Unutmayaq ki, unudulmayaq

 

Məmməd Nəsirbəyov – 120

 

Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin əsasını qoymuş, onun inkişaf mərhələlərini müəyyənləşdirərək musiqi kollektivləri, tədris müəssisələri yaratmış, incəsənət məbədlərinin bu gününü öncədən görərək gələcək nəsil musiqiçilər üçün əvəzolunmaz, dəyərli xəzinə bəxş etmişdir. Üzeyir bəyin bu məqsədyönlü işini onun tələbələri davam etdirərək Azərbaycan musiqisini daha da zənginləşdirmiş, dünya səviyyəsinə yüksəltmişlər. Bu gün Üzeyir Hacıbəylinin və davamçılarının yaratdıqları əsərlərin xoş sədaları dünyanın müxtəlif konsert salonlarından gəlməkdədir.

 

Üzeyir Hacıbəylinin ilk tələbələrindən biri olan bəstəkar, musiqişünas, ictimai xadim Məmməd Nəsirbəyov XX əsrin birinci yarısından başlayaraq, öz müəlliminin nəcib, məqsədyönlü işini davam etdirmiş,  Azərbaycan musiqi tarixinə layiqli imzasını atmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, XX əsrin ikinci yarısında uşaq musiqi məktəblərində təhsil alan hər bir şagird musiqi nəzəriyyəsi fənnini  Məmməd Nəsirbəyovun yazdığı “Musiqi təlimi” dərsliyindən öyrənərək sehrli musiqi aləminə qədəm qoymuşdur. Gələcəkdə bir çox tanınmış, görkəmli musiqiçilər bu dərslikdən musiqi nəzəriyyəsinin ilk sirlərini öyrənərək, möcüzəli musiqi sənətində öz sözlərini demişlər. Təəssüf ki, musiqi tariximizə əsərləri ilə, eləcə də ictimai xadim kimi xidmətləri ilə töhfələr verən Məmməd Nəsirbəyov haqqında məlumatlar mətbuatda öz əksini layiqincə tapmayıb.

Məmməd Həsən oğlu Nəsirbəyov 6 iyun 1897-ci ildə Azərbaycanın ayrılmaz bölgəsi olan, əsrarəngiz gözəlliyi ilə hər kəsi valeh edən Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Atası, xalq müəllimi Mirzə Həsən Nəsirbəyov sevimli məktəb yoldaşı Mirzə Cəlil Məmmədquluzadə ilə eyni parta arxasında oturmuş, onunla eyni fikirli, eyni əqidəli silahdaş olmuş, əvvəlcə Naxçıvanda, sonra isə İrəvan seminariyasında  təhsil almışdır. Seminariyada oxuduğu illərdə o, demokratik hərəkatın fəal üzvü kimi, seminariyanın rəhbərliyi tərəfindən təqib olunmuşdur. İrəvan seminariyasını bitirdikdən sonra 1887-ci ildə Mirzə Həsən Nəsirbəyov Naxçıvandan Bakı şəhərinə iki ay yarım müddət ərzində piyada yol gəlmiş və bu şəhərdə məskunlaşmışdır. Mirzə Həsən İçərişəhərdə yaşamış və burada mədrəsənin nəzdində ibtidai məktəb açmışdır. Nəriman Nərimanov təhsilini başa vuraraq, Bakıya gəldikdə dərs ilinin sonunadək Mirzə Həsənlə eyni mənzildə yaşamış və işləmişdir.

Mirzə Həsənin oğlu Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verir. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayarkən Məmməd məktəbin xor kollektivinə cəlb olunur. Məlahətli səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edir. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi və bir ilədək bu şəhərdə yaşaması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inkişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərir. Zülfüqar Hacıbəyli Naxçıvan teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” , “Ər və arvad”, özünün “50 yaşında cavanmusiqili komediyalarını səhnələşdirərək tamaşaya qoyur. Bəstəkar “Evliykən subay” operettasını Naxçıvanda yaşayarkən tamamlayır və 1912-ci ilin mart ayında Naxçıvan teatrının səhnəsində tamaşaçılara təqdim olunur. Zülfüqar Hacıbəyli Naxçıvanda ardıcıl olaraq Şərq musiqisindən ibarət müsamirələr təşkil edir.

Zülfüqar Hacıbəylinin Naxçıvana yaradıcılıq səfəri şəhərin musiqi, teatr həyatını canlandırır, gənc musiqiçilərin, aktyorların yaradıcılıq həyatına yeni rəng verir. Onu qeyd etmək yerinə düşərdi ki, bəstəkar Naxçıvanda yaşadığı dövrdə xoş xəbər alır – oğlu (görkəmli dirijor Niyazi) dünyaya gəlir. Musiqiyə, teatr sənətinə böyük həvəsi olan Məmməd yuxarıda qeyd edilən musiqi komediyalarından parçalar öyrənib ifa edir.

