Ölkəmizdə Beynəlxalq Abidələr

və Tarixi Yerlər Günü qeyd olundu

 

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis edilmiş bu əlamətdar günün qeyd olunması  müxtəlif səbəblərdən və ən əsası da müharibələr  nəticəsində  məhv olaraq tarixdən silinmək təhlükəsi qarşısında qalan abidələrin və tarixi ərazilərin qorunmasına bəşəriyyətin diqqətinin yönəldilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.

 

Hər il Azərbaycanda  aprelin  18-i  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu məqsədlə bir sıra qoruqlarda və abidələrdə təbliğat məqsədi ilə  maarifləndirici tədbirlər həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə həmin gün bütün qoruq və abidələrdə tətbiq olunan “Açıq qapı” günləri keçirilir.  18 apreldə ölkəmizin tarixi yerlərinə, o cümlədən  Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarətə gələn turistlər üçün əraziyə giriş ödənişsiz  olur.

Azərbaycanın qədim tarixini özündə yaşadan, xalqımızın daş yaddaşı hesab edilən Qobustan dünya əhəmiyyətli tarixi abidəmizdir. Əcdadlarımızın həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini köksündə yaşadan Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il tarixli  qərarı ilə yaradılmış elmi-tədqiqat idarəsi statusuna malik müəssisədir. Qoruğun ərazisinə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəritə-sxemə əsasən Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və onları əhatə edən sahələr  Şonqardağ, Şıxqaya qayaüstü kolleksiyaları daxildir. Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin və Birinci  vitse- prezident Mehriban  xanım  Əliyevanın təşəbbüsü ilə 29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI sessiyasında Qobustanın qayaüstü rəsmləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Ölkə başçısının 2011-ci ildə imzaladığı sərəncamla milli status daşıyan qoruğun ərazisində yeni inzibatimuzey binası tikilib istifadəyə verilmişdir.

Qoruqda turizmin inkişaf etdirilməsi və fərqli yaş qrupuna aid turistlərin əraziyə cəlb olunması məqsədilə 2017-ci ildən qoruğun ərazisində “Mini Qobustan” adlı arxeoparkın yaradılması, arxeoparkın ərazisində Tunc dövrünə aid “Dairə yaşayış yerinin rekonstruksiyası, girişdə qədim Qobustan ərazisində məskunlaşmış ibtidai insanın yaşam tərzini əks etdirən ibtidai sığınacaqların rekonstruksiyası, arxeoparkı seyr edən turistlərə iaşə və əyləncə xidmətlərinin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması, daha sonra qoruğun ərazisində Qobustan motivlərindən istifadə olunmaqla interaktiv attraksionlardan ibarət əyləncə parkının və kontakt zooparkının yaradılması kimi böyük işlərin layihələndirilməsinə başlanılmış və bunun üçün zəruri texniki işlər həyata keçirilmişdir.

Artıq cari ildə qeyd olunan işlərin bir hissəsi yekunlaşmış və arxeoparkMini Qobustan” adlı interaktiv tur kimi turistlərin istifadəsinə verilmişdir.

İnteraktiv tur xronoloji ardıcıllığa uyğun olaraqNeolit kəndi”, “Tunc dövrü sənətkarlığı”, “Orta əsr zərbxanası” bölmələrindən ibarətdir. Bu bölmələrdə tamaşaçılar  bələdçinin nəzarəti altında Neolit dövrü evi və məişəti ilə tanış ola, qida məhsullarının hazırlanmasında iştirak edə və dadına baxa, dulus çarxında Qobustan gilindən istifadə etməklə saxsı qablar düzəldə, hazır klişelərdən istifadə etməklə özləri üzərində Qobustan simvolları əks olunmuş xatirə sikkələri zərb edə bilərlər.

Bütün bunlarla yanaşı, ərazini ziyarətə gələn turistlər həftəsonları qoruğun müxtəlif sahələrində ekskursiya marşrutlarına salınmayan abidələrlə tanışlıq, açıq havada gəzinti və müxtəlif interaktiv fəaliyyətləri əhatə edən “Labirint” və “Litosfera” adlı xüsusi ekskursiyalarda iştirak edə bilərlər.

Bütün bu işlər həyata keçirilərkən müxtəlif yaş qrupundan olan turistlər nəzərə alınmış və hər kəsin qoruq ərazisində asudə vaxt keçirə bilməsi üçün müvafiq şərait  yaradılmışdır.

Bu minvalla azyaşlıların da əraziyə cəlb olunmasını təmin etmək üçün ötən ildən icrasına başlanılmış kontakt zooparkının yaradılması işləri sürətlə davam etdirilməkdədir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 19 aprel.- S.12.