

Bir dəfə Güzdək stansiyasında Səxavət Məmmədovun apardığı toyda məni də oxutdurdular. Yol-iriz bilmirdim, yüngülvari bir şey oxudum. Rəhmətliyin çox xoşuna gəldi. Məni yanında oturdub xeyli söhbət elədi. Ayrılanda da bərk-bərk  tapşırdı: “Bax ha, gedərsən Asəf  Zeynallı adına musiqi məktəbinə. Qorxma, orda sənin kimisinə qiymət verənlər var. Belə təmiz səsi  batırmaq günahdır...”

Təkcə Səxavət Məmmədov yox, ara-sıra oxumağımı başqa eşidənlər də məsləhət görürdülər ki, musiqi sənətinin dalınca gedim. Nədənsə, qulağıma girmirdi, fikirləşirdim ki, nə olsun, mən də hamı kimi oxuyuram da. Burda görünməmiş nə var ki. Aylar keçdi, evləndim, uşaqlar doğuldu, dolanışığımız bir az da ağırlaşdı. Əlim hər yerdən üzülmüşdü, çıxış yolu tapa bilmirdim. Havalı adamlar kimi güc vermişdim boğazıma. Hər yerdə--sükan arxasında, işə gedib-gələndə öz-özümə oxuyurdum, oxuduqca da, elə bil, yüngülləşirdim.

 Bəs Asəf Zeynallı adına Musiqi Məktəbinə necə gəlib çıxdınız?

– Rəhmətlik qayınanam Xalq artisti Siyavuş Aslanın doğmaca bibisi idi. Onun yanına gedib vəziyyətimizi danışır və xahiş edir ki, o uşağın-- yəni mənim musiqi məktəbinə girməyimə köməklik göstərsin. Siyavuş müəllim də bibisinin sözünü yerə salmayıb gedir Asəf  Zeynallı adına Musiqi Məktəbinin direktoru Vasif Adıgözəlovun yanına. O rəhmətlik də deyir ki, qoy sənədlərini versin, kömək edərik. Sənədlərimi hazırlayıb verdim. Birinci imtahan ixtisasdan idi.

Otağa girəndə gördüm ki, rəhmətlik Bəhram Mansurovla Əlibaba müəllim yanaşı oturublar. Soruşdular ki, bala, hansı muğamı oxumaq istəyirsən? Dedim, “Mirzəhüseyn segahı” ilə “Cahargah”ı bilirəm. Dedilər, “Cahargah”ı çox oxuyublar, sən “Mirzəhüseyn segahı”nı oxu. Tarzən başladı çalmağa, gözlərimi yumub başladım oxumağa. Necə oxumağım yadımda deyil, ancaq gözümü açanda gördüm ki, hər ikisi dalğalı dəniz kimi yırğalanır. Allah cansağlığı versin, Əlibaba müəllim razılıqla Bəhram Mansurova baxdı, o da xoş əhvalla başını tərpətdi. Anladım ki, hər ikisi oxumağımı bəyənib. Sevincək otaqdan çıxdım. Az sonra içəridən xəbər gətirdilər ki, sən “beş” almısan.  Boynuma alım  ki, o biri imtahanlardan heç nə bilmirdim, sağ olsunlar, kömək elədilər və mən musiqi məktəbinə keçə bildim.

Uzun illərin həsrətlisi kimi, dərslərə elə bağlanmışdım ki, səhər tezdən məktəbə girir, bir də axşam çıxırdım. Sinifləri bir-bir gəzirdim. Görkəmli sənətkarımız Ağaxan  Abdullayevin sinfində oxuyurdum. Öz dərsimiz bitəndən sonra Hacıbaba Hüseynovun sinfinə, ordan ya Nəriman müəllimin, ya da Vahid Abdullayevin sinfinə girirdim. Öyrənməyə sonsuz həvəsim vardı. Hər müəllimdən bir şey öyrənirdim. Hacıbaba müəllimin tələbələri gəlməmiş gedib otururdum onun sinfində. Rəhmətlik çox baməzə adam idi və olduqca da maraqlı dərs keçirdi. Əruz vəznində təzə qəzəllər oxuyur və onları tələbələrə xırdalayırdı. Bir də görürdün, şeir oxuduğu yerdə özünü saxlaya bilməyib ağlayır. Hacıbaba müəllim çox insaflı insan idi və ümidverən gənclərə həmişə böyük qayğı ilə yanaşırdı.

– 25 yaşda respublika muğam müsabiqəsinin qalibi kimi ilk sənət  sevinciniz yadınızda necə qalıb? Yəqin ki, həmin müsabiqə sizin sonrakı həyatınıza təsirsiz ötüşmədi...

