Milli-mənəvi dəyərlərimizin himayədarı
Mehriban xanıma bu qurumun ən
yüksək fəxri adının verilməsi ilə əməkdaşlıq
bundan sonra daha da genişlənəcəkdir. ISESCO-nun tarixində ilk dəfədir
ki, bu ad xanıma verilir. Mehriban xanım sivilizasiyalararası dialoq
və digər cəsarətli fəaliyyətləri çərçivəsində
gördüyü genişmiqyaslı işlərə görə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşdırılmasına, təhsilə verdiyi dəstəyə
görə bu ada tam layiqdir. Cəmi 4 nəfər
bu adı alıbdır. ISESCO-ya da, islam
aləminə də şərəf gətirəcəkdir.
Əbdüləziz
bin Osman əl Tuveycri
İSESCO-nun
baş direktoru
Azərbaycanın minillikləri əhatə
edən zəngin siyasət və mədəniyyət tarixində
öz fəaliyyətləri ilə yadda qalan görkəmli
qadın şəxsiyyətlər sırasında Azərbaycanın
birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın xüsusi yeri var. Ulu öndər Heydər
Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan
Respublikasının möhkəmlənməsi,
inkişafı, dünya dövlətləri sırasında
layiqli yer tutması, beynəlxalq aləmdə nüfuz
qazanması üçün mübarizədə Prezident
İlham Əliyevin ən yaxın silahdaşı məhz
ölkənin birinci xanımı Mehriban Əliyeva olmuşdur.
Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə respublikamızın müstəqilliyinin
bərqərar edildiyi, dövlətçiliyimizin təşkilatlandığı
ilk illərdən başlayaraq Mehriban xanım Əliyeva
ölkəmizin ictimai-humanitar həyatında geniş fəaliyyət
göstərmişdir. O, hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin
Dostları” Xeyriyyə Fondunu yaradıb və ona rəhbərlik
etmişdir. Bu fond Azərbaycanın mədəniyyətinin,
incəsənətinin inkişafında və təbliğində
mühüm işlər görmüş, respublikamızda və
xarici ölkələrdə bununla bağlı
çoxsaylı tədbirlər keçirmişdir.
Azərbaycan qadınları
dövlətçilik tariximizin müxtəlif dövrlərində
milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması və yaşadılmasında mühüm
xidmətlər göstərmişlər. Əlbəttə, bu
baxımdan öz istedadı, zəkası, iradəsi və
müdrikliyi ilə nüfuz qazanmış Azərbaycan
Respublikasının
Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyəti bir örnək olaraq göstərilə bilər.
Hər bir ölkənin
tarixi onun görkəmli şəxsiyyətlərinin fəaliyyəti
ilə zənginləşir. Məhz həmin şəxsiyyətlərin
əməlləri sayəsində onların təmsil etdikləri
cəmiyyət lazımi inkişaf səviyyəsinə
çatır, beynəlxalq aləmdə nüfuz qazanır.
Mehriban xanım Əliyeva müstəqil Azərbaycanın
tarixində özünəməxsus yeri olan belə şəxsiyyətlərdəndir.
Xalqımız, dövlətçiliyimiz
üçün yorulmaz fəaliyyəti ilə Azərbaycan
tarixinə adı həkk olunmuş bu böyük şəxsiyyət
hər bir Azərbaycan vətəndaşının qəlbinə
yol tapa bilmişdir. Siyasət aləmində
belə keyfiyyətlərə malik insanlara rast gəlmək
çox nadir hadisələrdəndir. Mehriban xanım
Əliyeva həm dövlət xadimi, həm də Azərbaycan
qadınının mükəmməl obrazının təcəssümü
olan bir xanımdır, həm qətiyyətli, güclü
xarakterə malik bir siyasətçi, həm də yüzlərlə,
minlərlə köməksiz insanlara yardımçı olan
humanist insandır, həm Azərbaycan mədəniyyətinin
Avropa mədəniyyəti ilə həmahəng
inkişafı üçün çalışan insan, həm
də qloballaşma proseslərinin sürətlə getdiyi bir
dövrdə xalqımızın özünəməxsus
milli–mənəvi dəyərlərinin qorunub saxlanması, gələcək
nəsillərə çatdırılması
üçün yorulmadan mübarizə aparan böyük bir şəxsiyyətdir.
Mehriban xanım
Əliyevanın Azərbaycan xalqı və dövlətinin
maraqlarını əks etdirən fəaliyyətindən bəhs
edərkən, ilk növbədə, rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələri
qeyd etmək lazımdır. Heydər Əliyev Fondu ulu öndərin
ideyalarını böyük əzmlə və sədaqətlə
həyata keçirərək, ölkənin yaradıcı və
elmi potensialının artırılmasına kömək etməyi,
uşaq müəssisələrinin infrastrukturlarını
inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları
dəstəkləməyi, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmağı, dini tolerantlığın
bərqərar olmasına, vətəndaş cəmiyyəti
quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində
milli-mənəvi dəyərlərin qorunub
saxlanılmasına dəstək verməyi öz fəaliyyətində
əsas və prioritet istiqamətlər kimi müəyyən
etmişdir.
