Avropa
Şurasında Xocalı soyqırımının insanlıq tarixinin ən böyük
faciələrindən biri olduğu
bildirilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının son iş günündə digər məruzələrlə yanaşı, müxtəlif mövzularda sərbəst müzakirələr davam etdirilib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu müzakirələrə qatılaraq ölkəmiz üçün son dərəcə həssas olan bir məsələdən bəhs edib, Azərbaycan xalqına qarşı erməni təcavüzkarlarının və onlara dəstək verən qüvvələrin törətdiyi soyqırımı dəhşətlərindən danışıb. O deyib: “Bu gün tarix təqviminin kədərli günlərindəndir. Bu gün Holokost soyqırımı qurbanlarının ümumdünya anım günüdür. Mahiyyətcə, Holokost dünyanın həyatında bir dönüş nöqtəsi olmalı idi ki, insanlığa “bir daha təkrarlama!” hökmünü versin. Lakin təəssüf ki, belə olmadı. Belə bir məsəl var ki, ən təcrübəli, ən müdrik müəllim tarixdir və eyni zamanda, o, həm də ən uğursuz müəllimdir. Çünki tarix hər an dərs versə də, insanlar heç də həmişə o dərslərdən ibrət almır, lazımi nəticələr çıxarmırlar. Həmin səbəbdən də dünən baş vermiş və təkrarlanması qətiyyən arzu edilməyən hadisələrə zaman keçdikcə yeni günlərin içərisində başqa şəkildə yenidən rast gəlinir. Soyqırımları insanlığın məruz qaldığı ən müdhiş fəlakətlərdəndir. Hansı xalqa qarşı tətbiq edilməsindən asılı olmayaraq yolverilməzdir. Lakin niyə tarixin dərinlərində baş vermiş soyqırımları dərs ola bilməyib ki, bu qəbil faciələr yenidən təkrarlanmasın?! Başlıca səbəb insanların tarixin öyrətdiklərinə biganə qalmaları, keçmişə sadəcə seyrçi münasibət bəsləmələri, acı olmuşlardan nəticə çıxararaq onların bir daha təkrarlanmaması üçün zəruri addımlar atmamalarıdır”.
Deputat Rafael Hüseynov Assambleya üzvlərinin diqqətini 25 il əvvəl Xocalıda törədilmiş soyqırımının sarsıdıcı faktlarına yönəldərək bildirib: “Lap az sonra, fevralın 26-da Azərbaycan xalqı müasir tarixinin və bir millət olaraq bütöv keçmişinin ən kədərli günlərindən birinin 25-ci ildönümünü böyük matəm və dərs kimi qeyd edəcək. 1992-ci ilin həmin günündə keçmiş sovet ordusunun hərbi qüvvələri ilə birlikdə Ermənistanın silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı kəndinin həyatına son qoyublar. Xocalının aralarında qocalar, qadınlar, uşaqlar olmaqla 613 sakini bir gecənin içərisində amansızlıqla və ən qəddar şəkildə qətlə yetirilib. Hərbi əməliyyatların gedişində 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər əlil olub. Bir çox ailələrin bütün üzvləri məhv edilib və bütöv nəsillər yox edilib. Bu dinc, gündəlik həyatını yaşayan sadə insanların məruz qaldığı dəhşətin bircə səbəbi olub. Onları azərbaycanlı olduqlarına, məhz milli mənsubiyyətlərinə görə bu müsibətlərə məruz qoyublar”.
Azərbaycan nümayəndə heyətinin üzvü dünyada daha əvvəllər də bu qəbil faciələrin törədilməsinə baxmayaraq, Xocalı qətliamının baş verməsinin əsas səbəblərindən birinin bəşəriyyətin dadmış olduğu faciələrdən layiqincə dərs alaraq zəruri tədbirlər görməməsinin olduğunu bildirib: “Çox uzaq olmayan bir tarixdə, XX əsrin sonunda törədilmiş bu müdhiş cinayətin ən düşündürücü cəhəti ondan ibarətdir ki, Xocalı soyqırımına qədər dünya artıq neçə-neçə mahiyyətcə oxşar faciələrin acısını dadmışdı. Ən azı Holokostun, Babiy Yarın dərsləri kifayət edərdi ki, insan oğlunu əlini bir daha belə qanlara batırmaqdan çəkindirsin. Lakin tarixdən alınmalı olan dərslər alınmadığından müasir dünyanın gözü qarşısında yenə insanlıq adına ləkə olan bu soyqırımı baş verdi”.
Deputat Rafael Hüseynov son illərdə dünyada fəal şəkildə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının qənaətbəxş nəticələr verdiyini, bir çox ölkələrin Xocalı müsibətini bir soyqırımı hadisəsi olaraq rəsmən tanıdığını da diqqətə çatdırıb: “Təskinlik verən bir məsələ var ki, artıq dünyanın bir sıra dövlətləri, ayrı-ayrı ölkələrin parlamentləri, beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı kimi tanıyıblar və həmin siyahı durmadan genişlənməkdədir. Bu sırada Meksika, Pakistan, Çexiya, Bosniya və Herseqovina, Peru, Kolumbiya və digər ölkələrlə yanaşı, bir çox ABŞ ştatlarının da adı var. “Xocalıya ədalət!” kampaniyasının bir ali məramı var. O insanlar ki, 25 il əvvəl erməni qatillərinin əli ilə sözə sığmayan işgəncələr və vəhşiliklə öldürülüblər onları yenidən həyata qaytarmaq mümkün deyil. Məqsəd bəşəriyyəti, dünyamızı ayıq-sayıq olmağa çağırmaq, bir daha belə faciələrin baş verməməsi üçün səfərbər etmək, tarixin qəmli dərsini unutmamağa dəvət etməkdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin dəhşətlərini əks etdirən audio, video, foto sənədlər qalır. O fotolardan birində bədəni güllələrdən deşik-deşik olmuş məsum körpələr əks olunub. İnsanlar əzablarla məhv edilmiş həmin mələk balaların yerində öz övladlarını təsəvvür etmək gücünə malik olsalar, Xocalı soyqırımı kimi bəlalar dünyanın heç bir yerində daha heç vaxt təkrarlanmaz”.
Şəhla Ağalarova
Xalq qəzeti.- 2017.-28 yanvar.- S.9.