– Əvvəllər musiqi məktəbləri arasında da müsabiqələr keçirilirdi. Həmin yarışların birində mən də iştirak etdim. O vaxt ustad xanəndəmiz Xan Şuşinski təzə rəhmətə getmişdi. Onun tələbəsi müsabiqənin qalibi oldu, mən ikinci yeri tutdum. Sonra Cabbar Qaryağdıoğlu adına respublika müsabiqəsi keçirildi və mən o müsabiqənin qalibi oldum. Elə o vaxtdan başlanan yoldur ki, Allahın rizası və köməkliyi ilə hələ də gedirəm.

Ümumiyyətlə, Asəf Zeynallı adına məktəbə daxil olandan sonra musiqi mənim ailəmin ruzi-bərəkət, dolanışıq mənbəyi oldu. Daha doğrusu, həyatımın mənasına çevrildi. Bu illər ərzində, bir dəfə də olsun, sənətimə xəyanət etməmişəm. Gecə-gündüz dayanmadan, yorulub-usanmadan öyrənməyə çalışmışam. Məndən tez-tez soruşurlar ki, birinci Avropa Oyunlarının açılışı zamanı “uçan xalçanın” üstündə  nə fikirləşirdin? İnanın səmimiyyətimə, xalçanın üstünə çıxanda göz yaşlarımı saxlaya bilmədim. Allahıma şükürlər elədim ki, sənətin qüdrəti, xalqın məhəbbəti və Allahın istəyi məni belə bir zirvəyə  yüksəltdi. Gəldiyim qənaət də bu oldu ki, əgər düz yoldasansa Allah- taala heç vaxt çəkdiyin zəhməti əvəzsiz qoymaz. Sən başını aşağı salıb işini gör, onun qədərini Allah özü verəcək...

Siz oxuyanda adama elə gəlir ki, özünüzü unudub başqa bir aləmə düşürsünüz. Sanki, oxuyan siz yox, ürəyinizdir...

– Mən həmişə ifaya başlamazdan əvvəl özümdən asılı olmayaraq daxili qüvvəmi toparlamaq  üçün həmin musiqinin əhval-ruhiyyəsinə düşməyə, necə deyərlər, hala gəlməyə çalışıram. Bunun üçün çox şey lazımdı: oturduğun məkan, musiqi alətlərinin səslənməsi, şəxsi əhval-ruhiyyə. Yəni vəziyyətdən asılı olaraq o hala  tez də düşə bilərsən, gec də. Elə ki, mən deyən hal yaranır, özümü çox rahat hiss edirəm. Oxuduqlarım da dinləyicilərin ürəyincə olur. Əgər ifaçı belə bir hala düşə  bilməsə, dinləyiciyə istədiyi zövqü verə bilməz. Şəxsən mən belə hala düşəndən sonra özüm öz oxumağımdan həzz alıram. Onu da deyim ki, mən özümə qarşı çox tələbkaram, bəlkə də, belə həssas, mız-mız ikinci adam yoxdur.

Hər şeyi unudaraq istədiyim kimi oxumaq, yəni hala gəlmək bəzən cəhənnəm əzabı olur.  Dəfələrlə özümü söymüşəm ki, bu cəhənnəm əzabını çəkmək sənə çox lazımdı? Get yüngülvari bir şey oxu da. Yox, bacarmıram, həmişə kotanı dərinə salmalıyam. Bəzən dostlar, tanışlar  xahiş edirlər ki, dur bir ağız oxu. Mən həmin “bir ağızı” oxumaq üçün min dəfə ölüb- dirilirəm. Boğazdan yuxarı nəsə oxusam, bir ay onun əziyyətini çəkərəm. Bir dəqiqə də oxusam, gərək o anları yaşayam. Mən sənətə xəyanət edə bilmərəm. Həmişə onu ucada, zirvədə saxlamağa çalışmışam.  Sənəti yüksək tutanda sənətkar da ucalır.

Sizi müşayiət edənlər də xeyli dərəcədə fərqlənirlər. Belə ansambl yaratmaq, yəqin ki,  asan olmayıb...

– Demək olar ki, yaşlı tarzən və kamançaçılarla toylarda, konsertlərdə, televiziya və radio verlişlərində çox oxumuşam. Ancaq yaş fərqimiz eləydi ki, mən onlara istiqamət verə, nəyi və necə çalmağı öyrədə bilməzdim. Onlar özləri üçün çalırdılar, mən də özüm üçün oxuyurdum. Xarici çıxışlarımız çoxalanda başa düşdüm ki, uğur qazanmaq üçün musiqiçilərlə bir yerdə işləməli və bir nöqtəyə vurmalıyıq. Ona görə Malik və Elşən Mansurov qardaşları ilə məşqlərə başladıq. Cavan idilər, canlarında od vardı. Mən onlara nə istədiyimi deyir, bəzi məqamları başa salmağa çalışırdım. Elə vaxt olurdu ki, adi bir musiqi parçasının üstündə günlərlə işləyirdik. Axır ki, gözəl bir ansambl yarada bildik. Sonra onun tərkibinə  balaban və nağara da daxil etdik.

