Almaniya
və Azərbaycan: müasir geostrateji reallıqlar fonunda
Qloballaşmanın perspektivləri
haqqında beynəlxalq aləmdə rəsmən
formalaşmış mövqe, əsasən, Davos İqtisadi
Forumunda, “Böyük iyirmilər”in son sammitlərində qəbul
edilən proqram səciyyəli bəyanatlarda əks
olunmuşdur.
Bu sənədlərdən
açıq-aydın görünür ki, XXI əsrdə
formalaşan dünya iqtisadiyyatının ümumi qaydaları
bu gün mövcud olan formada kapitalın milli dövlət sərhədlərindən
sərbəst hərəkəti əsasında bazar fəaliyyətinin
beynəlmiləlləşdirilməsini nəzərdə
tutur. Bu, o deməkdir ki, yeni dünya
iqtisadiyyatının təməlini iri maliyyə və
qeyri-maliyyə korporasiyalarının başlıca rol
oynadığı qlobal kapitalist bazarı təşkil edəcək.
Təbii ki, bu şəraitdə qlobal və ya
transmilli kapitalist sistemi milli iqtisadiyyatlar üzərində
dominant rol oynayacaq. Beynəlxalq təşkilatların
egidası altında hazırlanan maliyyə və
ümumiqtisadi qloballaşma strategiyalarına əsasən
aralarında institusional, iqtisadi və digər sosietal fərqlər
mövcud olan milli və regional iqtisadi birliklər tədricən
qlobal sistemə inteqrasiya olunacaq. Ancaq
mütəxəssislər və ekspertlər qeyd edirlər ki,
milli sistemlərin institusional divergensiyasının qorunub
saxlandığı şəraitdə korporativ kapitalın tənzimlənməsinə
və korporativ mülkiyyətə münasibətdə beynəlxalq
qanunvericiliyin üstünlük qazanması müəyyən
problemlər yaradacaq.
Bəzi tədqiqatçılar
belə hesab edirlər ki, milli dövlətlərin və
multimilli idarəçilik orqanlarının ikinci dərəcəli
rol aldığı şəraitdə dünya
iqtisadiyyatının tam korporativləşməsi ən
azı iki səbəb üzündən mümkün deyil. Birincisi, görkəmli
iqtisadçıların və bu ssenarini hazırlayanların
özlərinin də etiraf etdiyi kimi, həmin proses zamanı
uzunmüddətli resessiya baş verə bilər. İkincisi, milli dövlətlər, təbii ki,
ümumi iqtisadi resurslardan və yeni texnoloji nailiyyətlərdən
fəal surətdə faydalanmağa çalışacaqlar.
Böyük dövlətlər isə
onların bu arzusunun qarşısına müxtəlif bəhanələrlə
sədd çəkib, əngəl törədəcəklər.
Digər tədəfdən də qlobal kapital
axını siyasi tənzimləmə mexanizmlərinə
çevik reaksiya verməyi, daha mükəmməl yanaşma sərgiləməyi
tələb edir.
Qlobal iqtisadi idarəçiliyin
mərkəzi institusional mexanizmi kimi çıxış edən
bank və maliyyə fəaliyyətinin tənzimlənməsində,
real sferanın bazar sektorunun islahatı sahəsində
mövcud olan və gələcəkdə yaranması ehtimal
edilən problem və çətinliklər dünya ölkələrini
bu gün israrla ikitərəfli və bəzi məsələlərdə
çoxtərəfli əməkdaşlığa sövq
edir. Bu baxımdan Avropanın ən böyük iqtisadi
gücü sayılan, ümumi daxili məhsul istehsalına
görə dünyada dördüncü yeri tutan Almaniya
Federativ Respublikasının Kansleri Angela Merkelin Azərbaycana səfəri
olduqca mühüm əhəmiyyət kəsb edir. 2017-ci
ildə Almaniyada ÜDM-in həcmi 3,69
trilyon dollara bərabər olmuşdur. Əhalisi 82,5 milyon nəfər olan (Avropada əhalinin
sayına görə 2-ci yeri tutur) Almaniyada adambaşına
düşən ÜDM payı 46,9 min dollardır. Əməkqabliyyətli
əhalinin sayı 44,4 milyon nəfərdir.
