BMT: mövcud vəziyyətdə islahatların zəruriliyi
Birləşmiş Millətlər Təşkilatının (BMT) dünya siyasətindəki rolu danılmazdır. İkinci Dünya müharibəsindən sonra bu təşkilat beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində ciddi rol oynayıb. Lakin keçən əsrin 90-cı illərindən başlayaraq, qlobal səviyyədə geosiyasi aspektdə köklü dəyişikliklər baş verdi. Bunun fonunda BMT-nin təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilmədiyi açıq surətdə özünü göstərməyə başladı. Bir sıra alimlər bu beynəlxalq təşkilatda islahatların aparılması zərurəti barədə yazmağa başladılar.
Məqalədə həmin çərçivədə BMT-nin qarşılaşdığı ziddiyyətli məqamlar, böyük dövlətlərin təşkilatın işinə təsiri, islahatların keçirilməsi zərurəti ilə bağlı təhlillər yer alıb. Göstərilir ki, BMT-nin hazırkı tarixi mərhələdə öz rolunu tam yerinə yetirməsi üçün ciddi yeniləşmələr gərəkdir. Onları həyata keçirmədən beynəlxalq təhlükəsizliyi təmin etmək olduqca çətin olacaq. İndi müxtəlif regionlarda müşahidə edilən ziddiyyətli proseslər bu qənaəti bir daha təsdiq edir. Dünya xaosa sürüklənir. Bu səbəbdən BMT kimi nüfuzlu və universal funksiyalı bir beynəlxalq təşkilatın XXI əsrin çağırışlarına uyğun yeniləşməsi vacibdir. Müəllif hesab edir ki, bunun üçün böyük dövlətlərin birlikdə çalışması qaçılmazdır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) müasir dünyanın geosiyasi, siyasi, iqtisadi, mədəni və hərbi həyatında ciddi yer tutur. Keçən əsrin ortalarında yaradılmış bu təşkilat bir müddət qlobal miqyasda beynəlxalq təhlükəsizliyin təmin edilməsində söz sahibi olub. Beynəlxalq təhlükəsizlik konsepsiyaları yeniləşdikcə, BMT də müvafiq təşkilati, struktur və funksional dəyişikliklər aparmalı olub, ötən müddət ərzində bir sıra yeniliklər həyata keçirilib. Lakin müasir mərhələdə meydana çıxan çoxsaylı amillər üzündən BMT öz funksiyalarını yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşir. Məntiqi olaraq, bu mühüm beynəlxalq təşkilatın dünya siyasətindəki yeri və roluna yenidən baxılması məsələsi aktuallaşır. Bu istiqamətdə hazırkı vəziyyət necədir? BMT real islahatlara hazırdırmı? Bu kimi suallara mütəxəssislər, analitiklər və siyasətçilər cavab axtarırlar.
Müharibədən sonra sülh məsələsi
İkinci Dünya müharibəsi təhlükəsizlik probleminin həllinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. 1945-ci ildən sonra böyük dövlətlər ciddi surətdə həmin məsələnin həlli yollarını axtarmağa başladılar. Beynəlxalq təhlükəsizlik konsepsiyası vasitəsilə hərbi-siyasi qüvvələrin balansını yaratmaq və onu saxlamaq lazım idi. Bunun üçün prinsiplər, qaydalar, yanaşmalar və üsullar işlənməli, onların da əsasında qlobal, regional və dövlətlərarası strukturlar yaradılmalı idi. Eyni zamanda, sülh şəraitində birgə yanaşıyaşamanın təminatçısı qismində "əməkdaşlıq mexanizmləri"ni də yaratmaq lazım gəlirdi.
Onu vurğulayaq ki, bütün bunlar İkinci Dünya müharibəsindən sonra beynəlxalq təhlükəsizlik konsepsiyasının başlıca elementləri olan aşağıdakı faktorları nəzərə almaqla həyata keçirilməli idi: ABŞ və SSRİ başda olmaqla kapitalist və sosialist sistemlərinin qarşıdurmasının yaratdığı gərginliyin azaldılması, nüvə silahının yayılmasının, "soyuq müharibə"nin "real müharibə"yə çevrilməsinin qarşısının alınması.
XX əsrin 70-ci illərindən etibarən bu müddəalar daha konkret prinsiplərə transformasiya etdi. Belə ki, yeni beynəlxalq təhlükəsizlik konsepsiyasının əsasını hərbi-strateji paritet uğrunda mübarizə, bərabərgüclü nüvə-raket qüvvələrinin yaradılması, onların məhdudlaşdırılması vasitəsilə ixtisarına nail olunması təşkil etdi.
Bu tədbirlər nüvə müharibəsinin qarşısını aldı, lakin lokal hərbi toqquşmaların yaranmasına əngəl ola bilmədi. Bütün dünya üçün ciddi təhlükələr qalmaqda davam etdi. Digər tərəfdən, XX əsrin 90-cı illərində SSRİ və Varşava Müqaviləsi Təşkilatının dağılması ilə hərbi təhlükələrin də xarakteri kökündən dəyişdi. Lakin ortaya çıxan yeni ziddiyyətlər əvvəllər görünməyən təhdidlərin mənbəyinə çevrildi.
