Məhkum edilmiş və ya barəsində
qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq
edilən elektron nəzarət vasitələrinin
siyahısının və onların tətbiqi
qaydalarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 144
Bakı şəhəri,
10 aprel 2018-ci il
“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci
il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli
1668 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Məhkum
edilmiş və ya barəsində qətimkan tədbiri
seçilmiş şəxslərə tətbiq edilən
elektron nəzarət vasitələrinin Siyahısı” təsdiq
edilsin (1 nömrəli əlavə).
2. “Məhkum
edilmiş və ya barəsində qətimkan tədbiri
seçilmiş şəxslərə elektron nəzarət
vasitələrinin tətbiqi Qaydaları” təsdiq edilsin (2
nömrəli əlavə).
3. Bu qərar
2018-ci il aprelin 15-dən qüvvəyə
minir.
Qeyd: Qərara
edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında
tanış ola bilərsiniz.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2018-ci il 10 aprel
tarixli 144
nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
1 nömrəli
əlavə
Məhkum
edilmiş və ya barəsində qətimkan tədbiri
seçilmiş
şəxslərə tətbiq edilən elektron nəzarət
vasitələrinin
SİYAHISI
1. Məhkum edilmiş və ya barəsində
qətimkan tədbiri seçilmiş şəxslərə
aşağıdakı elektron nəzarət vasitələri tətbiq
edilə bilər:
1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində
qətimkan tədbiri seçilmiş şəxsin
ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini
izləyən və məlumatı monitorinq mərkəzinə
ötürən elektron cihazdır. Elektron qolbaq
müstəqil və ya nəzarət qurğuları ilə
kompleksdə işləyə bilər. Elektron qolbaq
üçüncü şəxslər tərəfindən
paltar altında görünməməsi üçün
kiçik və yüngül olmalı, nəzarət subyektinə
zərər verməyəcək materialdan hazırlanmalı,
onun gündəlik fəaliyyətinə çətinlik
yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin
açılması, kəmərin kəsilməsi, fiziki və
proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq
siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji
qida mənbəyini dəstəkləməli, zərbəyə,
suya, toza, habelə hərarət və
hündürlüyün dəyişməsinə qarşı
dözümlü olmalı, uzun müddətdə fasiləsiz
işləmək üçün enerji ehtiyatını
saxlamalıdır. Müstəqil işləyən elektron
qolbaq, həmçinin şəbəkə indikatoru, habelə
GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən
etmək, monitorinq mərkəzi ilə data əlaqəsini
yaratmaq, məlumatı ötürənədək yaddaşda
saxlamaq funksiyaları, nəzarət qurğuları ilə
kompleksdə işləyən elektron qolbaq isə həmin
qurğulardan uzaqlaşması detektorları ilə təmin
edilməlidir;
1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla
birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində
qətimkan tədbiri seçilmiş şəxsin daim
yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə
məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə
ötürən elektron cihazdır. Mobil nəzarət
qurğusu cibdə yerləşməsi üçün
kiçik və yüngül olmalı, enerji ehtiyatı və
şəbəkə indikatorları, şəbəkədən
ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram
müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq
siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri
ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini,
interaktiv xəritəni dəstəkləməli, GPS və GSM
siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək,
monitorinq mərkəzi ilə data və səs əlaqəsini
yaratmaq, məlumatı ötürənədək yaddaşda
saxlamaq funksiyaları ilə təmin edilməlidir;
1.3. ev nəzarət stansiyası – elektron qolbaqla
birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində
qətimkan tədbiri seçilmiş şəxsin
yaşadığı evdə quraşdırılan və
qolbaqdan daxil olan siqnalları eyniləşdirərək şəxsin
həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə
ötürən elektron cihazdır. Ev nəzarət
stansiyası bir və ya əlaqəli işləyən bir
neçə qurğudan ibarət ola bilər.
