Multikulturalizm Azərbaycanda həyat tərzidir

 

Artıq tarixə çevrilən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” kimi yadda qaldı. Multikulturalizm ölkəmizdə həyat tərzidir və bu, millətimizin qonşu xalqlara və dünyəvi, ümumbəşəri dəyərlərə münasibətini ortaya qoydu. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində düşmənin qeyri-konstruktiv, aqressiv mövqeyi davam etsə də, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi vacib məkan kimi dünyada öncül ölkələrdən biri olduğunu sübuta yetirdi. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı “Multikulturalizm ili”ndə görülən işlər və bu ilin hədəfləri barədə önəmli məsələlərə toxunmuşdur.

 

Prezident İlham Əliyevin çıxışında  ölkəmizin taleyüklü məsələləri ilə yanaşı,  ötən il multikulturalizm sahəsində Azərbaycanın dünyaya verdiyi töhfələri ümumbəşəri dəyərlər kontekstindən yanaşdıqda  xalqımızın bu prosesdə əsas yer tutduğu barədə qeydlərini xüsusi vurğulamaq yerinə düşər. Dövlət başçısı bildirmişdir:  “Keçən il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu, hesab edirəm ki, dünya miqyasında nadir bir hadisə idi. Bilmirəm, bu vaxta qədər hansısa bir ölkədə “Multikulturalizm ili” elan edilmişdir, yoxsa yox. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, 2016-cı ili “Multikulturalizm ili” elan etməyimiz çox böyük məna daşıyırdı. Bu, həm bizim siyasətimizi, cəmiyyətimizin əhvali-ruhiyyəsini göstərir, gördüyümüz işləri, görüləcək işlərimizi əks etdirir. Azərbaycan, doğrudan da dünya miqyasında multikulturalizmin mərkəzidir. Biz bu mövzu ətrafında söhbətlərə, beynəlxalq tədbirləri keçirməyə başlayanda hələ miqrantlar böhranı yox idi, hələ Avropada, başqa yerlərdə ayrı-seçkilik o qədər də özünü büruzə vermirdi. Keçən il bu, ifrat dərəcəyə çatdı. Keçən il biz bəzi Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətləri, islamofobiya ilə bağlı artıq açıq-aşkar aqressiv siyasəti gördük. Belə bir fonda “Multikulturalizm ili” elan etmək və onu ləyaqətlə sona çatdırmaq bir daha bizim siyasətimizi, gücümüzü, niyyətimizi göstərir”.

Prezidentin çıxışından bir daha bəlli oldu ki, Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan ölkədir. Şübhəsiz ki, dövlət başçısının 31– Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə xalqımızı təbrikində də bu məqamların yer alması təsadüfi deyildi. Bu, dünya azərbaycanlılarına həm də öz ölkələri ilə fəxarət hissi keçirmələri üçün bir xatırlatma idi. Çünki bəzən xaricdə yaşayan azərbaycanlılara, həm də qeyri-millətlərə ölkəmizi bir sıra antiazərbaycan  qruplar başqa cür, mənfi obrazda təqdim etməyə çalışırlar. Lakin elə təkcə bu faktın özü sübut edir ki, bu gün həm dünyanın əksər yerində silahların, zorakılığın, aqressiyanın, ksenofobiyanın, anti-semitizmin, irqçi çağırışların, dini təfriqə xarakteri daşıyan savaşların susmadığı bir vaxtda Azərbaycanda sabitlik hökm sürür və ölkəmiz beynəlxalq səviyyəli sülh, dözümlülük, əməkdaşlıq xarakteri daşıyan layihələrə ev sahibliyi edir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və dövlətin rəsmi siyasətində bu ideyanın öz əksini tapdığını göstərir.

Dövlət başçısı dəfələrlə demişdir ki, Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb, amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik.

Bildyimiz kimi, beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək özünün çiçəklənmə dövrünü yaşayır.

Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər  multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi. Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

Bundan əlavə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz növbəsində ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək vermişdir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi.

“Ekstremizm və terrorçuluğa qətiyyətlə “yox” deməklə, biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”, – bu fikirləri Mehriban xanım Əliyeva həmin konfransda vurğulayıb.

Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Burada ən vacib səbəblərdən biri də Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynaması, bununla bağlı dərin tarixi bazaya sahib olması idi. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu  proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Ölkə rəhbəri bu barədə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı tarixi xatırlatma etmişdir:  “Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər,  dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənib. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki,  Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri – Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.

Bu baxımdan dövlət başçısı fəxrlə bildirmişdir ki, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: “Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Təəssüflər  olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addımdı”.

Bu gün Azərbaycanda multikulturalizm məhz dövlətin qayğısı və nəzarətində, xüsusi prinsipiallıqla himayə edilir. Məsələ ondan ibarətdir ki, Azərbaycan məhz həssas siyasi-mədəni kəsişmə nöqtəsində yerləşdiyi və daxilən mədəni müxtəlifliyə qucaq açdığı üçün düşmən ölkənin və digər beynəlxalq terror şəbəkəsinin ideya poliqonuna çevrilə bilər.

Elə təkcə ötən il Bakıda keçirilən tədbirlər onu göstərdi ki, Azərbaycan üzərinə götürdüyü missiyanın ardınca getməkdə, iqtisadi böhranın gətirdiyi çətinliklərə,  düşmənin hərbi və informasiya hücumlarına baxmayaraq, nəinki ruhdan düşməməkdə, həm də bütün dünyaya sülh, etibarlı tərəfdaşlıq və əməkdaşlıq örnəyi olmaqda israrlıdır. Möhtəşəm beynəlxalq tədbirlər sayılan BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu,V Bakı Beynəlxalq Humanitar Forumunun ötən il Bakıda baş tutması, Roma Papasının Bakıya səfəri ilə ölkəmizin siyasi imicinin yüksələn xətlə möhkəmləndiyinin şahidi olduq. Dünyanın müxtəlif ölkələrindən Bakıya təşrif buyuran yüzlərlə mötəbər siyasətçi, dünya şöhrətli alimlər, ictimai xadimlər, media institutlarının rəhbərləri Azərbaycanı dünyanın sabitlik adası, tolerantlığın modeli adlandırdılar. Əlbəttə, bütün bunlar Azərbaycan dövləti üçün mühüm əhəmiyyətli uğurlardır. Bunlar həm 2017-ci, həm də növbəti illərdə Azərbaycanın uğurları üçün əsaslı amillərdən biri olacaqdır.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2017.- 17 yanvar.- S.4.