Jurnalistlərin müəllimi və dostu
Tanınmış pedaqoq-publisist
Cahangir Məmmədlinin 75 yaşı tamam olur
Filologiya elmləri doktoru, Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin
dekanı, İctimai Televiziya və Radio Yayımları
Şirkəti Yayım Şurasının sədri, Prezident təqaüdçüsü,
professor Cahangir Məmmədlinin nurani çöhrəsi
gözümüz önündə canlananda qəlbimizə
işıq düşür. Çünki o, həqiqi mənada
söz adamıdır. Sözdə isə işıq var. Bəlkə
də, hörmətli alimi bütün söz adamlarına
sevdirən onun bu cəhətidir.
Kimdir
Cahangir Məmmədli? Hər şeydən əvvəl səbir
və təmkin yolçusu, sadə və xeyirxah insan, mahir
pedaqoq, zəhmətkeş alim. Mənalı ömrünün
yarıdan çoxunu jurnalistikaya həsr edən fədakar
insan. Cahangir Məmmədlinin adını eşidəndə
göz önündə gözəl ziyalının, Azərbaycan
jurnalistlərinin böyük bir nəslinin yetişməsində
xidmətləri olan layiqli müəllimin obrazı
canlanır. Bu nəcib keyfiyyətlər onun portretini tamamlayan əsas
ştrixlərdir.
Bu gün
Cahangir Məmmədlinin 75 yaşı tamam olur. O, 1942-ci ildə
Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz
açıb. 1968-ci ildə Bakı Dövlət Universiteti
filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib
və burada müəllimlik fəaliyyətinə
başlayıb. Yarım əsrə yaxın pedaqoji fəaliyyəti
dövründə baş müəllim, dosent, kafedra müdiri
vəzifələrində çalışıb,
jurnalistikanın elmi-nəzəri problemləri ilə
bağlı 500-dən çox elmi-publisistik məqaləsi dərc
olunub. Ədəbi tənqidə və jurnalistika məsələlərinə
dair bir neçə kitabın müəllifidir. 2004-cü ildə
Bakı Dövlət Universitetində “İlin müəllimi”
nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində
bir neçə nüfuzlu mükafatın sahibidir. C.Məmmədli
2003-2005-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin
müavini olub. Hollandiyada, Türkiyədə, Rusiyada beynəlxalq
seminar, simpozium və konfranslarda, eləcə də Avropa
Şurasının layihəsi ilə İctimai Televiziya və
Radio Yayımları haqqında Qanunun hazırlanmasında
iştirak edib.
Onun
görkəmli yazıçı və pedaqoq Mir Cəlal
Paşayev haqqında yazdığı “Böyük alim,
böyük müəllim”, “Fəlsəfi publisistika: bu
zamanın və bu məkanın tələbi”,
“Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri”,
“Vətənə sevginin ölçüsüzlük
ölçüsü”, “Zaman sərhədini aşan klassik
publisistika”, “Jurnalist yaradıcılığının bəzi
peşəkarlıq məqamları” kimi məqalələri
bu gün də aktuallığını itirməyib. Alimin
müasir jurnalistika və jurnalistikanın nəzəriyyəsinə
dair dərslikləri tələbələrlə
yanaşı, gənc qələm adamları üçün
də dəyərli mənbədir.
Bəlkə
də bu xırda avtobioqrafik cizgilər şablon görünə
bilər. Ancaq Cahangir Məmmədlinin ömür yolu
şablonçuluqdan çox uzaqdır. O, həyatda çətinliklərlə
üzləşsə də, iş prosesində müxtəlif
əqidəli və xarakterli insanlarla qarşılaşsa da
heç vaxt təmkinini itirməyib, mövqeyini dəyişməyib.
Tələbələri, iş yoldaşları ona ürək
qızdırır, çətinə düşəndə məsləhət
alırlar.
Cahangir müəllimi yaxından tanıyanlar, onunla birgə çalışan həmkarları söhbət düşəndə onu təbiətən xeyirxah, nəcib və əsl el adamı kimi xarakterizə edirlər. Məhz bu keyfiyyətlərinə görə Cahangir Məmmədli hələ cavan yaşlarından ağsaqqallıq məqamına yetişib. Cahangir müəllim bu gün Azərbaycan mətbuatında çalışan yetirmələri ilə daim ünsiyyət saxlayır, onların uğurlarına sevinir, yeri gələndə məsləhət və köməyini əsirgəmir. Odur ki, onu sevir və hörmət edirlər.
Elçin KAMAL,
yazıçı-jurnalist
Xalq qəzeti.- 2017.- 26 yanvar.- S.6.