Yanvar qırğınının uzaq
və yaxın həqiqətləri
20 Yanvarda sovet
rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq
ənənələrinə sadiq olduğunu bütün
dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin
müdafiəsi yolunda canlarından keçmiş Vətən
övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
20
Yanvar hadisələrinədək Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı sovet dövlətinin
bir sıra önəmli rəsmi şəxsləri ilə
xalqımızın maraqlarına uyğun müsahibələr
keçirmiş, Moskva mətbuatı ilə faydalı əlaqələr
yaratmış qəzetimizin o vaxtkı əməkdaşı, yazıçı-publisist,
Əməkdar jurnalist Vasif Səmədov faciə günlərində
də haqq səsimizin yaxın-uzaqlara
çatdırılmasına bütün mümkün
üsullardan istifadə edərək, bacardığı qədər
çalışmışdı. O müdhiş aylarda
İttifaqın iki ən nüfuzlu gündəlik nəşrindən
biri olan “İzvestiya” qəzetinin Azərbaycan
üzrə xüsusi müxbiri kimi fəaliyyətə
başlayan fədakar həmkarımız erməni
yazarların dərin kök saldığı mərkəzi mətbuatda
onların çeşidli maneələrinə baxmayaraq
Bakı qırğını ilə bağlı bir sıra məqamlara
işıq salmışdı. Qəzetimizin yetirməsi
o zaman Dağlıq Qarabağ həqiqətlərini
ardıcıl və sistemli olaraq təmsil etdiyi “İzvestiya” qəzeti
və Rusiyanın bir sıra nüfuzlu mətbuat səhifələrinə
çıxarmışdı.
Çox keçməmişdi ki, müəllifin cidd-cəhdləri ilə “İzvestiya”da dərc olunan “Müdaxilə” adlı silsilə məqalə ölkədə və beynəlxalq aləmdə geniş, uzun sürən əks-səda doğurmuşdu. 20 Yanvarın 27-ci ildönümü günlərində Vasif Səmədov redaksiyamızın qonağı oldu, o günləri birlikdə xatırladıq. Azərbaycanın informasiya blokadasına alındığı günlərin hadisələrinə aydınlıq gətirdik.
– Vasif müəllim,
o zaman qəzetimizin yazılarının yetişə bilmədiyi
yaxın-uzaq xaricə bizim səsimizi sizin Moskva mətbuatı
vasitəsilə çatdırmağınız
hamımıza mənəvi bir rahatlıq gətirirdi...
– Doğrudan da, 20 Yanvar qırğını o vaxtadək 70 il “Kommunist” adı ilə nəşr olunan “Xalq qəzeti”nin kollektivi üçün də tarixi sınaq və həlledici seçim məqamı oldu. Dağlıq Qarabağ münaqişəsi ilə başlanan erməni təcavüzünün ilk günlərində xalqla bir yerdə olan, 1988-ci ilin noyabr--dekabr meydan epopeyası günlərində xalqın möhtəşəm etiraz aksiyasının geniş xronikasını yaradan redaksiya əməkdaşları Qanlı Yanvar günlərində də komendant-senzor nəzarətinin süngüsü altında faciənin dəhşətli mənzərəsini, azadlıq mübarizəsi mərhələsinə qədəm qoyan xalq hərəkatının məramını, atdığı addımları qəzetin səhifələrinə gətirdilər.
Bu yazılar həm kütlənin doğru yola yönləndirilməsinə kömək etdi, həm də azadlıq mübarizəsinin ilk səhifələrini tarixə həkk etdi. O vaxt biz harada olmağımızdan asılı olmayaraq eyni işi görürdük. “İzvestiya”ya keçsəm də doğma qəzetimin kollektivi ilə bir düşünür, bir mübarizə aparırdıq. İllər keçəndən sonra görürük ki, o vaxt “Xalq qəzeti”ndə və “İzvestiya”da 20 Yanvarla bağlı dərc olunan yazılar bir-birini tamamlamaqla zəngin bir salnamə təşkil edir.
– Sizin
“İzvestiya”da çap olunmuş irihəcmli “Müdaxilə”
məqaləniz elə o vaxt ayrıca kitab şəklində dərc
olundu, mötəbər mənbəyə çevrildi...