1914-cü ilin sonunda Nəsirbəyovlar ailəsi Bakıya köçür və gənc Məmməd xalq musiqisinə xüsusi önəm verərək, tar çalmağı öyrənir, xalq mahnıları və rəqslərinə, muğamlara marağı daha da artır. O dövrdə musiqi təhsili almaq üçün məktəb olmadığından musiqi ilə ustad yanında fərdi şəkildə məşğul olurdular. 1923-cü ildə Üzeyir bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd solo üzrə Aleksandr Kolotovdan, tar üzrə dərsləri isə muğam bilicisi Mansur Mansurovdan alır. Üzeyir bəy yeni nəsil bəstəkar, dirijor, musiqişünas hazırlamaq məqsədilə məktəbdə istedadı ilə fərqlənən şagirdlərdən ibarət dərnək təşkil edir. Bu dərnəkdə Məmməd Nəsirbəyov, Asəf Zeynallı, Əşrəf Həsənov, Əbdülrəhim Kərimov bəstəkarlıq, dirijorluq və musiqişünaslıq sahəsində ilk sınaq addımlarını atırlar. Üzeyir bəy şəxsən onlara rəhbərlik edir, eyni zamanda, musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərini tədris edirdi. Növbəti ildə məktəbin hesabat konsertində Məmməd Nəsirbəyov tarda  Rast” muğamını tam, ustalıqla ifa edir. Məktəbin illik hesabat konserti Azərbaycanın musiqi həyatının böyük uğuru, inkişafın ilk mərhələsi idi.

1927-ci ildə Məmməd Bakı Musiqi Texnikumunda təhsilini davam etdirir. Burada Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəyli, vokal fənnini Marqarita Kolotova, bəstəkarlıq üzrə Nikolay Xeyf, orkestrləşməni isə Stefan Ştrasser tədris edirdilər. 1932-ci ildə Məmməd Nəsirbəyov Pyotr Çaykovski adına Moskva Konservatoriyasında professor Litinskidən kompozisiyapolifoniyadan dərs alır. Bir ildən sonra Bakıya qayıdır və Bakı Konservatoriyasında Leopold Rudolfun, Pyotr Ryazanovun, Boris Zeydmanın sinfində təhsilini davam etdirir. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəydən öyrənir.

Məmməd Nəsirbəyov təhsil aldığı illər ərzində skripka, fortepiano, valtorka alətlərində çalmağı öyrənir. 1940-cı ildə o, Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirir.

Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir. Bəstəkarın yaradıcılığında simfonik, kamera, xor musiqisi, müxtəlif alətlər üçün yazdığı instrumental əsərlər, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün mahnı və romanslar əsas yeri tutur. Vaxtilə onun əsərləri tez-tez konsert salonlarında səslənib, eləcə də tədris müəssisələrində tədris planına daxil edilmişdir. Bir sıra əsərləri Bakıda “Azərnəşr”, “İşıq” nəşriyyatlarında, Moskva şəhərində çap edilmişdir.

Bəstəkarın simfonik orkestr üçün yazdığı “Suita”, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün “Şənlik” suitası, “Naxçıvan” rəqs suitası, “Nizami” suitası (sözləri Məmməd Rahimin), simli kvartet üçünSuita”, solist, qarışıq xorfortepiano üçünKantata”, Nizaminin, Füzulinin, C.Cabbarlının, M.S.Ordubadinin, S.Vurğunun, M. Seyidzadənin, N.Rəfibəylinin, S.Rüstəmin, N. Gəncəlinin, Ş.Abbasovun, İ. Soltanın sözlərinə bəstələdiyi mahnı və romanslar, eləcə də fortepiano üçünFantaziya” , “Ekspromt”, “Qaytağı”, “6 prelüd”, “9 pfuqa”, “24 pyes”, “12 uşaq pyesləri”, “12 xalq mahnı və rəqslərin işlənməsi”, skripka üçünVariasiyalar”, müxtəlif alətlər üçün bəstələdiyi əsərləri onun zəngin yaradıcılığından xəbər verir.

Məmməd Nəsirbəyov bir musiqişünas kimi də Azərbaycan musiqisinə öz dəyərli töhfələrini vermişdir. Elementar musiqi nəzəriyyəsi”, “Homofon musiqi formasının öyrənilməsində sistemli rəhbərlik”, “Alətşünaslıq və orkestrləşdirmə məsələləri üzrə ensiklopedik lüğət”, “Azərbaycan xalq musiqisi ladlarının quruluşu və münasibətləri cədvəli”, “Musiqi təlimi” elmi-nəzəri kitabları musiqi nəzəriyyəsi sahəsində tədqiq olunan əvəzsiz, dəyərli əsərlərdəndir.