Ev nəzarət stansiyası evdə üfüqi və ya
şaquli səth üzərində rahat yerləşdirilməsi
üçün kiçik olmalı, yerüstü xətt və
(və ya) GSM vasitəsilə şəbəkəyə
qoşulmalı, enerji ehtiyatı, şəbəkə və
işlək olması indikatorları, enerji mənbəyindən
və şəbəkədən ayrılması, fiziki və
proqram müdaxiləsi, habelə yerdəyişməsi
detektorları, səs xəbərdarlıq siqnalı ilə təchiz
edilməli, stasionar və əlavə ehtiyat enerji qida mənbəyini
dəstəkləməli, əhatə dairəsini tənzimləmək,
monitorinq mərkəzi ilə data və səs əlaqəsini
yaratmaq, məlumatı ötürənədək yaddaşda
saxlamaq funksiyaları ilə təmin edilməlidir;
1.4. ev siqnal ötürücüsü – elektron
qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya
barəsində qətimkan tədbiri seçilmiş şəxsin
yaşadığı evdə quraşdırılan və
qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna
ötürən elektron cihazdır. Ev siqnal
ötürücüsü bir və ya əlaqəli işləyən
bir neçə qurğudan ibarət ola bilər.
Ev siqnal ötürücüsü evdə üfüqi və
ya şaquli səth üzərində rahat yerləşdirilməsi
üçün kiçik olmalı, siqnalların radiotezliklər
(Wi-Fi, Bluetooth və sair ola bilər) vasitəsilə
ötürücüsü, enerji ehtiyatı, işlək
olması indikatorları, enerji mənbəyindən
ayrılması, fiziki və proqram müdaxiləsi, habelə
yerdəyişməsi detektorları ilə təchiz edilməli,
stasionar və əlavə ehtiyat enerji qida mənbəyini dəstəkləməlidir.
Qeyd. Bu
Siyahıda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2018-ci il 10 aprel
tarixli
144 nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
2 nömrəli əlavə
Məhkum
edilmiş və ya barəsində qətimkan tədbiri
seçilmiş
şəxslərə elektron nəzarət vasitələrinin
tətbiqi
QAYDALARI
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar “Azərbaycan Respublikasının Cinayət Məcəl-ləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1668 nömrəli Fərmanının
1.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır və
məhkum edilmiş və ya barəsində qətimkan tədbiri
seçilmiş şəxslərə elektron nəzarət
vasitələrinin tətbiq edilməsi ilə bağlı məsələləri
tənzimləyir.
1.2.
Elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum edilmiş, habelə barəsində
ev dustaqlığı qətimkan tədbiri
seçilmiş şəxslərə, həmçinin məhkəmənin
müəyyən etdiyi hallarda şərti məhkum edilmiş
və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmiş şəxslərə tətbiq edilir.
1.3.
Elektron nəzarət vasitələrinin tətbiqi zamanı bu
vasitələrin tətbiq edildiyi şəxsin (bundan sonra – nəzarət
subyektinin) qeyri-insani və ya ləyaqəti alçaldan rəftara
məruz qalmasına yol verilmir.
2. Elektron
nəzarət vasitələrinin tətbiqinə dair tələblər
2.1.
Elektron nəzarət vasitələri məhkəmənin
müvafiq olaraq azadlığın məhdudlaşdırılması
növündə cəzanın, habelə şərti məhkum
etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə
minmiş yekun qərarı əsasında Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinə
uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən
tətbiq olunur.
2.2. Barəsində
ev dustaqlığı qətimkan tədbiri
seçilmiş şəxslərə Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
uyğun olaraq elektron nəzarət vasitələrinin tətbiqi
məhkəmənin qərarının elan olunmasından sonra
polis orqanı tərəfindən həyata keçirilir.
2.3.
Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət
subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə)
və polis orqanının müvafiq vəzifəli şəxsi
tərəfindən məhkəmənin qərarının
icrası qaydaları və həmin qaydaların
pozulmasının hüquqi nəticələri ilə
yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə
saxlanılması tələbi, bunun üçün
görülməli olan işlər, habelə hər hansı
müdaxilənin və ya cihazın üzərindən
çıxarılmasının yolverilməzliyi izah edilir, ona
yaddaş kitabçası verilir və bu barədə protokol
tərtib olunur.
3. Elektron
nəzarət sistemi
3.1.
Elektron nəzarət vasitələrinin tətbiqi Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sisteminin elektron nəzarət üzrə altsistemi
(bundan sonra – elektron nəzarət sistemi) vasitəsilə həyata
keçirilir.