– “Müdaxilə” məqaləsi işıq üzü görəndən xeyli sonra da, hətta Azərbaycan Respublikası Ali Sovetinin xüsusi komissiyasının 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş hadisəni təhqiq edib dübarə, Ali Məclisin müzakirəsinə verdikdən və bu haqda öz mülahizələrini istintaq orqanlarına təqdim etdikdən sonra da həmin yazının ümumxalq müzakirəsi səngiməmişdi. Onu demək istərdim ki, müəlliflərdən biri kimi və ələlxüsus öz xalqının başına gəlmiş bəlanın altını çəkən bir jurnalist kimi mənim özüm də sakit ola bilmirdim.
Jurnalistlik təcrübəmdə qəzet məqaləsinin bir günlük ömrü var - fikrinin əsassızlığına bir daha əmin oldum. Xalq nahaq deməyib: gedər xəncər yarası, qalar söz yarası. Mən bir azərbaycanlı kimi, xalqımın başına gələn müsibət haqqında təşkilat, orqan rəhbərləri, şahidlər və adi vətəndaşlarla söhbət edib, həqiqəti üzə çıxarmaq istərkən, inanın ki, faciəni dönə-dönə yaşamalı olurdum. Ancaq öz-özümə belə bir fikri təlqin edirdim ki, bu adi, bir günlük ömrü olan yazı deyil. Sən həqiqəti üzə çıxarmalısan, həm də bu, təkcə sənin və xalqının nəzərində müəyyənləşdirilmiş, əşyayi-dəlillərin sübutluğu ilə qərarlaşdırılmış həqiqət olmamalıdır – bu, gerçəyin təsbiti olmalıdır.
Haqqında söhbət açdığımız məqalədə təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, günahsız axıdılan insan qanları hesabına belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini açıqlamalı idik. Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13, 14, 15 fevral, 1992-ci il) bunları təhlil, təsdiq etmək mümkün ola bilməzdi, ancaq hər halda ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin də təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq gərək idi. O vaxt bu çox vacib, son dərəcə əhəmiyyət kəsb edən məsələ idi.
Bax, həmin qanlı hadisələrdən 27 il keçir və indinin özündə də söz düşəndə görürəm ki, bu söhbət hələ də gündəlikdən çıxmayıb. Mühakimələr və mübahisələr zamanı söylənilənləri müqayisə edəndə bir daha əmin oluram ki, jurnalist kimi tədqiqatlarımızın üsulu və texnologiyası, məramı və yanaşma nisbəti düzgün olmuşdur. Doğrudur, bir çox sənədlər, canlı şahidlərin hələ sirr kimi saxlanılan ifadələri işin dəqiqləşdirilməsinə cəlb edilməyib, bunun üçün gərgin istintaq, tədqiqat aparmaq, vaxt amilinin doğru sözünü dinləmək lazım gələcəkdir. Ancaq bir həqiqət aydındır: suverenliyi tələb edən xalqı cəzalandırmaq və başqalarını da bu yoldan çəkindirmək, onlara ibrət dərsi vermək! Sovet imperiyasını yaxınlaşmaqda olan iflasdan qorumaq, sütunları laxlamış totalitar rejimi, onun sınaqdan çıxmış silahını zorla qoruyub saxlamaq.
– İllər
bizi o dəhşətli, xalqımızın təkləndiyi
günlərdən uzaqlaşdırdıqca 20 Yanvar faciəsinin uzaq və
yaxın həqiqətləri daha aydın seçilir.
– Mənim üçün bu zaman prizması bir həqiqəti daha iri planda əks etdirir. Bu, bizi bir çox cəhətdən 20 Yanvar kimi dəhşətli bir faciə ilə üzləşdirmiş səbəblər arasında həqiqi xalq lideri, müdrik dövlət xadimi olan Heydər Əliyevi o zaman birləşmiş düşmən qüvvələrin siyasət meydanından uzaqlaşdırması amilinə vaxtında kifayət qədər önəm verməməyimizlə bağlıdır. Zaman keçdikcə bir daha görürük ki, o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı onun nadir zəkası, polad iradəsi bu qırğının qabağını mütləq alardı.
