Azərbaycan qadınının müdrikliyi, mətanəti
və vətənsevərliyi onun timsalında daha parlaq təcəssüm
edir
Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər. Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.
Rusiya
Federasiyasının Prezidenti
Vladimir Putinin
Mehriban Əliyevanın
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin
olunması və
8 Mart bayramı
münasibətilə təbrik məktubundan
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirləri
üçün örnəkdir. O, çox fəaldır
və fəaliyyəti çərçivəsində
çox işlər görür. Mehriban
Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin
bütün görüşlərində fəal iştirak
edir. O, təhsil sahəsində, sosial sahədə
olduqca çox işlər görür və bu, UNESCO-nun
ideyalarının yayılması üçün çox
vacibdir.
Marsio Barbosa
UNESCO-nun baş
direktorunun müavini
Azərbaycan qadını,
tarixən, azad düşüncəli, təmiz qəlbli,
nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın
yükünü kişilərlə bərabər
paylaşmaqla cəmiyyətin inkişafına önəmli
töhfələr vermişdir. Türklərin
qadına nəcib münasibətini aydın şəkildə
ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da
qadının cəmiyyətdə tutduğu üstün
mövqe özünün real əksini tapmışdır.
Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qəhrəman
qadın obrazları, onların mübariz həyat tərzi, cəsur
davranışları cəmiyyətdə qadınların hələ
yüz illər bundan öncə kişilərlə bərabər
hüquqlara, hətta daha mötəbər statusa malik
olduqlarının əyani təzahürüdür.
Bu faktlara, sadəcə,
folklor yaradıcılığımızdan deyil, real həyatdan
da kifayət qədər misallar gətirmək olar. Atabəylərin Möminə
Xatunu və Mehrican Xatunu, XII əsr Şərq
İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi,
XV əsr Ağqoyunluların Sara Xatunu, Qarabağ
Xanlığının sonuncu vərəsəsi– Xan
qızı Natəvan, sovet sisteminin fədakar qurucularından
və eyni zamanda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr
Azərbaycan qadınının əldə etdiyi ən
yüksək məziyyətləri özündə əks
etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan
elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi
mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində
cəmiyyətin və dövlətçiliyin təkamülündə
aparıcı qüvvə kimi çıxış etmiş və
özlərindən sonrakı nəsillər üçün
Azərbaycan qadınının mükəmməl örnəyinə
çevrilmişlər.
Tariximizin həssas məqamlarında
Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz
iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik
əsrlər ərzində ənənəyə
çevrilmiş və milli dəyərimiz səviyyəsinə
yüksəlmişdir. Müasir dövlət quruculuğumuzda, cəmiyyətimizin
siyasi-iqtisadi, mənəvi-sosial inkişafının müxtəlif
sahələrində yorulmadan çalışan Azərbaycan
qadını bu milli dəyərimizə sadiqliyini bu gün də
nümayiş etdirməkdədir.
Bu baxımdan, öz
yaradıcılıq enerjisini xalq və dövlət
üçün, bu günkü və gələcək nəsillərın
rifahı üçün hərtərəfli fəaliyyət
proqramına çevirmək missiyasını öz üzərinə
götürmüş Mehriban Əliyeva XXI əsr Azərbaycan
qadınının ən parlaq obrazıdır.
Mehriban xanım özünün peşəkar
fəaliyyəti, zəngin təcrübəsi, böyük
humanizmi və hadisələrə genişmiqyaslı
baxışı ilə Azərbaycanın müasir tarixində
qadın hərəkatının yeni bir səhifəsini
başlamışdır. Mehriban Əliyeva
bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti
təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin
təbliğinə, xeyriyyəçilikdən ətraf
mühitin qorunmasına qədər geniş bir fəaliyyət
arealını əhatə edir.
Onun bioqrafiyası Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri kimi sistemli və aydın, bir-birini tamamlayan fəaliyyət
zənginliyinə malikdir. Hələ 1995-ci ildə
Azərbaycan Mədəniyyəti Fondunu təsis edən
Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin
qorunmasını, incəsənətimizin inkişafı və
təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri
mədəni dəyərlər sisteminə
inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri
kimi müəyyənləşdirmişdi.
Fondun fəaliyyətinin əsas
məqsədi Azərbaycan mədəniyyətini təbliğ
etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin
müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban
Əliyevanın belə bir müqəddəs missiyanı
üzərinə götürməsi onun zəngin mənəvi
irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq
məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət
tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi
yolu ilə sovet hakimiyyətinin süqutundan sonra
yaranmış ideoloji boşluğun aradan qaldırılması
baxımından xüsusi önəm kəsb edirdi.
