Gəncə: Payız sessiyası, tələbə

həyəcanı, valideyn nəzarəti...

 

Ölkənin ali və orta ixtisas məktəblərində payız semestrinin imtahanları davam edir. Tələbələrin yuxusuz gecələri, müəllimlərin zəhməti və məsuliyyəti, valideynlərin intizarı bu yanvar günlərində özünü daha çox büruzə verir. Az ailə tapılar ki, orada imtahanlardan söhbət getməsin, tələbənin bu ən çətin günləri ilə maraqlanılmasın, sorğu-sual aparılmasın. Bəri başdan bir fikri qətiyyətlə deyirik ki, ilboyu yaxşı oxuyan, imtahanlara ciddi hazırlaşan tələbə üçün narahatlığa heç bir əsas yoxdur. Tələbə layiq olduğu qiyməti alacaq. Bəs imtahana qədər lazım olan balı toplaya bilməyən, qeyri-fəal, imtahanlara hazırlaşmayan tələbənin taleyi necə olacaq? Bax, elə təhsil ocaqları haqqında xoşagəlməz söhbətlər, hər cür neqativ hallar da məhz buradan qaynaqlanır.

 

Tələbə imtahana hazır deyilsə, nəyin bahasına olursa-olsun qiymət almaq üçün yollar axtarmağa başlayır və bəzən etiraf etməliyik ki, buna nail olur. Doğrudur, son vaxtlar ali məktəblərdə, necə deyərlər, sular xeyli durulub. İmtahanların daha şəffaf keçirilməsi üçün bütün texniki imkanlardan maksimum istifadə edən, tələbə-müəllim münasibətlərində sağlam mühitə nail olan universitetlər, texnikumlar, kolleclər az deyil.

Bəs Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə bu sahədə vəziyyət necədir? Axı qədim Nizami yurdu da tarixən elmin, mədəniyyətin beşiyi hesab olunub. Təsadüfi deyil ki, burada bir  neçə ali və orta ixtisas məktəbi  fəaliyyət göstərir. Hərəsinin də öz tarixi, ənənəsi...

Son 5-6 ildə Gəncənin tanınmaz dərəcədə dəyişməsi şəhərdəki bu təhsil ocaqlarının da üzərinə bir növ öhdəliklər qoyub, onların məsuliyyətini xeyli artırıb. Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi də bir daha göstərdi ki, bu şəhərdə gənclərlə, o cümlədən tələbələrlə aparılan iş təcrübəsi təqdirəlayiqdir və ötən ilin dekabrında uğurla başa çatan layihə buna əyani sübutdur. Gənclərin əksəriyyət təşkil etdiyi bu təhsil ocaqlarına, onların ab-havasının yaxşılaşdırılmasına şəhər icra hakimiyyətinin böyük təsiri var və bunu ali məktəb rəhbərlərinin özləri də etiraf edirlər. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tələbə-gənclərlə tez-tez görüşür, hər cür neqativ halların aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməyi bir vəzifə kimi qarşıya qoyur.

 

Söz-söhbətə,

dedi-qoduya son

 

