“Multikulturalizm modeli”nin müəllifi

olan Azərbaycan indi də dünyaya

“Həmrəylik modeli”ni təqdim edir

 

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.

 

Dövlət başçısı iclasda giriş və yekun nitqi ilə çıxış edərək, ötən il ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında reallaşdırılmış məqsədyönlü tədbirlərin nəticələrini dəyərləndirdi, dövlətimizin perspektiv inkişaf istiqamətlərini göstərdi, hökumət nümayəndələrinə tapşırıq və tövsiyələrini verdi.

Bəşər tarixində daha çox siyasi gərginlik, iqtisadi böhran və sosial təlatümlər ili kimi yadda qalan 2016-cı ildə Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən, iqtisadi sahədə qazanılmış uğurlardan, ölkə əhalisinin sosial və mədəni həyatında əldə edilmiş nailiyyətlərdən söz açan ölkə rəhbəri proqram xarakterli nitqində yeni təqvim ilində dövlətimizin möhkəmləndirilməsi, onun beynəlxalq nüfuzunun artırılması, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, xalqımızın sosial rifahının yüksəldilməsi, milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı hədəfləri tam dəqiqliyi və aydınlığı ilə göstərdi.

Cənab Prezident bəyan etdi ki, biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Ölkə başçısı bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından danışarkən çox dəqiq məqamlara toxunaraq dedi: “Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”.

Azərbaycan Prezidenti onu da vurğuladı ki, oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. “Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

2017-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi ölkə başçısının ulu öndərimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsindən, xalqımızın milli-mənəvi və dini dəyərlərindən, multikultural yaşam tərzindən köklənən şəxsi mövqeyinin parlaq nümayişi, Azərbaycanın dövlət siyasətində məntiqi davamlılığın danılmaz göstəricisi, xalqımızın tolerantlığı, insanpərvərliyi və sülhsevərliyinin bariz nümunəsidir.

Tarixdə ilk dəfə olaraq, İslam dünyasına təkcə din ətrafında birliyə deyil, ilk növbədə ümumbəşəri dəyərlərin qorunması, sülh və əmin-amanlığın, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi, insanların sosial rifahının yüksəlməsi naminə həmrəyliyə çağırış səsləndi.

2016-cı ildə Azərbaycan bütün dünyaya multikulturalizm modelini nümayiş etdirdi. Dünya xalqlarına bir ölkə ərazisində yaşayan, amma dini mənsubiyyəti, dili və mədəniyyəti ilə fərqlənən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, qarşılıqlı hörmət və etimad hisslərinin necə bərqərar olduğunu göstərdi, çoxmədəniyyətli cəmiyyətdə bigəyaşayış qaydaları və ənənələrini tanıtdı.

Heç şübhəsiz, Azərbaycan qədəm qoyduğumuz 2017-ci ildə də dünyaya yeni bir model - “Həmrəylik modeli” təqdim etmək iqtidarındadır. Bu addımı atmağa həm dövlətimizin gücü var, həm də xalqımızın milli-mənəvi dəyərlərimizdən qaynaqlanan, dostluq və qardaşlıq hisslərinə söykənən zəngin həyat təcrübəsi.

İclasda çıxış edən natiqlər cənab Prezidentə ötən il ərzində həyata keçirilən fəaliyyət barədə hesabat verdilər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev öz hesabat məruzəsində Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə “Multikulturalizm ili”ndə dövlətin multikulturalizm siyasətinin reallaşması istiqamətində həyata keçirilmiş tədbirlərin nəticələri barədə məlumat verib və müvafiq qurumların, o cümlədən Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə icra olunmuş layihələrin cəmiyyətin inkişafına, ictimai düşüncənin milli dəyərlər əsasında formalaşmasına və möhkəmlənməsinə, xalqımızın tolerant düşüncəsinin nümunə kimi təqdim olunmasına töhfə verdiyini, dövlətimizin multikulturalizm modelinin mükəmməl formada təkmilləşməsinə təkan olduğunu bildirdi.

Dövlət müşaviri “Multikulturalizm ili”nin təqvim ili kimi başa çatdığına baxmayaraq, xalqın canında, ruhunda yaşayan zəngin potensialın ifadəsinin tükənməz enerji ilə çağlayacağını və daim artan xətt üzrə davam edəcəyini vurğuladı.

Yanvarın 13-də mətbuat konfransı keçirən Dövlət müşaviri Kamal Abdullayev “Multikulturalizm ili”nin davamı kimi, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasını çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideya kimi qiymətləndirərək, cənab Prezidentin bu sərəncamının, həm Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları, həm də İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyi ilə bağlı olduğunu qeyd edib.

Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında ölkə başçısının proqram xarakterli nitqindən və Dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü Kamal Abdullayevin məruzəsindən irəli gələn vəzifələr barədə Bilik Fondunun İdarə Heyətində geniş fikir mübadiləsi aparılıb, fondun 2017-ci il üçün fəaliyyət planının ölkə rəhbərliyinin tövsiyə və tapşırıqları əsasında tərtib edilməsinin, yeni ildə həyata keçiriləcək maarifləndirici layihələrin cari ilin “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planı nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Prezident İlham Əliyevin ölkə qarşısında duran hədəfləri dəqiq göstərməsi, Bilik Fonduna Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin və digər görkəmli ziyalılarımızın himayəçilik etməsi, eləcə də milli-mənəvi və dini dəyərlərimizin təbliği ilə bağlı fond tərəfindən həyata keçirilən “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Məscid kitabxanası”, “Dini maarifləndirmə”, “Vətənin pərvəri ol!” layihələrinin icrasında əldə edilmiş təcrübə 2017-ci “İslam həmrəyliyi ili”ndə ölkə əhalisinin maarifləndirilməsi ilə bağlı fəaliyyətimizi daha geniş,  əhatəli şəkildə qurmağa imkan yaradır, Bilik Fondunun kollektivini qarşıda qoyulmuş vəzifələrə yüksək məsuliyyət hissi və peşəkarlıqla yanaşmağa, yeni təşəbbüslərə imza atmağa sövq edir.

Bu gün yaşadığımız bölgədə sabitlik pozulsa da, ölkəmizin öz inamlı inkişafını davam etdirməsi, xalqın sülh, əmin-amanlıq şəraitində yaşaması böyük nemətdir və Bilik Fondu təbliğat-təşviqat işlərində hər bir vətəndaşı sabitliyimizi qoruyub saxlamağa səsləyir, alimlərin elmi, məntiqli mühazirələrinin təşkili vasitəsilə insanlara Vətən sevgisinin ali hiss, sülhün ali məqsəd, həmrəyliyin ali amil olduğunu aşılayır.

Ölkə rəhbərinin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi konseptual xarakterli tövsiyə və tapşırıqların hər il olduğu kimi, bu il də böyük əzmlə yerinə yetirilməsi xalqa və dövlətə xidmət edən hər bir azərbaycanlının həm vəzifə, həm də vətəndaşlıq borcudur.

 

Oktay Səmədov,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun icraçı direktoru

 

Xalq qəzeti.- 2017.- 18 yanvar.- S.6.