Əslində, o vaxt nə Qorbaçov, nə onun ətrafı, nə respublika rəhbərliyi, nə də xalq hərəkatının öncülləri hadisələri düzgün qiymətləndirə bilməmiş, onun qarşısını almaqda acizlik göstərmişdilər. Bunu qırğından bir gün sonra yeganə oğlu İlham Əliyev və digər ailə üzvləri ilə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş ümummilli lider Heydər Əliyevin o vaxt söylədiyi bir daha sübut edir. Zaman keçdikcə ulu öndərin əsl xalq lideri kimi o zaman göstərdiyi misilsiz cəsarət, baş verənlərə aydın, məntiqli münasibəti daha dərindən qavranılır.
O zaman xalqının başına gətirilən müsibəti, onun çevrələnmiş haqq səsini dünya şöhrətli nadir siyasət və dövlət xadimi kimi bütün dünyaya bəyan edən Heydər Əliyev Bakıya hərbi müdaxiləyə heç bir ehtiyac olmadığını da ağıllı arqumentlərlə sübuta yetirmiş, qırğının təşkilatçılarını dünya qarşısında kəskin ittiham etmişdi. İllər keçəndən sonra Qorbaçov öz xatirələrində, əslində, Heydər Əliyevin o zaman dediklərini təsdiqləyərək hadisələrə düzgün qiymət verə bilmədiyini etiraf etmişdir.
Ulu öndərin bu cəsarəti çaşğınlıq içində olan xalqın yoluna işıq salmış, ona öz haqq işində inam və dözüm vermişdi. Düzdür, o vaxt xalqın öz lideri ilə bu birliyi məlum səbəblərdən bir az arxa planda qalmışdı. Lakin 1993-cü ilin yayında xalqın öz liderinə qovuşmasının qarşısını heç bir düşmən qüvvələr ala bilmədi.
– Qayıdaq, 20 Yanvardan sonrakı günlərin
ağır kütləvi psixoji durumuna. O vaxt adamlar jurnalistlərin
hər sözündə, hər cümləsində nicat yolu
arayırdılar...
– Bakı hadisələrindən sonra baş verən faciələr də - nəinki imperiyanın ayrı-ayrı yerlərində, elə Azərbaycanın özündə də eyni bir zəncirin halqası olduğunu təsdiqlədi. Hesab edirəm ki, Qarabağda törədilən soyqırımı faciələri də bu zəncirin halqalarındandır. Güman ki, düşmən bu bəd niyyətinə hələ də nöqtə qoymayıb. Məhz bu ağırlıq faizini nəzərdə tutaraq, yazılarımı 1992-ci ilin fevralında “İzvestiya”da çapa verməyi zəruri hesab etdim.
Və mən də ürəyimdən ağır daş olub asılan – 90-cı ilin Qanlı bazar günü hadisəsini tarixçilərin sərəncamına vermək fikrində deyiləm. Qanlı yanvar gecəsini və ondan sonrakı faciəli günləri yaşamış, gözləri ilə görmüş bir insan kimi güman edirəm ki, arxiv sənədlərindən istifadə imkanları yarandıqca, yeni faktlar topladıqca mən öz tədqiqatlarımı davam etdirəcəyəm.
– “Müdaxilə”,
ilk növbədə, “1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda nə olmuşdur?” sualına
Rusiya mətbuatında verilən ilk geniş cavab olmuşdu.
Doğrudan da, o müdhiş gecənin qaranlığında nə
baş vermişdi?
– Məqalə hazırlandığı dövrdə Azərbaycan Respublikasının Ali Sovetindən bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda faciəli hadisələrin səbəblərini və təfsilatını təhlil edən parlament komissiyası işini başa çatdırmışdır. Komissiyanın sədri M.Abbasov dedi: “Bu faciənin necə və niyə baş verdiyi, ordunun kimlərin siyasi iradəsini yerinə yetirdiyi barədə faktları, sənədləri, şifahi və yazılı sübutları “İzvestiya”ya təqdim etməyə hazırıq.