Belə şəraitdə yeni təhlükəsizlik konsepsiyasına ehtiyac yarandı. Həmin konsepsiyanın tərkib elementləri sırasında silahlanma yarışının aradan qaldırılması, adi və nüvə silahlarının ixtisarı və məhdudlaşdırılması, hərbi münaqişə ocaqlarının ləğv edilməsi, hərbi qarşıdurmanın gərginliyinin azaldılması, beynəlxalq terrorizmin kökünün kəsilməsi və s. kimi vacib müddəalar yer aldı. Lakin bu prosesə mütəxəssislərin münasibəti fərqlidir. Bir sıra tədqiqatçı hesab edir ki, yeni təhlükəsizlik konsepsiyaları, əslində, əvvəlkilərə qayıdış prosesi ilə müşayiət olunur. Məsələn, A.Svain hesab edir ki, həmin tendensiya o dərəcədə güclüdür ki, bütövlükdə "dəbdə olan konsepsiyalardan geriyə dönüş"dən danışmaq olar.
Nəhayət, son illərdə dövlətlərarası əlaqələrin daha da dərinləşməsi nəticəsində milli təhlükəsizlik məsələləri ilə regional və qlobal təhlükəsizliyin əlaqələndirilməsi ön plana çıxdı. Bütövlükdə bu məqam yeni dünya nizamının sistem olaraq formalaşmasında mühüm rollardan birini oynamalıdır.
Proseslər artıq İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində dəyişikliklərin getdiyini təsdiqləyir. Uyğun olaraq, beynəlxalq təhlükəsizlik konsepsiyası da məzmun və funksiya baxımından yeni çalarlar kəsb edib. Qlobal miqyasda təhdidlər törədən faktorlar zaman-zaman transformasiyaya uğrayıb, super geosiyasi güclər arasında tarazlıq yaratmaq mexanizmləri təkmilləşib.
Bütün bunlar sonda beynəlxalq təhlükəsizlik sistemi və onun təmini məsələsini aktuallaşdırıb. Keçən müddət ərzində dünya nüvə müharibəsinin qarşısı alınsa da, lokal müharibələr, regional münaqişələr, maliyyə-iqtisadi böhranlar, enerji təhlükəsizliyi problemi və s. kimi yeni təhdidlərin meydana gəlməsi beynəlxalq aləmin reallığıdır. Konkret desək, beynəlxalq təhlükəsizlik sistemi dəyişdikcə, onun daha çevik tənzimləmə mexanizmlərinə malik olmasının əhəmiyyəti də artır.
Bu proseslərin fonunda beynəlxalq təhlükəsizlik sisteminin həm struktur, həm də funksional aspektlərinin aktuallığını vurğulamaq lazımdır. Həmin şərtlər daxilində vacib tənzimləmə mexanizmləri kimi Birləşmiş Millətlər Təşkilatını (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) qeyd etmək gərəkdir.
BMT beynəlxalq təhlükəsizlik
sisteminin mühüm elementidir. Onun qərarlarının
yerinə yetirilməsinin əsas vasitələri isə
sülhyaratma qüvvələrindən, siyasi, iqtisadi və hərbi
sanksiyalar sistemindən, çəkindirmə güclərindən,
silahlı birləşmələrin tətbiqinin məhdudlaşdırılmasından
ibarətdir. Bu təşkilat beynəlxalq
gərginliyin azaldılmasında, dünyada sülhün
saxlanmasında, dövlətlərin və xalqların təhlükəsizliyinin
təminində ciddi rol oynamalıdır. BMT-nin
struktur-funksional özəlliklərinə və tarixi təkamülünə
nəzər salmaqla onun bu vəzifənin öhdəsindən
necə gəldiyi haqqında təsəvvürlər əldə
etmək olar.
BMT-nin yaranması
və təkamülü: ziddiyyətli yollarla...
1945-ci il
oktyabrın 24-də 51 ölkənin nümayəndələri
Birləşmiş Millətlər Təşkilatının əsasını
qoydular. Onların məqsədi bütün
dünyada sülh və təhlükəsizliyə dəstək
vermək, ölkələr arasında dostluq münasibətlərini
inkişaf etdirmək, sosial tərəqqiyə yardım etmək,
həyat səviyyəsini və insan haqları sahəsindəki
vəziyyəti yaxşılaşdırmaqdan ibarət idi.
BMT-nin Nizamnaməsində
beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin
təmini üçün effektiv kollektiv tədbirlərin həyata
keçirilməsi xüsusi qeyd edilib. Bu zaman millətlər
arasındakı dostluq münasibətlərinin bərabərhüquqlu
əsaslarla inkişaf etdirilməsi ayrıca vurğulanır.
Bunlar BMT-nin yaradılmasının vacib tərəflərini
anlamağa yardım edir.
Qeyd edək ki, təşkilatın
yaradılmasının təşəbbüskarları
İkinci Dünya müharibəsinin qalibləri olduğundan,
bütövlükdə onun strukturlaşmasında və fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsində
də Vaşinqton, London və Moskva ciddi rol oynayıb. Təcrübə
göstərir ki, bu məqamın müsbət cəhətləri
ilə yanaşı, mənfi cəhətləri də var.
BMT-nin Baş Məclis, Təhlükəsizlik
Şurası, İqtisadi və Sosial Şura, Beynəlxalq Məhkəmə
və Katiblik kimi 5 əsas orqanı var. Onlarda 44 min əməkdaş
çalışır. Baş Məclisdə
BMT-yə daxil olan bütün dövlətlərin nümayəndələri
iştirak edir (hazırda BMT-nin 192 üzvü var). Onun köməkçi komitələri mövcuddur.