Gəncə Dövlət Universitetinin gələn il 80 yaşı tamam olur. Lakin ölkəni pedaqoji kadrlarla təmin edən bu qocaman  ali məktəbin fəaliyyəti heç də həmişə birmənalı qarşılanmayıb. Müxtəlif illərdə dedi-qodular, çəkişmələr, müəllim-tələbə münasibətlərində neqativ hallar universitetin nüfuzuna müəyyən qədər xələl gətirsə də, hazırda ali məktəb özünün bir növ inkişaf dövrünü yaşayır. Maddi-texniki bazanın möhkəmləndirilməsi, ixtisaslı kadr hazırlığına çox müsbət təsir göstərib. Universitetin beynəlxalq əlaqələri möhkəmləndirilib və hazırda dünyanın onlarca ölkəsinin universitetləri ilə əlaqə yaradılıb, tələbə mübadiləsi edilir, müxtəlif beynəlxalq simpoziumların, konfransların keçirilməsi adi hal alıb. Əvvəllər tələbə kontingenti əsasən ölkənin qərb bölgəsini əhatə edirdisə, indi Azərbaycanın hər bir guşəsindən burada təhsil alan tələbələr var. Xarici ölkələrdən olan tələbələrin də sayı ilbəil artır. Universitet müəllimlərinin sorağı ən yüksək tribunalardan gəlir, müxtəlif nüfuzlu jurnallarda dərc olunan məqalələrin sayı da durmadan artır. Tələbələr üçün yaradılan şərait, neqativ hallarla ciddi mübarizə, imtahanlar zamanı aşkarlığın qorunması, nizam-intizamın gücləndirilməsi tədricən hər cür söz- söhbətin qarşısını alıb. Bir faktı xüsusi vurğulamaq istərdik ki, universitetin rektoru, professor Yusif Yusifovun prinsipiallığı, istər müəllimlər, istərsə də tələbələr üçün lazımi şəraitin yaradılmasına nail olması, imtahanlar zamanı sınanılmış, müasir üsulların, o cümlədən kompüterlərlə imtahan götürülməsinin tətbiq edilməsi və sair vasitələr ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Bu sətirləri oxuyan elə başa düşə bilər ki, universitetdə semestr imtahanları tamamilə qüsursuz keçirilir və heç bir xoşagəlməz hal baş vermir. Əslində,  belə düşünmək sadəlövhlük olardı. Çünki uzun illər davam edən qeyri sağlam mühiti bir–iki ilin içində sağlamlaşdırmaq o qədər də asan məsələ deyil. Amma bəzi üzdəniraq saytlar və qəzetlər reketçilik ənənələrini davam etdirərək bu ali məktəb, onun rəhbərliyi haqqında nə gəldi yazıblar və indi də yazmaqda davam edirlər. Məqsəd nəyin bahasına olursa olsun çirkin niyyətlərini həyata keçirmək, kollektivin adına ləkə yaxmaqdan ibarətdir.

Bu məqaləni hazırlayarkən müxtəlif saytlara nəzər saldım və maraq üçün yağışdan sonra göbələk kimi artan və bir saytın digərinə ötürdüyü həmin “yazıları” saydım. Təkcə 2015 və 2016-cı illərdə universitet və onun rektoru Yusif Yusifov haqqında belə cızmaqaraların sayı 143 ədəd idi. Başqa sözlə, iki il ərzində universitet haqqında ən azı orta hesabla həftədə bir böhtan, şər xarakterli yazı dərc olunub.

Amma nə yaxşı ki, universitetdə onlara bir o qədər də baş qoşmayıblar və kollektiv tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirib və bu gün tədricən onun bəhrələrini görür. Builki payız sessiyasında imtahanların gedişini izləyərkən bir daha əmin olduq ki, kollektiv hər cür söz-söhbətin yersiz olduğunu nəyin bahasına olursa-olsun sübut etməyə çalışır və açığı buna da nail olur.

İmtahanla əlaqədar nəzərdə tutulmuş otaqlar texniki avadanlıqla təchiz edilmiş, bütün kursların semestr imtahanlarının cədvəlləri sessiyaya 15 gün qalmış tədris-elektron mərkəzi tərəfindən hazırlanmış və təsdiq edilərək fakültələrə çatdırılmışdır. İmtahan sessiyası başlananadək tələbələrin topladıqları ballar universitetin serverində elektron formada yerləşdirilmişdir. Test suallarının hazırlanması və imtahan bazasına yüklənməsi məqsədilə lazımi işçi qrupu, avadanlıq və digər vasitələrlə təmin edilmiş “bunker” yaradılmışdır. Bundan başqa, imtahandan bir gün əvvəl, axşam saat 6-dan sonra fənn üzrə ixtisas müəllimi dəvət olunur və onun tərtib etdiyi əlyazma formasında testlər hazırlanır. Testlər yalnız işçi qrupu tərəfindən imtahan bazasına yükləndikdən sonra həmin yazılı vərəqələr ləğv olunur.

