Vətənə fədakarlıqla xidmət nümunəsi
Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və
fəal rol oynayır... Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Tarixən, türk qadını təkcə gözəlliyi, isməti, namusu, analıq şərəfi ilə deyil, mətanəti, müdrikliyi, vətənsevərliyi, qəhrəmanlığı və milli-mənəvi özəllikləri ilə də ucada dayanıb. Bu anlamda müstəqil dövlətçilik düşüncəsinin yetkinləşməsində, milli varlığımızın layiqli önəm qazanmasında, mənəvi dəyərlərimizin qorunub-zənginləşdirilməsində Azərbaycan qadınının çağdaş lideri, ölkənin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın çoxcəhətli fəaliyyəti və müstəsna dərəcədə böyük rolu yeni tariximizin ən dəyərli səhifələrindəndir.
Azərbaycan xalqı bütün zamanlarda yüksək intellektli qadınları ilə də tanınmışdır. Müxtəlif zamanların ictimai-siyasi proseslərində qadınlarımız fədakarlıq, mətinlik rəmzi kimi öz adlarını salnamələrə, tarixin qəhrəmanlıq səhifələrinə yazdıra bilmişlər. Vətən timsalı olan qadın-analar da həmişə bu ucalıqda dayanmağı bacarmışlar. Vətən onlar üçün övladları qədər doğma, övladları isə Vətən qədər əziz olmuşdur. Bu sevgi amalında analarımız bütün sahələrdə ərləri ilə çiyin-çiyinə dayanmışlar. Qadınlarımız fədakar ev qadını olmaqdan hünərli iş-güc adamına, igid döyüşçüyə, mahir sənətkara, ağıllı siyasətçiyə və müdrik hökmdara qədər hər sahədə bilik və bacarığını tarixə yazdırmışlar.
Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınının həyatımızdakı mövqeyini və çəkisini çox yüksək qiymətləndirərək demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Şübhəsiz, Azərbaycan tarixindəki görkəmli qadınların ulu yolunu çox yüksək səviyyədə və məharətlə davam etdirən ən mükəmməl qadın müasirimiz – Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın dünya şöhrətli birinci qadını Mehriban xanım bu gün həyata keçirdiyi genişmiqyaslı, ağır çəkili humanitar missiyanı irsən və böyüyüb tərbiyə aldığı xüsusi mühitdən həssaslıqla, tələbkarlıqla mənimsəmişdir. Bu missiya, hər şeydən əvvəl, Mehriban Əliyevanın realist nəsrimizi zənginləşdirmiş yazıçı, ədəbiyyatşünas və pedaqoq Mir Cəlal Paşayev, professional jurnalistikamızı ustadlıq səviyyəsinə yüksəltmiş redaktor və pedaqoq Nəsir İmanquliyev kimi məşhur babalarının sovet gerçəkliyi daxilində milli varlığımıza, istiqlal məfkurəmizə dərindən bağlılığından qaynaqlanır.
Bugünkü xoşməramlı səfirin xalqımıza örnək olan iki məşhur ziyalının ruhi-mənəvi yaxınlığını bir ailənin qohumluğu səviyyəsində doğmalaşdırmış ata-anası – dəyərli alimlərimiz Arif Paşayevlə mərhum Aida xanım İmanquliyevanın müqəddəs ocağında verilən insanpərvər tərbiyə və mükəmməl təhsil də Mehriban xanımın mənəvi-əxlaqi kimliyinin formalaşmasına ciddi təsir göstərmişdir.
Şübhəsiz, bu ciddi amillər gələcəyin birinci xanımının sovet superdövlətinin ali rəhbərlərindən biri olmuş ümummilli lider Heydər Əliyevin və dünya şöhrətli tibb alimi, akademik Zərifə Əliyevanın gəlini kimi seçilməsində, belə bir müstəsna şərəfə layiq görülməsində önəmli rol oynamışdır.
Göründüyü kimi, bu müqəddəs missiya dövlətimiz və xalqımız üçün önəmli fəaliyyət sahələrində zirvələr fəth etmiş, azərbaycançılıq məfkurəsini yaşadıb yetkinləşdirmiş nadir şəxsiyyətlərdən Prezident İlham Əliyevə və onun xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya birgə tale yazısı, ümummilli sifariş olaraq ötürülmüşdür.