Ötən il Almaniya iqtisadiyyatında artım 2,2
faizdən çox olmuşdur.
Dövlət quruluşuna
görə Almaniya federativ dövlətdir, 16 inzibati ərazi
vahidindən (federal torpaqdan) ibarətdir. İdarəçilik
forması parlamentli respublikadır. AFR-in Federal Kansleri
2005-ci il noyabrın 22-dən Xristian Demokrat
İttifaqının sədri Angela Merkeldir. Ölkədə
icraedici hakimiyyət federal kanslerin rəhbərlik etdiyi federal
hökumətə məxsusdur. Siyasi sistem
ikipilləlidir. Federal sistem ümumdövlət
və beynəlxalq əhəmiyyətli qərarlar qəbul etmək
səlahiyyətinə malikdir. Regional pillə
federal inzibati ərazi vahidlərində icraedici, qanunverici və
məhkəmə hakimiyyətini həyata keçirir. Seçkilərdə uğur qazanan partiyalar dövlətdən
maliyyə dəstəyi alır.
2018-ci ilin dövlət
büdcəsində gəlirlər 1,598 trilyon, xərclər
isə 1,573 trilyon ABŞ dolları həcmində nəzərdə
tutulmuşdur.
Ölkənin konstitusiyasına
görə, Almaniya Silahlı Qüvvələri
işğalçılıq müharibələrində
iştirak edə bilməz. Konstitusiya Məhkəməsinin
qərarına əsasən, son illərdə Bundesverə
Bundestaqın (parlamentin) razılığı ilə BMT
missiyası çərçivəsində sülhməramlı
tədbirlərdə iştirak etməyə icazə verilib.
Avropa İttifaqının mərkəzi
hissəsində yerləşən Almaniya təbii sərvətlər
baxımından zəngin olmasa da bir sıra sənaye və
texnoloji sahədə dünya lideridir. Dünyada əmtəə
ixracı və idxalı üzrə 3-cü yeri tutur. Əhalinin həyat səviyyəsi çox yüksəkdir
və bu göstərici üzrə ölkənin reytinqi
dünyada 4-cü yerdədir. Federal hökumət sosial təminat,
universal səhiyyə sistemi, ətraf mühitin qorunması,
pulsuz ali təhsil sahələrinə
böyük məbləğdə vəsait ayırır.
Almaniya Avropa
İttifaqının yaradıcılarından biridir, 1955-ci ildən
NATO-nun üzvüdür, “Böyük yeddiliyə” daxildir. Həyat səviyyəsinin
yüksək olmasına görə, immiqrasiya baxımından
dünyada Amerika Birləşmiş Ştatlarından sonra
ikinci cəlbedici ölkədir. Əhalisinin hər beş nəfərdən biri immiqrant
keçmişə malikdir.
Mərkəzi Avropa regionunda
daş kömür və qonur kömür ehtiyatı
böyükdür. Təbii sərvətlərin
azlığı səbəbindən ölkə
iqtisadiyyatı daha çox sənaye sektoru və xidmət sahəsinə
xüsusi diqqət yetirir. İqtisadiyyatın
60-70 faizini xidmət sahəsi, 30 faizə qədərini
istehsal təşkil edir.
Dünya üzrə ümumi
daxili məhsul istehsalının təqribən 4 faizi, Avropa
İttifaqına daxil olan ölkələrin ÜDM
istehsalının 30 faizi Almaniyanın payına
düşür.