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun dəstəyi ilə “Azərbaycan-İrs”
jurnalı işıq üzü görmüş, milli
musiqimizin korifeylərinin albomları hazırlanmış, həm
ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan
mədəniyyətini və tarixini təbliğ edən
çoxsaylı təqdimat mərasimləri, sərgilər,
festivallar, mədəniyyət günləri təşkil
edilmişdir. “Bakı Muğam Mərkəzi”nin və
xalça muzeyinin yaradılması, “Qarabağ xanəndələri”
musiqili albomun buraxılışı, “Bakı payızı”,
Beynəlxalq Bakı Caz festivallarının təşkili kimi
ölkəmizin incəsənət tarixində xüsusi yer
tutan mədəniyyət hadisələri Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə
reallığa çevrilmişdir.
Ölkəmizin “Avroviziya”
mahnı müsabiqəsində iştirakının təşəbbüskarı
kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu
musiqi yarışması vasitəsilə Azərbaycan mədəniyyətinin
və incəsənətinin dünyada tanıdılmasına
xüsusi səy göstərmişdir. 2012-ci ildə bu nüfuzlu
beynəlxalq müsabiqənin Bakıda keçirilməsi ilə
əlaqədar yaradılmış Təşkilat Komitəsinə
rəhbərlik edən Mehriban Əliyeva bu musiqi
yarışmasının Azərbaycanda ən yüksək səviyyədə
keçirilməsinə nail olmuş və müxtəlif məzmunlu
beynəlxalq tədbirlərin təşkilində ölkəmizin
qabaqcıl dövlətlərdən birinə çevrildiyini
ortaya qoymuşdur.
Mehriban Əliyevanın Milli
Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq
və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir. 2005, 2010 və
2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilərdə Mehriban Əliyeva
seçicilərin böyük səs çoxluğu ilə
millət vəkili seçilmişdir. Bu həm
də xalq tərəfindən onun fəaliyyətinə
verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir.
Azərbaycan vətəndaşları
bu seçimlə dövlətçiliyimizin möhkəmləndirilməsi
və xalqın rifahının yüksəldilməsi işində
həm ölkə başçısı İlham Əliyevin,
həm də bütün təşəbbüslərində
ona öz dəstəyini əsirgəməyən Mehriban
Əliyevanın yanında olduğunu bir daha sübut
etmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, 2013-cü ildən isə
partiyanın sədr müavini olan Mehriban Əliyeva Azərbaycan
siyasi elitasının aparıcı qüvvələrindən
birinə çevrilmişdir.
Milli Məclisdəki fəaliyyəti
dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə
sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü
ilə hazırlanmış amnistiya aktları 2007, 2009, 2013 və
2016-cı illərdə Milli Məclis tərəfindən qəbul
olunmuş, ümumilikdə, 30 mindən çox məhkum
müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş
qazandırmağın onu cəzalandırmaqla deyil,
bağışlamaqla, sosial həyata inteqrasiyasına
lazımi şərait yaratmaqla mümkünlüyü
düşüncəsində olan Mehriban Əliyeva, eyni zamanda
məsuliyyətli qərarlar qəbul etmək
bacarığını nümayiş etdirmişdir.
Azərbaycan Parlamentində “28 May
Respublika Günü münasibətilə amnistiya elan edilməsi
haqqında” Qanun layihəsinin müzakirəsi zamanı
söylədiyi fikirlərlə Mehriban Əliyeva cəmiyyətdə
humanizm prinsiplərinin rəhbər tutulmasının nə qədər
önəmli olduğunu ifadə etmişdir: “Hər bir cəmiyyətdə
mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər
əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm
dövlət qurumları, həm vətəndaş cəmiyyəti
məhz bu prinsiplər əsasında həm öz həyatını,
həm öz fəaliyyətini qurur, o cəmiyyət
inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət
təkcə çətinliyə düşən insanlara
yardım əlini uzatmaq deyil. Mərhəmət
bəzən çətin və məsuliyyətli qərar qəbul
etməyi tələb edir”.
Mehriban Əliyevanın
simasında Azərbaycan qadını ilk dəfə olaraq
humanist dəyərləri mənəvi kamilliyin əsas
meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin
bərqərar edilməsinin zəruri şərtlərini
müəyyən edir. Beləliklə, Azərbaycanın
qadın hərəkatında güclü dövlət, ədalətli
cəmiyyət və azad qadın anlayışı bir-birinə
möhkəm tellərlə bağlanaraq, sosial-mədəni
inkişafımızın dinamik qüvvəsinə
çevrilir.
2004-cü ildə Mehriban
xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev
Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar
hadisələrindən biridir. Heydər Əliyev
Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş
ümummilli liderimizin xatirəsinə Azərbaycan
xalqının ehtiramını ifadə etmək məramı
ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin
öyrənilməsi, milli dövlətçilik
ideyalarının nəsildən-nəslə
ötürülməsi zərurətindən
yaranmışdır.
