Tarix və mədəniyyət abidələri
xalqımızın pozulmaz
yaddaşıdır
27 avqust 2013-cü ildə ölkəmizdə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” qəbul olunmuşdur.
Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə qəbul olunan dövlət proqramına daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilmişdir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra abidələrə qayğı daha da artmış, bu istiqamətdə bir sıra layihələr həyata keçirilmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra tarix və mədəniyyət abidələrinin qorunması və bərpası işlərinə xüsusi önəm verilmişdir. Ümummilli lider tarixi abidələr haqqında demişdir: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”.
1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir.
Bu gün dövlət qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Görülən tədbirlər nəticəsində bir sıra abidələrimiz bərpa olunmuş, onların tədqiqinə diqqət artmışdır. Hazırda respublika ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınıb. Tarixi abidələr, çoxsaylı maddi-mədəniyyət qalıqları Azərbaycanın uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda, xalqımızın milli pasportu hesab edilə bilər. Bu abidələr Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyi olmaqla bərabər, xalqımızın bu torpaqların köklü sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir.
Ölkəmizdəki bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Kiçik Karvansara, Bazar meydanı, Şəki rayonunda Xan Sarayı, qala divarları, Kiş Alban Məbədi, Aşağı Karvansara, Şəkixanovların evi, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində Möminə Xatun türbəsi, Şərur rayonunda Qudi- Xatun türbəsi, Babək rayonunda Əshabi-Kəhf ziyarətgahı abidə kompleksi, Qusar rayonunda Şeyx Cüneyd türbəsi, Qax rayonunda Kürmük məbədi, Sumuqqala abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda Pir Hüseyn xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Artıq bu abidələr beynəlxalq miqyasda tanınır. Heç təsadüfi deyil ki, 2000-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, o cümlədən Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası, 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
Bu abidələr ölkəmizdə turizmin inkişafına əhəmiyyətli təsir göstərir. Dövlət proqramının tarix və mədəniyyət qoruqlarında və turizm məqsədləri üçün istifadə olunan abidələrində turizm infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulmuşdur.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr həm də mənəviyyat tariximizin “arxivi”, səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.
Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, qondarma “tarixi mədəniyyəti”ni yaratmaq siyasətinə xidmət edir.
İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə dağıdılaraq məhv edilib.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Qarabağ ərazisində olan qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.
Şuşa tarixi-memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, peşəkar vokal sənətinin banisi Bülbülün ev-muzeylərini, Xurşud Banu Natavanın saray kompleksini, Zöhrabbəyovların malikanəsini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini məhv edib. Hazırda da işğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi davam edir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 10 aprel.- S.5.