Almaniya yüksək məhsuldarlığa
malik kənd təsərrüfatı ölkəsidir. Kənd təsərrüfatı
məhsulları istehsalının ümumi həcminə,
taxıl və heyvandarlıq məhsullarına görə
Avropada yalnız Fransadan geri qalır. Süd
istehsalına görə Avropa İttifaqında birinci yeri
tutur.
Əsas sənaye sahələri
arasında maşınqayırma, kimya, elektrotexnika məhsulları,
avtomobil və gəmiqayırma böyük xüsusi çəkiyə
malikdir. Almaniya sənayesinin istehsalı olan mallara tələbat
bütün dünyada olduqca böyükdür. Ölkə yeni texnologiya və müxtəlif
çeşidli keyfiyyətli əmtəə istehsalına hər
zaman ciddi önəm verir, iri və əhəmiyyətli nəqliyyat
qovşağı olmaqla yanaşı, 2200 müasir gəmidən
ibarət ticarət donanmasına malikdir.
Almaniya avtomobil istehsalı
sahəsində bu gün Avropada birinci yerdədir. Ölkədə
avtomobil istehsalının tarixi 1870-ci ildən
başlamışdır. Şirkətlər
ən yüksək sinifli avtomobil istehsalı prosesində
dizayndan daha çox texniki keyfiyyətə və məhsuldarlığa
xüsusi diqqət yetirirlər. Alman
avtomobil markaları heyrətamiz dizayn, innovativ texnologiya və
digər meyarlar baxımından dünyada ən yüksək
nüfuza malikdir. BMW, Volkswagen, Mercedes-Benz,
Audi və Porsche təkcə Almaniyada deyil, bütün
dünyada lüks-sinif avtomobil istehsalçıları kimi
misilsiz nüfuz qazanmışlar.
Təhlükəsizliklə
bağlı müəyyən mübahisələr doğursa
da, pilotsuz avtomobillər istehsalına dair qanunvericilik bazası
hazırlanır. Avtomobilə əyləşib qəzet
oxuyan və ya seriala tamaşa edən insanı getdiyi məkana
aparan pilotsuz avtomobillərin istehsal olunacağı gün o qədər
də uzaqda deyil. Ağır yük avtomobillərinin
öncül istehsalçıları olan MAN, FAW Group, Daimler
Truck, Volvo, İsuzu, İveco texniki keyfiyyət, təhlükəsizlik
baxımından hətta bolid istehsalçılarını
belə heyrətə salır.
1973-cü ildə Almaniya
Demokratik Respublikası və Almaniya Federativ Respublikası BMT
üzvlüyünə qəbul edildilər. İkiyə
bölünmüş ölkə uzun illərdən sonra
dünya düzənində yaranmış tarixi şəraitdən
faydalanaraq, birləşməyə nail oldu. İki alman
dövləti “Almaniyaya münasibət üzrə qəti tənzimləmə
barədə müqavilə” əsasında birləşdi
(müqaviləni imzalayan ölkələrlə bağlı –
ADR, AFR, SSRİ, Böyük Britaniya, ABŞ və Fransa – bu sənəd
“İki üstəgəl dörd müqaviləsi” də
adlanır).
Beləliklə, 1990-cı il
oktyabrın 3-də Almaniya Federativ Respublikasının
Konstitusiyasına müvafiq olaraq, ADR və Qərbi Berlin AFR-in
tərkibinə daxil oldu, Almaniya Demokratik Respublikasının
Xalq Palatası (parlamenti – Volkskammer) və hökuməti ləğv
olundu.
SSRİ-yə daxil olan respublikalardan
1988-ci ildən sonra Almaniyaya 2,2 milyon alman mənşəli
əhali köçmüşdür.
Almaniyanın “Meissen”
fabrikinin istehsal etdiyi farfor məmulatları dünyanın ən
məşhur muzeylərini bəzəyir. Sənaye sahələrində
robotlardan istifadənin hədsiz artması nəticəsində
12 milyon adamın öz iş yerini itirəcəyi gözlənilir.