Fond ölkəmizin və müasir
dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət
edən ən innovativ təsisatlarından biri olaraq təhsil,
mədəniyyət, səhiyyə, idman, elm və texnologiya,
ekologiya və sosial sahələrdə cəmiyyət və
dövlətimiz üçün aktual olan layihələrin həyata
keçirilməsində təşəbbüskar və təşkilatçı
qurum kimi çıxış edir. Xüsusi
qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi,
Azərbaycan vətəndaşlarının yaradıcı
potensialının üzə çıxarılması və
inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin
qorunmasına dəstək verilməsi, azərbaycançılıq
ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas
fəaliyyət istiqamətləridir. Fondun
təşəbbüsü ilə həyata keçirilən tədbirlər
təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda,
beynəlxalq sülh və sabitliyin təmin edilməsində
önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin
formalaşdırılması, dünya mədəni irsinin qorunması
üzrə aktual sahələri də əhatə edir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, ölkəmizin beynəlxalq
nüfuzunun artırılmasına yönəlmiş tədbirlərin
həyata keçirilməsi, o cümlədən, Müqəddəs
Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin
bir hissəsinin bərpası Azərbaycanın nadir bir
tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər
və dinlərarası dialoqda oynadığı tarixi rolun
göstəricisidir.
Mehriban xanım
Əliyevanın çoxşaxəli fəaliyyətində
ölkə səhiyyəsinin inkişafı və təhsil
sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi
də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər
Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif
bölgələrində təhsil və səhiyyə
ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi
müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir.
“Yeniləşən Azərbaycana yeni məktəblər”,
Uşaq evləri və internat məktəblərinin
inkişafına dəstək layihələrinin gerçəkləşməsi,
Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin,
Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox
insana sağlamlığına qovuşması
üçün zəruri dəstəyin göstərilməsi
kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə
sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin
parlaq təzahürüdür.
İdmana qayğı,
ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək
də Mehriban xanım Əliyevanın fəaliyyətində
prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan
Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli
Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü
seçilmişdir. Müvafiq olaraq, 2005, 2007,
2009 və 2014-cü illərdə gimnastika üzrə
dünya və Avropa çempionatlarının Azərbaycanda
keçirilməsi ölkəmizdə bu idman növünə
marağın artmasında və Azərbaycanın idman ölkəsi
kimi dünyada tanıdılmasında mühüm rol
oynamışdır.
2013-cü ilin yanvarında
dövlət başçısı İlham Əliyevin Birinci
Avropa Oyunlarının yüksək səviyyədə həyata
keçirilməsini təmin etmək məqsədilə
imzaladığı sərəncama müvafiq olaraq Təşkilat
Komitəsi yaradılmış və Mehriban Əliyeva həmin
Komitənin sədri təyin edilmişdir. Dünyanın
aparıcı şəhərlərində I Avropa
Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın
dünyada tanıdılması üçün tarixi fürsət
olmuşdur. Birinci Avropa Oyunlarına
hazırlıq işlərinin mükəmməl şəkildə
tamamlanması və bu mötəbər yarışın
Olimpiya oyunları səviyyəsində təşkili Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat
Komitəsinin gərgin əməyi sayəsində
mümkün olmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı
ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin,
təhsilin, səhiyyənin və idmanın inkişafında
səmərəli fəaliyyətinə, Azərbaycan
xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş
təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində
böyük xidmətlərinə görə “Heydər
Əliyev” ordeni ilə təltif edilmişdir. Mehriban xanım
Əliyevanın ölkəmizin ali
mükafatına layiq görülməsi Azərbaycanın
birinci xanımının fəaliyyətinə verilmiş ən
yüksək dəyərdir. Bu mükafatla
ölkə başçısı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən tədbirlərin Azərbaycan xalqı və
dövləti üçün nə qədər əhəmiyyətli
olduğunu göstərmişdir.
Mehriban Əliyevanın
ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin
müəllifi kimi önə çıxması Azərbaycan
qadınının inkişafı üçün yeni
üfüqlər açmışdır. İdmandan təhsilə qədər,
mədəniyyətdən səhiyyəyə qədər,
xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına
qədər əhatəli fəaliyyət potensialına malik
olan Mehriban Əliyevanın ölkəmizin bütün ictimai,
siyasi, mədəni dairələri tərəfindən
güclü Azərbaycan qadını kimi tanınması və
sevilməsi ona göstərilən siyasi etimadın zəruriliyini
doğurmuşdu. Məhz buna görə
keçən ilin fevral ayında ölkə
başçısının fərmanı ilə Mehriban
Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
təyin olundu.