Baş Məclis məşvərət xarakterli
müzakirələr aparır. Son illər
qlobal əhəmiyyətli problemlər (məsələn, beynəlxalq
terrorizmlə mübarizə, ətraf mühitin qorunması və
s.) bu orqanda müzakirə edilir.
Təşkilatın daimi fəaliyyət
göstərən ali orqanı Təhlükəsizlik
Şurasıdır. BMT Nizamnaməsinə
görə, beynəlxalq sülh və təhlükəsizliyin
təmin edilməsində başlıca məsuliyyəti Təhlükəsizlik
Şurası daşıyır. Onun tərkibinə veto
hüququ olan 5 daimi (Böyük Britaniya, ABŞ, Çin,
Fransa və Rusiya) və 10 müvəqqəti üzv daxildir. Sonuncuları Baş Məclis ikiillik müddətə
seçir. TŞ beynəlxalq sülhü
və təhlükəsizliyi pozan dövlətlərə
qarşı məcburi xarakterli tədbirlər görə bilər.
Məsələn, qaydaları pozan ölkələrə
qarşı iqtisadi embarqo qoyula və ya münaqişə
zonalarına sülhməramlı qüvvələr yeridilə
bilər. Son dövrlərdə BMT
TŞ-nin qlobal miqyasda təhlükəsizlik məsələlərini
həll edə bilmədiyi barədə tez-tez fikirlər səsləndirilir.
Hətta onun qəbul etdiyi qərarların
reallığa uyğun olmadığını iddia edən tədqiqatçılar
vardır. A.Hammerstad yazır ki, bir sıra
hallarda bu beynəlxalq təşkilatın qərarları
"ritorik örtüyə malikdir" və onların
dövlətlərin həqiqi maraqları ilə əlaqəsi
olmur.
Bu əsasda TŞ-də ciddi
islahatların aparılması zərurəti vurğulanır. O cümlədən beş dövlətin veto hüququnun normal
olmadığı haqqında danışılır. Bununla bağlı hətta bir sıra təkliflər
də verilib. Maraqlıdır ki, veto
hüququnun məhdudlaşdırılması haqqında təklif
verənlər sırasında TŞ-nin daimi üzvlərindən
olan Fransa da vardır. Hələlik bu
istiqamətdə real addımlar atılmayıb. Buna baxmayaraq, Təhlükəsizlik Şurası
BMT-nin çox vacib orqanıdır və onun fəaliyyətinin
əhəmiyyəti çoxdur.
Hazırda BMT qlobal məsələlərə
aid 30 kompleks xarakterli mövzu müəyyənləşdirib. Onlardan 8-i
prioritet istiqamət seçilib. Bunlara
davamlı iqtisadi inkişafa yardım, beynəlxalq
sülhün və təhlükəsizliyin qorunması,
Afrikanın inkişafı, silahsızlaşdırma, beynəlxalq
terrora qarşı mübarizə və s. daxildir. BMT insan haqlarının qorunması, narkotik maddələrin
qanunsuz dövriyyəsi, beynəlxalq cinayətkarlıqla
mübarizə məsələlərinə də xüsusi
diqqət yetirir.
BMT-də baş verən dəyişikliklərin
istiqamətini aydın təsəvvür etmək
üçün onun üç nisbətən müstəqil
münasibətlər səviyyəsinə nəzər salmaq
lazımdır. Birinci səviyyə siyasi-hüquqi
münasibətləri əhatə edir. İkinci
struktur-təşkilati və ya institusional səviyyədir.
Üçüncü isə sosial səviyyədir.
Bu üç səviyyə
kompleks şəkildə hazırda təşkilatın fəaliyyətinin
məzmununu təşkil edir. BMT
qarşısında duran qlobal, regional və lokal problemlərin
həlli fəlsəfəsi və onun sosial-hüquqi mexanizmləri
həmin əsasda konkret forma alır. Təşkilatın
fəaliyyət tarixində rast gəlinən məqamlar bu
müddəanın əhəmiyyətini anlamağa imkan verir.
Hazırda BMT-də
islahatların zəruriliyindən çox bəhs edilir. Analitiklər,
alimlər, siyasətçilər, diplomatlar, ekspertlər və
ümumilikdə mütəxəssislər BMT-nin yeniləşmə
zamanının çatdığını əsaslandırmağa
çalışırlar. Eyni zamanda,
müxtəlif təkliflər də irəli sürülür
ki, bunların da əksəriyyəti beynəlxalq təhlükəsizlik
məsələləri ilə əlaqəlidir. Bu səbəbdən də həmin təkliflər
daha çox TŞ-də aparılmalı olan islahatlarla
bağlıdır.
İslahatlar:
ehtiyacdan yaranan zərurət
Təhlükəsizlik
Şurası məsələsinin aktuallaşması və
islahatların mərkəzi elementi kimi götürülməsi
müasir dünyada gedən geosiyasi proseslərin məntiqi və
real mənzərəsi ilə bağlıdır. Məsələ
burasındadır ki, XXI əsrin əvvəllərindən
dünya miqyasında bir sıra mürəkkəb və
ziddiyyətli hadisələr baş verir. Lakin
onların həllində BMT acizlik göstərir. Bir halda bütün ciddiyyəti ilə tətbiq
olunan qayda, başqa bir analoji situasiyada həyata keçirilmir.