Bunları dərc etməyi qərara alarkən həmkarım V.Vıjutoviçlə birgə başa düşürdük ki, əsaslandığımız materiallar nə dərəcədə inandırıcı olsa da, təkcə bir tərəfin – zərərçəkmiş tərəfin mövqeyini əks etdirir. Beləliklə, onların obyektivliyinə kimsə hökmən şübhə ilə yanaşacaqdır. Ən əvvəl o kəslər ki, Bakı əməliyyatını hazırlamışdılar, qoşunların yeridilməsi haqqında əmr vermişdilər və bilavasitə icra etmişdilər. Lakin bu tarixi həqiqətləri təkzib edən olmadı.
Doğrudur, onlardan bir çoxuna faciəli Bakı hadisələrində iştirak etməsi (və ya iştirak etməməsi) barədə şəxsən danışmağa, bu hadisələri öz bildikləri kimi qiymətləndirməyə imkan verilmişdi. Lakin Azərbaycan parlamentinin komissiyası tərəfindən keçmiş SSRİ-nin dövlət, təsərrüfat və hüquq-mühafizə orqanlarına, habelə ictimai və hərbi idarələrinə göndərilmiş 2517 sorğunun yalnız üçdə birinə cavab alınmışdı (çox vaxt da formal surətdə). SSRİ Ali Sovetinin Rəyasət Heyətinə və Sov. İKP MK-ya göndərilmiş sorğulara, ümumiyyətlə, heç bir cavab verilməmişdi. Rəsmi təhqiqat axıra çatdırılmamışdı.
İttifaq parlamenti isə siyasi qiymət verməkdən çəkinmiş xə xüsusi bir qərarla SSRİ Prokurorluğuna, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə, SSRİ Daxili İşlər Nazirliyinə “1990-cı ilin yanvarında baş vermiş bütün cinayət faktlarının və hüquqa zidd hərəkətlərin qısa müddətdə təhqiqini təhlil etməyi”, SSRİ Baş Prokuroruna və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə isə “müvafiq məlumatı SSRİ Ali Sovetinə iki ay müddətində təqdim etməyi” tapşırmışdı. Bu qərara açıq-aşkar məhəl qoyulmamış, onun heç bir bəndi yerinə yetirilməmişdi.
Bununla yanaşı, biz Azərbaycan tərəfinin mövqeyini dərc edərək, hər hansı təkzib, bu və ya digər faktlar barəsində fikirlər üçün də imkan saxlayırdıq. Bu material silsilə şəklində dərc edildikdən sonra nəinki SSRİ-də, hətta xarici ölkələrdə belə sensasiyaya səbəb olmuş bu məqalədəki faktları nə o vaxt, nə də ki, indi təkzib etməyə cəsarəti çatan tapılmamışdı.
Bakı əməliyyatının ilhamçıları və təşkilatçıları Tbilisi, aradan bir il ötmüş isə Vilnüs hadisələrindən sonra olduğu kimi, yenə də özlərinin radiasiya tək yayılan təbliğatını dərhal var gücü ilə işə salmışdılar. Bakıda fövqəladə vəziyyətin səbəbləri barəsində və tankların orada nə etdiyi barədə o vaxt hətta liberal və savadlı Moskva jurnalistləri arasında da ya anlaşılmaz, ya da tamamilə təhrif edilmiş təsəvvür var idi. “Pravda”, SİTA, “Krasnaya zvezda”, “Vremya” TV proqramı ( heyif ki, o vaxtkı “İzvestiya” da təmkinlə olsa belə, hər halda rəsmi yozuma uymuşdu) beyinlərə belə bir fikir yeritmişdi ki, ordu erməniləri, rusdilli əhalini və hərbçilərin ailələrini Azərbaycan ekstremistlərinin törətdikləri amansız qırğından xilas edirmiş.
Yox, ordu Bakıda totalitar rejimi – Sov. İKP-nin
hakimiyyətini və Sovet İmperiyasını xilas edirdi.
Oxucuya bunun üçün məqalədə
sübut-dəlillər təqdim olunurdu. Biz o Qara Yanvar
hadisələri barəsində yazarkən razılığa
gəldik ki, belə bir prinsipi gözləyək: minimum
publisistika, maksimum faktlar, sənədlər, sübutlar.
– Vasif müəllim, illər
keçir, hələ də bir suala birmənalı cavab tapmaq
olmur: 20 Yanvar faciəsinin təqsirkarları – baiskarlar, təşkilatçılar
və icraçılar həqiqi cəzalarını
alıblarmı?