Bu səbəbdən hökumət iqtisadi
artım və sərvətlərin bərabər
bölüşdürülməsi arasında kompromis variantlar
axtarır. Həmkarlar ittifaqları ilə
işəgötürənlərin səmərəli əməkdaşlığı
sosial rifahın dayanıqlılığına müsbət təsir
göstərir. Ölkə
iqtisadiyyatının mühüm xüsusiyyətlərindən
biri “Reyn kapitalizmi” adlanır. “Reyn
kapitalizmi” iqtisadi inkişaf prosesində banklara mühüm rol
ayırır. Banklar ölkədə iri sənaye
və xidmət şirkətlərinin əsas səhmdarlarıdır,
buna görə də onlar biznes-qərarların qəbulunda fəal
iştirak edirlər. Almaniyada sənayeləşmənin
yüksək həddə çatması ölkənin
dünya iqtisadiyyatında önəmli yer tutması ilə nəticələnib.
Bəzi obyektiv səbəblər üzündən
ölkə ərazisində iqtisadi inkişaf qeyri-bərabər
paylanıb. Məsələn, şərq
torpaqlarında inteqrasiya və modernləşmə
böyük maliyyə resursları tələb etdiyi
üçün müəyyən problemlər yaranır.
Federal hökumət problemin aradan qaldırılması
üçün şərq əyalətlərinə hər il 100 milyard dollardan çox vəsait
ayırır. Ümumiyyətlə, Almaniyada xidmət
və əmtəə ixracının artımı dünya
iqtisadiyyatının artım sürətindən yüksəkdir.
Ümumi maşınqayırma, cihaz və dəzgahlar istehsalı,
gəmiqayırma, nəqliyyat sahəsində yeni texnologiyalar,
təyyarə istehsalı, dəqiq mexanika, optika, əczaçılıq,
parfümeriya-kosmetika, qara metallurgiya, informasiya-kommunikasiya
texnikası, kimya və kosmik sənaye sahəsinin yüksək
rəqabətqabiliyyətli məhsulları Almaniyanın
dünya bazarlarında liderliyini qoruyub saxlamasına əlverişli
şərait yaradır. Dünya bazarına
çıxarılan maşınqayırma məhsullarının
20 faizindən çoxu Almaniyanın payına
düşür. Əlvan və qara
metallurgiya idxal xammalı hesabına inkişaf edir. Aviakosmik sənayenin inkişaf sürəti çox
yüksəkdir.
Təsadüfi deyil ki,
dünya iqtisadiyyatında böyük xüsusi çəkiyə
malik olan Almaniya polyak mənşəli ABŞ siyasi xadimi,
görkəmli strateq Zbiqnev Bjezinskinin daim diqqət mərkəzində
idi. Bjezinski Almaniya və Fransanı Avropanın geosiyasi cəhətdən
ən fəal dövlətləri hesab edirdi. Bu baxımdan böyük strateqin “Oyun planı”
kitabında “açar dövlətlər”in geosiyasi rolunun təhlili
olduqca maraqlıdır. Bjezinski yazırdı: “İndiki
şəraitdə bütün dünya miqyasında cəmi beş geostrateji iştirakçı və
beş geosiyasi mərkəz (geostrateji
iştirakçıların ikisi, bəlkə də, qismən
iştirakçı kimi tövsif edilir) seçilir və
Avrasiyanın yeni siyasi xəritəsində identifikasiya oluna
bilər.
Fransa, Almaniya, Rusiya, Çin və
Hindistan böyük və fəal fiqurlardır, halbuki,
Böyük Britaniya, Yaponiya və İndoneziya (hamının
etirafına görə çox vacib olan ölkələr) bu
kvalifikasiyaya düşmürlər. Ukrayna, Azərbaycan, Cənubi
Koreya, Türkiyə və İran prinsipial geosiyasi mərkəz
rolunu oynayırlar”.
