Vətənpərvərlik nümunəsi
Ötən gün 20 Yanvar faciəsinin
növbəti ildönümü
münasibətilə daha bir
yazı qələmə almalı idim. Həmin
məqsədlə Prezident
Kitabxanasının “Təcavüz. Bakı. 20 Yanvar
1990”elektron resurslarına bir daha nəzər
saldım.
Faciəyə aparan yol və hadisələrin xronologiyası barədə çoxsaylı faktlarla tanış olarkən, beynimdə belə bir sual yarandı: Ürəyində Vətən sevgisi, milli dövlətçiliyimizə sədaqət olan gənclərimiz nələrə qadirmiş, ilahi? Orada göstərilirdi ki, ümumxalq məramı ilə döyünən ürəyin sahibi olan gənclər od yağdıran tankların qarşısına yalın əllə çıxır, şəhid olur və sağ qalan soydaşları, əzizləri azadlığın, müstəqilliyin sevincini yaşayırlar. Tarix boyu üzləşdiyimiz bütün çətin günlərdə qeyrətli gənclərimiz belə addımlar atıblar.
… Ötən il aprelin əvvəlində işğalçı ölkənin qəsbkar ordusu təmas xəttində və dövlət sərhədlərimiz boyunca atəşkəsi pozmaqla növbəti təxribat törətmiş və ciddi hərbi qarşıdurmaya səbəb olmuşdu. Cəbhədən Azərbaycan əsgərinin uğurlarını göstərən çoxsaylı xəbərlər alırdıq. Təbii ki, əsgərin bir nömrəli vəzifəsi ölkənin ərazi bütövlüyünün bərpası üçün verilən əmri yerinə yetirməkdir. Ancaq kütləvi informasiya vasitələrinin yaydığı xəbərlər arasında “Bütün xalqımız Milli Ordumuzun yanındadır!”, “Ordu Vətənimizin, mülki əhali isə Azərbaycan əsgərinin dayağına çevrilib!” – kimi fikirləri də eşidirdik.
Aprelin 3-də “Azad Azərbaycan” Televiziyasının xəbərlər buraxılışında belə bir informasiya eşitdik: “Ötən gün Tərtər rayonuna öz şəxsi avtomobilləri ilə yardım aparan Gəncə sakinləri ermənilərin ağır artilleriya atəşlərinə tuş gəlib. ATV-nin Qarabağ bürosunun məlumatına görə, şəhərin Sadılı yaşayış massivində yaşayan 26 yaşlı Fərman Əsədli və onun qohumu Sadiq Əliyev ermənilərin cəbhədə fəallaşdığını eşidərək, mülki vətəndaşlara ərzaq, eləcə də su aparmaq üçün cəbhəyə yollanıblar. Hər iki şəxs ermənilərin atdığı mərminin avtomobilin yaxınlığında partlaması nəticəsində yaralanıb. Yaralılar özləri Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlsələr də, Fərman Əsədli xəstəxanada dünyasını dəyişib. O, Samux rayonunun Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb. Yaxınları yaralanan Sadiq Əliyevin isə vəziyyətinin ağır olduğunu deyirlər”.
… Bir neçə gün əvvəl şəhid Fərman Əsədlinin atası, ehtiyatda olan polkovnik-leytenant, ömrünün 25 ilini hərbi xidmətdə keçirən komissar Elçin Əsədov redaksiyamıza gəlmişdi. Oğlu Fərman kimi cəsarətli, fədakar gənclərimizlə qürur duyduğunu söyləyən şəhid atası maraqlı bir fakta toxundu: “Hər ikisi dövlət qulluğunda işləyən, maddi sıxıntısı olmayan oğlumun və kürəkənimin düşmənin quduzlaşdığını eşidərək, heç bir çağırış gözləmədən döyüş bölgəsinə getməsi onların ürəklərindəki təpərə, təmənnasız Vətən sevgisinə bariz sübutdur. Təbii ki, hərbçi olaraq döyüş meydanında şəhid olmaq ölümlərin ən şərəflisidir. Fərman isə mülki geyimdə getdiyi döyüş zonasında şəhid olub. Fikrimcə, könüllü olaraq rahat həyatdan imtina edib qan- qadanın içinə atılmaq, Vətən darda olanda dadına çatmaq istəyilə ora getmək də bir başqa cəsarətdir və hünər istəyir”.
