Artan güc və qüdrətimiz Qarabağda Qələbəmizi
yaxınlaşdırır
Füzuli və Cəbrayılın işğalından 25 il keçir
Təqvimdə hər dəfə kədər və hüznlə yad edilən, eyni zamanda, qeyrətə səsləyən, qələbəyə yönləndirən daha bir ildönümü – 23 avqust Füzuli və Cəbrayıl rayonunun işğalı günü gəlib çatdı. 25 il əvvəl, Ağdamın ələ keçirilməsindən bir ay sonra o dövrdə Azərbaycanda yaranmış kəskin hərbi-siyasi qarşıdurmadan istifadə edən Ermənistan onu ölkəmizə qarşı qanlı təzyiq alətinə çevirən beynəlxalq dairələrin himayəsi ilə Füzuli və Cəbrayıl rayonlarını da işğal etdi.
* * *
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin müstəqilliyini yenicə qazanmış və dünya birliyinə tamhüquqlu üzv qəbul edilmiş Azərbaycanın daha bir bölgəsinin hərbi yolla ələ keçirilməsini dərhal işğal faktı kimi qiymətləndirsə də, tutulmuş ərazinin qeyd-şərtsiz azad edilməsini birmənalı olaraq tələb etsə də dünyada sülh və ədalətə sarsıdıcı zərbələr vuran ikili standartlar səbəbindən digər bölgələrimiz kimi, Füzuli də 25 ildir ki, düşmən tapdağında qalıb. Bu rayonun itirilməsi də birbaşa Ermənistanın işğalçılıq siyasətinin hədəfi olsa da, digər bölgələrimiz kimi, onun da asanlıqla ələ verilməsi daxildəki məsuliyyətsiz, milli qeyrətini itirmiş qüvvələrin xəyanətkarlığının nəticəsi olaraq baş tutdu.
Rayonun işğalının ildönümlərində, adətən, bu kütləvi faciənin səbəbləri və ağır nəticələri bir daha nəzərdən keçirilir. Ənənəvi anım mərasimində Füzulinin bir rayon kimi yaşadılması və problemlərinin həlli ilə bağlı dövlət siyasətinin uğurlarından qədirbilənliklə söz açılır, əhalinin öz vətənində köçkünlüyünə son qoyacaq, qələbəni yaxınlaşdıracaq amillərə bir daha diqqət yetirilir.
1386 kvadratkilometr ərazisi, 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olan Füzulidə işğal ərəfəsində 105 min nəfər sakin məskunlaşmışdı. 1988-ci ildən başlayan Ermənistanın ölkəmizə təcavüzünə qarşı mübarizədə bütün rayon əhalisi mübarizəyə qalxmış, minlərlə füzulili səngərlərdə döyüşmüşdür. Müharibənin əsas ağırlığını Füzuli şəhərinin, Yağlıvənd, Dövlətyarlı, Divanalılar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gora-zıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişdir.
23 avqust 1993-cü ildə isə Ermənistan ordusu Füzulinin 51 kəndini və rayon mərkəzini işğal etmişdir. 55 min nəfər dinc əhali doğma torpaqlarından didərgin düşmüş, mühasirədən çıxa bilməyən yüzlərlə adam vəhşicəsinə öldürülmüş və əsir götürülərək işgəncələrə məruz qalmışdır. Ümumilikdə, düşmənin silahlı basqınlarının qarşısının alınmasında 667 nəfər füzulili şəhid olmuş, 181 nəfər itkin düşmüşdür. Döyüşlərdə böyük hünər göstərən 6 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Düşmənin 5 il davam edən hücumları nəticəsində 1450 nəfər müxtəlif dərəcədə yaralanmış, 753 nəfər əlilə çevrilmişdir. 36 min 361 nəfər uşaq hərbi münaqişənin hədəfinə tuş gəlmiş, onlardan 155 nəfəri yetim qalmışdır.
Həmin günlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb kəskin vətəndaş qarşıdurmasını həmrəyliyə və milli birliyə yönləndirən ümummilli lider Heydər Əliyev düşmənin davamlı basqınlarının və hərbi-siyasi müxalifətin daha müdhiş xəyanətkarlıqlarının qarşısını alaraq rayonun yerdə qalan ərazisini işğaldan xilas etmiş, çöllərə səpələnmiş, hara gəldi pənah aparmış insanların yerləşdirilməsini, nicat tapmasını təşkil etmişdir.
