Gəncədə Zərifə xanım
Əliyevanın xatirəsinə
həsr edilmiş “Zəriflik”
Beynəlxalq
Musiqi
Festivalının açılışı olub
Aprelin 28-də Gəncə Dövlət Filarmoniyasının konsert zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. O, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalının ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə bütün mədəniyyətsevərləri təbrik edib və bunu şəhərin mədəni həyatında mühüm hadisə adlandırıb.
Qeyd edilib
ki, qədim Şərqin elm
və mədəniyyət mərkəzlərindən olan Gəncə bu gün Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində öz
inkişafının yeni mərhələsini
yaşayır. Son illər Gəncədə
bir sıra beynəlxalq layihələrin uğurla icra edildiyini deyən Elmar Vəliyev
diqqətə çatdırıb ki,
2013-cü ildə Madrid Klubunun,
Beynəlxalq Nizami Mərkəzinin tədbirləri
bu şəhərdə keçirilib.
Həmçinin Gəncə 2016-cı ildə Avropanın Gənclər
Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər
Birliyinin Mədəniyyət Paytaxtı seçilib.
Belə
tədbirlərin davamlı olacağını deyən icra
hakimiyyətinin başçısı bildirib ki, Gəncə
2018-ci ildə Avropanın İdman Şəhəri tituluna
sahib olmaq üçün öz namizədliyini irəli
sürüb.
Gəncədə son vaxtlar bir çox mədəniyyət mərkəzlərinin istifadəyə verildiyini qeyd edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli onların arasında ötən il dövlətimizin başçısının iştirakı ilə açılan Gəncə Dövlət Filarmoniyasını xüsusi vurğulayıb. Bildirib ki, möhtəşəm memarlıq üslubu ilə istər yerli, istərsə də əcnəbi qonaqlara xoş təsir bağışlayan bu əzəmətli mədəniyyət mərkəzində istənilən beynəlxalq tədbiri keçirmək mümkündür.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı xatirələrindən də danışan Fərhad Bədəlbəyli deyib: "Bu festival Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunduğu üçün tədbirə "Zəriflik" adı vermişik. Zərifə xanım doğrudan böyük bir alim idi, eyni zamanda, musiqini çox sevirdi. Özü pianoda ifa edərdi. Onların evindən hər zaman musiqi səsi gələrdi. Zərifə xanımın xatirəsinə həsr olunmuş bu festival ənənəvi xarakter daşıyacaq."
Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edib. Konsertdə Azərbaycan Respublikasının Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Samir Cəfərov (tenor), Əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və Fəridə Məmmədova (soprano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Ehtiram Hüseynov (xanəndə), Ceyla Seyidova (violin), Olqa Naqornaya (soprano, Ukrayna), Taleh Yahyayev, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun ilə yanaşı, digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.
Aprelin 30-dək davam edəcək festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna, Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya Federasiyası Dövlət Akademik Böyük Teatrının kollektivi ilə təmsil olunacaq. Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəylidir.
AZƏRTAC
Xalq qəzeti.- 2018.- 29
aprel.- S.4.