Universitetdə test və qabiliyyət imtahanlarına nəzarət etmək və müvafiq tədbirlər görülməsi məqsədi ilə apellyasiya komissiyası yaradılmışdır. Tələbə yazılı, test və ya qabiliyyət imtahanının suallarından və nəticələrindən razı qalmadıqda həmin gün komissiya sədrinə ərizə ilə müraciət edir. Müraciət əsaslı olduqda apellyasiya komissiyasının sədri tərəfindən uyğun fakültə dekanı, kafedra müdiri və fənn müəllimi də daxil olmaqla komissiya nəticələri yenidən araşdırır. Komissiyanın rəyi müsbət olduqda, imtahanın nəticəsində dəyişiklik edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə universitet üzrə “İmtahan qərargahı”  təşkil edilmiş və lazımi avadanlıqla təchiz olunmuşdur. Universitetdə imtahanlar kompüterlə test üsulu ilə aparılır. İmtahanların götürülməsi üçün 3 gözləmə və 8 imtahan otağı ayrılmışdır. Hər bir otağa 25 tələbənin imtahan verə bilməsi üçün 25 ədəd noutbuk qoyulmuş və onlar  daxili şəbəkəyə, imtahan bazası üçün nəzərdə tutulmuş serverə qoşulmuşdur.

Magistratura səviyyəsində isə semestr imtahanları yazılı formada keçirilir və imtahan nəticələri çoxballı sistem əsasında hesablanır. Burada da  tələbələrin imtahana hazırlaşması üçün sosial-məişət, ictimai-iaşə və qiraət xidmətini yaxşılaşdırmaq diqqət mərkəzində saxlanılmış və bu məsələnin yüksək səviyyədə həyata keçirilməsi  inzibati-təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənova, tələbə həmkarlar təşkilatına  tapşırılmışdır.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində imtahan günlərində  Açıq qapı”ların keçirilməsi artıq ənənə halını almışdır. Bu il də belə olmuşdur. Valideynlərin böyük bir qrupu imtahanlarda iştirak etmək, şəraitlə tanış olmaq üçün universitetə gəlmiş, elm və innovasiyalar üzrə prorektor, dosent  Pərvin Kərimzadənin, humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın, rektorun baş müşaviri, dosent Asif Cavadovun, riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynovun, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Şahin Xurşudovun iştirakı ilə ayrı-ayrı imtahan otaqlarında olmuş, imtahanların gedişini maraqla izləmişlər. Gəncədən və ətraf rayonlardan gəlmiş valideynlərdən Asəf Cəlalov, Mehdi Alayev, Vidadi Mehdiyev, Samirə Həsənova, Sevinc Əliyeva, Ətrabə Məmmədova, Sədaqət Abbasova, Xeyrənsə Əsgərova, Mahirə Ələsgərova və Ziyafət Cəfərova müşahidə etdiklərindən olduqca razı qaldıqlarını bildirmiş, belə bir şəraiti yaratdıqlarına, universitetdə təhsil alan övladlarının biliklərinin obyektiv, şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıya görə ali məktəbin rəhbərliyinə  öz minnətdarlıqlarını bildirmişlər.