Bu təyinatın xalq tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanması cəmiyyətimizdə
Azərbaycan qadınına verilən yüksək dəyərin
ifadəsidir.
Bu yüksəliş Mehriban Əliyevaya öz
işinə, uğrunda illərlə əmək sərf etdiyi
ideallara xidmət etmək üçün daha geniş imkanlar
açmaqla yanaşı, həm də Azərbaycan
qadınının öz üzərinə daha böyük məsuliyyət
götürmək imkanlarını nümayiş etdirir.
Mehriban Əliyeva bu gün Azərbaycan
siyasətinin aparıcı simalarından biri kimi ölkəmizi
beynəlxalq səviyyədə təmsil etməklə
yanaşı, ölkə daxilində aparılan islahatların
sürətləndirilməsində də əvəzsiz rol
oynayır. Təsadüfi deyil ki, yüksək təyinatdan sonra
onun müzakirəyə çıxardığı ilk məsələlər
də məhz cəmiyyətin social cəhətdən zəif
təbəqəsinin, xüsusilə qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması ilə bağlı məsələlər
oldu.
Mehriban xanım Əliyevanın maddi
və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik
və humanitar təşəbbüslərin irəli
sürülməsi kimi çoxşaxəli fəaliyyət
dairəsi Azərbaycan xanımının tükənməz
gücünü nümayiş etdirir. Bütün
bunlar müasir Azərbaycan xanımının öz tarixi
missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi
dəyərlərimizin keşiyində cəsarətlə
durduğunu göstərir.
Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə idman, mədəniyyət, təhsil
sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın
müsbət imicinin formalaşdırılması istiqamətində
həyata keçirilən bütün tədbirlər ölkə
ictimaiyyəti tərəfindən sevinc və fərəhlə
qarşılanır. Xalqımız Mehriban Əliyevanın fəaliyyətinə
layiqli qiymət verərək onun bütün təşəbbüslərini
dəstəkləyir və onun şəxsində Azərbaycan
xanımına ən yüksək hörmət və
ehtiramını ifadə edir.
Mehriban xanımın ölkə
və qlobal səviyyədə gördüyü işlər
beynəlxalq aləmdə də yüksək qiymətləndirilməkdədir. O Fransanın
“Şərəf Legionu” ordeninə və bir çox dövlətlərin
orden və medallarına, çoxsaylı mükafatlarına
layiq görülmüşdür. 2016-cı
ildə Mehriban xanım Əliyeva Avropada idmanın
inkişafına göstərdiyi xüsusi xidmətlərə
görə Avropa Olimpiya Komitəsinin ən yüksək
mükafatı olan “Ali Orden”lə təltif edilmişdir.
Mehriban Əliyeva ölkənin
Birinci vitse-prezidenti olmaqla bərabər, həm də nümunəvi
anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi
və dini dəyərlərimizə sadiq olan Azərbaycan
qadınının yeni simasıdır. Ölkənin birinci
xanımı qadının ailədə rolu haqqında belə
deyir: “Hər bir qadın üçün onun ailəsi, onun
uşaqları həyatının ən vacib, ən
mühüm hissəsidir. Mən özüm
üç uşaq anası olaraq, analıq missiyasını həyatımın
ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə ölkənin birinci xanımı
o Azərbaycan xalqının milli-mənəvi dəyərlər
sistemində ailə amilinin nə qədər önəmli
olduğunu diqqətə çatdırır.
Mehriban Əliyevanın
çoxistiqamətli fəaliyyətinin əsasında vətənpərvərlik,
bəşəri ideallara sadiqlik və eyni zamanda, zərif bir
humanizm dayanır. Vətənə məhəbbət,
dövlətçiliyimizə sədaqət və xalq sevgisi
Mehriban Əliyevanın ürəyinin
çağırışıdır. Dövlətçiliyimizin
möhkəmlənməsi, xalqın rifahının
halının durmadan yüksəlməsi və Azərbaycanın
daimi yüksəlişi ədalət, mərhəmət və
sevgi dolu bir ürəyin ən səmimi arzularıdır.
Bu müqəddəs diləyin
uğurla həyata keçməsi milyonlarla insanın ürəyində
sevinc və minnətdarlıq hissi yaradır. Bu gün
milyonların ürəklərində səslənən ən
xoş arzular xalq üçün, Vətənimiz
üçün yorulmadan, usanmadan çalışan fədakar
insana – Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanır.
Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya
milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin
möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan
qadınının mənəvi yüksəlişinə xidmət
edən yorulmaz fəaliyyətində davamlı uğurlar
arzulayırıq.
Cavanşir
FEYZİYEV,
Milli Məclisin
deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.-
2018.- 26 avqust.- S.11.