Görünür, bu həqiqətləri
yaxşı dərk edən Almaniya Azərbaycanla əməkdaşlığın
genişləndirilməsinə xüsusi əhəmiyyət
verir. Odur ki, Azərbaycanla intensiv dialoqa və diskussiyaya
ciddi ehtiyac duyur. Federal Kansler Angela Merkel bu
reallığı Azərbaycana səfəri zamanı
açıq-aydın etiraf edərək dedi: “Bizim ikitərəfli
münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda
Azərbaycanın simasında ən böyük, ən vacib
ticarət tərəfdaşımız var. Azərbaycanda
xarici ticarət planlarımız var, burada 150 alman müəssisəsi
fəaliyyət göstərir. Azərbaycan da
öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinin
həyata keçirilməsində maraqlıdır və
Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər.
Bu gün birgə biznes forumu da buna xidmət edəcək
və orada detallar barədə danışacağıq”.
Federal Kansler haqlıdır,
Azərbaycanın mühüm geostrateji ərazidə yerləşməsi,
bölgədə müşahidə edilən tendensiyalar
fonunda müasir, sivil müsəlman dövləti modeli ölkəmizin
Qərb üçün cəlbediciliyini xüsusi olaraq
artırır.
Hazırda bütün
dünyada özünü göstərməkdə olan
geosiyasi ziddiyyətlər, böyük dövlətlər
arasındakı mürəkkəb iğtişaşlar, hərbi,
ideoloji, informasiya və diplomatik savaşlar ciddi narahatlıq
doğurur. Qərblə Rusiya arasında vüsət
almış qarşılıqlı ittihamlar dalğası da
yeni təhlükələrdən xəbər verir. Açıq etiraf edək ki, ABŞ-ın xarici siyasəti
artıq liberal dünya nizamını nəticələrinin
irəlicədən proqnozlaşdırılması çox
çətin olan böhran dönəminə sürükləyir.
Dünya nizamının mexanizmləri, onun
liberalizm, universalizm və düzənin qorunması kimi
üç əsas komponenti dartışma və savaş hədəfinə
çevrilib. Başqa sözlə desək,
dünya nizamının gələcəyi sual altına
düşüb. Liberalizm siyasi müstəvidə
geri çəkilir, demokratik ölkələrdə siyasi
populizm güclənir, Avropada isə siyasi radikalizmə meyil
artır. Dünya ticarətində
proteksionizmin güclənməsi, böyük dövlətlərin
yalnız öz maraqlarını güdməsi ölkələri
üz-üzə qoymaqdadır. “Hər
şeydən öncə Amerika” devizi dünya nizamını təhlükə
qarşısında qoyub. Böyük
dövlətlər belə mürəkkəb geosiyasi vəziyyətdə
müxtəlif maraqları tarazlaşdırmaqda çətinlik
çəkirlər. ABŞ-ın Rusiyaya tətbiq etdiyi
çoxsaylı sanksiyalar, ABŞ – Şimali Koreya
danışıqları, İranla imzalanmış nüvə
sazişindən imtina, ABŞ – Çin ticarət müharibəsinin
genişlənməsi, Yaxın Şərqdəki gərginlik
vəziyyəti daha da kəskinləşdirir.
Hətta, iş o yerə
çatıb ki, Rusiyaya qarşı sanksiyalarla kifayətlənməyən
ABŞ Rusiyanın qaz nəhəngi – “Qazprom”un
Baltik dənizi ilə Almaniyaya çəkiləcək
“Şimal axını – 2” layihəsi iqtisadi cəhətdən
yaxşı əsaslandırılmış və
istehlakçılar üçün nə qədər cəlbedici
olsa da, bu qaz kəmərənin çəkilişinə
görə öz müttəfiqi olan Almaniyanı ciddi ittiham
edir. Avropaya qaz ixracatçıları
arasında Rusiyanın payı 43 faiz təşkil etsə də,
bu layihənin reallaşdırılmasına törədilən
əngəllər davam etməkdədir.