3.2. Yerli
probasiya qurumlarında və polis orqanlarında
quraşdırılmış işçi stansiyalar Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sisteminə inteqrasiya olunurlar.
3.3.
Elektron nəzarət sistemi vahid data mərkəzindən və
onun proqram təminatından, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyində
quraşdırılan monitorinq mərkəzlərindən və
bilavasitə elektron nəzarət vasitələrindən ibarətdir.
3.4. Data mərkəzi
elektron nəzarət sisteminin fəaliyyətini təmin edən
əsas və məkanca kənarda yerləşən ehtiyat surətlərdən
ibarət olan avadanlıq və rabitə infrastrukturu
kompleksidir.
3.5. Proqram
təminatı elektron nəzarət vasitələrinin tətbiqi
prosesinin təşkili və ona nəzarətin həyata
keçirilməsi üçün nəzarət subyektlərinin
və onların üzərinə qoyulan vəzifələrin
uçotunu, izləmə məlumatlarının
vizuallaşdırılmasını və
saxlanılmasını, fövqəladə halların müəyyən
edilməsini, bu barədə nəzarət subyektlərinə
və nəzarətçilərə xəbərdarlığın
göndərilməsini, nəzarətçilərlə nəzarət
subyektləri arasında səsli əlaqənin
yaradılmasını və sair funksiyaları həyata
keçirən avtomatlaşdırılmış mühitdir.
3.6. Monitorinq
mərkəzi elektron nəzarət vasitələrinin istifadəsi
ilə aparılan bütün izləmə məlumatlarının
qəbulunu, emalını, saxlanılmasını, idarə
edilməsini və ötürülməsini, habelə məhkum
edilmiş və ya barəsində qətimkan tədbiri
seçilmiş şəxslərlə operativ əlaqəni təmin
edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz
olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz
fəaliyyət göstərən və elektron nəzarət
sisteminə inteqrasiya edilmiş mərkəzdir.
3.7.
Elektron nəzarət vasitələri – nəzarət subyektinin
üzərinə qoyulmuş vəzifələrin yerinə
yetirilməsini və avtomatlaşdırılmış rejimdə
izlənilməsini təmin edən proqram məhsulu və
avadanlıqlardır.
4. Elektron
nəzarət vasitələrinin tətbiqinin təşkili
4.1.
Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin
müəyyən edilmiş vəzifələri yerinə
yetirməsinə nəzarət məhkum edilmiş şəxslərə
münasibətdə yaşayış yeri üzrə icra məmuru
(probasiya üzrə) tərəfindən, ev
dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş
şəxslərə münasibətdə yaşayış
yeri üzrə polis orqanının müvafiq vəzifəli
şəxsi tərəfindən həyata keçirilir.
4.2.
Yaşadığı yer üzrə yerli probasiya qurumuna və
ya polis orqanına gəlmiş (gətirilmiş) nəzarət
subyekti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza
çəkən məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sistemində qeydiyyata alınır və ona nəzarət
subyektinin eyniləşdirmə nömrəsi verilir.
4.3.
İcra məmuru (probasiya üzrə) və ya polis orqanı məhkəmənin
qərarında göstərilən vəzifələrə əsasən
tətbiq olunacaq elektron nəzarət vasitəsinin
növünü müəyyən edir və elektron nəzarət
sistemində yeni nəzarət subyektinin fərdi identifikasiya
nömrəsini, soyadını, adını, atasının
adını, doğum tarixini, eyniləşdirmə nömrəsini,
quraşdırılacaq cihazların seriya nömrələrini,
məhdudlaşdırma şərtlərini və onlardan
asılı olaraq tələb olunan digər məlumatları
elektron nəzarət sisteminə daxil edir.
4.4.
İcra məmuru (probasiya üzrə) və ya polis
orqanının müvafiq vəzifəli şəxsi nəzarət
subyekti ilə birgə onun məhkəmənin qərarında
göstərilən yaşayış yerinə gedərək,
elektron nəzarət vasitəsini bu Qaydaların 5-ci hissəsinə
əsasən quraşdırır və aktivləşdirilməsi
üçün monitorinq mərkəzinə elektron sorğu
göndərir.
4.5.