Bir dəfə Fransada  Teatr dele-vill”də çıxış edirdik. Həmin teatrda məxsusi hörməti olan 50--55 yaşlı jurnalist qadın konsertdən sonra bizə yaxınlaşdı. Böyük maraqla musiqi alətlərini nəzərdən keçirdi və dedi: “Mən müxtəlif ölkələrin simfonik orkestrlərinə dəfələrlə qulaq asmışam. Hətta o orkestrlərdən eşitmədiyim səsləri sizin ifanızda eşitdim və hədsiz dərəcədə zövq aldım. Bu nə musiqidir, nə alətlərdi belə?”

Tarı, kamanı, dəfi göstərərək dedim: “ Bunlar tarixi milli musiqimizin  özü qədər qədim olan Azərbaycan xalq çalğı alətləridir. Bu sahədə böyük ustadlarımız olub və indi də var. Gördüyünüz bu cavanlar da onların yolunu davam etdirirlər.”

O vaxt formalaşdırdığımız ansambl məni tam qane edirdi.  Hazırda isə Zəki Vəliyevlə, Rauf İslamovla, balabançı Rəfail Əsgərovla və nağaraçı Cavidan Nəbiyevlə birlikdə çalışırıq.

– Yenilik həmişə özünə çətinliklə yol açır, o ki qaldı bu yenilik əsrlərin sınağından çıxmış muğam sənətində ola. Bəziləri deyirlər ki, Alim Qasımov muğamı dərvişləşdirib. Bu, belədirmi?  Sizcə, bu yaxşıdır, ya pis?

– Ustad xanəndəmiz Hacıbaba Hüseynov haqqında sovet dövründə tanınmış musiqişünaslardan biri yazmışdı ki, o, xanəndə yox, dərvişdir. Rəhmətlik deyinə-deyinə girdi sinfə: “Sən bir bunun sözünə bax, yazır ki, Hacıbaba dərvişdi. Başa düşmür ki, dərviş xanəndədən çox böyük adamdı. Doğru deyiblər ki, dil çaşar düzünü deyər. Bu hərif məni tənqid etmək əvəzinə, çaşıb tərifləyib...” Hacıbaba müəllimin sözünə qüvvət, mənim haqqımda belə fikirləşənlər, əslində, sənətimə çox yüksək qiymət verirlər. Hər adam dərviş ola bilməz.

Mən musiqi məktəbinə daxil olandan sonra keçmiş xanəndələrimizin vallarını, lent yazılarını dinlədim. Şəkili Ələsgərə, Cabbar Qaryağdıoğluna, Seyid Şuşinskiyə, sonra Xan Şuşinskiyə, Zülfi Adıgözəlova, Mütəllim Mütəllimova qulaq asıb araşdırdım. Gördüm ki, Xan Şuşinksiyə qədər oxunan muğamlarla ondan sonra oxunan muğamlar arasında, daha doğrusu, onların ifası arasında xeyli fərq var. Qocaman xanəndələrimizin ifalarını mənimsəməyə çalışdım, hərəsindən bir xal, bir nəfəs götürdüm. Şəkili Ələsgərin bir Həsar ayağı var. Allah şahiddir ki, onu öyrənmək üçün neçə gün vaxt sərf etmişəm. Demək istəyirəm ki, mən muğamlarımızı bir az da keçmişə, öz kökünə qaytarmağa çalışmışam. Xəbəri olanlar bilir, xəbəri olmayanlar isə deyirlər ki, Alim Qasımov əllaməçilik edir, ənənəni pozur, nə bilim daha nə...

Mənə bunu da irad tuturlar ki, Alim Qasımov muğama sərbəstlik gətirib. Bu, doğrudur. Ancaq mən həmin sərbəstliyi tamaşaçının rahatlığı üçün gətirmişəm. Belə başa düşürəm ki, sənətkar səhnədə quruyub qalmamalı, tamaşaçı ilə ünsiyyət qurmağa çalışmalıdır. Aralarındakı buz əriməli, xanəndə özü hala gəldiyi kimi, ona qulaq asana da musiqini duymaq, anlamaq sərbəstliyi yaratmalıdır. Məhz belə olduqda onlar bir-birilərini daha yaxşı başa düşürlər.