Burada bir növ ölkələr arasında
ayrı-seçkilik yaradılır. BMT-də
dəyişikliklər haqqında hələ keçən əsrin
60-cı illərindən danışılmağa
başlanıb. 1965-ci ildə TŞ-nin
üzvlərinin sayının artırılması məsələsi
qaldırılmışdı. O zaman üzvlərin
sayı 11-dən 15-ə yüksəldildi. Lakin
TŞ-nin daimi üzvləri və onların hüquqları dəyişmədi.
XXI əsrin
başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul
edilməsindən sonra BMT-də islahatların aparılması
daha kəskinliklə gündəmə gəldi. Təşkilatın
59-cu və 60-cı sessiyalarında bu məsələ
geniş müzakirə edildi. 2004-cü ildə
keçirilmiş 59-cu sessiyada 120 nümayəndə rəhbəri
BMT-də islahatların aparılması tələbi ilə
çıxış etdilər.
2005-ci ildə
keçirilmiş 60-cı sessiyada isə BMT-nin baş katibi
Kofi Annanın TŞ üzvlərinin sayını 24-ə
çatdırmaq haqqında verdiyi təklif geniş və gərgin
müzakirə edildi. Belə ki, K.Annan Braziliya, Almaniya, Hindistan və
Yaponiyanın Təhlükəsizlik Şurasına daimi üzv
seçilməsi məsələsini
qaldırmışdı.
Ayrıca vurğulayaq ki,
BMT-də (xüsusilə də onun Təhlükəsizlik
Şurasında) islahatların aparılması zərurəti
barədə bir çox siyasətçilər, dövlət
rəhbərləri və ekspertlər də məəsələ
qaldırıblar. Bu mənada Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın məşhur "dünya 5-lərdən
böyükdür" fikrini xatırlatmaq olar.
Hindistanın keçmiş baş naziri Manmohan Sinqh bu
bağlılıqda deyib: "...İkinci Dünya müharibəsində
qalib gəlmiş 5 dövlətin daimi üzv kimi veto
hüququna sahib olması açıqca
anormallıqdır".
Rusiyanın keçmiş xarici
işlər naziri Yevgeni Primakov da həmin kontekstdə
maraqlı fikir ifadə etmişdi: "Bu və ya digər
ölkənin BMT TŞ-nin daimi üzvlüyünə qəbul
olunması meyarı, onun İkinci Dünya müharibəsində
iştirakından ibarət ola bilməz".
Rusiyalı analitiklər
S.Roqov, A.Konovalov və başqaları da analoji fikir bildiriblər. Bir vaxtlar BMT
Baş katibinin köməkçisi olmuş Rameş Takur Təhlükəsizlik
Şurasının vacib bir tənzimləmə orqanı
olduğunu qeyd etməklə yanaşı, BMT-də
islahatların çox dərin köklərdən
qaynaqlandığını da xüsusi vurğulayır.
Nəhayət, BMT-nin 70-ci
yubiley sessiyasında Ukrayna və Suriyada baş verən hadisələr
kontekstində islahatlar haqqında daha ətraflı
danışılıb. Dünyanın təhlükəsizliyi ilə
məşğul olan bir təşkilatın mütləq
islahatlara getməli olduğu qətiyyətlə
vurğulanıb. O cümlədən daha çox sayda
ölkə BMT TŞ-nin genişlənməsini vacib sayır. Özü də TŞ-nin həm daimi, həm də
müvəqqəti üzvlərinin yeniləşməsi
gündəmə gətirilir. Burada həm
coğrafi baxımdan düzgün təmsilçilikdən, həm
də sülhyaratma missiyasını effektiv yerinə yetirmə
ehtiyacından bəhs edirlər.
İkili standartlar
və böyük güclərin maraqları: dərinləşən
ziddiyyətlər
Artıq qeyd edildiyi kimi, BMT-də
yeniləşmələrin aparılması haqqında mütəxəssislərlə
yanaşı, dövlət rəhbərləri də fikir
bildirirlər.
Almaniyanın federal kansleri Angela Merkel BMT-nin 70-ci
sessiyasında açıq bəyan etdi ki, təşkilat XXI əsrin
tələblərinə uyğun strukturlaşmalıdır.
Təqribən eyni mövqeni Avropa, Asiya, Afrika və
Latın Amerikası ölkələrinin bir çox
başçıları da bildirdilər. Deməli,
məsələ yalnız BMT-nin təşkilat kimi fəaliyyətinin
gücləndirilməsindən ibarət deyil. Reallıqda qlobal geosiyasətdə müşahidə
edilən əhəmiyyətli nəzəri və praktiki
proseslərin yaratdığı mənzərə yuxarıda
vurğulanan dəyişiklikləri aktuallaşdırıb.
Burada mövcud vəziyyətə
bir neçə aspektdən yanaşmaq olar. Hər
şeydən əvvəl, dünya miqyasında geosiyasi proseslər
daha mürəkkəb və ziddiyyətli xarakter alıb.
Açıq görünür ki, həmin səviyyədə
ortaya çıxan problemləri indiki beynəlxalq təşkilatlar
çərçivəsində həll etmək mümkün
deyil və ya çox çətindir. Məsələn,
regionlarda münaqişələrin həlli və yaxud
dövlətlər arasında ixtilafların aradan
qaldırılması istiqamətlərində səmərəli
nəticələr əldə edilmir.
Yaxın Şərq hələ
də qan içindədir. BMT-nin mandatı ilə
Əfqanıstana, İraqa, Liviyaya, Suriyaya müdaxilə edən
böyük dövlətlər bu ölkələri tamamilə
fərqli nəticələrlə tərk etməli oldular.