Monitorinq mərkəzində məsul növbətçi
dispetçer daxil olan sorğunu yoxlayır və sorğu ilə
bağlı suallar yarandıqda, məlumatı icra məmuru
(probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi ilə dəqiqləşdirdikdən sonra nəzarət
subyektini izləmə siyahısına daxil edib,
quraşdırılacaq elektron nəzarət vasitələrini
aktivləşdirir.
4.6.
Elektron nəzarət vasitəsinin tətbiqinin təşkili
üzrə işlər yekunlaşdıqdan sonra icra məmuru
(probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi bu barədə protokol tərtib edir.
4.7.
Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum edilmiş, şərti məhkum
edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmiş şəxslər elektron nəzarət vasitəsini
gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə
və ya digər üsulla yararsız vəziyyətə
saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmədikdə,
müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinə uyğun tədbirlərin
görülməsi üçün icra məmuru (probasiya
üzrə) tərəfindən məhkəməyə təqdimat
verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri
seçilmiş şəxslər tərəfindən yerinə
yetirilmədikdə, bu barədə Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
müvafiq tədbirlərin görülməsi
üçün cinayət prosesini həyata keçirən
orqana məlumat verilir.
5. Elektron
nəzarət vasitələrinin quraşdırılması
5.1.
Elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərinə
bağlanılmamışdan əvvəl texniki mütəxəssislər
tərəfindən yoxlanılmalı, sanitariya normalarına
uyğun işlənilməlidir.
5.2. Nasaz,
o cümlədən fiziki xəsarət, enerji ehtiyatı
elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və
bu kimi digər əlamətlər müşahidə olunan
elektron nəzarət vasitələri nəzarət subyektinin
üzərinə bağlanıla bilməz.
5.3. Nəzarət
subyektinin üzərinə elektron nəzarət vasitəsinin
bağlanılması eyni cinsin nümayəndəsi tərəfindən
həyata keçirilir.
5.4.
Yetkinlik yaşına çatmamış nəzarət
subyektinin üzərinə elektron nəzarət vasitəsinin
bağlanılması valideynlərinin və ya digər qanuni
nümayəndələrinin iştirakı ilə həyata
keçirilir.
5.5.
Növündən asılı olaraq elektron nəzarət vasitələrinin
quraşdırılması aşağıdakı qaydada həyata
keçirilir:
5.5.1. elektron qolbaq –
nəzarət subyektinin ayağına topuğun əyilmə
yerindən yuxarıda elastik kəmər və birdəfəlik
pərçim vasitəsilə kilidlənir. Kəmərin
sıxlığı ayaqda rahat hərəkət etmək, nəzarət
subyektinə ağrı hissini verməmək, eyni zamanda hərəkət
zamanı çıxmamaq baxımından tənzimlənir.
Elektron qolbaq nəzarət subyektinin ayağına
bağlandıqdan sonra işə salınır və bu zaman
vibrasiya, habelə az görünən
işıq siqnalı vasitəsilə işarə verir. Elektron qolbaq müstəqil və ya nəzarət
qurğuları ilə kompleksdə işləyə bilər.
Müstəqil işləyən elektron
qolbağa, həmçinin GSM kart taxılır və işə
salındıqdan sonra GPS və GSM siqnalları
yoxlanılır, nəzarət subyekti, tarix, saat, yer və məhdudlaşdırma
şərtləri barədə məlumatlar monitorinq mərkəzi
ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi
ilə əlaqə yaradılaraq səs və data mübadiləsi,
eləcə də xəbərdarlıq siqnallarının
işlək olması yoxlanılır;
5.5.2. mobil nəzarət qurğusu – GSM kart
taxıldıqdan sonra işə salınır, GPS və GSM
siqnalları yoxlanılır, bağlantıda işləyəcək
elektron qolbaq və olduğu təqdirdə digər elektron nəzarət
vasitələri tanıdılır, nəzarət subyekti,
tarix, saat, yer və məhdudlaşdırma şərtləri
barədə məlumatlar monitorinq mərkəzi ilə
sinxronlaşdırılır. Monitorinq mərkəzi
ilə əlaqə yaradılaraq səs və data mübadiləsi,
eləcə də xəbərdarlıq siqnallarının
işlək olması yoxlanılır. Mobil
nəzarət qurğusu elektron qolbaq ilə birgə tətbiq
olunur. İzləmə şərtlərindən
asılı olaraq, ev nəzarət
stansiyası və ev siqnal ötürücüsü ilə
bağlantı yaradıla bilər;
5.5.3. ev nəzarət stansiyası – nəzarət
subyektinin yaşadığı evdə elektrik enerji mənbəyinin
(rozetka) bilavasitə yaxınlığında üfüqi və
ya şaquli səth üzərində möhkəm bərkidildikdən
sonra işə salınır, yerüstü xətt və (və
ya) GSM vasitəsilə şəbəkəyə
qoşulması yoxlanılır, elektron qolbaq, habelə
olduğu təqdirdə digər elektron nəzarət vasitələri
tanıdılır, nəzarət subyekti, tarix, saat, yer və
məhdudlaşdırma şərtləri barədə məlumatlar
monitorinq mərkəzi ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi ilə əlaqə
yaradılaraq data və olduqda səs mübadiləsi, eləcə
də xəbərdarlıq siqnallarının işlək
olması yoxlanılır. Ev nəzarət
stansiyası elektron qolbaqlarla birgə tətbiq olunur.