– Birmənalı
cavab, əlbəttə, yoxdur və indiki halda ola
da bilməz. Çünki, 20 Yanvar cinayəti üzrə
istintaq materialları
hələ də məhkəməyə
çıxarılmamış, təqsirkarlardan kimsə
müttəhimlər kürsüsündə əyləşməmiş,
əli günahsız insanların qanına bulaşanların
heç biri qanunun tələbi ilə cəzalandırılmamışdır.
Amma zaman, hadisələrin sonrakı gedişi
Qanlı Yanvar faciəsini törədənləri bu və ya
digər şəkildə ağır cəzalandırdı.
Hamıya
məlumdur ki, xain
və ağlını itirmiş xalq olan ermənilər
Dağlıq Qarabağ münaqişəsini
başladıqları gündən xalqımızın
başına tarixdə misli görünməyən müsibət
və vəhşiliklər gətirmişlər. Onlar evində dinc oturmuş soydaşımızdan
tutmuş avtomobilində, avtobusda, qatarda, gəmidə yol gedən
azərbaycanlıya, Spitak zəlzələsi zamanı
Bakıdan onların özünə köməyə gedən
təyyarənin sərnişinlərinə qədər
çox sayda bacı-qardaşımızın qatilinə
çevrilmişlər. Erməni
separatçılarını açıq-gizli şirnikləndirməklə
Azərbaycanın üstünə qaldırmış sovet
diktatoru Mixail Qorbaçov və onun etmənipərəst
güruhu 1990-cı ildə bu terrorlar, qanlı aksiyalar silsiləsindən
cana doyaraq ayağa qalxmış
xalqımızın təcavüzə son qoymaq tələbini
yerinə yetirmək əvəzinə, Bakıya qoşun
yeridib, qanlı qırğın törətdi.
Deməli, 20 Yanvar faciəsinin baiskarı məhz
xalqımızın qanına susamış ermənilərdir. Onlar 1990-cı il yanvarın ilk günlərindən sərhəd
boyu məntəqələrdə, eləcə də ermənilər
yaşayan içəri bölgələrimizdə silahlı
hücumlar təşkil etməklə xalqımızı həyəcanlandırıb
ayağa qaldırdılar. Bu, əslində, “mərkəzə
qarşı dikbaşlıq” edən, Qarabağı onlara
güzəştə getməyən azərbaycanlıları
cəzalandırmaq üçün təxribatla
yaradılmış bəhanə idi. Lakin
münaqişəni dərinləşdirib müharibə həddinə
gətirməklə ermənilər özləri də on minlərlə
insan itirdilər, çox sayda vətəndaşları
yaralı, şikəst, əlil oldu. Bütün
bu faciə və qırğınların əvəzi, daha
doğrusu, cəzası olaraq Ermənistan özünü
çıxılmaz fəlakətə məhkum etmişdir.
Bu, ən böyük hakim olan zamanın 20 Yanvar faciəsinin
baiskarlarına verdiyi
ağır cəzadır.
– Ermənilər daha ağır cəzaya
layiqdirlər, onlar bu gün bizə də, özlərinə
də zülm edirlər...
– “Ermənilər”
ifadəsinə bir az konkret yanaşmaq lazımdır. Almanlar 1941-ci ildə SSRİ-yə hücum edən
günün səhərisi ölkənin baş qəzeti
“Pravda” birinci səhifənin yuxarısında “Alman xalqına
ölüm!” çağırışlı manşet
vermişdi. Bunu görən Stalin deyir ki, şüarı
dəyişib belə yazın: “Alman faşistlərinə
ölüm!” Sovet rəhbəri ona görə
belə deyirdi ki, o vaxt alman xalqı bütövlükdə
Hitlerin tərəfində deyildi. Bu
xalqın ağıllı insanları ölkəsinin məhvə
getdiyini görüb bununla razılaşmırdı.