Sadalanan ölkələrin heç birində nə
davamlı sülh yaranıb, nə də sabit inkişaf kursu
müəyyənləşib. Əlavə
olaraq, başqa dövlətləri də sabitsizlik və terror
dalğaları bürüyür. İndi
dünyanın elə bir ölkəsi yoxdur ki, terrordan
sığortalansın. Bu barədə
böyük dövlətlərin başçıları
açıq danışırlar. Məsələn,
Fransa Prezidenti Fransua Olland cəmiyyətə müraciət edərək,
terror təhlükəsinin qaldığını bildirib və
ehtiyatlı olmağı tövsiyə edib. Avropanın paytaxtı Brüsseldə törədilən
terror aktları bunu bir daha təsdiq edir.
BMT üçün ciddi problem
müxtəlif regionlarda müşahidə edilən
münaqişələrin ədalətli həllinə nail
olma çətinliyidir. Buna misal olaraq, Cənubi
Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgələrində,
Uzaq Şərqdə mövcud olan münaqişələri
göstərə bilərik. Onlardan biri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki,
həll edilməmiş qalır. Baxmayaraq
ki, BMT TŞ bununla bağlı 4 qətnamə qəbul edib,
onlar hələ də reallaşmayıb. Həmin
sənədlərdə birmənalı göstərilir ki, Ermənistan
işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.
Lakin bu, baş vermir. Niyə?
Gürcüstanın Abxaziya
və Cənubi Osetiya bölgələrində kənar
dövlətin hərbi qüvvələri yerləşdirilib. Beynəlxalq təşkilatların
həmin ərazilərdə Gürcüstanın suverenliyinin
təmin edilməsi barədə dəfələrlə qərar
qəbul etməsinə baxmayaraq, heç bir dəyişiklik
yoxdur.
Ukraynanın Krım bölgəsi
zəbt edilib, ölkənin şərqində silahlı
qarşıdurma davam edir. Məsələnin həlli
isə hələ ki, görünmür. Suriyada
vəziyyət olduqca mürəkkəb olaraq qalır. BMT isə acizliklə nə isə etməyə
çalışır, real nəticə yoxdur. Əvəzində, böyük dövlətlər
istədikləri zaman oraya ordu göndərə bilir. Əgər BMT bu prosesin qarşısını ala
bilmirsə, o necə effektiv təşkilat sayıla bilər?
Afrika qitəsində də
terrorun insanları qətlə yetirməkdə davam etməsi
faktdır. Humanitar fəlakət orada yüksək səviyyəyə
çatıb. Milyonlarla insan
dünyanın müxtəlif regionlarına səpələniblər.
Onların hüquqları addımbaşı
tapdalanır. Qida ehtiyacları ödənilmir.
Bir çox hallarda isə günahsız adamlar
terror qurbanı olurlar.
Başqa faktları da
göstərmək olar. Ancaq BMT-də islahatları zəruri edən
bu obyektiv faktorlarla yanaşı, mütəxəssislər
başqa məqamlara da diqqət çəkirlər. Burada əsas olaraq böyük dövlətlərin
dünya liderliyi iddiası irəli sürülür.
R.Takur həmin kontekstdə
ABŞ-ın Təhlükəsizlik Şurasının qərarlarına
etdiyi ciddi təsirlərdən yazır. O göstərir ki, BMT-nin
indiki Baş katibi Pan Gi Mun birbaşa Vaşinqtonun təzyiqi ilə
vəzifəyə gətirilib.
Müəllif yazır ki,
bütövlükdə BMT Amerikanın maraqlarına, dəyərlərinə
və qayğılarına "hörmət və diqqətlə"
yanaşıb.
Üstəlik, "BMT-nin çox vacib
icraçı orqanı olan, əsas qərarları qəbul
edən Təhlükəsizlik Şurası tez-tez
ABŞ-ın iradəsinə tabe olur və veto hüququ sayəsində
onun həyati maraqları əleyhinə hərəkət edə
bilməz".
Bu halda BMT-nin obyektiv qərarlar
qəbul etməsi və onların reallaşmasında
israrlı olması necə mümkündür? Təcrübə
göstərir ki, həqiqətən də burada ziddiyyətli
məqamlar kifayət qədərdir. Məsələn,
İraq və Liviya ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr
dərhal yerinə yetirildi, çünki onlara ABŞ
başçılıq edirdi. Dağlıq
Qarabağla bağlı qəbul edilən qətnamələr
isə neçə illərdir ki, həyata keçməmiş
qalıb. Hətta təcavüzkar Ermənistana
qarşı heç bir səmərəli addım
atılmayıb. Hansı səbəblərdən?
Deməli, ortada ikili
standartlar var və təəssüf ki, bu fakt hətta BMT-nin rəsmi
otaqlarında qəbul edilən qərarlara və onların
reallaşması mexanizmlərinə təsir göstərməkdədir. Buradan mütəxəssislərin
vurğuladığı bir mühüm nəzəri problem
meydana çıxır. BMT real olmayan beynəlxalq
konsensusu süni üsullarla təmin edə bilməz. Bu
təşkilat milli maraqları uyğunlaşdırma mərkəzi
rolunu oynaya bilməz, fikir ayrılıqlarının çox
dərin olduğu məsələlərdə BMT müxtəlif
ölkələr arasında vasitəçi ola
bilməz.