İzləmə şərtlərindən asılı olaraq,
mobil nəzarət qurğusu və ev siqnal
ötürücüsü ilə bağlantı yaradıla bilər;
5.5.4. ev siqnal ötürücüsü – nəzarət
subyektinin yaşadığı evdə elektrik enerji mənbəyinin
(rozetka) bilavasitə yaxınlığında üfüqi və
ya şaquli səth üzərində möhkəm bərkidildikdən
sonra işə salınır, elektron qolbaq, habelə olduğu
təqdirdə digər elektron nəzarət vasitələri
tanıdılır. Monitorinq mərkəzi ilə
əlaqə yaradılaraq işlək olması
yoxlanılır. Ev siqnal
ötürücüsü elektron qolbaq və mobil nəzarət
qurğusu ilə birgə tətbiq olunur. Nəzarət
subyektinin yaşadığı evin ölçülərindən
və quruluşundan asılı olaraq, bir neçə ev siqnal ötürücüsü birgə
istifadə edilə bilər.
5.6.
Bütün texniki proseslər yekunlaşdıqdan sonra icra məmuru
(probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi tətbiq olunan elektron nəzarət vasitələrinin
növündən asılı olaraq, nəzarət subyektinə
sınaq məqsədi ilə izləmə şərtlərini
və nəzarət vasitəsinin işlək vəziyyətdə
saxlanılmasına dair tələbləri pozan hərəkətləri
etməyi tapşırır və onların monitorinq mərkəzində
qeydə alınan izləmə məlumatları ilə, habelə
quraşdırılmış avadanlığa daxil olan xəbərdarlıq
siqnalları ilə uyğunluğunu yoxlayır.
6. İzləmə
və pozuntu hallarında görüləcək tədbirlər
6.1.
Bütün nəzarət subyektlərinin izlənilməsi
monitorinq mərkəzinin dispetçerləri tərəfindən
həyata keçirilir. İzləmə real vaxt
rejimində aparılır.
6.2.
İcra məmuru (probasiya üzrə) və polis
orqanının müvafiq vəzifəli şəxsi nəzarət
subyektlərinin izləmə məlumatlarını yerli
probasiya qurumunda və ya polis orqanında
quraşdırılmış işçi stansiyalar vasitəsilə
real vaxt rejimində tam həcmdə əldə edir.
6.3.
İzləmənin ilk 72 saatı ərzində nəzarət
subyekti barədə daxil olan bütün informasiya
vizuallaşdırılır və dispetçerlər onu nəzarətdə
saxlayır. Bu müddətdə hər hansı pozulmanın
qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq,
dispetçerlər hər 24 saatdan bir nəzarət subyekti ilə
səsli əlaqə saxlayır, elektron nəzarət vasitələrinin
texniki vəziyyəti, daxil olan xəbərdarlıqlar və
bununla bağlı baş verən digər hallar barədə
məlumat alır, yaranmış çətinliklərin həlli
üçün tövsiyələr verir, hər bir zəng
barədə qeydiyyat aparırlar.
6.4.