Ulu öndər az sonra xalqın əksəriyyətinin dəstəyi ilə ölkə Prezidenti seçildikdən, Ali Baş Komandan olaraq orduda nizam-intizam yaratdıqdan, silahlı qüvvələrdə vahid komandanlığı təmin etdikdən dərhal sonra uğurlu əks-hücum əməliyyatlarına start vermişdir. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə ümummilli lider Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində Füzulinin işğal olunmuş 21 kəndi və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilmişdir. Ulu öndərin gerçəkləşdirdiyi zəruri tədbirlər nəticəsində, ilkin mərhələdə, geri qaytarılmış ərazilərdə normal həyat ahəngi bərpa edilmiş, 40 min dinc sakinin rayonda məskunlaşdırılması təmin edilmişdir.
Füzulinin işğalının növbəti ildönümü ilə bağlı rayonda keçirilən ümumrayon anım mərasimində bütün bunlar barədə dərin hüzn və təəssüflə söhbət açıldı. Toplantıda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və davamlı köməyi ilə ötən illərdə rayonda aparılan hərtərəfli bərpa-quruculuq işlərindən, istehsal sahələrinin dirçəldilməsi və inkişaf etdirilməsi tədbirlərindən və kənardakı məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən genişmiqyaslı işlərdən də ətraflı danışıldı.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, qüdrətli dövlət xadimi və sərkərdə Heydər Əliyevin komandanlığı ilə Qarabağ müharibəsinin tarixində düşmənə ilk sarsıdıcı zərbə və işğal olunmuş ərazilərin hərbi yolla azad edilməsinin başlanğıcı olmuş uğurlu Horadiz əməliyyatından sonra erməni quldurlarının qarət edib, viran qoyduğu yaşayış məntəqələrində kompleks bərpa layihələri həyata keçirilmişdir. Davamlı olaraq sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur yenidən qurulmuş, füzulililər mərhələ-mərhələ doğma yurdlarına qayıtmışlar.
Sonrakı dövrdə Prezident İlham Əliyevin sərəncamları ilə 2003-cü ildə rayon ərazisində 11 Qayıdış, 2007-ci ildə 5 Zobucuq, 2016-cı ildə isə respublikada sonuncu fin qəsəbəsində yaşayan məcburi köçkünlər üçün 400 evlik yeni qəsəbə salınmışdır. Hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün yaşayır. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq, rayonun işğaldan azad olunmuş ərazisində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər zəruri məişət ehtiyacları tam ödənilir.
Dövlət başçısının xeyir-duası ilə 2010-cu ildə rayonda Müalicə-Diaqnostika Mərkəzi, Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi tikilərək istifadəyə verilmişdir. Son 6 ildə Prezident İlham Əliyev 4 dəfə Füzulidə olmuş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncam imzalamışdır.
Ölkə rəhbəri rayona 2012-ci, 2014-cü, 2016-cı və 2017-ci illərdəki səfərləri zamanı Horadiz şəhərində Mədəniyyət Evi, Dram Teatrı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, 2 saylı tam orta məktəb, Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı binalarının, Heydər Əliyev parkının, Horadiz Dəmiryol Vağzalının, Soyuducu Anbar Kompleksinin, Su Elektrik Stansiyasının, Bayraq meydanının, boulinq zalının, uşaq bağçasının, Horadiz şəhərində işğal dövründə yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal obyektin, Qəhrəmanlar parkının açılışında iştirak etmişdir. Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası qəsəbəni birləşdirən 23 kilometrlik Qayıdış qəsəbələrarası, Horadiz-Cocuq Mərcanlı avtomobil yolları, Rəsm Qalereyası, Azərxalça ASC-nin Horadiz filialı, 400 evlik yeni qəsəbə də dövlət başçısının bu səfərləri zamanı istifadəyə verilmişdir. 2013-cü ildə Polis şöbəsi, Təhsil şöbəsi, Milli Təhlükəsizlik Xidməti rayon şöbəsi üçün inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Mərasimdə daha sonra bildirildi ki, işğal dövründə Alıxanlı kəndində 50, Əhmədalılar kəndində isə 25 yandırılmış ev bərpa olunmuş, sahibləri doğma ocaqlarına qayıtmışlar. Horadiz şəhərində isə düşmənin xarabalığa çevirdiyi 7 küçə tam bərpa edilərək istifadəyə verilmişdir. Şəhərdə geniş yaşıllıq zolaqları salınmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar yaradılmışdır. Rayon ərazisində 100 minə yaxın müxtəlif ağac və dekorativ kol əkilmişdir.