Erməni daşnak-hnçakçılarının
törətdikləri tarixi soyqırımları zamanı
heç olmasa erməni şair-yazıçısı, ictimai
xadimi Hovanes Tumanyan sinəsini irəli verib erməniləri
düz yola çağırır, onların bəd əməllərini
etiraf edirdi. Lakin Dağlıq Qarabağ savası başlayandan
bugünədək hələ bircə erməni
ziyalısı da öz soydaşlarını tarix boyu onun
xeyirxahı olmuş azərbaycanlıların qəniminə
çevrilməkdən çəkindirməyib. Bilirsiniz, bu niyə belə oldu. Çünki,
ermənilər həmin Tumanyanın vaxtlilə onlara
çatdırmaq istədiyi həqiqətdən birdəfəlik
üz döndərib, bəlalı xülyaların əsirinə, dünya
imperializminin əlaltısına çevriliblər.
Görün, Tumanyan 1910-cu
ildə “Bədnam xalq” adlı məqaləsində nə
yazırdı: “Qüssəli fikirlər sizə dinclik vermir,
amma siz onlara məhkumsunuz və onlardan qurtula bilmirsiniz. Onlar
ağır xəstəlik kimidir: sanki, xərçəng, vərəm
və ya vəba xəstəliyinə tutulduğunuzu bilirsiniz və xəstəlik
haqqında fikirləşməyə bilmirsiniz. Onda xəstəlik
sizə qalib gələcək... Bizim
hamımız barəsində düzgün olan yalnız budur
ki, hamımız ağır mənəvi naxoşluqdan əziyyət
çəkirik. Xəstəliyə qarşı
mübarizənin birinci şərti, əsas şərti odur
ki, biz öz bədbəxtliyimizi öz vicdanımız
qarşısında və bütün dünya
qarşısında etiraf edək... Başqa yol
yoxdur. Həqiqi qurtuluş içəridən
gəlməlidir. Çünki bizim iç
dünyamız xəstədir.”
Sonrakı
bir əsrdə ermənilər nəinki bu mənəvi xəstəliyi
etiraf edib ondan sağaldılar, əksinə, öz
maraqları xatirinə onları şirnikdirib qabağa verənlərin
təhriklərinə uyub, “erməni xəstəliyi”ni kütləviləşdirdilər. Ona görə də biz çox vaxt “erməni”
sözü ilə “daşnak” ifadəsini eyni məzmunda
işlətməyə məcburuq. Qoy ermənilər
bundan “tarixi nailiyyət”, “milli birlik” kimi öyünsünlər,
lakin bütün dünyanın görüb-yəqin etdiyi
budur ki, ermənilər öz milli xəstəliklərini
şiddətləndirib və onun girovuna çevriliblər.
Bununla da onlar xalq və dövlət olaraq məhv olmaqdadırlar. Ermənilər xalqımıza qarşı bir
sıra terror və qırğınlar törətdikləri
kimi, 20 Yanvar faciəsinin də baiskarı oldular. Lakin 20 Yanvardan yüz qat, min qat artıq bəlalara
da özləri düçar oldular.
O ki
qaldı Qanlı Yanvar qətliamının təşkilatçılarına,
onlar da cəzasız qalmadılar. Tutduqları səhv
yol, rəhbəri olduqları ölkənin günahsız vətəndaşlarına
divan tutmaq Qorbaçov, Yazov, Kryuçkov, Bakatin, Barannikov...
komandasına baha başa gəldi. 20 Yanvardan il yarım
sonra onlar, nəhayət, törətdikləri siyasi-hərbi
oyunbazlıqlarının birbaşa girovuna çevrilərək
“QKÇP” hadisələri
ilə hakimiyyətlərini itirdilər, barmaqlıqlar
arxasına düşdülər. 20 Yanvardan sonra Azərbaycan
xalqının sovet rəhbərliyinə qarşı səsləndirdiyi
ən ağır ittihamlar, sərgilədiyi nifrət və
itaətsizlik də, əslində, öldürücü bir cəza
idi.
Qırğının səhərisi xalqımız
süngü və qalxanların əhatəsində Mərkəzi
Komitənin qabağında Qorbaçovun əlibaltalı,
üz-gözü qanlı karikaturasını divar boyu rəsm
etməklə onu dünya qarşısında rüsvay etdi, ələ
saldı. Bu cəzadan sınıb-əyilməyən
xalqımız o gündən nicatı azadlıq yoluna üz
tutmaqda görüb, işğalçıya meydan oxudu.
O boyda dövlətin rəhbərliyinə bundan artıq cəza
ola bilərdimi?
