Rusiya yüklərin tranzitində yeni istiqamət qismində BTQ dəmir yolu marşrutuna böyük maraq göstərir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, hazırda ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasiiqtisadi dividendlər gətirir. 

Dövlətimizin başçısı çıxışlarının birində nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi ilə bağlı deyib: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.

Hazırda beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə dövlətimizin  başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər irəli sürmək, tranzit daşımaları sahəsində səmərəli idarəçilik yaratmaqmüvafiq koordinasiya siyasəti reallaşdırmaqla ciddi irəliləyişlər əldə edə bilər. Azərbaycan Prezidenti bu məsələyə toxunaraq qeyd edib: “Bu gün yükdaşımaları uğrunda ciddi mübarizə gedir. Bölgə ölkələri rəqabət aparır. Azərbaycan burada passiv müşahidəçi mövqeyi tutmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq”.

Bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz aydın ifadəsini tapıb. Sənəddə qeyd edilir ki, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə respublikanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsalinvestisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaq.

Son illərdə ölkəmizdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsinə başlanılıb və xeyli görülüb. Bütün bunların nəticəsində isə  yükdaşımaların həcmində artım qeydə alınıb.

BTQ irimiqyaslı dəmir yolu layihəsinin reallaşması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu isə paytaxt Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini vəd edir. Rusiyanın Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratovun fikrincə, BTQ dəmir yolu təkcə Bakı yox, həm də bütün region qarşısında ciddi iqtisadi perspektivlər açır: “Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət qismində Rusiya tərəfi üçünçox maraqlıdır”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin bir müddət bundan əvvəl yaydığı məlumatda bildirilirdi ki,  iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır.

Ekspertlər bildirirlər ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası saziş əsasında çəkilmiş BTQ dəmir yolunun böyük potensialı var. Yaxın vaxtlarda bu potensialın tam gücü ilə işə salınacağı gözlənilir. Rusiyasazişin iştirakçısı olan ölkələr arasında münasibətlər BTQ sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Avropa ilə Asiyanın qoşulması yolu ilə yaxın vaxtlarda birbaşa xarici investisiyaların artacağı da   gözlənilir. 

Rus konteyner şirkəti” Səhmdar Cəmiyyətinin baş direktoru İvan Qrişaqin mətbuata məlumatında xatırladır ki, rəhbəri olduğu səhmdar cəmiyyətin mütəxəssisləri BTQ dəmir yolu marşrutunu Rusiyanın Privoljsk, UralSibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımalarının ən qısa yolu kimi qiymətləndirirlər.

Məhz elə bunun nəticəsidir ki, Rusiyanın son vaxtlar BTQ dəmir yoluna marağı xeyli artıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yola davam etdirilib. 

Hazırda isə Maqnitiqorsk metallurgiya kombinatı Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib. Şirkətin KİV-ə yaydığı xəbərdə deyilir ki, bu müəssisə Maqnitiqorsk-Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını artıq çatdırıb.

“Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya Maqnitiqorsk metallurgiya kombinatının isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır”, - deyə məlumatda qeyd edilib.

Məlumatda daha sonra deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, Maqnitiqorsk metallurgiya kombinatının Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min kilometr məsafə qət edib.

Xatırladaq ki, Maqnitiqorsk metallurgiya kombinatı isti yayma rulonunun tədarükünü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilib: Bu marşrutun uzunluğu 6 min kilometrdən çox, yolun müddəti isə 30 gündür.

Logistik marşrutların diversifikasiyası, şirkət üçün Novorosiysk limanını akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir. Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda, yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi, Maqnitoqorsk metallurgiya kombinatına İskəndərunda yerləşən və özünəməxsus liman vasitəsi ilə Yaxın Şərq, AfrikaAvropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır.

Bu Rusiyadan BTQ dəmir yolu vasitəsilə Türkiyəyə göndərilən ilk dəmir məhsuludur. İndiyə kimi, adı çəkilən kombinatın yükləri əvvəlcə Novorossiysk limanına, oradan da gəmi vasitəsilə İskəndəruna çatdırılırdı. Bu zaman yüklər 6 min kilometrə yaxın məsafəni qət edərək, yalnız 30 gün sonra təyinat yerinə çata bilirdi. Maqnitoqorsk kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir. Həmin yükün bundan sonra BTQ dəmir yolu ilə nəql edilməsi planlaşdırılır.

Rusiyanın digər müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərirlər. Məsələn, keçən ay BTQ dəmir yolu   vasitəsilə Rusiyadan taxıl daşınmasına start verilib.

Məlumat üçün bildirək ki, “AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasından, Cənubi Ural istiqaməti üzrə Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb.

Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən BTQ dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün böyük əhəmiyyətə malikdir. Layihəyə Mərkəzi Asiya ölkələri, Əfqanıstan və bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir.

Sonda xatırladaq ki, açılışı 2017-ci il oktyabrın 30-da olan BTQ dəmir yolunun uzunluğu 850 kilometrdir. Bunun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. İlkin mərhələdə bu yolla 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımalarının həcmini daha da artırmaq nəzərdə tutulur. Analitiklərin proqnozlarına görə, gələcəkdə dəmir yolunun sərnişindaşıma və yükdaşıma qabiliyyəti artırılaraq ildə təqribən 2-3 milyon sərnişinə və 15 milyon tondan çox yükə çatdırıla bilər.

Yeri gəlmişkən, Rusiyanın yükdaşımalarında mühüm rol oynayan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı bəzi məqamlara da diqqət yetirək. Bu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə,    Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, habelə Rusiyanın, Orta AsiyaQafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Xatırdadaq ki, sözügedən nəqliyyat dəhlizi təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2018.-21 avqust.- S.1.