İşğal dövründə yandırılmış və dağıdılmış, o cümlədən qəzalı vəziyyətdə olan Araz Zərgər, Qarabağ, Gecəgözlü yatağı, Qazaxlar, Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziya və 4 saylı Qayıdış qəsəbə tam orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Ümumiyyətlə, son 10 ildə 3 min 860 şagird yerlik 23 məktəb binası tikilmiş, 2 min 180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunmuşdur. Yaşayış məntəqələrində tikinti-quruculuq, abadlıq işləri bu gün də sürətlə davam edir. Hazırda Horadiz şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsi üçün inzibati binanın, Bayraq Muzeyinin, Bala Bəhmənli kəndində Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir.
Böyük minnətdarlıqla qeyd edildi ki, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini respublikanın digər bölgələrində olduğu kimi, füzulililər də daim hiss edirlər. Fond rayonda 4 böyük layihə həyata keçirmişdir. 2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş məktəb binası, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 və 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağçası-körpələr evləri, 2014-cü ildə Horadiz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmişdir.
Dövlət proqramına uyğun olaraq, rayonun işğaldan azad edilmiş ərazisindəki 39 yaşayış məntəqəsinin hər biri mavi yanacaqla təmin olunmuş, ərazidə qazlaşdırma 100 faiz başa çatdırılmışdır.
Rayonda özəl sahənin inkişafına da ciddi fikir verilir. Yaradılan əlverişli
şəraitin nəticəsidir
ki, yüzlərlə
şəxs sahibkarlıqla
məşğul olur,
iqtisadiyyatın möhkəmləndirilməsində
yaxından iştirak edir. Onlarla insan kənd
təsərrüfatı, kiçik
emal müəssisələri
yaradaraq, məhsul bolluğu yaradır.
Sahibkarlar yeni iş yerləri açır, fəaliyyətlərini
genişləndirirlər. Təkcə
2017-ci il ərzində Füzuli rayonunda özəl bölməyə 12 milyon manatdan artıq investisiya qoyulmuşdur. Azərxalça ASC-nin Horadiz şəhərində yaradılmış
filialında toxunan Qarabağın tarixi çeşnili xalçaları
Azərbaycan brendi altında artıq dünyanın müxtəlif
ölkələrinə ixrac
olunur.
Kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən geniş
tədbirlər həyata
keçirilmiş, ümumi
məhsulda bu sektorun çəkisi artırılmışdır. Son illər rayonda strateji məhsul olan taxılçılığın
intensiv inkişafına
xüsusi diqqət yetirilir. Artıq yeddinci ildir
ki, rayon üzrə
100 min tondan artıq taxıl istehsal edilir. Bu dövrdə
füzulililər 800 min tondan
artıq taxıl istehsal etmişlər.
Prezident İlham Əliyevin kənd təsərrüfatının
inkişafı ilə
bağlı təsdiq
etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq, rayonda iri taxılçılıq
təsərrüfatı yaradılıb.
2,7 min hektar torpaq sahəsində isə müxtəlif növ kənd təsərrüfatı məhsulları
istehsal edən Aqropark təşkil edilmişdir.
Rayonda ənənəvi təsərrüfat
sahələrindən olan
pambıqçılıq və
baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Rayonun işğaldan azad olunmuş ərazisində
2016-cı ildə 3,3 ton, 2017-ci ildə 24,5 ton, 2018-ci ildə
isə 38 ton barama istehsal olunmuş, kümçülər 650 min manata
yaxın vəsait əldə etmişlər.