Necə deyərlər, xalqımıza süngü
göstərənlər özləri bu süngünün
üstündə oturmalı oldular. Dağlıq Qarabağ
münaqişəsi ilə başlayıb, 20 Yanvarda qanlı
mahiyyətini dünyaya açıqca göstərən sovet
rejiminin dağılması ilə sonuclanan bədnam
“Qorbaçov perestroykası”nın
puç aqibəti də tarixi bir cəzadır. Bu, zamanın 20 Yanvar qırğınının təşkilatçılarına
verdiyi qaçılmaz bir cəza oldu.
Sovet imperiyasının süqutu 20 Yanvar faciəsinin
irili-xırdalı icraçılarının çox
keçmədən mövqe və səlahiyyətlərini
itirmələri ilə onların da cəzasına çevrildi. Xalqı yaxınlaşan fəlakətdən
xəbərdar edib, kütləvi qırğından xilas etmək
əvəzinə, təpədən-dırnağadək
silahlanmış basqınçı ordu ilə üz-üzə
qoyub gizlənən, şəhidlərin qanı üstündə
ali vəzifələri qamarlayanlar da əsiri
olduqları imperiyanın uçuq-sökükləri altında
qalmaqla cəzadan yaxa qurtarmadılar. Xalq hərəkatını
imperiyanın nəhəng hərbi-siyasi maşını ilə
toqquşdurub meydandan qaçan “qəhrəmanlar”a isə xalq bir daha etibar etmədi.
Ümumiyyətlə,
Bakı qırğınının təşkilatçı
və icraçılarının özləri də
ayrı-ayrı vaxtlarda, müxtəlif şəkildə
səhv etdiklərini, bunun cəzasını çəkdiklərini
boyunlarına almışlar. Jurnalistlərimizin Yazovdan,
Kryuçkovdan, Bakatindən aldıqları müsahibələrdə
onlar Qorbaçovun ermənipərəstlikdən qaynaqlanan bir əmrinin
icraçıları olduqlarına görə əzab çəkdiklərini
bildirdilər. 20
Yanvar faciəsinin qanlı müəllifi M.Qorbaçov
özü isə 1995-ci ilin aprelində Türkiyəyə səfəri
zamanı 20 Yanvarla bağlı sorğuya “Bakıda fövqəladə
vəziyyət elan etmək və oraya qoşun göndərmək
mənim siyasi həyatımda ən böyük səhvim idi”
cavabını vermişdi.
– 1994-cü ildə ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə
20 Yanvar faciəsinə, nəhayət, düzgün siyasi qiymət
verilməsi 20 Yanvar aksiyası üzrə istintaq
materiallarını yenidən nəzərdən keçirib məhkəməyə
göndərmək üçün hər cür əsas versə
də, özünü sovet dövlətinin varisi elan etmiş
Rusiya dövlətinin səlahiyyətli şəxslərinin
anlaşılmaz mövqeyi üzündən bu, hələ də
mümkün olmayıb. Üstündən 27 il
keçəndən, dediyiniz kimi, zaman özü cinayətkarların
cəzasını verəndən sonra belə bir məhkəmə
qurmağa ehtiyac qalıbmı?
– Əlbəttə,
nə vaxt baş verməsindən asılı olmayaraq, Azərbaycanın
paytaxtında, onun xalqına qarşı dəhşətli bir
dövlət cinayəti törədilibsə, bu faciənin
öz adları ilə məlum olan baiskarları, təşkilatçıları,
icraçıları olubsa, uzun və miqyaslı istintaq prosesi
gedibsə bu materiallar məhkəməyə
çıxarılmaq əvəzinə, niyə başqa
ölkənin arxivində, qovluqlarda
yatıb qalmalıdır? Milli Məclisin
1994-cü il 29 mart tarixli qərarında bu cinayətin
ümumi səciyyəsi aydın əksini tapıb:
“Qoşunların qanunsuz yeridilməsi nəticəsində
Bakıda və respublika rayonlarında 131 nəfər
öldürülmüş, 744 nəfər yaralanmış,
841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi
qulluqçular tərəfindən 200 ev və
mənzil, 80 avtomaşın, o cümlədən təcili
yardım maşınları, yandırıcı güllələrin
törətdiyi yanğın nəticəsində dövlət
əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar
və qocalar, həmçinin təcili yardım işçiləri
və milis nəfərləri olmuşdur”.