Ədalətli
yanaşma: real
çıxış yolu
Onda belə çıxır ki, BMT-də
islahatların aparılması o zaman səmərəli ola bilər ki, bütövlükdə geosiyasi
mühit sağlamlaşmış olsun. Bunun
baş verməsi üçün isə ikili standartları ədalətli
yanaşma əvəz etməlidir. Böyük
dövlətlərin buna hazır olduğuna inanmaq çətindir.
Əksinə, Suriya hadisələri göstərir
ki, onlar yeni səviyyədə ikili standartlar siyasətini davam
etdirməkdədirlər. Görünür,
məhz həmin kursdan imtina etmədiklərinə görə
nə BMT-də ümumi səviyyədə islahatlar
aparılır, nə də vacib icraçı orqan olan Təhlükəsizlik
Şurasında dəyişiklik edilir.
Bunların mənfi nəticəsi
isə göz qabağındadır. Birincisi, qlobal təhlükəsizlik
sistemini formalaşdırmaq mümkün olmur. Müxtəlif yerlərdə baş qaldıran
ixtilaflar bir-birini əvəz edir. İkincisi,
ABŞ, Rusiya, Aİ və Çinin geosiyasi nüfuz
uğrunda savaşı yeni məzmun çalarları alır.
Yaxın Şərq, Şərqi Avropa, Qafqaz, Mərkəzi
Asiya, Asiya-Sakit okean hövzəsi kimi regionlarda münaqişə
ocaqları sönmür. Əvəzində,
nüfuz dairələrinin yeni geosiyasi bölgüsü
uğrunda mübarizənin daha sərt elementlərinə rast
gəlinir. Bir növ BMT-də islahatlar
haqqında yalnız nəzəri səviyyədə
diskussiyalar gedir, lakin konkret addımlar atılmır.
Belə vəziyyətin
anlaşılmazlıqları artırdığının
nümunəsi kimi Suriya məsələsində Rusiya və
Çinin veto hüququndan istifadə etməsi faktını
göstərmək olar. Digər daimi üzvlərin
hazırladığı sənədi Moskva və Pekin qəbul
etmədi. Eyni qaydada Rusiya və Çinin
meydana çıxardığı istənilən sənədə
Qərb öz maraqlarına uyğun reaksiya verir. Şübhəsiz ki, belə gərgin və tərəfkeş
psixoloji mühitdə BMT-nin səmərəli işləməsi
imkan xaricindədir.
Bəs yaranmış bu ziddiyyətli
vəziyyətdən çıxış yolu nədən
ibarət ola bilər? Görünür,
burada qlobal miqyasda geosiyasi proseslərin məzmunu yeniləşməlidir.
Müasir elmi tələblərə və
prinsiplərə dayanan beynəlxalq təhlükəsizliyi təmin
etmək, münaqişələri aradan qaldırmaq
haqqında konsepsiyalar hazırlanmalıdır. Orada hər hansı dövlətin
üstünlüyü məsələsi qoyulmamalıdır.
Hazırkı yanaşmaya görə, BMT-də
bütün ölkələr bərabərhüquqludur, lakin
"5 dövlət daha çox bərabərhüquqludur"
prinsipi işləkdir. Məhz bu səbəbdəndir ki,
mütəxəssislər yazırlar: "ABŞ əvvəlki
kimi trans-atlantik, trans-sakitokean və trans-amerika təhlükəsizliyinin
qarantıdır".
Dəqiq ifadə etsək,
dünyanın istənilən guşəsində təhlükəsizlik
planı Vaşinqtonun diktəsi ilə hazırlana bilər. Belə
yanaşmanın obyektiv və ədaləti sayılması
mümkün deyildir. O, bəri başdan
ayrı-seçkilik yaradır. Əsas çətinlik
isə supergüclərin öz maraqlarından bəşəriyyətin
xeyrinə imtina etmək istəməməsi ilə
bağlıdır. Bu barədə
çox az-az danışırlar, lakin bütün ziddiyyətli
məqamların kökündə həmin faktor dayanır.
Diplomatik ibarələrlə obyektivlikdən, ədalətdən,
sülhdən, demokratiyadan, insan haqlarından geniş
danışılsa da, onların konkret reallaşması istiqamətində
addımlar atılmır.
Yuxarıda ifadə etdiyimiz
ziddiyyət davam edərsə, BMT-də real islahatları
gözləmək əbəsdir. Təhlükəsizlik
Şurası üzvlərinin sayının
artırılması da mürəkkəb məsələlərdəndir.
Belə ki, irəli sürülən təkliflərdə
müsəlman dövləti yoxdur. O zaman son illər daha
çox təzyiqlərə məruz qalan müsəlman
ölkələrin hüquqlarını TŞ-də kimlər
müdafiə edəcək?
Yaxın Şərqdəki müsəlman
ölkələri ixtilaflar içində boğulur, Türkiyəni
terrorla çalxalayır, İranı
sıxışdırmaqda davam edirlər, Pakistanda terror yenidən
ayaq açır, Əfqanıstanın vəziyyəti məlumdur,
Mərkəzi Asiya ölkələri müstəqil siyasət
yetirməkdə çətinlik çəkirlər və s.
Bunların qarşısını Braziliyamı, Almaniyamı,
Hindistanmı, yoxsa Yaponiya alacaq? Heç biri.
Afrikadan ola biləcək daim üzv də
bu məsələdə səmərəli addım ata bilməz.
Bəs onda BMT TŞ-də müsəlman
dövlətlərin təmsil olunması hansı səbəblərdən
gündəmə gətirilmir?
