Şərəfli alim ömrü

 

Akademik Cəlal Əliyev ictimai-siyasi xadim, Milli Məclisin deputatı kimi üzərinə düşən hər bir vəzifəyə məsuliyyətlə yanaşırdı. Vətəndaşlıq duyğusu və məsuliyyəti onun intellektual, elmi, ictimai-siyasi potensialının fövqündə dayanırdı.

Rusiyalı akademik həmkarlarından biri onukompromissiz alimkimi dəyərləndirmişdı. Bu qiymətləndirmənin dəqiq və obyektiv olması şəksizdir. Eyni zamanda, mən də onun elmə münasibətdə praktikkompromissizliyinin”, prinsipiallığının  dəfələrlə şahidi olmuşam.  Yaxşı yadımdadır, ötən əsrin 90-cı illərinin ortaları idi. Bir neçə nəfər Cəlal müəllimin səmimi münasibətindən yararlanıb ona özəl institut təsis etmək barədə müraciət  etmişdi. Akademik bu mövzunun müzakirəsini  belə yaxına buraxmamışdı. Alimin həmin adamlara verdiyi cavabı indi də yaxşı xatırlayıram: ”Mən  biznesin əleyhinə deyiləm. Günün reallığı belədir. İnsanlar layihələr fikirləşir, həyata keçirib pul qazanırlar. Ancaq, fikrimcə, təhsilə toxunmaq olmaz. Təhsil millətin, dövlətin gələciyidir. Bu məsələyə məsuliyyətlə, həssaslıqla yanaşmaq lazımdır. Nə edirsiniz edin, ancaq millətin gələcəyinə ehtiyatla yanaşın... “.

Cəlal müəllimlə dəfələrlə yol yoldaşı olmuşam, onun seçiciləri ilə görüşlərində, seçki kampaniyalarında iştirak etmişəm. Bir dəfə də olsun,  onun xırda, məişət səviyyəsində müzakirə açdığını görməmişəm. Məişət onun üçün sonuncuçox zaman unutduğu bir mövzu idi. Bax, elə buna görə də təsadüfi deyil ki, o, Kommunist Partiyası sıralarından istefa  haqqındakı ərizəsində həm də “ailə səadətini elmə qurban verdiyini  xatırlatmışdı.

Akademik Cəlal Əliyevin gözəl ailəsi, onu başa düşən həyat yoldaşı vardı və bu bir faktdır ki, gecəli-gündüzlü elmi fəaliyyəti uğurlarla yanaşı, özünə və ailəsinə çətinliklər, məhrumiyyətlər də yaşatmışdı.

Akademikin ayrı-ayrı şəxslərə verdiyi qiymət də kompromissiz idi. O, alimin elmi ilə yanaşı, onun xarakterini də önə çəkirdi. “Alimin, elm xadiminin öz xarakteri olmalıdır” – deyirdi.

Tez-tez akademik Heydər  Hüseynovdan söz açardı. Böyük filosofun “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” əsərinə görə aldığı yüksək dövlət mükafatını son qəpiyinə kimi uşaq evinə köçürməyini, nədən, hansı səbəbdən intihar etdiyini ilk dəfə Cəlal müəllimdən eşitmişəm. Xüsusi vurğulayırdı ki, Heydər Hüseynov əsl ziyalı, həqiqi  filosof idi: “O, birmənalı olaraq, öz  məsləki uğrunda həyatından keçən əqidə şəhididir”.

Mən “əqidə şəhidi” ifadəsini ondan ikinci  dəfə 1990-ci ildə, “Azərnəşr”in direktoru Əjdər Xanbabayev amansızcasına qətlə yetiriləndə eşitdim... Cəlal müəllim Əjdər Xanbabyevın fəaliyyətinə yüksək dəyər verirdi. Təsadüfmü, bizim izah edə bilmədiyimiz  bir sirrmi, deyə  bilmərəm, Əjdər Xanbabyevin çalışdığı nəşriyyat akademik Heydər  Hüseynovun yaşadığı bina ilə üzbəüz yerləşir. Hər dəfə yolum Nizami küçəsinə düşəndə hər üçünü – Cəlal  müəllimi, Heydər Hüseynovu, Əjdər  Xanbabayevi böyük qürur hissi ilə anır, onlara Tanrıdan rəhmət diləyirəm.