Məmməd Nəsirbəyovun zəngin yaradıcılıq irsi tədqiqatçılarımız tərəfindən dərindən araşdırılmalı və bu əsərlər vaxtında olduğu kimi, konsert salonlarında, tədris, elm müəssisələrində istifadə olunmalıdır. Çünki bu əsərlər zəngin musiqi xəzinəmizin diqqəti cəlb edən dəyərli nümunələridir.

Məmməd Nəsirbəyovun əmək fəaliyyəti Azərbaycan musiqi həyatının quruculuq illərinə təsadüf edir. Üzeyir bəyin sevimli tələbəsi kimi Məmməd bu quruculuq işlərində yaxından iştirak edir. 1920-1922-ci illərdə Üzeyir bəyin təşəbbüsü ilə Siyasi İdarənin nəzdində Azərbaycan Xalq Çalğı Alətləri Orkestri yaradılır. Orkestrin tərkibi 70 musiqiçidən və 10 nəfər tanınmış xanəndə və müğənnidən ibarət idi. Məmməd bu orkestrdə tarzən vəzifəsində çalışırdı. Orkestr, əsasən, hərbi və dəniz donanması hissələri üçün konsertlər verirdi. Gözəl, lirik tenor səsə malik olan, artıq musiqiçi kimi püxtələşən Məmməd 1919-1924-cü, 1930-1932-ci illərdə opera teatrında əvvəl xor artisti, sonra isə solist kimi fəaliyyət göstərir. Üzeyir Hacıbəylinin “Arşın malalanmusiqili komediyasında Əsgərin ariyasını müvəffəqiyyətlə ifa edir. 1931-1937-ci illərdə Radio Komitəsində solist kimi çalışır.

M.Nəsirbəyov yeni nəsil musiqiçilərin yetişdirilməsinə, təhsilinə diqqətlə yanaşaraq, sonrakı illərini pedaqoji fəaliyyətə həsr etmişdir.  O, Bakının Dağlı məhəlləsində 1, Suraxanıda 5, Maştağa kəndində 11 saylı uşaq musiqi məktəblərinin yaradılmasının təşəbbüskarı və fəal iştirakçısı olmuşdur. Bu məktəblərdə direktor vəzifəsində işləyərək, eyni zamanda, musiqi nəzəriyyəsi fənnini tədris etmişdir. Məmməd Nəsirbəyov musiqi məktəbində təhsil alan şagirdləri həvəsləndirmək məqsədilə onların evlərinə gedir, öz vəsaiti hesabına onları musiqi ədəbiyyatı ilə təmin edir, musiqi alətlərini təmir etdirirdi. Bu işlərə onun əmək haqqının üçdə bir  hissəsi gedirdi. O, pedaqoji, teatr texnikumlarında, Azərbaycan Dövlət Pedaqoji İnstititunda ardıcıl olaraq pedaqoji fəaliyyətini davam etdirmiş, gənc musiqiçilərin təhsilinə hər zaman diqqətlə yanaşmışdır. Böyük Vətən Müharibəsi illərində o, dəfələrlə Bəstəkarlar İttifaqı və incəsənət İşləri üzrə idarə tərəfindən hərbi hissələrə ezam olunmuş, əsgərlərə vətənpərvər, döyüş ruhlu mahnılar öyrədərək, onları qələbəyə səsləmişdir.

Məmməd Həsən oğlu Nəsirbəyov 1945-ci il iyunun 9-da SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Böyük Vətən Müharibəsi illərində əməyinə görə medal ilə təltif olunmuşdur. Onun yaradıcılığı müxtəlif fəxri fərmanlar və medallarla qiymətləndirilmişdir.

Nəsirbəyovlar ailəsi, eləcə də bu nəsil ilə yaxın qohum olan Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Müzəffər Nəsirli Azərbaycan incəsənətində, ədəbiyyatında öz layiqli imzalarını atmışlar.

Bu il Məmməd Həsən oğlu Nəsirbəyovun anadan olmasının 120-ci ildönümüdür. İllər onu bizdən uzaqlaşdırsa da, əsərləri onu yenidən bu günümüzə qaytarır.

 

Tofiq Bakıxanov,

Xalq artisti, professor, Naxçıvan Muxtar Respublikasının

Əməkdar incəsənət xadimi,

 

Nazim Quliyev,

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar

 

Xalq qəzeti.- 2017.- 15 yanvar.- S.5.