Mehriban Əliyeva: Birinci xanım
olmağın məsuliyyəti və sərhəd tanımayan
xeyirxahlıq
Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva milyonlarla insanın sevgisini qazanıb. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Talassemiyaya tutulmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.
Heydər Əliyev Fondu öz humanitar layihələri ilə ölkə sərhədlərinin hüdudlarından kənarda da populyarlaşıb.
Birinci xanım və
Birinci vitse-prezident
Bütün ölkələrdə
dövlət başçılarının həyat
yoldaşları birinci xanım adlandırılır. Amma onların
bir çoxu kölgədə qalmağı, sakit həyat
sürməyi üstün tutur, ölkənin problemlərindən
uzaq durmağa çalışır. Yaxud
bəziləri yalnız xarici səfərlər zamanı
gözə dəyir, cəmiyyət arasına nadir hallarda
çıxırlar.
Azərbaycanda birinci xanım
institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən
sonra formalaşıb. Dövlət başçısının xanımı
Mehriban Əliyeva 15 ildir ki, ölkənin ictimai-siyasi həyatında
fəal iştirak edir, çiynini sosial problemlərin
yükü altına verir, bir çox böyükmiqyaslı tədbirlərin
təşkilatçılığını cəsarətlə
üzərinə götürür. Biz onu hadisələrin
mərkəzində, insanların arasında görməyə
adət etmişik. Sanki belə də
olmalıymış. Mehriban
Əliyevanın birinci xanım missiyasına yanaşması zərurət,
yaxud görüntü naminə deyil, təbiətindən və
xarakterindən doğan bir yanaşmadır. O, həyatının
mənasını Vətənə, xalqa və insanlara xidmətdə
görür. Sərhəd tanımayan humanistlik,
xeyirxahlıq, insanpərvərlik Azərbaycanın birinci
xanımını fərqləndirən əsas keyfiyyət və
ayrıca söhbət mövzusudur.
Birinci xanım olmaq bəxtəvərlikdir,
yoxsa daşınması heç də asan olmayan yük? Mehriban xanımın
fikrincə, bu, çox məsuliyyətli yükdür və
o, birinci xanım olmasını, ilk növbədə,
insanların bu və ya digər probleminin həlli
üçün obyektiv fürsət kimi dəyərləndirir.
Təsadüfi deyildi ki,
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması
cəmiyyətdə məntiqi qərar kimi
qarşılandı. Bundan bir neçə gün sonra “Rossiya 1”
telekanalının “Vesti nedeli” proqramına müsahibəsində
yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət
barədə danışarkən deyirdi: “Mən Prezidentin
etimadını, ən başlıcası isə mənə
inanan, ümid bəsləyən insanların etimadını
doğrultmalıyam”. İnanırdı ki, bu məsul
vəzifənin öhdəsindən gələ biləcək.
Həmin vaxtdan təxminən
ilyarım keçir. O vaxt qeyd etdiyi kimi, əsas diqqətini sosial problemlərin,
əhalinin aztəminatlı təbəqələrinin problemlərinin
həlli üzərində cəmləşdirib. Xatırlayın, Birinci vitse-prezident kimi, ilk
müşavirəni Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr etdi.
Müvafiq qurumlar qarşısında məsələni belə
qoydu ki, bu sahədə işlər iki istiqamətdə
qurulmalıdır: yeni mənzillər, yeni binalar tikilməli və
inşa olunan binalar keyfiyyət standartlarına tam cavab verməlidir.
İlkin mərhələdə qarşıda duran əsas məqsəd
dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin
iş yerləri ilə təmin etməkdir.
Həmin müşavirədən
dərhal sonra müvafiq tədbirlər planı
hazırlandı və real işlər başlandı. Lökbatan qəsəbəsində
məcburi köçkünlər üçün 1026 mənzildən
ibarət müasir yaşayış kompleksinin təməli
qoyuldu. Daha sonra qəzalı vəziyyətdə
olan binalarda məskunlaşmış məcburi
köçkün ailələrinin yeni mənzillərlə təmin
olunması layihəsinin icrası çərçivəsində
onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində
yeni mənzillər verildi. İş
adamlarının yardımı ilə 214 ailə yeni inşa
olunmuş və tam təmirli mənzillərə
köçürüldü. Çox
keçmədən Masazır, Ramana qəsəbələrində
və Xətai rayonunda tikilən yeni binalar istifadəyə
verildi və beləliklə, daha 725 məcburi
köçkün ailəsinin mənzil şəraiti
yaxşılaşdırıldı. Bu, son
müddətdə Birinci vitse-prezidentin rəhbərliyi və
təşəbbüsü ilə görülən işlərin
heç də tam siyahısı deyil.