İslahatlardan
danışarkən, məsələnin bu aspektinə
xüsusi diqqət yetirmək gərəkdir. Çünki
real olaraq yeniləşmədən BMT üzərinə
düşən vəzifələrin öhdəsindən gələ
bilməz. O, müxtəlif bölgələrə maddi
yardım daşıyan adi qeyri-hökumət təşkilatı
səviyyəsinə enə bilər. Təsadüfi
deyil ki, mütəxəssislər bu təşkilatın
humanitar siyasətini də son zamanlar ciddi tənqid atəşinə
tuturlar.
Azərbaycana münasibət: BMT
oyundan kənardır
Bu kontekstdə bizim regionla
sıx bağlı olan bir məqamın üzərində
dayanmaq istərdik. Biz, hər şeydən əvvəl, Azərbaycana
olan münasibəti nəzərdə tuturuq. Azərbaycan
BMT Baş Məclisinin 1992-ci il martın
2-də keçirilmiş 46-cı sessiyasında bu təşkilata
üzv qəbul edilib. Bizim ölkə BMT-nin 181-ci
üzvüdür.
Azərbaycan BMT-də kifayət
qədər fəallıq göstərir. O cümlədən
Dağlıq Qarabağ münaqişəsinin həllində
bu təşkilatın aparıcı rol oynamasına
çalışıb. Təsadüfi deyil ki, "Təhlükəsizlik
Şurası sədrinin 6 bəyanatında, eləcə də
qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığının zəruriliyi
bildirilmişdir. İşğalçı
ölkənin silahlı qüvvələrinin zəbt
olunmuş Azərbaycan ərazilərindən dərhal
çıxarılması, atəşkəsin təmini və
münaqişənin danışıqlar yolu ilə həlli tələb
edilmişdir".
Rəsmi Bakı BMT-də
yalnız özünə aid olan və regional xarakterli problemlərin
həllini qaldırmayıb, həmçinin BMT-nin qlobal məsələlərin
də həllində səmərəli fəaliyyəti
üçün təşkilatda daim islahatların
aparılmasının zəruriliyi barədə dəfələrlə
fikir bildirib.
Bundan başqa, Azərbaycan
BMT-nin müxtəlif qurum və orqanları ilə aktiv əməkdaşlıq
edir. Bu
sıraya BMT-nin İnkişaf Proqramı, BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin
Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı,
Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə
Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə
Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli
Qadağan olunması haqqında Müqavilə Təşkilatı
və s. daxildir.
Bakı BMT-nin təhsil, elm və
mədəniyyətlə bağlı olan qurumları ilə
geniş əlaqələr saxlayır. UNESCO çərçivəsində
bu əməkdaşlıq daha çox nəzərə
çarpır və hətta Azərbaycanın UNESCO nəzdində
Milli Komissiyası da təsis edilib. Əlavə
olaraq, onu deyək ki, Azərbaycan BMT-nin müvafiq orqan və
xüsusi qurumlarına öz namizədlərini irəli
sürür. "Azərbaycan Respublikası 1995-1997,
1998-2000-ci illər ərzində UNICEF-in İcra Heyətinin,
2000-2002-ci illər ərzində Qadınların vəziyyəti
haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində
BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının
üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci
illər üçün BMT-nin İqtisadi və Sosial
Şurasının (ECOSOC) üzvü seçilmişdir".
Bütün bunların
fonunda Azərbaycan Prezidenti İlham Əliyevin qlobal təhlükəsizlik
və əməkdaşlıq məsələləri ilə
bağlı aktiv münasibət bildirməsi ölkənin BMT
kimi təşkilata nə dərəcədə önəm
verdiyini göstərir. Məsələn, 2003-cü ilin sentyabr
ayında BMT Baş Məclisinin 58-ci sessiyasında o dövrdə
Baş nazir vəzifəsini tutan İlham Əliyev beynəlxalq
aləmdə mürəkkəb proseslərin cərəyan
etdiyini vurğulayıb, təşkilata daxil olan üzvlər
arasında anlaşılmazlıqların yarana biləcəyini
diqqətə çatdırıb.
İlham Əliyev Təhlükəsizlik
Şurasının şəraitə uyğun çevik və
adekvat reaksiya verməli olduğunu əsaslandırıb, eyni
zamanda, BMT-nin mövcud mexanizmlərinin zamanın tələbinə
cavab vermədiyini də ifadə edib. Çıxış
yolu kimi İlham Əliyev təşkilat daxilində
islahatların aparılması zəruriliyini xüsusi qeyd edib.
Bunun üçün əsas prinsiplərdən
birinin Təhlükəsizlik Şurasında müasir
reallıqlarla yanaşı, son 50 ildə dünyada
özünü göstərən proseslərin də nəzərə
alınmasından ibarət olduğunu göstərib.
BMT Baş Məclisinin 59-cu
sessiyasında isə Azərbaycan Prezidenti İlham Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə geniş aspektdə
yanaşaraq maraqlı təklif irəli sürüb. Azərbaycan Prezidenti həmin
iclasda vurğulayıb ki, Təhlükəsizlik Şurası
təkmilləşdirilməli, onun tərkibi genişləndirilməli,
iş metodları şəffaf olmalı, ən əsası isə
XXI əsrin yeni təhdidlərinə, risklərinə, təhlükələrinə
çevik şəkildə reaksiya verməlidir. TŞ bu funksiyaları yerinə yetirə bilmək
üçün daha çox məsuliyyətli və demokratik
olmalıdır.