Qərb təhlükəsizlik
sisteminin çöküşünə aparan proseslərin
qarşısını almaq üçün artıq Avropa
ölkələri ABŞ-dan asılı olmayan müdafiə-təhlükəsizlik
sisteminin qurulması barədə düşünürlər. Federal Kanslerin tez-tez “biz
artıq təhlükəsizliyimizi ABŞ-a
etibar edə bilmərik” fikri də, görünür, elə
bununla bağlıdır.
Geosiyasi proseslərin Qərb
qanadının çöküşünü təhdid edən
amillər Federal Kanslerin Cənubi Qafqaza səfərini
labüdləşdirən səbəblər arasında önəmli
yer tutur.
Avropa üçün yeni enerji mənbəyi olan, müstəqil
siyasət yeridən və etibarlı tərəfdaş kimi
bütün dünyada böyük nüfuz qazanmış Azərbaycanla
əməkdaşlığı siyasi, iqtisadi, mədəni əlaqələri
genişləndirmək arzusu Angela Merkeli Azərbaycana ciddi tərəfdaş
kimi baxmağa sövq edir.
Federal Kanslerin ölkəmizdə həyata
keçirilən qlobal layihələr barədə ətraflı
məlumata malik olması da bu fikri bir daha təsdiq edir: “Azərbaycan
Avropa İttifaqının enerji şaxələndirilməsində
də güclü bir amildir və Cənub Qaz Dəhlizinin
açılması Avropanın enerji təminatında
böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı – Tbilisi – Qars
dəmir yolunun açılmasını yüksək qiymətləndiririk.
Bu, Avropa ilə ticarət əlaqələrini
genişləndirəcək, mübadilə
aparılmasını yaxşılaşdıracaq”.
Kanslerin regional təhlükəsizlik,
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı açıqlaması da xüsusi əhəmiyyət
kəsb edir: “Dağlıq Qarabağ məsələsi
haqqında açıq danışdıq. Mən bir daha
vurğuladım ki, Almaniya bu münaqişənin həllində
maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində
öz töhfəmizi verəcəyik... Bu
regionda mövcud olan bütün münaqişələr
sülh yolu ilə həll edilməlidir”.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev bu vaxta qədər Federal Kansler Angela Merkellə
dəfələrlə görüşmüş və iki
ölkənin rəhbərləri arasında səmimi dialoq və
etimad mühiti yaranmışdır. Azərbaycanda
müasir texnologiyaların tətbiqi, iqtisadi şaxələndirmə
və qeyri-neft sektorunun inkişafında Almaniyadan olan 150-dən
çox müəssisə fəal iştirak edir. Bu günə qədər həmin şirkətlər
Azərbaycanda dəyəri 1 milyard ABŞ dollarından
çox olan layihələr icra ediblər.
Statistikaya əsasən,
2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri
ilə ümumi ticarətində Azərbaycanın payı təqribən
66 faizə bərabər olub. Başqa sözlə
desək, Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın ən
böyük və ən etibarlı tərəfdaşıdır.
Federal Kanslerin Cənubi Qafqaz
turnesinə marağın böyük olması təbii
qarşılanmalıdır. Berlin bu regionda
“Böyük Qara dəniz” layihəsinə xüsusi əhəmiyyət
verdiyini gizlətmir və bu kontekstdə Almaniyanın
maraqlarına uyğun təhlükəsizlik sisteminin yaranması
üçün səylərini əsirgəmir. Amma geosiyasi vəziyyətin təhlili göstərir
ki, bu mürəkkəb geosiyasi regionda heç bir güc
Rusiya, ABŞ, Fransa, Türkiyə, İran kimi böyük
dövlətləri gözardı edə bilməz. Həm də açıq etiraf etmək
lazımdır ki, bu regionun iqtisadi və geosiyasi lideri Azərbaycandır.