Mehriban Əliyevanın
parlamentin deputatı olduğu zaman və Heydər Əliyev
Fonduna rəhbərlik etdiyi 14 ildə qazandığı təcrübə
yeni vəzifənin öhdəsindən uğurla gəlməsinə
çox kömək edir. Özünün də
dediyi kimi, çünki bu, seçicilərlə, insanlarla
ünsiyyətin, problemlərin həllinə necə nail
olmağın, hər hansı bir problemin həlli
yollarının tapılmasının böyük təcrübəsidir.
Digər mühüm bir məqam
isə UNESCO və ISESCO-nun xoşməramlı səfiri olaraq
topladığı təcrübədir.
UNESCO və
ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva BMT-nin
humanitar sahə üzrə ixtisaslaşmış təşkilatının
- UNESCO-nun xoşməramlı səfiri seçilən ilk azərbaycanlı
qadındır. O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının
və musiqi irsinin qorunub saxlanılması və inkişaf
etdirilməsi sahəsindəki davamlı səylərinə,
dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində
xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına
sadiqliyinə görə layiq görülüb. 2004-cü il avqustun 13-dən etibarən onun xoşməramlı
səfir kimi məhsuldar fəaliyyəti nəticəsində
Azərbaycan-UNESCO əməkdaşlığında yeni
dövr başlayıb.
Azərbaycanı dünyada,
beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ
edən, siyasəti mərhəmət və şəfqətlə
çulğaşdıran, hər bir sahədə xoş məramı
ilə fərqlənən Mehriban xanımın fəaliyyəti
mənsub olduğu xalqa sevgidən qaynaqlanır. O, ilk növbədə, Vətəninə
xidmət edir, onun tərəqqisinə
çalışır, gələcəyini
düşünür. 2004-cü ilin mayından
ulu öndər Heydər Əliyevin adını daşıyan
Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyi ilə həyata keçirilən
irimiqyaslı layihələr milli-mənəvi ideallara,
humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin
formalaşdırılmasına, sivilizasiyalararası dialoqun təşviqinə,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasına istiqamətlənib.
Mehriban Əliyevanın fəaliyyəti
yalnız milli-mənəvi dəyərlərin, Azərbaycanın
mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə
deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik,
sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri
ideyaların reallaşdırılmasına, bu sahələrdə
səylərin birləşdirilməsinə yönəlib.
“Sizi xoşməramlı səfirlər
sırasında görmək bizim üçün – UNESCO
üçün şərəfdir. Sizin nailiyyətlərinizin
miqyasını bir adla əhatə etmək çətindir.
Siz UNESCO-nun humanist dəyərlərinin əsl
bayraqdarısınız”, - Mehriban Əliyevaya
ünvanlanmış bu sözləri təşkilatın sabiq
baş direktoru İrina Bokova deyib. Doğrudan da, Azərbaycanın
birinci xanımının ölkəmizin UNESCO ilə
münasibətlərinin inkişafında və möhkəmləndirilməsində
müstəsna xidmətləri var. Onun təşəbbüsü
və dəstəyi ilə UNESCO və Azərbaycan arasında
elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın
genişləndirilməsi üçün Bakıda bir
sıra beynəlxalq tədbirlər keçirilib. Xoşməramlı səfir kimi xeyriyyəçilik
fəaliyyəti çox keçmədən Azərbaycan sərhədlərini
aşaraq, bir çox xarici ölkələri də əhatə
edib. Təsadüfi deyil ki, bu humanistlik və
həyata keçirilən qlobal layihələr təkcə Azərbaycan
xalqı tərəfindən deyil, bütün dünya
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın görkəmli
şəxsiyyətlərinin və əlamətdar hadisələrin
yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi
də bu qurumla əlaqələrin yüksək səviyyəsindən
xəbər verir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud”
dastanının 1300 illik, “Leyli və Məcnun”
operasının ilk tamaşasının, dünya şöhrətli
alim, akademik Yusif Məmmədəliyevin, görkəmli
yazıçı və ədəbiyyatşünas Mir Cəlal
Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən
olan digər tədbirlər UNESCO çərçivəsində
böyük təntənə ilə qeyd edilib. Mehriban
Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin
toplantılarında, qurumun mötəbər tədbirlərində
iştirakı, keçirdiyi görüşlər, dünyada