Azərbaycanın mənəvi dəyərlərinin
qorunması və təbliği, mədəniyyətlərarası
dialoqun təşkili və təşviqi sahəsində
Mehriban xanım Əliyeva çoxşaxəli və səmərəli
fəaliyyəti ilə
mühüm işlər görmüşdür. Bu baxımdan Heydər Əliyev Fondunun BMT-nin ən
mötəbər qurumlarından olan UNESCO ilə əlaqələrini
xüsusi qeyd etmək lazımdır. Prezident
İlham Əliyevin və Mehriban xanım Əliyevanın səmərəli
fəaliyyəti nəticəsində Azərbaycan
muğamı, aşıq və tar
ifaçılığı sənəti, Azərbaycan
xalçası və kəlağayısı UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil
edilmişdir.
Azərbaycanın maddi mədəniyyət
abidələrinin də mühafizəsi, tədqiqi və
UNESCO səviyyəsində təbliği istiqamətində
Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım
Əliyevanın misilsiz xidmətləri vardır. Bu baxımdan
zəngin tariximizin möhtəşəm abidəsi olan Qobustan
kompleksinin 2007-ci ildə UNESCO-nun Mədəni İrs
Siyahısına daxil edilməsini xüsusilə qeyd etmək
lazımdır. Qobustan abidələrinin
belə bir yüksək səviyyəli siyahıya daxil edilməsi
birmənalı şəkildə məhz Mehriban xanımın
xidməti idi. Bu tədbir yalnız bu abidə
üçün deyil, bütövlükdə Azərbaycanın
elmi, mədəni həyatında mühüm hadisə
olmuşdur.
Niyə məhz Qobustan? UNESCO-nun Mədəni
İrs Siyahısına daxil edilməsi üçün
Qobustanın seçilməsi heç də təsadüfi
deyildir. Azərbaycan ərazisində minlərlə
tarixi-arxeoloji abidə məlumdur. Onların
hər biri ölkəmizin qədim tarixinin müxtəlif mərhələlərini
əks etdirir və bu abidələrin hər biri tariximizin tədqiqi
üçün mühüm elmi əhəmiyyət kəsb
edir. Lakin Qobustan kompleksi orta daş
dövründən – mezolit dövründən bu
günümüzədək davam edən tariximizin
bütün mərhələlərini fasiləsiz əks etdirən
abidələrlə təmsil olunmuşdur. Burada həm qədim
qayaüstü rəsmlər və ibtidai insan düşərgələri,
həm qədim yaşayış məskənləri və qəbir
abidələri, həm antik Roma, həm də orta əsrlərə
aid ərəb əlifbası ilə yazılmış
yazılar və s. maddi mədəniyyət qalıqları
aşkar edilmişdir. Bütün bu keyfiyyətləri
ilə Qobustan bütövlükdə Avrasiya məkanında ən
nadir abidələrdən biridir. Eyni
zamanda, Qobustanda mezolit və neolit dövrlərinə aid qəbirlərdə
aşkar edilmiş insan qalıqlarının antropoloji tədqiqi
onların müasir azərbaycanlıların bilavasitə qədim
əcdadları olmasını sübut etmişdir. Bu tapıntılar Azərbaycan xalqının
etnogenez tarixinin öyrənilməsi üçün bu
günə məlum olan ən qədim və tutarlı
faktlardır.
Əlbəttə, heç kəsə
sirr deyil ki, hər hansı bir abidənin belə bir beynəlxalq,
mötəbər siyahıya daxil edilməsi təkcə həmin
abidənin zənginliyi ilə bağlı olmur. Bu zaman həm
də bu tədbirin reallaşması üçün
çalışan şəxsin nüfuzu və mövqeyi də
mühüm rol oynayır. Xalqımızın
qədim mədəniyyətinin möhtəşəm abidəsi
olan Qobustanın da bu siyahıya daxil edilməsi birmənalı
olaraq Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın beynəlxalq şəxsi
nüfuzu və yorulmaz mübarizəsinin nəticəsi idi.
Məhz UNESCO-nun Mədəni İrs
Siyahısına daxil edilməsi ilə Avropa və Asiyanın,
demək olar ki, qovşağında yerləşən
Qobustanın Avrasiyanın ən qədim
sivilizasiyalarının möhtəşəm abidələrindən
biri olduğu ən yüksək beynəlxalq səviyyədə
təsdiq edildi.
