Yarım əsrdir ki, “Uşaqlığın son gecəsi”nə  maraqla baxılır 

 

Elə  filmlərimiz  var ki, onların   qəhrəmanlarının   sözləri  aforizmə çevrilir, mahnıları ürəkləri  fəth edir. “Uşaqlığın son gecəsi”   filmi də belə  ekran əsərlərindəndir.  Davud  rolunun ifaçısı Məmmədsadıq Nuriyevin “Məsələ  sosiskada  deyil  deyimi  indi  zərb-məsələ  çevrilmişdir. Eləcə də   Xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlunun “Gəl, ey səhərim”  mahnısı hər birimizin sevimli  nəğməsi olmuşdur. Bunları deməkdə məqsədim odur ki,  50 il qabaq  lentə  alınmış “Uşaqlığın son  gecəsi” filmi  bu  gün də yaşayır,  sevilə-sevilə baxılır. Yazıçı-dramaturq Maqsud İbrahimbəyovun  ssenarisi əsasında  çəkilmiş bu  filmə  Əməkdar incəsənət  xadimi Arif Babayev quruluş  vermişdi.

Kinoşünaslar  Arif Babayevi  romantik  kinonun mahir  yaradıcısı adlandırırlar. Tanınmış televiziya rejissoru Arif Babayev sənətə gəldiyi ilk gündən yaradıcılıq axtarışında olub, öz dəst-xətti, ekran mədəniyyəti ilə seçilib. Elə bu keyfiyyətlərinə görə də rejissor assistentliyindən baş rejissoradək sənət yolu keçib.

O, Bakının  romantikasını yaradırdı. Filmlərini  İçərişəhərdə  çəkirdi. Çünki  buranı yaxşı  tanıyır və  sevirdi.   “Uşaqlığın son gecəsi” də  keçmiş  Bakıya bir  səyahətdir. Filmi, ümumilikdə, keçmiş Bakıdan bir yadigar adlandırsaq, yanılmarıq.

 “Uşaqlığın son gecəsi” filmi gənclər haqqında, şəxsiyyətin formalaşması, məsuliyyətli vətəndaşın yetişməsi barədədir. Arif Babayevdə  həmişə  gənclik  həvəsi var idi.  O, bu  filmin  qəhrəmanlarının prototiplərini  yaxşı  tanıyırdı. Onların taleyini  özü də gəncliyində yaşamışdı. Bəlkə ona görədir ki,  film bu qədər təbii    səmimi  alınıb.

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə film haqqında danışarkən vurğulayır ki, rejissor bu ekran işində köhnə estetik ölçülərdən uzaqlaşaraq, hər şeyi təbii göstərməyə müvəffəq olub. Ekranda cərəyan edən əhvalatlar sanki rejissor təxəyyülünün məhsulu deyil, gündəlik həyatımızda rastlaşdığımız hadisələrdir. İçərişəhərdə gördüyümüz həyətin sakinləri də, onların həyat tərzi və münasibətləri də təbii, inandırıcıdır.

Filmin ssenarisiöz orijinallığı, müasir üslubu, obrazların intellekti ilə seçilir. Baş qəhrəmanlar Murad (Ənvər Həsənov) və Rüstəm (Siyavuş Şəfiyev) xarakterinə görə bir-birinin əksi olan insanlardır. Murad həyatda hələ bərkə-boşa düşməyən, məktəbi yenicə bitirmiş gəncdir. O, həyatda necə yaşamaq, özünü necə aparmaq qaydalarını öz təmkini və sözündə möhkəm olmağı ilə seçilən Rüstəmdən öyrənir.

Filmin bəstəkarı Polad Bülbüloğlu o zaman Moskvada yaşayırdı və musiqini lentə yazıb göndərmişdi. Arif müəllim ilk dəfə filmin final  musiqisinə elə səsyazma studiyasında qulaq asıb.  Özü divara söykənib dinləmişdi, bu musiqini.

Filmdə Məcnun obrazı da tamaşaçıların yaddaşına həkk olub. Bu rolun ifaçısı Xosrov Abdullayev Rusiya sirkində çalışan məşhur azərbaycanlı idionu filmə Arif Babayevin xahişi ilə Siyavuş Şəfiyev dəvət etmişdi. Rejissor aktyorları xarakterlərinə, görünüşünə uyğun necə dəqiqliklə seçmişdisə, bu da filmin daha maraqlı alınmasında mühüm rol oynamışdı.

Muradla Rüstəmin işə getdiyi kadrlar Böyük Qala küçəsində lentə alınıb və bu zaman filmdə ayaqqabı ustası öz köşkündən çıxaraq Muradı səsləyir. Həmin ayaqqabı ustası Əhməd dayının işlətdiyi köşk, həqiqətən də, pinəçi köşkü idi. Pinəçi obrazını aktyor Dadaş Kazımov yaradıb və o, “İstintaq” filmində də eyni obrazı yaradıb. Həmin köşk uzun illər İçərişəhərdə fəaliyyətdə olub və şəhərdə çoxlarının müraciət etdiyi ayaqqabı ustası Məmməd kişi həmin köşkdə işləyib. O, populyar müğənni Elarizin atasıdır.

Rejissor  deyirdi ki, Davud mənim qardaşım Akifin prototipidir. Akif özüquş saxlayan və baməzə adam olduğu üçün Arif Babayev Davudun timsalında qardaşının surətini filmə gətirib. Unudulmaz aktyor Yaşar Nurinin atası Məmmədsadıq NuriyevAkifi yaxşı tanıdığı üçün obrazı məharətlə yaradıb.  Ümumilikdə isə filmin maraqlı aktyor ansamblı var. Baş rolun ifaçıları Ənvər Həsənov və Siyavuş Şəfiyev, eləcə də Ətayə Əliyeva, Yusif Vəliyev, Məlik Dadaşov, Muxtar Maniyev, Ələkbər Seyfi, Tofiq Mirzəyev və digərləri filmin uğurunda pay sahibidirlər.

Tamaşaçı  filmə  sona  qədər böyük maraqla baxır.  Çünki  orada   hadisələr  dinamik inkişaf edir.  Final  səhnəsi isə daha da maraqlıdır... Səhər, dəniz fonda səslənən möhtəşəm mahnı. Xalq artisti, görkəmli bəstəkar müğənni Polad Bülbüloğlunun film üçün yazdığı musiqilər əlli ildir ki, qəlbləri riqqətə gətirir. Ən maraqlısı isə budur ki, 1967-ci ildə Bakıda metro istifadəyə verilir həmin il bəstəkar Bakı metrosuna həsr edilmiş mahnı da yazır. Filmdə həmin mahnının instrumental musiqisindən istifadə edilib.

Murad  rolunun  ifaçısı Ənvər Həsənov deyir ki, Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparılıb: “Bu epizodda mən onaSən öləsən” – deyirəm. O daÖzzün öləsən” – cavabını verir. Bu ekspromt idi. Maraqlı dialoqların yer aldığı yeməkxana səhnəsi isə kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib. Yeməkxanadakı insanların yarısı kinostudiyanın işçiləri idi. Çəkiliş nahar vaxtına salındı ki, təsvirlərdə təbiilik olsun”.

Film 1969-cu ildə Kiyevdə “Prometey-69” III zona kinofestivalındaGənclik üçün ən yaxşı film” nominasiyasında mükafata layiq görülüb. Ənvər Həsənov ən yaxşı kişi roluna görə, bəstəkar isə ən yaxşı musiqiyə görə mükafatlandırılıb.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.-26 avqust.- S.15.