Dövlət başçısı
bununla ifadə edib ki, islahatlar aparılarsa BMT Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi dörd qətnaməni yerinə
yetirə bilər və onların həyata keçirilməsinin
işlək mexanizmini hazırlamaq imkanı yaranar. Kifayət qədər rasional olan bu mövqe qlobal
reallığı ciddi surətdə nəzərə
alır.
Azərbaycanın BMT orqanlarında
aktiv iştirakı 2011-ci il oktyabrın
24-də öz bəhrəsini verdi. Həmin
tarixdə Azərbaycan BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçildi. Prezident
İlham Əliyev bu münasibətlə bəyan etmişdi:
"Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir,
siyasətimizin təntənəsidir".
Azərbaycan iki il
ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyət
göstərib. TŞ-yə sədrlik etdiyi
müddətdə isə Azərbaycan beynəlxalq sülh və
təhlükəsizliyin qorunması üçün
böyük zəhmət sərf edib. Bütövlükdə
Azərbaycan TŞ-də keçirilən müzakirələrdə
həmişə öz qətiyyətli mövqeyini ortaya qoyub.
Ən əsası odur ki, Azərbaycan
TŞ-yə sədrliyi dövründə beynəlxalq terrora
qarşı mübarizədən tutmuş, Afrika ölkələrinin
hüquqlarının qorunmasına qədər geniş
spektrli məsələlərin müzakirəsini gündəmə
çıxarıb. Bununla da rəsmi Bakı sübut edib ki,
BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə,
demokratiyaya, ədalətə uğurla xidmət edir.
Bəs bütün
bunların əvəzində Azərbaycana münasibət necə
olub? Təəssüf ki, Bakının nümayiş
etdirdiyi ədalətli və qətiyyətli mövqeyi,
prinsiplərə sədaqətliliyi adekvat
qarşılığını görməyib. BMT Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
lazımi qətiyyət ortaya qoymayıb. İraqın
dərhal bombalanmasına rəvac verən Təhlükəsizlik
Şurası Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin
yerinə yetirilməsində kifayət qədər prinsipial
mövqe tutmayıb. Nəticədə uzun
illərdir ki, bu haqsızlıq özünü göstərir
və regionda sülhə təminat yoxdur. Əslində
isə, BMT Azərbaycana olan münasibətinə yenidən
baxmalı, özünün aktiv bir üzvünün
hüquqlarının təmin edilməsində həlledici
addım atmalıdır.
Azərbaycanla bağlı
misallar da göstərir ki, BMT-də ciddi islahatlar
aparılmalıdır. Qlobal səviyyədə təhlükəsizlik
təmin edilməlidir. Bunu yeni dünya
nizamının formalaşması məntiqinə uyğun həyata
keçirmək gərəkdir. Çünki
təcrübə göstərir ki, təşəbbüs məhdud
sayda dövlətlərin əlinə keçdikdə, gec və
ya tez tərəfkeşlik yaranır, çoxlu sayda ölkənin
hüquqları pozulur.
O cümlədən BMT TŞ-də
daimi üzvlərin sayının dəyişməməsi
ciddi çətinliklər yaradır. Sözün həqiqi mənasında
dünyanın taleyi beş ölkənin əlindədir.
Artıq bu format ədaləti təmin etmək
üçün yetərli deyil. Bunu Suriya
prosesləri də tam təsdiq etməkdədir. Yaxın Şərqin müsəlman dövlətləri
bir kənarda qalıb, ABŞ, Avropa və Rusiya həmin
regionda problemləri həll etməyə
çalışırlar.
İndi nəzərə
alınmalıdır ki, dünya geosiyasi proseslərə
çox həssas olub. Ən kiçik silkələnmə belə
böyük miqyasda qarşıdurma yarada bilər. Bu o deməkdir ki, müasir mərhələdə bəşəriyyətin
taleyi ilə oynamaq olduqca risklidir. Əvvəllər
müşahidə edilməyən təhdidlərin ortaya
çıxması, radikal qrupların sayının və
imkanlarının artması BMT-ni düşündürməlidir.
Xüsusilə gənclər arasında ekstremist
dünyagörüşünün, müxtəlif növ təhlükəli
ideologiyaların getdikcə geniş yayılması qəti tədbirlər
görülməsini gündəmə gətirir.
Bütün bunların nəticələrindən
biri müxtəlif regionlarda ixtilafların daha da dərinləşməsi,
insanların məzhəb mənsubluğuna görə
düşmənçilik etməsidir. Bu vəziyyətdən
çıxış yolu Yaxın Şərq ölkələri
də daxil olmaqla çoxlu sayda dövlətin münaqişələrin
həllində, beynəlxalq terrorçuluğa qarşı
mübarizədə real söz sahibi olmasından ibarətdir.
Sadəcə kağız üzərində
iştirak yetərli deyil.
BMT bu kimi problemlərin həllində
həlledici rol oynaya bilər. Bu məqsədə
çatmaq üçün isə təşkilatın
özündə ciddi islahatlar aparılması
qaçılmazdır. Dünya, obrazlı
desək, yenidən "geosiyasi formatlaşırsa", qlobal təhlükəsizliyi
təmin etməli olan qurum da struktur və funksional cəhətdən
yenidən "formatlaşmalıdır". Hələlik isə bunun real əlamətlərini
görmürük.
Leyla Məmmədəliyeva,
Azərbaycan Milli
Elmlər Akademiyası
Fəlsəfə İnstitutunun doktorantı
Xalq qəzeti.- 2017.- 29 yanvar.- S.5.