təhsilin vəziyyəti və digər aktual mövzularda
çıxışları böyük maraqla
qarşılanır. Onun aramsız səyləri və
nüfuzu sayəsində Qobustan Dövlət Tarixi-Bədii
Qoruğu, İçərişəhər, Qız qalası,
Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya İrsi
Siyahısına, Azərbaycan muğamı, aşıq,
xalçaçılıq, tar ifaçılığı və
hazırlanması sənətləri, Novruz bayramı, dolma,
lavaş və kəlağayı, Lahıc misgərlik sənəti
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına, çövkən
oyunu isə UNESCO-nun təcili qorunmağa ehtiyacı olan
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Yeri gəlmişkən, Azərbaycanın
birinci xanımının UNESCO-nun xoşməramlı səfirləri
arasında çox böyük nüfuzu var. Qurumda daim nəcib
təşəbbüsləri ilə seçilən Mehriban
Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir,
onun gördüyü işləri xoşməramlı səfirlər
üçün örnək hesab edirlər. 2010-cu ildə II Qəbələ
Beynəlxalq Musiqi Festivalında iştirak edən UNESCO-nun
sabiq baş direktoru İrina Bokova bəşəriyyətin
maddi və qeyri-maddi mədəni irsinin
populyarlaşmasındakı işinə sədaqətinə,
mədəniyyətlərarası dialoqun inkişafı naminə
göstərdiyi səylərə, mədəni müxtəlifliyin
möhkəmləndirilməsinə sanballı töhfələrinə
görə xoşməramlı səfir Mehriban Əliyevaya
“Qızıl Motsart” medalını təqdim edib.
UNESCO-nun xoşməramlı səfiri
seçiləndən iki il sonra Mehriban Əliyeva müxtəlif
sahələrdə genişmiqyaslı fəaliyyəti,
ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin
İslam aləmində görülən işlərə
böyük dəstəyinə görə də diqqəti
çəkib və 2006-cı il noyabrın 24-də 51 müsəlman
dövlətinin təmsil olunduğu İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
– ISESCO-nun da xoşməramlı səfiri adına layiq
görülüb.
Xoşməramlı səfir olaraq
gördüyü işlərdən danışan Mehriban
Əliyeva deyir: “Təbii ki, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri kimi, bütün bu illər ərzində mən
öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim
üçün dünya ictimaiyyətinə Azərbaycanın
tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın
bugünkü siyasi və ictimai gerçəkliklərini
çatdırmaq imkanı idi. Müasir Azərbaycanın
nə demək olduğunu, onun əhəmiyyətini, siyasi
mövqeyini, bu ölkənin potensialını dünya
ictimaiyyətinə çatdırmaq lazım idi.
Düşünürəm ki, bu istiqamətdə də xeyli
iş görməyə nail olmuşam. Buna
görə də mən gələcəyə nikbin
baxıram. Düşünürəm ki,
bütün bu illər ərzində toplanan təcrübə,
vərdişlər mənə kömək edəcək”.
Qəlbin səsi
və hökmü ilə
Mehriban xanım ixtisasca həkimdir. Həyatı
elə gətirib ki, artıq çoxdandır öz peşəsi
ilə məşğul olmur. Amma fəaliyyətinin
hər bir sahəsində, xüsusən Heydər Əliyev
Fondunun prezidenti vəzifəsində həkimlik peşəsindən
irəli gələn prinsipləri əsas götürür.
Özünün dediyi kimi, həkimlik ruh və
qəlblə bağlı olan peşədir, dərdə şərik
olmaq və şəfqət elmidir. İnsanların
halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir.
Biz Mehriban xanımın qəlbinin
səsi və hökmü ilə hərəkət etməsinin,
insanların dərdinə şərik
çıxmasının, ehtiyacı olanlara kömək əli
uzatmasının şəxsən şahidiyik. Heydər
Əliyev Fondunun fəaliyyətində xeyriyyəçilik
önəmli yer tutur. Talassemiyaya
qarşı mübarizə üzrə Dövlət
Proqramının qəbul edilməsi, bu xəstəliyə
tutulmuş uşaqlar üçün
ixtisaslaşdırılmış mərkəzin
yaradılması və bu qəbildən olan daha neçə-neçə
layihə məhz Mehriban Əliyevanın təşəbbüsüdür.
Fonda bu və ya digər problemin həlli barədə
çoxsaylı məktublar gəlir. Kimsə
bəzən şəxsi xahişlə, kimsə səhhətindəki
problemlə bağlı müraciət edir. Fond azacıq imkan olan yerdə heç kəsdən
köməyini əsirgəmir. Fondun və
onun rəhbərinin ümumxalq sevgisi və hörməti qazanmasının
bir səbəbi də məhz budur. Milli Məclisin
deputatı olduğu 14 ildə parlamentdəki işini xeyriyyəçilik
fəaliyyəti ilə bilavasitə əlaqələndirib.