Bu yaxınlarda ABŞ-da “Leyli və Məcnun” operasının yeni versiyasını səhnəyə qoyduq. Tamaşada Üzeyir bəyin musiqisi ilə bərabər, rəqs parçaları da yer almışdı. Rəqs səhnələrini müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri olan Mark Morrisin hazırlamışdı. Səhnədə dörd Leyli, dörd Məcnun, Leylinin anası və Məcnunun anası rəqs edirdilər. Mən və Fərqanə xanım Şərqin bu nakam məhəbbət dastanını muğamlarımızın yanıqlı dili ilə tamaşaçılara çatdırırdıq. On konsert verdik. Hər dəfə də salon ağzına kimi dolurdu. Tərcüməçi qız and içirdi ki, tamaşaçıların çoxu göz yaşlarını saxlaya bilmirdilər.

Demək istəyirəm ki, sənətdə uğur qazanmaq üçün yeniliklərə açıq olmalısan. Zaman çox şeyi dəyişir. Hər sahədə olduğu kimi, sənətdə də yeniliklərin qabağına sədd çəkmək olmaz. Məni  çox vaxt sərbəst improvizasiyalardan istifadə etdiyimə görə də tənqid edirlər. Yeri gəlmişkən, həmin improvizasiyaları düşünərək, qəsdən etməmişəm. Ürəyimin hökmü ilə, özümdən asılı olmayaraq etmişəm. Sonra lent yazılarına baxanda  həmin dəyişikliklər və improvizasiyalar xoşuma gəldi. Onların üstündə işlədim. Mən, ilk növbədə, sənətimdən özüm zövq almağa çalışıram. Xoşuma gələnlərin üzərində işləyib genişləndirir, bəyənmədiklərimi atıram.

  Qızınız və yetirməniz Fərqanə xanımla konsertləriniz həmişə böyük maraq və sevgi ilə qarşılanır. Nə vaxtsa Elnarə Abdullayeva ilə belə bir konsert verməyə necə baxırsınız?

– Elnarə Abdullayeva  istedadlı müğənnidir və məlahətli səsi, özünəməxsus  pərəstişkarları var. Sizin dediyiniz konsertin baş tutması üçün, əvvəla, ciddi məşq  lazımdır. O, özü üçün oxusun, mən də özüm  üçün, bu alınmaz. Beş dəqiqə oxumaq olar, ancaq saat yarım, iki saat adamlara zövq vermək üçün yorulmadan, uzun müddət məşq lazımdır.

İkincisi, belə bir konsertin təşkili üçün imkanlı bir sifarişçi qabağa çıxmalıdır. Həm onu, həm də məni qane edən şərt ortaya qoyulmalıdır. Məhz bundan sonra məşqlərə başlamaq, konsertin proqramını hazırlamaq olar. Nə gizlədək, hazırda bizdə belə bir bazar yoxdur. Təəssüf ki, ruha qida ikinci plana keçib, böyük əksəriyyət mədəsi haqqında fikirləşir. Ancaq tam əminliklə deyə bilərəm ki, belə bir sifarişçi tapılsa, sənətsevərlərin ürəyincə olan yaxşı bir konsert vermək mümkündür.

Son illərdə keçirilən muğam müsabiqələri göstərir ki, Azərbaycanda istedadlı gənclər kifayət qədərdir və sizin yaradıcılığınızdan bəhrələnənləri də az deyil. Bu cavanlara nələri tövsiyə edərdiniz?

– Hər bir cavanın ən böyük arzusu ustadlarla bir cərgədə dayanmaq və istedadlı sənətkar kimi tarixə düşməkdir. Bunun üçün bir sıra tələb var. Ən əsası, istedad və zəhmətkeşlikdir. Sənət yoluna qədəm qoyan cavanın gələcək uğuru onun hər zəhmətə qatlaşmasından, öz üzərində inadkarlıqla işləməsindən və sənətini cilalamasından asılıdır. Bir də xanəndə tanınandan sonra kef-damağa, varlanmaq ehtirasına “yox” deməyi bacarmalı, nəfsinə hakim olmalıdır.

Bu da bir həqiqətdir ki, sənətkarın yetişməsində tələbkar dinləyici də öz sözünü deyir. Bizim vaxtımızda mağar toyları, sözün əsl mənasında, məktəb idi. Müğənni ciddi dinləyicilər qarşısında oxuduqca  formalaşır, öz sənətkarlığını artırırdı. Hər toyda, ən azı, 6-7 muğam oxuyurduq.  İndi toya gedənlər özlərini çətinə salmadan bir neçə yüngül hava ilə məclisi yola verirlər. Mən cavanları qınamıram, bazar, xiridar  olmayanda belə vəziyyət yaranır.

Ancaq sənətinin aşiqi olan, qəlbində ilahi eşq çağlayan cavanlar yorulub-usanmadan öz üzərlərində işləyir və axırda da istəklərinə çatırlar. Azərbaycan muğam sənətinin sabahının yaradıcıları olan belə cavanlara  uğurlar arzulayıram.

 

Müsahibəni apardı:

Əlipənah Bayramov

 

Xalq qəzeti.- 2017.- 8 yanvar.- S.7.