Azərbaycanın birinci xanımı, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva bu gün bütün dünyada ünlü bioqrafiyalardan birinin sahibi kimi tanınır. Bu bioqrafiyanın ən ümumi məzmunu və təyinatı belədir: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gəlini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti və ən nəhayət, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti. Azərbaycan qadın hərəkatının lideri, ümumdünya qadın hərəkatının ən nüfuzlu simalarından biri Mehriban xanım Əliyevanın mənalı ömür yolu zəngin bioqrafiyasının və çoxyönlü ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı sahələrinin xronikasında aydın seçilir.
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Yaşıdlarından həssaslığı, zəkası və çalışqanlığı ilə seçilən gənc Mehriban 1982-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Xalqımıza gərəkli övlad olmaq üçün ali təhsil almaq arzusunu gerçəkləşdirən Mehriban Əliyeva imtahanları müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, təbabətin sirlərini böyük həvəs və səylə öyrənməyə başlamışdır.
Mehriban Əliyeva 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilərək və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin olunaraq Moskvaya ali sovet rəhbərliyinə aparıldığı dövrdə – 1983-cü ildə ulu öndərin oğlu İlham Əliyevlə ailə həyatı qurmuşdur. Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir: “Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı, daha çox cəlb edirdi”.
Ailə həyatı ilə bağlı Moskva şəhərinə köçən Mehriban Əliyeva ali təhsilini orada davam etdirmiş, 1988-ci ildə İ.M.Seçenov adına
I Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir.
Ailəsi Bakıya qayıtdıqdan sonra Mehriban Əliyeva çoxşaxəli ictimai-siyasi və humanitar fəaliyyətinə baxmayaraq, sevimli ixtisasına bağlılığını da davam etdirmişdir. O, 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından və Azərbaycan Prezidenti seçilməsindən sonra gənc müstəqil dövlətin mədəni quruculuğunda fəal iştirak etmək və xalqımızın qədim mədəniyyətini dünyada tanıtmaq üçün 1995-ci il aprelin 29-da Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır.
Milli-mədəni dəyərlərimizin qorunması və inkişaf etdirilməsi prosesinə fəal dəstək verən Mehriban Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin ölkəmizdə və xaricdə geniş tanıdılması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etmiş və onun baş redaktoru olmuşdur.
Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etdiyi dövrdə Mehriban xanımın ölkədə və xaricdə həyata keçirdiyi bir çox önəmli layihələr, gərəkli işlər onu beynəlxalq aləmdə elm, mədəniyyət, təhsil və digər humanitar sahələrin xeyirxah hamisi kimi tanıtmış, UNESCO ilə sıx, işgüzar əlaqələrin yaranmasına aparıb çıxarmışdır.
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyevin 2003-cü il oktyabrın 15-də ulu öndərin xeyir-duası, xalqın dəstəyi, seçicilərin mütləq çoxluğunun etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun həyat yoldaşı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətində də yeni yüksək və məsul bir mərhələ açmışdır. Ümummilli lider Heydər Əliyevin yolunu böyük uğurla davam etdirən İlham Əliyevin cəmiyyətdəki ali mövqeyi onun həyat yoldaşı Mehriban Əliyevaya ölkəmizin birinci xanımı statusu qazandırmışdır.
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq belə bir statusu məhz Mehriban Əliyeva formalaşdırmış, demokratik cəmiyyətin həyatına birinci xanım ənənəsini o gətirmişdir. Birinci xanım ötən 15 ildə bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf etmişdir. Mehriban xanımın ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici kimi irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.
Mehriban xanım taleyin bu ali bəxşişini hüdudsuz öyünc, şahanə həyat şansı kimi deyil, islahatlar meydanında olan və müharibə şəraitində yaşayan cəmi 12 yaşlı müstəqil bir dövlətin başçısı kimi ən ağır bir vəzifənin yükünü qəbul etmiş həyat yoldaşı İlham Əliyevin ümumdövlət və ümumxalq maraqlarının təmin olunması yolunda gecəli-gündüzlü fəaliyyətində onunla bir sırada olmaq, konkret hədəfləri olan əməllərlə ölkə idarəçiliyinə öz töhfələrini verməklə bağlı sosial-siyasi sifariş kimi qəbul etmişdir. Bununla da Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva gerçəkləşdirmiş, cəmiyyətin həyatına yeni bir ictimai-siyasi fəaliyyət anlayışını və ənənəsini yeni tipli qadın lider düşüncəsi ilə o gətirmişdir.
Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu miqyasına, məzmununa və rəngarəngliyinə görə başqa ölkələr üçün də örnək ola bilər. Mövcud reallıqlar Azərbaycanda birinci xanım amilinin mahiyyətini hamıya qədərincə anladır. Azərbaycanın birinci xanımı öz xalqına gərəkli olan xidməti əsas meyar sayır: “Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm”.
Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də canından artıq sevdiyi Azərbaycanın taleyini ideya və əməllərinin sadiq davamçılarına etibar edərək dünyasını dəyişəndən sonra ulu öndərin xatirəsinin əbədiləşdirilməsi, dövlətçilik yolunun davam etdirilməsi ilə bağlı gerçəkləşdirilən qədirbilənlik və ölməzlik tədbirləri sırasında onun adını daşıyan fondun yaradılması önəmli tarixi hadisə olmuşdur. Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması ilə bağlı cəmiyyətin səylərini əlaqələndirmək və yönləndirmək üçün müstəqil dövlətimizin əbədiyyətə qovuşmuş qurucusunun növbəti doğum günündə Heydər Əliyev Fondunun yaradılması təşəbbüsünü gerçəkləşdirmişdir.
Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fondun nizamnaməsində göstərildiyi və ötən illərdə onun çoxşaxəli və irimiqyaslı fəaliyyətindən göründüyü kimi, ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin canlı timsalı olaraq ərsəyə gəlmiş bu nüfuzlu qurumun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət göstərməkdir.
Fond ötən 14 illik fəaliyyəti dövründə ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin apardığı dövlət siyasətinə geniş ictimai dəstək qazandırmaq, cəmiyyəti narahat edən problemlərin həllini sürətləndirmək üçün müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu kimi dünyada tanınan və dəyərləndirilən yeni tipli ictimai qurumun prezidenti Mehriban Əliyevanın bundan sonrakı karyerası sürətlə zənginləşmiş, bioqrafiyası hədsiz səmərəli və məhsuldar olmuşdur.
Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. UNESCO və İSESCO kimi mötəbər təşkilatlarda Azərbaycanı ləyaqətlə təmsil edən, vətənpərvərliyinə, insansevərliyinə bütün dünyanın şahid olduğu və sayğı göstərdiyi Mehriban xanım Əliyevanın humanist siyasəti, insanın yüksəlişi, haqq-ədalətin daha da möhkəmlənməsi işində xidmətləri Vətən və xalq üçün xüsusi dəyər kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Mehriban xanım xoşməramlı səfir adını daşımağa layiqdir: “Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək”.
XXI əsrin lider qadınları cərgəsində layiqli yer tutan Mehriban Əliyeva həm də Azərbaycanın haqq səsini dünyaya yayan fədakar soydaşımızdır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə son illər ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin – Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Krans Montana Forumu, Münxen Konfransı, Ümumdünya Davos Forumu, III Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirilməsi bu baxımdan olduqca önəmli bir prosesdir. Belə tədbirlərin Bakıda, eləcə də dünyanın ayrı-ayrı şəhərlərində keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət xətti ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələrin humanist məramı da önəmli rol oynayır.
Mehriban Əliyeva xeyirxah fəaliyyəti və əməlləri ilə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi sferada nailiyyətlər əldə etməyə qabil olduğunu dünya ictimaiyyətinə bir daha sübut etdi. O, həm gözəl ana, həm böyük ictimai-siyasi xadim, həm də istedadlı bir Azərbaycan qadınıdır. Ölkədə, eləcə də beynəlxalq miqyasda apardığı xeyriyyəçilik işləri, humanitar məzmunlu tədbirlər Azərbaycan qadınının yüksək humanizm dəyərlərinə sabib olduğunu, dövlət strukturlarında, ictimai-siyasi meydanda böyük istedadını nümayiş etdirir.
Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin düzgün qurulması, layiqli peşəkar kadrların hazırlanması yönündə təşəbbüsləri də onun əsl vətəndaş mövqeyinin, nümunəvi vətənpərvərliyinin parlaq ifadəsidir. Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanımın fəaliyyət proqramına təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində əhatəli işlər daxildir.
Mehriban Əliyeva dünya miqyaslı fəaliyyəti, milli təəssübkeşliyi ilə Azərbaycan xalqının kökü çox qədimlərə bağlı olan sənət xəzinəsinə, milli irsimizə, xüsusən muğamlarımızı, xalça sənətimizi böyük vətəndaş məsuliyyəti ilə himayə edərək, bu misilsiz mənəvi və maddi irsi beynəlxalq səviyyədə tanıtdı və sevdirdi. O, möhtəşəm beynəlxalq tribunalarda cəsarəti, haqsevərliyi ilə dünya ictimaiyyətinin böyük sayğısını qazanıb.
2004-cü ildən bu günədək Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə bir çox layihələr gerçəkləşdirilib. Buraya uzaq Pakistanda yoxsullar üçün məktəb tikməkdən tutmuş, Vatikanda tarixi bərpa işləri aparmağadək geniş, müxtəlif məzmunlu layihələr daxildir.
Mehriban Əliyeva Milli Məclisin deputatı kimi də son dərəcə səmərəli fəaliyyət göstərərk əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərmişdir. Mehriban xanımın köməyi ilə paytaxtın Xəzər rayonunun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrdə yollar çəkilib, su təchizatı yaxşılaşdırılıb, dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılıb, yeni məktəblər, bağçalar tikilib. Türkan qəsəbəsində müasir tələblər səviyyəsində inşa olunan Mədəniyyət Mərkəzi açılıb.
Milli Bədii Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanımın təşkilatçılıq işlərinin nəticəsi olaraq Olimpiya və Paraolimpiya Oyunlarında ölkəmizin uğurları artıb, beynəlxalq yarışların qalibləri aylıq təqaüd, yaxud maliyyə mükafatı alırlar. Onun beynəlxalq arenada nüfuzu sayəsində 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə dünya kuboku yarışları, 2005-ci ildə isə dünya çempionatı Azərbaycanda keçirilib. Az müddətdə Xəzər dənizinin sahilində 23 min tamaşaçı yerləşən “Baku Crystal” konsert zalı tikilərək istifadəyə verilib. 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkədə idmanın inkişafı sahəsində dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sırasına daxildir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının məramını gerçəkləşdirməkdə müstəsna xidmətləri olan yetkin siyasətçi Mehriban Əliyeva 2004-cü ildən ölkənin ən böyük siyasi təşkilatı sayılan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Mehriban Əliyevanın nəinki ölkəmizin, eləcə də Qafqazın ən böyük və nüfuzlu siyasi qurumu olan Yeni Azərbaycan Partiyasının həyatında oynadığı fəal rolu, onun rəhbər qurumlarında səmərəli fəaliyyətini və cəmiyyətdə daşıdığı yüksək ictimai-siyasi missiyanı məsləkdaşları həmişə dərin rəğbət hissi və minnətdarlıqla qarşılamışlar. 2013-cü il iyunun 7-də Bakıda, “Buta” sarayında keçirilən Yeni Azərbaycan Partiyasının
V qurultayında birinci xanım Mehriban Əliyeva YAP-ın sədr müavini vəzifəsinə seçilmişdir.
Geniş, çoxcəhətli
ictimai-siyasi fəaliyyətində böyük təcrübə
və nüfuz qazanmış soydaşımız Mehriban
xanım Əliyeva 2017-ci ilin fevral ayında Azərbaycanın
ikinci yüksək dövlət postuna – Birinci vitse-prezident vəzifəsinə
irəli çəkilmişdir. Bu, Azərbaycanda yenicə təsis
olunmuş Birinci vitse-prezident postuna ilk təyinat idi.
Prezident İlham Əliyev bu yüksək
təyinatı belə səciyyələndirmişdir: “Mehriban
Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında,
mədəni həyatımızda mühüm və fəal
rol oynayır. Bax, bu çoxşaxəli fəaliyyət
və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı
qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva
çox peşəkar, bilikli, təcrübəli, prinsipial,
çox xeyirxah bir insandır. Təsadüfi
deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət
və sevgi ilə yanaşır”.