Belə irimiqyaslı bir cinayətə niyə ədalətli
məhkəmə qurulmasın?
– Siz istintaq materiallarının
ölkəmizə gətirilməsini, belə bir məhkəmənin
baş tutmasını mümkün hesab edirsinizmi?
– Sivil
dünyada belə təcrübə azdırmı? II Dünya müharibəsini törədən nasist
cəlladlar on illər boyu ələ keçdikcə məhkəməyə
çıxarılmırdımı? Çilidə
qanlı xunta yaratmış Pinoçet ömrünün
qürubunda olsa da müttəhimlər kürsüsündə
əyləşmədimi? Bütün
bunlar təkcə cinayət qurbanlarının narahat
ruhlarını şad etmək üçün deyil, daha
artıq dərəcədə gələcəkdə
ağır bəşəri cinayətlərin
qarşısını almaq üçündür.
Sovet rejimi heç bir əsas olmadan erməni təcavüzünə
hədəf olmuş azərbaycanlılara qanlı divan tutmaqla
bütün sivil insan hüquqları və beynəlxalq
hüquq normalarını tapdalamışdı, Bakıda və
bir neçə bölgədə bəşəri cinayət
törədilmişdi. “20 Yanvar cinayəti” qovluqlarında bu
qırğının bütün elementləri öz əksini
tapıb. Sadəcə, qovluqlar, nəyin
bahasına olur-olsun, alınıb ölkəmizə gətirilməli,
yenidən saf-çürük edilməli, məhkəməyə
çıxarılmalıdır. Bunu tarixi
ədalətin zəfər çalması məntiqi tələb
edir.
Belə bir məhkəmə sovet rejiminin qanlı mahiyyətini
yetərincə öyrənmək də, 20 Yanvar kimi qəhrəmanlıq
səhifəsini təfərrüatı ilə indiki və gələcək
nəsillərə çatdırmaq da yazarlarımız,
müəllimlərimiz, tarixçilərimiz üçün
də olduqca gərəkli mənbədir. Bu materiallarda
faciənin qaynaqları, motivləri, ayrı-ayrı
epizodları, iştirakçılar, konkret təqsirkarlar və
zərərdidələr barədə hüquqi-sənədli
yöndə çox zəngin məlumat cəmlənmişdir.
20 Yanvar faciəsinə bizim günlərdən daha dərin və əhatəli nəzər salmaq üçün də istintaq materiallarının Azərbaycana gətirilməsi olduqca zəruridir. Beynəlxalq hüququn tələbi də həmin qovluqların ölkəmizə gətirilməsi və məhkəmə prosesinin keçirilməsini istisna etmir. Cinayət harada törədilibsə, istintaq da orada aparılmalı və cinayətkarlar mühakimə edilməlidirlər. Dünən faciəni törədən ölkənin rəhbərliyi Moskvada idi və onlar istədikləri də hərəkət etmişdilər. Bu gün isə Azərbaycan müstəqil dövlətdir, öz ərazisində baş vermiş çox ağır bəşəri cinayətlə bağlı məhkəməni təşkil etmək də onun haqqı və səlahiyyətidir.
Gəlin, ümid edək ki, 20 Yanvar qırğınının təqsirkarları zamanın divanından qurtula bilmədikləri kimi, konkret cinayət üçün nəzərdə tutulan hüquqi maddələrlə məhkəmə cəzasına da çatacaqlar. 20 Yanvar faciəsinin növbəti ildönümlərini bu həqiqətin təntənəsi ilə qarşılayacağımıza əminəm.
– Maraqlı
söhbətə görə sağ olun. Biz də ümid edək
ki, 20 Yanvarda günahsız insanların qətlinə fərman
verənlər, bu cinayətin iştirakçıları
zamanın cəzası ilə yanaşı, qanunun da
qarşısında cavab verəcəklər. Onda 20
Yanvarın uzaq və yaxın həqiqətləri tam
aydınlığı ilə görünəcək.
Söhbəti
çapa hazırladı:
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2017.- 20 yanvar.- S.2.