Mənim şəhid dərdli Azərbaycanım!
Düz 27 ildir, hər
cümə axşamı günü səhər
ertə Şəhidlər xiyabanını ziyarət edənlər
onu qəbir üstündə
görürlər. Tezdən evdən
çıxır, oğlunun
görüşünə gəlir, salavat
çevirir, dua oxuyur, Vətən uğrunda
şəhid olanların hamısına rəhmət diləyir,
onların cavan canına qəsd edənləri,
xalqımızın başına bu
müsibətləri açanları Allaha
tapşırır…
...Düz 27 ildir, hər cümə axşamı səhər ertə evdən çıxan Minarə bacıma rast gələn qonşular ondan soruşmurlar:
– Hara belə?
Onu tanıyanlar bu sualın cavabını bilirlər:
– Şəhidlər xiyabanına.
Beləcə, sakit, təmtəraqsız gedib balasını ziyarət edir…
Oqtay ikinci oğlu idi. Boyu bərabəri böyüdüb ərsəyə çatdırmışdı. Hərdən əri Ayvazla baş-başa verib xısın-xısın söhbət edəndə artıq toydan söz açardılar.
Hər dəfə də Ayvaz deyərdi:
– Arvad, qoy görək, bəlkə yurdumuza-yuvamıza qayıtdıq, onda toyun da edərik, gəlin də gətirrik.
...Qədim Göyçə mahalının Ardanış kəndində yaşayırdılar, üç oğul, bir qız böyüdürdülər. Ayvaz çalışqan, işgüzar, Minarə yığımcıl, əli bərəkətli. Ailənin nəyi yox idi?! Evi-eşiyi, bağı-bağatı, yaxşı təsərrüfatı. Xoşbəxt həyat sürürdülər.
Oqtay artıq əsgərliyini də çəkib qayıtmışdı. Bakıda işə də düzəlmişdi. Yaxşı tikinti ustası idi. Çalışdığı kollektivdə böyük hörməti vardı. Qardaşı Məhəmməd Xabarovsk şəhərində hüquq fakültəsində oxuyurdu. Anası-atası tez-tez Oqtaya ismarıc göndərirdilər.
– Qayıt kəndimizə, obamıza, deyirdilər.
Oqtay isə “ qoy qardaşım Yaşar, bacım Leyla da məktəbi bitirib Bakıya gəlsinlər, instituta girib ali təhsil alsınlar” deyirdi.
Oqtay deyən
oldu. Amma kaş olmayaydı. Yəni bu cür olmayaydı...
...Qarabağ ideoloqlarının
və onları
qısqırdan yadelli qüvvələrin fitvası ilə
harınlamış azğın ermənilər çoxəsrlik
qonşuluq haqqını neçənci dəfə tapdayaraq
Azərbaycan türklərini ata-baba yurdlarından qovanda
Ayvazın da ailəsi Bakıya pənah gətirdi.
Köçün dəhşətləri, yolun əzab-əziyyəti,
itirdikləri doğma yurd-yuvanın ağrı-acısı təzə-təzə
canlarından çıxırdı.
1990-cı
il 20 Yanvar
gecəsi, o məşum günün o məşum gecəsi təpədən-dırnağadək
silahlanmış imperiya ordusunun, tərkibində çoxlu erməni
olan hərbi birləşmələr Bakıya hücum edəndə,
Oqtay da evdə qərar tuta bilmədi. Haray səsini xalqın
səsinə qatdı. Vaxtilə sıralarında qulluq etdiyi
ordu Bakının, respublikamızın bir sıra
rayonlarının yüzlərlə dinc sakini kimi, onu da al
qanına qəltan etdi. Cavan ömrünə qıydı, həyatına
son qoydu.
Taleyin ironiyasına baxın, Oqtay 3 il hərbi donanmada
xidmət etmişdi. Dənizçi qiyafəsində çəkdirdiyi
şəklin altında öz əli ilə “Slava sovetskoy armii”
yazmışdı. Həmin ordu o məşum gündə –
yanvarın 20-də soydaşlarımıza amansız divan
tutdu, günahsız insanları, azadlıq mücahidlərini qətlə
yetirdi. Yox, o mücahidlər ölmədi. Şəhid olanlar
ölmür, əbədiyyətə
qovuşurlar.
Xalqın yaddaşına həkk olunur, tarixlərdə yaşayırlar. Əbədi yaşayanların sayı nə qədər çox olarsa, mənsub olduqları xalqın ömrü də o qədər çox olar. Onlar gələcək nəsillərə örnək
olurlar. Şəhidlər xalqımızın övladlarına qeyrət
örnəyi olan kimi.
20 Yanvar qurbanları
arasında şəhid
bacıları və qardaşları ilə şəhidlik zirvəsinə
ucalmış Oqtay Ayvaz oğlu Kərimovun da adı xalqın yaşatdığı və
xalqını yaşadan
həmişəyaşarlar sırasında özünə
əbədi yer tutdu.
Qəddin
əyilməsin, Minarə
bacım, balaların,
nəvələrin sağ
olsun! Başını
dik saxla, Azərbaycanımız, övladların,
nəsillərin sağ
olsun!
Ana və Vətən!
Ana, Vətən! Ana Vətən! Adlarınız bir olan kimi,
şərəfiniz, qeyrətiniz, dəyanətiniz də
birdir. Bu
gün al qərənfil dəryasına qərq olan Şəhidlər
xiyabanı Sizin şərəfinizə, Sizin qeyrətinizə,
Sizin dəyanətinizə əbədi abidədir.
Hacı Rafiq,
“Say” qəzetinin
baş redaktoru
Xalq qəzeti.- 2017.- 20
yanvar.- S.9.