Prezident İlham Əliyevin dediyi
kimi, Mehriban Əliyevanın rəhbəri olduğu Heydər
Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də
bütün dünyada tanınır, beynəlxalq ictimaiyyət
onu səmimiyyətlə dəyərləndirir. Ölkəmizin birinci
xanımının rəhbərliyi ilə qitəmizin məşhur “Avroviziya” musiqi
yarışmasının, ilk dəfə keçirilən I
Avropa Oyunlarının, IV İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda yüksək səviyyədə
reallaşması onun təşkilatçılıq
istedadının, ən ağır problemləri həll etmək
bacarığının, respublikamıza nüfuz qazandıran
uğur formulunu tapmaq qabiliyyətinin parlaq göstəricisi
oldu.
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsləri ilə ərsəyə
gələn Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz
Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq
Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi
Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı,
Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi
təkcə ölkəmizdə deyil, həm də dünyada mədəni
tələbatın cavablandırılmasına xidmət
etmişdir.
Mehriban Əliyevanın himayəsi ilə
Versal Sarayının parkındakı mədəniyyət abidələrinin,
Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin,
Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və s. bərpası,
müxtəlif ölkələrdə tikilən sosial obyektlər
müstəqil dövlətimizin imicini yüksəlmiş,
xalqımıza çoxlu dost qazandırmışdır. Azərbaycanın birinci xanımının
ayrı-ayrı vaxtlarda layiq görüldüyü nüfuzlu
beynəlxalq mükafatlar və fəxri titullar, şübhəsiz,
xalqımızın böyük ideallarının layiqli təmsilçisi
olan Mehriban xanımın humanitar sahələrdə geniş və
səmərəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət
mərkəzində olduğunu və yüksək dəyərləndirildiyini
bir daha təsdiqləyir.
Heydər Əliyev Fondunun rəhbəri
kimi Mehriban xanımın 40-dək ölkədə “Azərbaycan
günləri”ni təşkil etməsi, dövlətimizin haqq
səsini beynəlxalq birlikdə yayması, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri olaraq, bu mötəbər
qurumlar vasitəsilə Azərbaycanın layiqli təbliğatını
aparması, son üç çağırışda Milli Məclisin
müxtəlif ölkələrlə dostluq qruplarının
rəhbəri kimi uğurlu təmsilçilik fəaliyyəti
də onun ictimai-siyasi bioqrafiyasının dəyərli səhifələridir.
Birinci vitse-prezident Mehriban
Əliyevanın yorulmaz və səmərəli fəaliyyətindən
danışarkən, bir məsələ də
unudulmamalıdır. Bu da onun ölkə əhalisinin ən həssas
təbəqəsi olan qaçqın və məcburi
köçkünlərlə bağlı ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu, Prezident İlham
Əliyevin ardıcıl həyata keçirdiyi dövlət
siyasətinə mühüm önəm verməsidir. Azərbaycanın birinci xanımının
vaxtaşırı doğma yurdlarından didərgin
düşən insanlarla görüşməsi, məcburi
köçkün həyatı yaşayan vətəndaşların
sosial problemlərinin həllinə həssaslıqla
yanaşması onun müstəqil dövlətdə insan
amilinin yüksəlişinə xidmət edən
missiyasının əməli təzahürüdür.
Azərbaycanın Birinci vitse-prezidenti
ilk müşavirəni Dağlıq Qarabağ məsələsinə,
bundan irəli gələn bəlalara, xüsusən də
qaçqın və məcburi köçkünlərin vəziyyətinə
həsr etməklə dünyaya bir daha mesaj vermişdir ki,
ölkəmizin bir nömrəli problemi bu münaqişənin
tezliklə, hansı yolla olursa-olsun, həllidir. Mehriban
xanım açıq bəyan etmişdir ki, Azərbaycan
dövləti bundan sonra da ölkənin ərazi
bütövlüyünün təmin olunması istiqamətində
qətiyyətli addımlar atacaq. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasi kursun da əsas qayəsi bundan ibarətdir
ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin ərazi
bütövlüyü çərçivəsində həllini
tapsın, qaçqın və məcburi köçkünlər
öz yurd-yuvalarına qayıtsınlar. Bu
məsələ tam həllini tapana qədər isə məcburi
köçkünlərin üzləşdiyi problemlər
aradan qaldırılmalıdır.