İzləmənin ilk 72 saatı bitdikdən sonra
dispetçer bu müddətdə qeydiyyata alınanlar barədə
hesabatı informasiya sistemi vasitəsilə məsul icra məmuruna
(probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsinə ötürür. İcra məmuru (probasiya
üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi hesabatla tanış olur və orada hər
hansı pozulmanın qeydiyyata alınıb-alınmamasından
asılı olmayaraq, növbəti 24 saat ərzində nəzarət
subyekti ilə görüşür, elektron nəzarət vasitələri
evində quraşdırılıbsa, onun evinə baş
çəkir və avadanlığın texniki vəziyyətini
öyrənir.
6.5. Onlayn
rejimdə izləmə və baş çəkmə nəticəsində
izləməni mümkünsüz edən hər-hansı bir
problem aşkar olunmadıqda, nəzarət
avtomatlaşdırılmış rejimdə davam edir.
6.6.
Avtomatlaşdırılmış izləmə rejimində
daxil olan izləmə məlumatları proqram təminatı tərəfindən
fasiləsiz təhlil edilir və yalnız pozuntu aşkar
edildikdə, bu barədə pozuntunun təfərrüatlı
təsviri ilə dispetçerə xəbərdarlıq
siqnalı daxil olur və pozuntuya yol verən nəzarət
subyektinin izləmə məlumatları
vizuallaşdırılır.
6.7.
Pozuntu aşkar olunduğu halda, dispetçer göstərilən
ardıcıllıqla aşağıdakı hərəkətləri
həyata keçirir:
6.7.1. baş verən hadisə, habelə onun aradan
qaldırılması üçün görülməli olan
işlər barədə nəzarət subyektinə informasiya
sistemi vasitəsilə məlumat ötürür;
6.7.2. pozuntu 15 dəqiqə ərzində aradan
qaldırılmadıqda, nəzarət subyekti ilə səs əlaqəsini
yaradaraq baş verən hadisə və onun aradan
qaldırılması üçün görülməli olan
işlər barədə məlumat verir;
6.7.3. əlaqə yaratmaq mümkün olmadıqda,
dispetçer növbəti 60 dəqiqə ərzində bu cəhdi
hər 5 dəqiqədən bir təkrarlayır;
6.7.4. pozuntu aradan qaldırılmadıqda və ya nəzarət
subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda, məsul
icra məmuruna (probasiya üzrə) və ya polis
orqanının müvafiq vəzifəli şəxsinə
hadisə barədə məlumat verir və elektron sistem vasitəsilə
onun aradan qaldırılması üçün görülən
işləri əhatə edən hesabatı müvafiq
işçi stansiyalara ötürür.
6.8.
Pozuntu aşkar olunduğu halda, məsul icra məmuru (probasiya
üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi göstərilən ardıcıllıqla
aşağıdakı hərəkətləri həyata
keçirir:
6.8.1. hadisə barədə məlumatı
aldıqdan sonra dərhal nəzarət subyekti ilə telefon
vasitəsilə və ya yaşadığı yerə gedərək
əlaqə saxlamağa cəhd göstərir;
6.8.2. nəzarət subyekti ilə əlaqə
saxladığı təqdirdə, hadisənin aradan
qaldırılması və izləmənin normal rejimdə
davam etdirilməsi üçün tədbirlər
görür;
6.8.3. hadisənin səbəblərini öyrənərək,
bu barədə məlumatı, hadisənin üzrlü səbəbdən
baş verməsini sübut edən sənədlər olduqda isə
həmçinin onların skan versiyasını Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sisteminə daxil edir;
6.8.4. nəzarət subyekti ilə əlaqə saxlamaq
mümkün olmadıqda, onun axtarışı üzrə tədbirlər
görür.
7. İzləmə
şərtlərinin və elektron nəzarət vasitələrinin dəyişdirilməsi
7.1.
İzləmə şərtləri Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
51-3.3-51-3.6-cı və Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin 163.8-ci maddələrində nəzərdə
tutulmuş hallarda və qaydada dəyişdirilir.
7.2.