Mehriban
xanım Əliyevanın rəhbəri olduğu Heydər
Əliyev Fondu tərəfindən 2008-ci ildə Abşeronun ən
qədim insan məskənlərindən olan Qala qəsəbəsində
Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində
“Arxeoloji Etnoqrafik Muzey
Kompleksi”nin yaradılması ölkəmizin zəngin
mədəni irsinə olan yüksək ehtiramın təzahürü
idi. Bu tədbir Heydər Əliyev Fondunun tarixi
keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən
birinə çevirməyə yönəlmiş geniş fəaliyyətin
nəticələrindən biri idi. Qala qoruğunda
Abşeron yarımadasının
tunc dövründən – eramızdan əvvəl III
minillikdən başlayaraq XX əsrin əvvəllərinə
qədərki tarixi mərhələlərinə aid zəngin
maddi mədəniyyət nümunələri, kurqanlar, sərdabələr,
yaşayış evləri, ovdanlar, qədim qəsrin
qalıqları, beş məscid, üç hamam və s. abidələr
yerləşir. Gəncədə İmamzadə
Məscid-Ziyarətgahının, Qafqazın ən qədim məscidlərindən
biri olan Şamaxı Cümə Məscidinin və digər
dünya əhəmiyyətli tarixi-memarlıq abidələrinin
bərpası da Mehriban xanımın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu tərəfindən həyata
keçirilmişdir.
Heydər Əliyev Fondunun Azərbaycanı
beynəlxalq aləmdə daha dərindən tanıtmaq və
təbliğ etmək istiqamətindəki fəaliyyətində
Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi layihə əsasında
hazırlanmış və 2009-cu ildə müxtəlif dillərdə
nəfis şəkildə nəşr edilmiş “Azərbaycan”
kitabını da xüsusi qeyd etmək lazımdır. Bu sanballı
kitabda respublikamızın bütün bölgələri təmsil
edilmişdir. Burada hər bölgənin təbiətinin
xüsusiyyətləri, gözəllikləri, müasir
quruculuq işləri ilə yanaşı, həmin bölgələrin
qədim tarixi-arxeoloji abidələrini, etnoqrafik ənənələrini
əks etdirən mindən artıq foto və dolğun, dəqiq
yazılı məlumatlar yer almışdır. Geniş oxucu kütləsi üçün nəzərdə
tutulan bu kitab, eyni zamanda, xarici qonaqlara Vətənimiz barədə
geniş məlumatların çatdırılması işinə,
turizmin inkişafına böyük dəstəkdir.
Mehriban xanım
Əliyevanın fəaliyyəti yalnız
respublikamızdakı işlərlə kifayətlənmir. Onun təşəbbüsü,
rəhbərliyi ilə Heydər Əliyev Fondu bir sıra
xarici ölkələrdə də xeyriyyəçiliklə məşğul
olmuş, tarixi abidələri bərpa etmişdir.
Bunlardan Parisdə Versal Sarayının parkındakı
ümumbəşəri abidələrin, Luvr Muzeyinin, Berlin qəsrinin,
Vatikanda Roma katakombalarının və s. abidələrin bərpasını
göstərmək olar. Bütün bu tədbirlər
Azərbaycanın bir dövlət kimi beynəlxalq nüfuzunun
yüksəlməsinə xidmət etmiş,
respublikamızın tolerant, digər xalqların mədəniyyətlərinə,
tarixinə hörmətlə yanaşan bir ölkə
olduğunu əyani nümayiş etdirmişdir.
Ümumiyyətlə, ümumbəşəri
ideallara rəğbət bəsləyən Mehriban xanım
Əliyevanın adı ən yüksək beynəlxalq səviyyələrdə
xarici mətbuatda hörmətlə qeyd edilir. Buna
misal olaraq Rusiyanın "LIVEJOURNAL” nəşrində Mehriban
xanım Əliyeva haqqındakı məqalədən
yalnız bir neçə cümləni göstərmək
kifayətdir: “Mehriban Əliyevanın öz ölkəsində
və bütün dünyada statusunu nəzərə almamaq
olmaz. Prezidentin xanımı, indi isə həm
də Azərbaycanın Birinci vitse-prezidenti respublikada
mühüm bir qurum olan Heydər Əliyev Fonduna
başçılıq edir. 2004-cü ildə
Heydər Əliyev Fondu yaradılan vaxtdan bu fondun prezidentidir.
Mehriban Əliyevanın siyasi karyerası və
ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə
yüzlərlə məktəb və xəstəxana tikilib.
O, ehtiyacı olanlara həmişə kömək əlini
uzadır”.
Əlbəttə, Mehriban
xanım Əliyevanın həyata keçirdiyi böyük
işləri yalnız kiçik bir yazıda əhatə etmək
qeyri-mümkündür. Əminliklə onu qeyd etmək olar ki, cənab Prezident
İlham Əliyevlə çiyin-çiyinə Mehriban
xanım Əliyevanın fəaliyyəti Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə, inkişafına, ulu öndər
Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının təbliğinə, xalqımızın
daha firavan gələcəyinə, torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda mübarizəyə
xidmət edir. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad
günü münasibəti ilə təbrik edir və Vətənimizin
xoşbəxt gələcəyi naminə gərgin fəaliyyətində
ona uğurlar arzu edirik.
Nəcəf Müseyibli,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
elmi işlər üzrə
direktor müavini,
tarix elmləri doktoru
Xalq qəzeti.-
2018.- 26 avqust.- S.13.