2018-ci ildə 2100 hektar sahədə pambıq əkilmiş, pambıqçılıq və
baramaçılığın hesabına minlərlə insanın məşğulluğu
təmin edilmişdir.
Hazırda işğaldan azad olunmuş ərazidə 70
min nəfərə yaxın
əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt şəhərlərində və
respublikanın 50-dən çox
şəhər və
rayonlarında məskunlaşmışdır.
Füzuli Rayon İcra Hakimiyyəti,
mütəmadi olaraq, məcburi köçkünlərlə
əlaqə saxlayır,
onların problemləri
öyrənilir, müvafiq
köməklik göstərilir.
Füzuli RİH-in başçısı,
müavinləri və
şöbə müdirləri
davamlı olaraq məcburi köçkünlərin
sıx məskunlaşdıqları
Bakı, Sumqayıt şəhərlərində, Saatlı,
Sabirabad, İmişli
və Beyləqan rayonlarında, o cümlədən
rayonun iri yaşayış məntəqələrində
görüşlər keçirir,
söhbətlər aparır,
vətəndaşları narahat
edən məsələləri
yerindəcə həll
etməyə çalışırlar.
Əsas müraciətləri yerində
həll olunan əhali başqa təşkilatlara müraciət
etmir, əziyyət çəkmir.
Toplantıda rayonun bir hissəsinin
işğaldan azad edilməsi, orada normal həyat ahənginin və səmərəli məşğulluğun təmin
edilməsi minnətdarlıqla
vurğulandı. Dərin inamla bildirildi
ki, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi müdrik
daxili və xarici siyasət Qarabağda xalqımızın
mütləq Qələbəsinə
zəruri təminat yaradır, məcburi köçkünlərin doğma
yurda Qayıdışını
tezləşdirir.
* * *
Cəbrayıl da avqustun 23-də erməni quldur birləşmələri tərəfindən
işğal edilib. Rayonun ərazisi
1050 kvadratkilometr, əhalisi
isə təxminən
57 min nəfər idi.
Hazırda rayonun 80-dən çox
yaşayış məntəqəsi
işğal altındadır.
Xatırladaq ki, zəngin yeraltı-yerüstü sərvətlərə
və əsrarəngiz
təbii gözəlliyə
malik Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. Rayonda 120-dək
tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən
ibarət meşələr,
böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi
flora və faunası ilə seçilən Diridağın özünəməxsus
əsrarəngiz təbiət
guşələri, mineral maddələrlə
zəngin su mənbələri erməni
işğalçıları tərəfindən məhv
edilib.
Cəbrayıl rayonunun işğaldan azad edilən yeganə yaşayış
məntəqəsi olan
Cocuq Mərcanlı isə 23 ildən sonra özünün doğmalarını yenidən
qoynuna alıb. Azərbaycan
Ordusunun 2016-cı il dördgünlük
Aprel döyüşlərində
işğaldan azad etdiyi Lələtəpə
yüksəkliyinə sığınmış
Cocuq Mərcanlı kəndinin sakinlərinin doğma yurda qayıdışı üçün
yeni salınan qəsəbə düşmənə
ciddi xəbərdarlıq
və göz dağıdır. Bu, əslində, Azərbaycan
torpaqlarının bir
qarış torpağının
belə düşmən
əsarətində qalmayacağına
dövlət başçısı,
Ali Baş Komandan İlham Əliyevin verdiyi bəyanatın real nəticəsidir.
Cəbrayılın 68,3 min sakini doğma yurdundan didərgin düşərək respublikanın
53 şəhər və
rayonunda məskunlaşıb.
Rayonun müdafiəsi
zamanı 368 nəfər
şəhid, 230 nəfər
əlil olub, 6 nəfər Milli Qəhrəman adına
layiq görülüb.
Dövlətimizin başçısının uğurlu
siyasəti, ölkəmizin
artan iqtisadi və hərbi qüdrəti nəticəsində
tezliklə ərazi bütövlüyümüz bərpa
olunacaq, bununla da ədalətsizliyə
son qoyulacaq. Cəbrayıllılar da doğma yurdlarına qayıdacaqları
günü səbirsizliklə
gözləyirlər.
Ziyəddin SULTANOV
Xalq qəzeti - 2018.- 22 avqust.- S.4.