Xalqımızın böyük
qızı, Birinci vitse-prezident Mehriban Əliyevanın
çoxyönlü, çoxcəhətli ictimai-siyasi, mədəni-humanitar
fəaliyyəti ölkəmizin, bir sıra xarici dövlətin və nüfuzlu beynəlxalq qurumun ali
mükafatlarına layiq görülmüşdür. Tarixdə hələ heç bir Azərbaycan
qadınının fəaliyyət və uğur dairəsi bu
qədər geniş və möhtəşəm
olmamışdır. Bu çoxsaylı
mükafat və təltiflərin ən önəmli bir
neçəsini oxuculara xatırladırıq.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 5 may 2009-cu il
tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin
ictimai-siyasi və mədəni həyatında səmərəli
fəaliyyətinə görə nüfuzlu Heydər Əliyev
Mükafatına layiq görülmüşdür. Mehriban xanım Əliyeva 2006-cı ildə BMT-nin
aparıcı qurumlarından biri olan Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının (ÜƏMT)
qızıl medalı ilə təltif edilmişdir.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına
xidmət sahəsində yüksək nailiyyətlərinə
görə Mehriban xanım Əliyevaya 2007-ci ilin mayında
“Qızıl ürək” beynəlxalq mükafatına layiq
görülmüşdür.
2011-ci il
oktyabrın 7-də Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf
Legionunun Zabiti” dövlət ordeni ilə təltif
olunmuşdur. Ölkəmizdə mədəniyyətin, təhsilin,
səhiyyənin və idmanın inkişafında səmərəli
fəaliyyətinə, Azərbaycan xalqının mədəni
irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I
Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə
görə Mehriban Əliyeva ölkəmizin ali
mükafatına-- “Heydər Əliyev” ordeninə layiq
görülmüşdür.
2016-cı ildə Azərbaycanın
birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın
inkişafında göstərdiyi xüsusi xidmətlərə
görə Avropa Olimpiya Komitələrinin ən yüksək
mükafatı – Ali orden təqdim etmişdir.
Son 15 ildə Mehriban
xanımın təşəbbüsü və rəhbərliyi
ilə görülən işlər xalqın sevdiyi və dəyərləndirdiyi
bu insan ölkənin ikinci yüksək postuna yüksələndən
sonra bir daha gözlərimiz önündə sıralanır. Bunlar yüzlərlə yeni
məktəb və uşaq evləri, tibb müəssisələri,
diaqnostika və müalicə ocaqlarıdır; bərpa olunan
tarixi və dini abidələr, yenidən qurulan mədəniyyət
ocaqları, muzeylər, konsert salonlarıdır; parklar, yollar,
su, işıq və qaz xətləridir; müxtəlif dillərdə
işıq üzü görən, Azərbaycanın həqiqətlərini
dünyaya yayan kitablar, foto və videoalbomlar silsiləsidir; zəngin
mədəni və tarixi irsimizin təbliğinə yönələn
beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır.
Mehriban xanım Əliyeva mətbuata müsahibələrinin birində deyib: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”. Xalqımız və xaricdəki dostlarımız da Mehriban Əliyevanın yüksək dövlət postuna irəli çəkilməsini–Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını onun bu ali məramının, xalqımız və dövlətimiz qarşısında xidmətlərinin nəticəsi kimi qiymətləndirdilər.
Mehriban Əliyevanın mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn humanist, səmərəli və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Ölkənin ilk birinci xanımı hansısa sosial problemi dövlət həll etməlidir stereotipini ictimai düşüncədə dəyişdirməyə nail olmuş və bununla insanları kənar müşahidəçidən əməli işlərin kütləvi iştirakçılarına çevirməyi bacarmışdır.
Nizami
CƏFƏROV,
Milli Məclisin
deputatı,
AMEA-nın həqiqi üzvü
Xalq qəzeti.-
2018.- 25 avqust.- S.3-4.