Deyir ki, şəfqət təkcə gözəl
söz deyil, əsl şəfqət real işlərin
görülməsini, konkret addımların atılmasını
tələb edir.
Humanizm prinsiplərinə
daim sadiqlik nümayiş etdirən Mehriban Əliyevanın təşəbbüsü
ilə dövlət başçısı tərəfindən
neçə-neçə əfv fərmanı imzalanıb. Beləliklə,
cinayət törətmiş minlərlə məhbus azad həyata
qayıtmaq, ailələrinə, yaxınlarına qovuşmaq,
cəmiyyətdə öz yerlərini tapmaq imkanı
qazanıb.
Mehriban Əliyeva
stereotiplərə qarşı
Şərq aləmində uzun illər
belə bir stereotip mövcud olub: siyasətlə məşğul
olmaq kişi işidir. Mehriban
Əliyeva çoxşaxəli fəaliyyəti, bir-birindən
parlaq uğurları ilə bu stereotipi sındırır.
O, ölkənin bütün ictimai-siyasi həyatında
yaxından iştirak edir: üç
çağırış Azərbaycan parlamentinin deputatı
olub, sıralarında ölkənin 700 minə yaxın vətəndaşını
birləşdirən ən böyük partiyanın – Yeni Azərbaycan
Partiyasının sədr müavinidir. 14 ildən
çoxdur ki, Heydər Əliyev Fonduna rəhbərlik edir.
Onun rəhbərliyi və təşkilatçılığı
ilə 2012-ci ildə Bakıda “Eurovision” beynəlxalq mahnı
müsabiqəsi, 2015-ci ildə ilk Avropa Oyunları, ötən
il isə IV İslam Həmrəyliyi Oyunları çox
uğurla keçib, dünyaya səs salıb. Azərbaycanın
idman ölkəsi kimi tanınmasında da Mehriban
xanımın misilsiz xidmətləri var.
Bu gün Azərbaycan bəşəriyyəti
düşündürən qlobal humanitar problemlərin
müzakirə olunduğu mərkəzə çevrilib. Dünyada
böyük maraqla qarşılanan beynəlxalq forumların
yüksək təşkilatçılığından
söz düşəndə Mehriban Əliyevanın adı ilk
sırada çəkilir. 2016-cı ildə Azərbaycanın
və AZƏRTAC-ın ev sahibliyi ilə
keçirilən mötəbər beynəlxalq media
forumları da bu qəbildəndir. Kollektivimiz
Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun bu tədbirlərin təşkilinə
göstərdiyi dəstəyi daim minnətdarlıq hissi ilə
xatırlayır. Dünya Xəbər Agentliklərinin V
Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatının XVI Baş
Assambleyasının yüksək təşkilatçılıq
səviyyəsinə görə dünya media tarixinə
yazılması məhz bu dəstək sayəsində
mümkün olub.
Mehriban Əliyeva digər bir
stereotiplə - rəhbərin mütləq quru, vəzifə
adamının sərt insan olması barədə
formalaşmış fikirlə də razılaşmır. Hesab edir ki,
bunlar heç də vacib keyfiyyət deyil. Müsahibələrindən
birində bu barədə danışarkən belə deyib:
“Düşünürəm ki, rəhbərin mütləq
quru insan olması ideyası da müəyyən dərəcədə
stereotipdir. Məsuliyyətli – bəli, prinsipial
– bəli, iradəli – bəli. Quruluq, sərtlik
vacib keyfiyyət deyil. Mənim
üçün insanlarla işləmək
bacarığı, sənin baxışlarını prinsipcə
bölüşən, sənin ardınca getməyə
hazır olan həmfikirlər komandası yaratmaq
bacarığı daha vacibdir. Çünki
onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa
yönəlib. Çox vacibdir ki, bəyan
və elan edilənlər həqiqətən baş verənlərlə
üst-üstə düşsün. Çünki
insanlar hər şeyi görürlər, hər şeyi
anlayırlar”.
Birinci xanımın
insanlıq barədə düşüncələri də yetərincə
aydın və məntiqlidir. Deyir ki, insan üçün ən
dəhşətlisi biganəlik və laqeydlikdir: “Fərqi
yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən
- insanlığı qorumaq lazımdır. Mənə elə
gəlir ki, bu, heç vaxt səhv ola bilməz,
əksinə bu, həmişə doğru yoldur”.