 

Tibb Kolleci yeni libasda

 

Gəncə Tibb Kollecinin də az yaşı yoxdur. Belə bir faktı göstərmək kifayətdir ki, Azərbaycanda tibb kollecləri arasında ən qocaman təhsil müəssisəsi məhz Gəncə Tibb Kollecidir. Bu təhsil ocağında da işlər heç də rəvan getməyib. Nizam-intizamın aşağı səviyyədə olması, maddi-texniki bazanın inkişaf etdirilməməsi, nöqsanlara qarşı lazımınca mübarizə aparılmaması kollecdə vəziyyətin günün tələbləri səviyyəsində qurulmadığını göstərirdi. Belə bir vəziyyətdə kollecin rəhbərliyində dəyişiklik edildi və təcrübəli səhiyyə işçisi, respublikanın Əməkdar həkimi Mehman Rzayev bura direktor təyin olundu. İllərdən bəri yığılıb qalan nöqsanlar da qısa vaxt ərzində aradan qaldırılmağa başlandı. Baxımsız sinif otaqları, fənn kabinetləri, laboratoriyalar təmir olundu, yeni avadanlıq gətirildi, kompüterlər alındı. Nizam-intizam gücləndirildi, kollektivin hər bir üzvünə tələbkarlıq artırıldı.

İndi burada tamam başqa bir əhval-ruhiyyə hökm sürür. Hiss olunur ki, əsl orta ixtisaslı tibb kadrları hazırlanır. Onlara elə bir şərait yaradılıb ki, yaxşı oxumamaq sadəcə mümkün deyil. Elə payız semestrinin gedişini izləmək kifayətdir ki, dediklərimizi təsdiq edək.

Kollecdə 593 tələbə təhsil alır, 82 nəfər həkim–müəllim çalışır. Ötən tədris illəri ilə müqayisədə bu il tədrisin gedişində ciddi nizam-intizam yaradılmış və qış imtahan sessiyasına hazırlıq işləri təlimata uyğun olaraq vaxtında aparılmışdır. Belə ki, ayrı-ayrı imtahan sualları bir ay qabaq tələbələrə çatdırılmış, imtahan biletləri fənn birləşmə komissiyaları tərəfindən müzakirə edilmiş və tədris hissəsi tərəfindən təsdiqləndikdən sonra hazır vəziyyətə gətirilmişdir. İmtahanların və məsləhət saatlarının cədvəlləri bir ay qabaq tədris hissəsi tərəfindən hazırlanmış və şöbələrə təhvil verilmişdir.

İmtahan otaqları vaxtında hazır edilmişdir. Əvvəlki illərlə müqayisədə bu il imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə fənn müəllimi ilə yanaşı, qeyri-profil ixtisasçılardan ibarət nəzarətçilər, eyni zamanda, tələbələrin yazı işlərini kodlaşdırmaq üçün xüsusi şəxs təyin edilmişdir. İmtahan sessiyası dövründə tələbə və valideynlərin şikayətlərini qəbul etmək üçün münaqişə komissiyası yaradılmışdır.

Hazırda imtahanların gedişi göstərir ki, bir dənə də olsun neqativ hala rast gəlinməyib. Bu günədək münaqişə komissiyasına müraciət edən də olmayıb.

“Tibb bacısı işi” ixtisası üzrə birinci kurs tələbəsi Pərvinə  Məmmədzadə:

– İmtahanlar çox şəffaf şəkildə, nəzarətçilərin iştirakı ilə aparılır. Tələbələrimizin, demək olar ki,  ­hamısı hazırlaşıb  qiymət alır.

Birinci kurs tələbəsi Nərgiz Bağırlı: – Mən hələlik üç imtahan vermişəm, hər üç fəndən yüksək bal toplamışam. İmtanahlarda nəzarətçilər iştirak edirlər . Köçürmək, kimdənsə kömək gözləmək sadəcə mümkün deyil. Belə yaxşıdır. Qoy bilən qiymət alsın.

Valideyn Dəmir Məmmədov:

– Qızımın imtahanlardan yüksək bal toplaması məni çox sevindirir. Mən kollecin imtahan komissiyasına öz minnətdarlığımı bildirirəm. Burada yalnız biliyə qiymət verirlər.

Gəncə Tibb Kollecində gördük­lərimiz və eşitdiklərimiz ondan xəbər verir ki, yaradılmış sağlam mühit kollektivin adına yalnız başucalığı gətirəcək.