Azərbaycanın razılığı olmadan
burada hansısa beynəlxalq layihənin baş tutması
qeyri-mümkündür. Onu da nəzərə almaq
lazımdır ki, baş verən geosiyasi proseslərin fonunda
ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizini”
xüsusi qeydlə sanksiyalar çərçivəsindən
kənara çıxarması ciddi tarixi hadisə kimi dünya
düzəninin böyük aktorlarına əhəmiyyətli
mesajdır. Bu mesajın siyasi, iqtisadi və təhlükəsizlik
aspektləri çoxlarını düşünməyə və
geri çəkilməyə məcbur edəcək. Həm də nəzərə almaq lazımdır ki,
Azərbaycan müstəqil xarici siyasət yeridir və
heç bir dövlətin, beynəlxalq qurumların diktəsi
ilə hərəkət etmir.
Rəsmi Bakının öz
fəaliyyətində ancaq milli maraqlara və bərabərhüquqlu
tərəfdaşlığa üstünlük verməsi
Federal Kanslerin Azərbaycana səfəri zamanı bir daha
xüsusi vurğulandı. Ölkənin ən ağır
problemi olan Dağlıq Qarabağ məsələsindən bəhs
edərkən
Prezident İlham Əliyev Azərbaycan
həqiqətlərini, respublikanın qəti və prinsipial
mövqeyini cəsarətlə bəyan etdi: “Bu gün biz
gündəlikdə duran məsələləri çox
açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar,
keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq
üçün əlverişli zəmin yaradır.
Mən xanım Kanslerə
regional təhlükəsizlik məsələləri,
xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı məlumat
verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan əraziləri uzun illərdir ki, Ermənistanın
işğalı altındadır. Bu
işğal nəticəsində bir milyondan çox azərbaycanlı
öz doğma torpağında
qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. BMT Təhlükəsizlik
Şurası münaqişə ilə bağlı dörd qətnamə
qəbul etmişdir. Bu qətnamələrdə
göstərilir ki, erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Əfsuslar
olsun ki, Ermənistan bu qətnamələrə məhəl
qoymur və onları icra etmir. Azərbaycanın
ərazi bütövlüyü bərpa edilməlidir və
münaqişə bu prinsiplər əsasında öz həllini
tapmalıdır”.
Dağlıq Qarabağ
münaqişəsinin həllində Almaniyanın təşəbbüsü
öz üzərinə götürə biləcəyini bəyan
etməsi düşündürücü məqam olsa da, real
mənzərənin mürəkkəbliyini unutmaq olmaz. Dünyanın
böyük dövlətləri anlamalıdırlar ki,
Dağlıq Qarabağ məsələsinin həllində ədalətli,
obyektiv, beynəlxalq hüquqa uyğun mövqe tutmadan Cənubi
Qafqazda nüfuz sahibinə çevrilmək
qeyri-mümkündür. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır və
Prezident İlham Əliyevin bəyan etdiyi kimi ölkəmizin ərazi
bütövlüyü və suverenliyi bərpa
olunmalıdır. Azərbaycan öz torpaqlarında ikinci
erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək!
Dünya siyasətinin
gündəminin obyektiv təhlili göstərir ki, regionun
geosiyasi mənzərəsində Azərbaycan faktorunun
aktuallığı getdikcə artır. Bu, birmənalı
olaraq Azərbaycan dövlətinin apardığı uğurlu
xarici siyasətlə bağlıdır. Prezident
İlham Əliyev həyata keçirdiyi müstəqil və
tarazlaşdırılmış xarici siyasət kursu ilə
sübut etdi ki, Cənubi Qafqazın lider dövləti
etibarlı tərəfdaş olan qüdrətli Azərbaycan
dövlətidir.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Əməkdar
journalist
Xalq qəzeti.- 2018.- 30 avqust.- S.5.