Analıq
missiyası və ailə ocağının hərarəti
Birinci xanım, Birinci vitse-prezident,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun
prezidenti... Üstəgəl analıq
missiyası, ailə qayğıları.
Mehriban Əliyeva nəinki hər
biri böyük məsuliyyət və vaxt tələb edən
dövlət işlərinin, ictimai işlərin öhdəsindən
bacarıqla gəlir, eyni zamanda, bir ana, evdar xanım olaraq həyatının
bu hissəsinə yetərincə diqqət ayıra bilir. Yəni, məsələ
heç də işin çoxluğunda, vəzifə
yükünün ağırlığında deyil,
düzgün tarazlıq və tənasüb tapmaqdadır.
Daim bu tənasübü tapmağa çalışan Mehriban
xanım deyir: “Hər bir qadın üçün onun ailəsi,
onun uşaqları həyatının ən vacib, ən
mühüm hissəsidir. Mən özüm
üç uşaq anası olaraq analıq missiyasını həyatımın
ən vacib missiyası kimi dəyərləndirirəm”.
Gərgin iş qrafikinə və
daşıdığı ictimai yükün
ağırlığına baxmayaraq, Mehriban xanım
qayğıkeş övlad, həyat yoldaşı və ana
olaraq qalır. Müsahibələrinin birində
qeyd edir ki, o, işdə də, evdə də prinsipcə eyni
adamdır və dəyişməyə ehtiyac görmür.
Dediyinə görə, xörək bişirməyi
çox sevir. Milli xörəklərlə
yanaşı, Avropa yeməkləri də bişirir. Onun üçün ən gözəl istirahət
yeri, dincəldiyi məkan məhz evinin mətbəxidir.
Birinci xanımın ailə həyatına münasibətdə özünəməxsus baxışları və prinsipləri var. O, qətiyyən istəmir ki, ailəsinə göstərdiyi diqqət arxa plana keçsin: “Əlbəttə ki, mən, ilk növbədə, öz həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim beş nəvəm var və həyatımın bu sahəsinə göstərdiyim diqqətin ikinci plana keçməsini qətiyyən istəmirəm. Qətiyyən yox. İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də buna nail olacağam”.
Mahiyyət etibarilə lider qadın olan Mehriban Əliyevaya bənzərsiz bir tale qismət olub. Azərbaycanda hamının yaxşı tanıdığı bir ailədə doğulub, boya-başa çatan Mehriban xanım görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin və “Bakı”–“Baku” qəzetlərinin yaradıcısı, istedadlı pedaqoq Nəsir İmanquliyevin nəvəsi, tanınmış alim Arif Paşayevin və Azərbaycanın ilk şərqşünas qadın alimlərindən biri Aida İmanquliyevanın qızı, xalqımızın ulu öndəri Heydər Əliyevin və oftalmoloq-alim Zərifə Əliyevanın gəlini, Prezident İlham Əliyevin həyat yoldaşıdır. Onun işə, vəzifə borcuna münasibəti, həyata və ailəyə baxışları, yüksək insani keyfiyyətləri mənsub olduğu ailədən və nəsildən, əhatəsindəki insanlardan qaynaqlanıb. O insanlardan ki, hər biri, ilk növbədə, Vətənini, xalqını düşünüb, bu yolda yorulmadan çalışıb. Mehriban Əliyeva da daim onu düşünür ki, öz ölkəsi üçün nə edə bilər. Buna görə də birinci xanım statusunun üzərinə qoyduğu yükü sadəcə zərurət xatirinə daşımır, hansı sahədə olursa-olsun, üzərinə düşən vəzifələri səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir.
Bütün bunlar adekvat reaksiya doğurur: insanlar birinci xanımı sevir və onu dəstəkləyirlər, ona inanırlar. Bu barədə danışan Mehriban Əliyeva deyir: “Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax, bu, həqiqətən də mənə real inam, güc verən amildir”.
Bu gün Azərbaycanın birinci xanımının və Birinci vitse-prezidentinin ünvanına ad günü münasibətilə çoxsaylı təbrik məktubları gəlir. AZƏRTAC-ın kollektivi də bu səmimi təbriklərə qoşulur, Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür və ailə səadəti, Prezident İlham Əliyevin qüdrətli, nüfuzlu dövlətə çevirdiyi Azərbaycanın inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayır.
Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
Dünya Xəbər
Agentlikləri Konqresinin və
Asiya və Sakit
Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının
prezidenti
Xalq qəzeti.- 2018.- 26 avqust.- S.12.