Elçin müəllim şəhid olmuş oğlu Fərman Əsədli haqqında kütləvi informasiya vasitələrində verilmiş qəzet-jurnal məqalələrinə, eləcə də elektron KİV-də gedən məlumatlara görə bütün həmkarlarımıza minnətdarlıq etdi və redaksiyamıza bir neçə sənəd verdi. O sənədlərin hamısı bu gün bizim üçün fakt kimi dəyərlidir. Torpaqlarımız düşmən tapdağından tamamilə azad ediləndən sonra isə həmin sənədlər artıq fakt yox, dəyərlı tarix səhifələri olacaq. Şəhid atasının redaksiyamıza verdiyi sənədlərdəki bəzi məqamlara nəzər salaq.
Müdafiə Nazirliyinin Gəncədəki “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Qiyas Abbasovun şəhid Fərman Əsədlinin atasına göndərdiyi “Təşəkkürnamə”də “dörd günlük” aprel döyüşləri zamanı ölkəmizdə yaranmış ictimai-siyasi vəziyyət ən incə məqamlarına qədər xarakterizə edildikdən sonra yazılır: “Sizin oğlunuz Əsədli Fərman Elçin oğlu və qızınızın həyat yoldaşı Əliyev Sadiq Natiq oğlu cəbhə xəttindən kifayət qədər uzaq məsafədə yerləşən Gəncə şəhərində yaşamalarına baxmayaraq, öz həmyaşıdları, yaşadığı cəmiyyət və gənclər üçün nümunəvi davranış sərgiləyərək, gənc ailələri, körpə övladları olmasına baxmayaraq, Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda könüllü surətdə döyüş zonasına getmiş, mülki əhaliyə və hərbçilərimizə maddi-mənəvi və psixoloji dəstək verməklə, vətəndaşlıq borcunu yerinə yetirmişlər… Sizin Vətən torpağının müqəddəsliyi, bu Vətən uğrunda hər bir kəsin canından keçməyə hazır olması barədə tərbiyəvi söhbətlərinizin nəticəsidir ki, oğlunuz Fərman şəhidlik kimi yüksək bir zirvəyə ucalmışdır”.
Tərtərdəki Heydər Əliyev prospektində yaşayan, “N” saylı hərbi hissənin zabiti, kapitan Mübariz Rəhimovun Gəncə şəhəri, Kəpəz Rayon İcra Hakimiyyətinə göndərdiyi məktubda isə göstərilir ki, əvvəllər tanımadığı Fərmanla Sadiq Gəncədən çıxarkən qarşılarına qoyduqları vəzifəni yerinə yetirdikdən sonra, atəş açılan ərazidən geri qayıdarkən, məhz onu getməli olduğu məntəqəyə aparmaq üçün özlərinin idarə etdiyi avtomobilə çağırmış, birlikdə həmin ünvana getmiş və birlikdə atəşə tutulmuşdular: “Yolda, söhbət əsnasında məlum oldu ki, onlar səhər saat 10-dan etibarən ( biz saat 19-da görüşmüşdük) Tərtər istiqamətindəki döyüşlərdə iştirak edən əsgərlərə müxtəlif növ ərzaq, su və siqaret aparıblar. Eləcə də texniki nasazlıq üzündən düşmən atəşi altında qalan bir avtomobilin dərhal işə salınmasında sürücüyə kömək edərək insan itkisinin qarşısının alınmasında iştirak ediblər… Düşmən atəşinə məruz qaldıqdan təxminən 4-5 dəqiqə sonra – avtomobili Sadiq idarə edirdi – biz Tərtər xəstəxanasına çatdıq… Cərrahi əməliyyatdan bir saat sonra mənə məlum oldu ki, Fərman xəstəxanaya çatanadək məruz qaldığı qanaxmadan dünyasını dəyişib”.
Samux rayonu, Sərkar kəndi ağsaqqallarının adından yazılan müraciətdə isə (Fərman Gəncədə yaşasa da, bu kənddə doğulub böyümüşdü) vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmış Fərman Əsədlinin hünərini işıqlandıran kütləvi informasiya vasitələrinə minnətdarlıq ifadə olunur. Biz isə adıçəkilən informasiya vasitələrindəki həmkarlarımızın hamısının adından bildirdik ki, Vətən uğrunda şəhid olmuş hər kəs hamımızın fəxri, qürur mənbəyimizdir. Allah rəhmət eləsin!
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2017.- 17
yanvar.- S.6.