Turizm sahəsində qazanılmış
təcrübə yeni uğurlar vəd edir
Azərbaycanda
turizm ildən-ilə geniş vüsət almaqdadır. Bunun
başlıca səbəbi ölkə Prezidenti İlham
Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət
və qayğıdır. Ötən il Prezidentin
imzaladığı “Azərbaycan Respublikasında turizmin
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında”, “Azərbaycan Respublikasında “Turizm işçiləri
günü” peşə bayramının təsis edilməsi
haqqında” və “Azərbaycan Respublikasında turizmin
inkişafı ilə bağlı bəzi tədbirlərin
maliyyələşdirilməsi haqqında” sərəncamlar
turizm sənayesinin gələcək inkişafı
baxımından müstəsna əhəmiyyət kəsb
edir.
Ötən il ölkəmizə gələn xarici vətəndaşların sayında xeyli artım olmuşdur. Azərbaycana gələn əcnəbilərin içərisində səyahət məqsədli turistlərin sayı artmaqda, miqrasiya və digər məqsədli vətəndaşların sayı isə azalmaqdadır.
Ölkəyə gələn xarici turistlərin sayındakı dinamik artım, ötən ilin yay mövsümü ərzində bölgələrdə fəaliyyət göstərən obyektlərin göstəricilərində müşahidə olunur. Belə ki, mehmanxanalarda qalan turistlərin sayı (751,353 nəfər) 2015-ci ilin müvafiq dövrü (608,233 nəfər) ilə müqayisədə 143,120 nəfər və ya 23,5 faiz artmışdır.
2016-cı ilin əvvəlindən etibarən BƏƏ, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilmişdir.
BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilmişdir. Rusiya Federasiyası, Qazaxıstan, İran və s. ölkələrdən Azərbaycana gələn xarici vətəndaşların sayında da artım baş vermişdir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən turizm müəssisələrinin sayı 285-i, mehmanxanaların sayı 536-nı, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı 38 mini keçmiş, turizm sahəsinin ÜDM-dəki xüsusi çəkisi isə 4,1 faiz olmuşdur. Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı 42 minə çatmışdır. Müvafiq dövr ərzində ölkəmizdə 35 mehmanxana tikilmiş, 25 mehmanxana isə hazırda tikilməkdədir.
Azərbaycanın turizm imkanlarını dərindən araşdıraraq ölkədə turizm sahəsinin vəziyyətinin təhlili və problemlərin aradan qaldırılması məqsədilə dünya təcrübəsində istifadə edilən mexanizmlərin Azərbaycan üçün uyğunlaşdırılmış müvafiq variantlarda tətbiqini təmin edəcək sənəd - Turizm haqqında Qanunun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılmış və Milli Məclisə təqdim edilmişdir.
Azərbaycanın mədəni irsinin və turizm potensialının ölkəmizdə və xaricdə təbliği Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətidir. Bu sırada beynəlxalq turizm sərgilərində ölkəmizin iştirakını xüsusi olaraq qeyd etmək lazımdır. İl ərzində İstanbul, Dubay, Tokio, Berlin, Madrid, Nyu-York, London, Moskva, Paris və digər şəhərlərdə – ümumilikdə 18 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrda Parisdə “Azərbaycan şəhərciyi” adlı sərgi və digər silsilə tədbirlər keçirilib. Ölkəmizin turizm imkanlarına dair reklam çarxları CNN, “Euronews” və Rusiyanın dörd telekanalında nümayiş olunub.
Ötən il martın 5-dən 6-dək Bakı ilk dəfə Lüsern Dünya Turizm Forumu Beyin Mərkəzinin toplantısına ev sahibliyi etdi. Tədbirdə 30-a yaxın transmilli korporasiyanın, qlobal qeyri-hökumət təşkilatlarının rəhbərləri təmsil olunurdular. Aprel ayında isə paytaxtımızda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) keçirildi. Bu il 15 yaşını qeyd edən AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən də dəstəklənirdi. 29 ölkədən 300-dən çox şirkət və təşkilatın qatıldığı sərgidə Azərbaycanın şəhər və rayonlarının da stendləri yer almışdı.
Dövlət başçısı 2016-cı il iyun ayının 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərman verdi. Dekabrda “ASAN Viza” portalının təqdimat mərasimi oldu. Hazırda test rejimində fəaliyyət göstərən portal bu il yanvarın 10-dan etibarən tam istifadəyə verilmişdir. “ASAN Viza” portalının yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir.
Ötən il Nazirlər Kabineti Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar vermişdir. Hazırda Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının baş inkişaf planları hazırlanmaqdadır.
Ölkəmizin, eləcə də onun ayrı-ayrı regionlarının turizm potensialının Rusiyada və Türkiyədə təbliği məqsədilə, 2016-cı ildən etibarən sözügedən ölkələrdə turizm üzrə təmsilçi ofislər fəaliyyətə başlamışdır.
Həmçinin qeyd edilməlidir ki, Bakı şəhərinə, eləcə də regionlarımıza səyahət edən yerli və xarici turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif mehmanxana, park və ictimai yerlərdə mədəni və əyləncəli tədbirlər, sərgi və konsertlər təşkil edilmişdir.
Azərbaycanın haqlı mövqeyi getdikcə beynəlxalq ictimaiyyətin daha çox dəstəyini qazanır. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə və qlobal humanitar problemlərin həllinə verdiyi töhfələr, multikultural dəyərlərə hörməti və tolerantlıq ənənələri xalqımıza dünyada dərin rəğbət oyatmışdır.
Bununla yanaşı, ötən il dekabrın 6-da ölkə Prezidentinin fərmanı ilə daha bir tarixi sənəd – “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunmuşdur. Sənəddə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir.
Bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilmişdir. Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını cəlb etməkdədir. Potensialdan daha səmərəli istifadə məqsədilə xüsusi idarəetmə mexanizminin yaradılması, məlumatlılığın daha da artırılması, turist xidməti paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği və turizm infrastrukturunun məqsədyönlü inkişafı nəzərdə tutulur. İkinci hədəf ölkə səviyyəsində daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava nəqliyyatı əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, turizm sektorunun inkişafı üçün əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış və ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcəkdir. Dördüncü hədəf turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdən ibarətdir.
Bir sözlə, 2016-cı il Azərbaycanın turizm tarixində yeni mərhələ oldu. Qarşıda bizi yeni uğurlar gözləyir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 14 yanvar.- S.6.