Mən onun düşüncəsinin miqyasına heyran qalmışdım. Vaxtilə Azərbaycan Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən “Xəzər”elmi sektorunun ləğv edilməsindən danışarkən həyəcanını gizlədə bilmirdi. Deyirdi ki, bu, keçmiş SSRİ-nin ikiüzlü siyasətinin, Azərbaycana qərəzli münasibətinin göstəricisidir: ”Xəzər bizim milli sərvətimiz, tariximizdir.Tədqiqat obyekti  kimi həmişə aktualdır. “Xəzər”in problemləri ilə bir elmi şöbə yox, bütöv  bir neçə elmi-tədqiqat  institutu məşğul olsa, yenə də azdır. “Xəzər” elmi bölməsinin bərpası olduqca vacibdir. Bu məsələni müvafiq strukturlar qarşısında mütləq qaldıracağam”. Çox təəssüf ki, Cəlal müəllim vədini yerinə yetirə bilmədi. İşlərinin çoxluğu və səhhəti buna imkan vermədi. Ancaq  əminəm ki, səlahiyyətli  qurumlar “Xəzər” elmi bölməsi ilə bağlı mərhum akademikin gerçəkləşməyən arzusuna biganə qalmayacaq.

Ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərin əvvəllərində ulu öndərimizin tərəfdarları Cəlal müəllimi fəaliyyət göstərən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi“ hesab edirdilər. Bir neçə gün əvvəl bir mövzu ilə bağlı həmin dövrün arxivimdə saxladığım qəzetlərini yenidən vərəqləməli oldum. Akademikin  keçdiyi mübarizə yolu yenidən  gözlərim onündə  canlandı. Bir daha  yəqin etdim ki, bu böyük alim hadisələrə hər şeydən öncə Azərbaycanı  sevən böyük bir vətəndaş əzmi, yanğısı ilə yanaşıb...

Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan akademik Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlmişdi. Akademikin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Cəlal Əliyev elmi tədqiqatlarını 1951-ci ildən başlayaraq, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası və 1971-ci ildən isə paralel olaraq AMEA-nın Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparıb. Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib.

Yarım əsrdən artıq bir müddətdə akademik Cəlal Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunub. Akademikin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq, Cəlal Əliyev buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb. Bununla da akademik tərəfindən Azərbaycanda biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası qoyulub. Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsilə buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.

Artıq ötən əsrin 80-cı illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik Cəlal Əliyev hazırladığı “İdeal buğdabitkisinin modelinin testləri əsasında seleksiya materiallarının seçilməsi və qiymətli formalar yaradılması işini daha sürətləndirib. Bu model özündə fitosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofiziolojiaqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin realpotensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva edibbu əsasda yüksək məhsuldarlığı təmin edən prinsiplər müəyyənləşdirilib. Bütün bunların nəticəsində artıq ötən əsrin 80-ci illərində bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarındakı bölgə-təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub.

Görkəmli alim biologiya elmində böyük bir məktəb yaradıb, onun təşəbbüsü ilə 250-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlanıb. Onların 80 nəfərinə şəxsən Cəlal Əliyev rəhbərlik edib. Hazırda görkəmli alimin tələbələri dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə çalışırlar. 

Cəlal müəllim öz elmi məktəbi olan alim idi. O, elmi ixtiralarını vətəndaşlıq qayəsi ilə uzlaşdırırdı. Onun yeni, məhsuldar buğda növləri ölkənin ərzaq təhlükəsizliyinə verdiyi əvəzsiz  töhfə idi. Bu  gün taxılçılığın inkişafı bir nömrəli vəzifəyə  çevrilib. İnanıram ki, akademik Cəlal Əliyev hər zaman ən çox müraciət olunan elm adamlarından biri, böyük şəxsiyyət kimi ehtiramla  xatırlanacaq...

 

Rizvan VAHABOV,

YAP Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.- 2017.- 29 yanvar.- S.6.