“Biz gərək heç vaxt

əyilməyək, heç vaxt sınmayaq”

 

Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi haqqında danışarkən belə demişdi

 

XX əsrdə  xalqımızın üzləşdiyi çoxsaylı  fəlakətlərdən birinin -- 1990-cı il 20 Yanvar hadisəsinin növbəti ildönümü  ölkəmizin hər yerində milli - azadlıq uğrunda mübarizələrdə verdiyimiz ilk şəhidlərimizin xatirəsinə göstərilən ümumxalq ehtiramı ilə yad edilir. Azərbaycan xalqının  qan yaddaşından heç zaman silinməyəcək bu tarixi hadisənin  nə qədər qanlı, zorakı və qeyri-insani olduğu barədə artıq 27 ildir ki, yazırıq.

Hadisənin ertəsi günündən başlayaraq bu günə qədər  Azərbaycan xalqının taleyinə və milli dövlətçiliyimizə sədaqətli olan hər kəs bu ümumxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir, faciənin mahiyyəti, səbəbləri, günahkarları və zərərdidələri ilə bağlı çoxsaylı faktların tirajlanmasına çalışır. Yəni adıçəkilən soyqırımı aktı ilə bağlı bütün məqamlar hamıya məlumdur.  Ona görə də biz bu qısa yazıda ancaq 20 Yanvarın ibrətlərindən söz açmaq istəyirik.

Həmin faciənin ibrətləri yüzlərlədir, – desək, bəlkə də yanılmarıq. İlk və ən böyük ibrətimiz ondan ibarət oldu ki, Azərbaycan xalqı ən ağır məqamda tək olmadığını, onu ağ günə çıxaracaq mübarizənin önündə gedəcək liderinin olduğunu dəqiq bildi. Xalqı meydanlara çağırıb özü gizlənənlərdən fərqli olaraq  (həmin adamlarla ulu öndərimizə aid olan bu ədalətsiz müqayisəyə görə oxuculardan üzr istəyirəm) ümummilli liderimiz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı  daimi  nümayəndəliyində Mixail Qorbaçov başda olmaqla Kreml rəhbərliyini ciddi şəkildə tənqid etmiş,  xalqımızın  azadlıq mübarizəsinə dəstək vermişdi. Faciənin törədilməsindən dərhal sonra xalqımız öz yanında məhz ümummilli liderimizi görmüş, əyilmiş qamətini düzəltmiş, ölkədə milli-azadlıq hərəkatı daha geniş vüsət almışdı. Məhz elə həmin qətiyyətin və mərdanəliyin nəticəsi idi ki, ölkə ictimaiyyəti bir  müddətdən sonra dövlətin və xalqın gələcək taleyini məhz Heydər Əliyev müdrikliyinə etibar etmişdi.

Akademik Ramiz Mehdiyevin 2000-ci ildə ölkə və dünya oxucularına təqdim edilmiş “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” adlı kitabında oxuyuruq ki, 20 Yanvar faciəsi tarixi yaddaşımıza kədərli hadisə kimi, hüznlü gün kimi, lakin bununla bərabər həm də Azərbaycan xalqının tarixinə fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı yüz illiyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. Xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı. Yanvar faciəsi Azərbaycanın dövlət müstəqilliyi qazanması yolunda dönüş məqamı oldu. Xalq bu mərhələdən keçərək başa düşdü ki, əvvəlki həyata, yarımmüstəmləkə halında yaşamağa həmişəlik son qoyulmuşdur. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı.

Görkəmli ziyalılarımızın fikrincə, 20 Yanvar faciəsinin müxtəlif cəhətlərinin dərindən dərk edilməsi və araşdırılmasının dövlətyaratma proseslərinin inkişafı üçün çox böyük əhəmiyyəti vardır. Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının ağır və əzablı yolunu uğurla keçmək üçün Yanvar faciəsini bütün təfərrüatı ilə bilmək və yadda saxlamaq lazımdır. Belə bir həqiqəti hamımız dərk etməliyik ki, dövlətin siyasəti xalqın mənafelərinə cavab verməli və onun dəstəyinə arxalanmalıdır. Yalnız bu halda biz yeni qurbanların qarşısını ala bilərik. O faciəli günlərin tarixi təcrübəsi sübut edir ki, düşmənlərin müstəqilliyimizə qarşı yönəlmiş fitnə və hücumlarının qabağını almaq üçün, hüquqi, demokratik dövlət qurmaq üçün ölkədə sabitliyi təmin etmək, xalqı sıx birləşdirmək, vətəndaşları ümummilli ideya ilə birləşdirmək gərəkdir. Bu missiyanı Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev zərgər dəqiqliyi ilə həyata keçirmiş, dövlət müstəqilliyimizi ikinci dəfə də məhv etmək istəyənlərin arzusunu gözündə qoymuşdu.

20 Yanvar faciəsinin daha bir mühüm ibrət dərsi bundan ibarətdir ki, biz dünya ictimaiyyətinin Azərbaycan haqqında son dərəcə az məlumatı olduğunu yəqin etdik. Bu həqiqəti lazımınca qiymətləndirən Heydər Əliyev  kütləvi informasiya vasitələrinin, dövlət orqanlarının və ictimai qurumların geniş imkanlarından istifadə edərək, Azərbaycan haqqında məlumatı bütün dünyaya operativ surətdə, başlıcası isə – peşəkarlıqla yaymaq, Azərbaycan barədə həqiqəti danışmaq, ölkəmizdə gedən proseslərə dair obyektiv və qərəzsiz ictimai rəy yaratmaq  vəzifəsini qarşıya qoydu və buna nail oldu. Bu, ona görə lazım idi  ki, “Qara yanvar” bir daha heç zaman təkrar edilməsin. Böyük qətiyyətlə xatırladım ki, 2003-cü ilin payızından sonra Prezident İlham Əliyev həmin siyasəti bədxahlarımızı mat qoyacaq şəkildə davam etdirmiş və ölkəmizin informasiya mühasirəsindən tamamilə çıxmasını təmin etmişdir.

Belə  ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini ­mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən Əmək pensiyaları haqqında Qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir. Bundan başqa, Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Biz fəxr edirik ki, Azərbaycan xalqının hər bir fərdi tariximizdəki qara günlərin hamısını böyük ehtiramla yad edir. Həmin  qara günlərin sırasında 20 Yanvar faciəsinin yeri daha qabarıq görünür. Çünki həmin faciə xalqımızın bir əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə etməsinin qarşısını almaq üçün törədilmişdi. Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və xalqımızın azadlıq istəyi bədxahlarımızın planlarını pozdu və dünya xəritəsində güclü, qüdrətli Azərbaycan dövləti formalaşdırıldı. Məmnunuq ki, 20 Yanvar şəhidlərinin azadlıq mübarizəsi   və faciənin səbəbləri bu gün dünyanın hər yerində təbliğ olunur. Bu istiqamətli layihələrin reallaşdırılmasında ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın  xüsusi xidmətləri vardır. Bundan başqa,  demək olar ki, bütün yaradıcı təşkilatlarımız və yaradıcı insanlarımız bu mövzuya özünəməxsus töhfələr vermişlər. Elə Azərbaycan əsgərləri də ötən ilin  aprelində  20 Yanvar şəhidlərinin xatirəsinə özünəməxsus qələbə müjdəsi bəxş etdilər. Əminik ki, həmin müjdənin davamı gələcək.

 

Aybəniz KƏLƏŞOVA,

Zaqatala rayon qeydiyyat şöbəsinin rəisi,

ədliyyə müşaviri

 

Xalq qəzeti.- 2017.- 18 yanvar.- S.5.