İzləmə şərtlərinin dəyişdirilməsi
üçün elektron nəzarət vasitələrinin dəyişdirilməsi
tələb olunmadıqda, avadanlıq nəzarət subyektinin
üzərindən çıxarılmadan və deaktiv edilmədən
informasiya sistemində yeni şərtlər göstərilir. İcra məmuru (probasiya üzrə) və ya polis
orqanının müvafiq vəzifəli şəxsi nəzarət
subyektinə sınaq məqsədi ilə izləmə şərtlərini
pozan hərəkətləri etməyi tapşırır və
onların monitorinq mərkəzində qeydə alınan izləmə
məlumatları, habelə quraşdırılmış
avadanlığa daxil olan xəbərdarlıq siqnalları ilə
uyğunluğunu yoxlayır.
7.3.
İzləmə şərtlərinin dəyişdirilməsi
müvəqqəti olduqda, bunun üçün nəzərdə
tutulmuş müddət bitdikdən sonra icra məmuru (probasiya
üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi bu Qaydaların 7.2-ci bəndində göstərilən
tədbirləri yenidən yerinə yetirir.
7.4.
İzləmə şərtlərində edilmiş dəyişikliklərdən
asılı olaraq, elektron nəzarət vasitələrinin dəyişdirilməsi
də tələb oluna bilər. Belə dəyişikliklər
yalnız daimi ola bilər. Bu
halda, elektron nəzarət vasitələri bu Qaydaların 8-ci
hissəsinə müvafiq olaraq çıxarılır və
5-ci hissəsinə müvafiq olaraq yenisi bağlanılır.
7.5. Tətbiq
olunan elektron nəzarət vasitəsi yararsız hala
düşdükdə və ya fəaliyyətində
nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz
edilə bilər. Bunun üçün icra məmuru
(probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi nasaz avadanlığa onu çıxarmadan
baxış keçirməli və onun bilərəkdən
korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə
qərar verməlidir. Belə halda, icra məmuru
(probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli
şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən
tədbirləri yerinə yetirir. Nəzarət
subyekti elektron nəzarət vasitəsini zədələdikdə
və ya digər üsullarla yararsız vəziyyətə saldıqda,
həmin vasitənin dəyəri ondan tutulur.
8. Elektron
nəzarət vasitələrinin çıxarılması
8.1. Şərti
məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmənin, azadlığın məhdudlaşdırılmasının
və ya ev dustaqlığının
müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət
vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis
orqanı tərəfindən birdəfəlik
çıxarılır.
8.2. Şəxsə
tibbi yardımın göstərilməsi zərurəti ilə
əlaqədar elektron nəzarət vasitəsinin müvəqqəti
çıxarılması ilə bağlı nəzarət
subyektinin müraciətinə təxirəsalınmadan
baxılır və əsaslandırılmış qərar qəbul
edilir.
8.3.
Elektron nəzarət vasitəsinin çıxarılması
üçün onun monitorinq mərkəzində deaktiv edilməsi
və izləmə sessiyasının bağlanılması tələb
olunur.
8.4.
Elektron nəzarət vasitələri
çıxarıldıqda, icra məmuru (probasiya üzrə)
və ya polis orqanının müvafiq vəzifəli şəxsi
onun texniki vəziyyətini yoxlayır və mövcud olan
bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət,
enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun
hermetikliyinin pozulması və bu kimi digər əlamətlər
barədə akt tərtib edir.
8.5. Birdəfəlik
çıxarılmış elektron nəzarət vasitələri
onun texniki vəziyyəti barədə aktla birlikdə
monitorinq mərkəzinə göndərilir.
8.6.
Monitorinq mərkəzində çıxarılmış
elektron nəzarət vasitələrinin texniki vəziyyəti
qiymətləndirilir və avadanlıq bərpa olunması və
digər nəzarət subyektinə bağlanılması məqsədi
ilə hazırlanması üçün aidiyyəti üzrə
təhvil verilir.
9. Yekun
müddəalar
9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza
çəkən məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sisteminə toplanılan izləmə məlumatları
elektron nəzarət vasitələrinin tətbiqi müddəti
bitdikdən sonra arxivləşdirilir, 6 ay keçdikdən
sonra isə ləğv olunur.
9.2.
İzləmə zamanı baş verən hadisələr, onların
səbəbləri və aradan qaldırılması müddəti,
habelə izləmə şərtlərinin və elektron nəzarət
vasitələrinin dəyişməsi barədə hesabat Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sisteminə ötürülür və orada 15 il saxlanılır.
Qeyd. Bu
Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2018.- 15 aprel.- S.4.