Şamaxının mədəni həyatı zənginləşir
Azərbaycan Prezidentinin Şamaxı rayonuna səfəri regionların inkişafına dövlət qayğısının yeni nümunəsidir. Prezident öz çıxışlarında bildirdi ki, bu rayona dəfələrlə bu rayona səfər etmişdir. Ölkə başçısının hər səfəri rayonda gedən quruculuq işlərinə güclü stimul verir. Cənab Prezidentin Azərbaycanın bu qədim diyarına növbəti səfəri isə əlamətdar oldu. Hər səfərində olduğu kimi, bu dəfə də Prezident yeni obyektlərin açılışında iştirak etdi, əhali ilə görüşlər keçirdi, tapşırıq və tövsiyələrini verdi.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da bu səfərdə iştirakı bizim üçün daha yaddaqalan oldu.
Şamaxı ölkənin qədim mədəniyyət mərkəzlərindən biridir. Cənab Prezident də öz çıxışlarında bunu xüsusi olaraq vurğuladı. Əlbəttə, ölkə başçısı regionların mədəni inkişafına həmişə xüsusi diqqət yetirir. Elə, Şamaxıda nə qədər mədəniyyət ocaqları inşa edilib, rayonun mədəni həyatı ilbəil zənginləşib. Mədəniyyət obyektlərinin sırasına bu dəfə daha bir muzey də əlavə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak etdilər. Muzeyin açılış mərasimindəki çıxışında cənab Prezident dedi: “Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın hər bir guşəsi maddi-mədəniyyət abidələri ilə zəngindir. Bu gün respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində bir çox maddi-mədəniyyət nümunələri üzə çıxarılıb, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Bu abidələrin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeyləri önəmli rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə özündə bu prinsipləri nümayiş etdirir”.
Məlumat verildi ki, Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi çox qədimlərə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi işlə əlaqədar burada əvvəlcə müvəqqəti, sonralar isə daimi məskən salıblar. Sakinlərin məşğuliyyəti ilə əlaqədar kəndin də adı dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin keçir. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və bulaq kompleksi inşa edilib. Dövlətimizin başçısının göstərişi ilə ölkəmizin ən qədim dini məbədlərindən olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Dəmirçi kəndinə səfərləri çərçivəsində kənd məscidinin yenidənqurmadan sonrakı vəziyyəti və burada yaradılan turizm infrastrukturu ilə tanış olublar.
Muzeylə tanış olan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.
Məlumat üçün bildirək ki, Dəmirçi–Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə, başı əsasən, şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar arasında saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələrə, o cümlədən silah və bıçaqlara, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri də həmin camların içərisində skeletin başı altındakı parça qalıqlarıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsi hesab olunur. Bir qəbirdə skeletin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin, ən azı, sərkərdə və camaat arasında xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Muzeyin sərgi zalında, ümumilikdə, 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı verəcək. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.
Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır.
Prezident
İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban
xanım Əliyevanın Şamaxıya budəfəki səfəri
rayonumuzun təkcə iqtisadi
inkişafına deyil, mədəni
yüksəlişinə də əhəmiyyətli təsir
göstərəcəyi şübhəsizdir.
Gülnisə Ələkbərova,
Samaxı Rayon İcra
Hakimiyyəti başçısının müavini
Xalq qəzeti.- 2018.- 28 avqust.- S.8.