 

Aqrar Universitet

nümunə göstərir

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovu haqlı olaraq tələbələrin dostu adlandırırlar. Semestr imtahanlarında hər cür neqativ halların qarşısını almaq, tələbələrə lazımi şərait yaratmaq, onların qayğısına qalmaq, maddi və mənəvi cəhətdən həvəsləndirmək, maddi-texniki bazanı kökündən yaxşılaşdırmaq məhz onun fəaliyyəti dövrünə təsadüf edir. Ölkə rəhbərinin dəstəyi və qayğısı ilə tikilib istifadəyə verilmiş nəhəng yataqxana kompleksi tələbə həyatının necə təşkil olunmasını göstərən konkret faktdır. Bu da bir faktdır ki, Gəncədə ilk dəfə semestr imtahanlarının kompüter vasitəsilə götürülməsi və 100 ballıq sistemin tətbiq olunması məhz Aqrar Universitetdə həyata keçirilib. Bəs bu il vəziyyət necədir?

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov:

– İmtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilmişdir. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilmiş, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılmış, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilmişdir. İmtahan korpusunda tibb məntəqəsi təşkil edilmiş və iki tibb işçisi təhkim olunmuşdur. Rektorun əmrinə müvafiq olaraq tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılmış, xüsusi otaq ayrılmış, telefonla təchiz edilmişdir. “Qaynar xətt” vasitəsilə universitetin internet ünvanından birbaşa onlayn formada müraciət etmək imkanı yaradılmışdır. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilmiş və universitetin elektron səhifəsində yerləşdirilmişdir.

Sessiyanın başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akademik məsləhətçilər, aidiyyəti struktur bölmələrin rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilmiş, sessiyanın mütəşəkkil təşkili və keçirilməsi ilə bağlı konkret tapşırıqlar müəyyənləşdirilmişdir.

İmtahan qrafikləri, imtahan və kurs işlərinin (layihələrinin) cədvəlləri vaxtında tərtib olunmuş, təsdiq edilmiş və tələbələrin nəzərinə çatdırılmışdır.

“Azərbaycan tarixi” fənni üzrə şifahi imtahanların qəbulu məqsədilə xüsusi komissiya yaradılıb. Bütövlükdə universitetdə tələbələrin 83 faizi kompüterlərlə, 13 faizi yazılı, 4 faizi isə şifahi formada imtahan verir.

Mövcud imtahan sisteminin sınaqdan keçirilməsi məqsədilə dekabrın 22-də I kurslar üçün internet səhifəsində əvvəlcədən verilmiş elana əsasən sınaq imtahanları keçirilmişdir.

Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilmiş, kafedra iclaslarında baxılmış, tələbələrə çatdırılmış, test sualları elektron imtahan bazasına yerləşdirilmiş, tələbələrin semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənmişdir.

İmtahanlar mühəndislik fakültəsinin tədris korpusunda 2 auditoriyada quraşdırılmış 152 kompüter vasitəsilə test formasında qəbul edilir. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınmış, hər gün 1000-dək tələbə növbə  ilə imtahan verərək, sonda nəticəni də dərhal kompüterdə qəbul etmişdir.  

Bütün tədris korpuslarında quraşdırılmış videokameralar mühafizə və nəzarət üçün universitetin fəaliyyətinə müsbət təsir edən amillərdəndir.

Sessiya imtahanlarının şəffaf və obyektiv keçirilməsi ilə bağlı çoxsaylı tələbələrdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən universitetin elektron poçtuna, rektorluğa çox sayda şifahi və yazılı minnətdarlıq daxil olmuşdur.

Payız sessiyasının imtahanları tezliklə başa çatacaq. Yadda qalan isə bu imtahanların təşkili, tələbələrin həyəcanı, müəllimlərin məsuliyyəti olacaq.

 

Hamlet Qasımov

 

Xalq qəzeti.- 2017.- 20 yanvar.- S.10.