"Dövlət daim  sizi dəstəkləyəcək"

 

Azərbaycan Prezidentinin "Azərxalça"nın İsmayıllı filialının açılışında dediyi bu sözlər xalçaçılarımızda böyük ruh yüksəkliyi yaradıb

 

Azərbaycan xalçaçıları üçün daha bir unudulmaz gün 2018-ci il avqustun 25-i oldu. Həmin gün dövlət başçısı cənab İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışını etdi. Ölkə rəhbərinin xalçaçılarla hər görüşü onlar üçün həyatlarının ən unudulmaz gününə çevrilir. Çünki onlar bilirlər ki, qoruyub saxladıqları sənət məhz cənab İlham Əliyevin sayəsində yaşadılır və inkişaf etdirilir. Prezidentlə hər görüş bu sahənin daha da inkişafına yeni perspektivlər açır. Dövlət başçısı “Azərxalça”nın filiallarının açılışlarında xalçaçıların əməyini, qarşıya qoyduğu tapşırıqların uğurla yerinə yetirilməsini yüksək qiymətləndirir.

2018-ci il mayın 4-də Xaçmaz filialının açılışında “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq” deyən dövlətimizin başçısı İsmayıllıda da qurumun fəaliyyətindən razılığını ifadə edən fikirlər səsləndirdi: “Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir”.

Əlbəttə, bu qiymətli sözlərin arxasında xalçaçılığa göstərilən böyük dövlət qayğısı, real iş, konkret nəticələr və zəhmət dayanır.

Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı qədim sənətimizə ikinci həyat verib, xalçaçılıq xalqımızın milli dəyəri kimi ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib.

Bəs xalçaçılığa niyə bu qədər diqqət göstərilir? Nə üçün bu sahəyə bu qədər investisiya qoyulur? Prezident çıxışlarından birində bu sahədə görülən işlərin əhəmiyyətini belə qiymətləndirib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk”.

Xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çox böyük önəm daşıyır. Çünki keçmişlə bu günümüz arasında körpü rolunu oynayan xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.

Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə xalçaçılıq sənəyinin geniş şəkildə tədqiqinə, milli naxışlarla xalça istehsalına süni maneələr yaradılırdı. Çünki xalça bizim xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biridir. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. O dövrdə digər milli dəyərlərimiz kimi, xalçaçılığın da yaşadılması Ümummilli Liderimizin müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri idi. Çünki xalçaçılıq xalqımızı müstəqilliyə aparan yolda mühüm vasitəyə çevrilmişdi. Qədim tariximizin, zəngin dövlətçilik ənənələrimizin xalça naxışlarında yaşadılması gənc nəsildə milli hisslərin oyanmasına stimul verirdi. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan və ulu öndərimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib.

Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahədəki fəaliyyətinin ən yaddaqalan məqamlarından biri də 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Ölkə başçısının təşəbbüsü və ideya müəllifliyi ilə yaradılan “Azərxalça” bir neçə starteji məqsədin reallaşdırılmasına imkan verib. Cəmiyyətin qarşısına qoyulan mühüm vəzifələrdən birincisi milli dəyərimiz olan xalçaçılığı yaşatmaq, digəri isə ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verməkdir. Bunun üçün xalçaçılığın geniş şəbəkəsi yaradılmalı idi. “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sənət sahəsinin yaşadılmasını təmin edərək, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb.

İlkin mərhələdə “Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adıçəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin iştirakı ilə 12 noyabr 2016-cı il tarixdə “Azərxalça”nın Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabr 7-də Quba, 2018-ci il mayın 4-də Xaçmaz, avqustun 25-də isə İsmayıllı filiallarının açılışı olub.

Dövlət başçısının sərəncamları ilə hazırda Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları binalarının tikintisi və infrastrukturunun yaradılması sürətlə davam etdirilir. Ölkə rəhbərinin tapşırığı ilə 2019-cu ildə daha 10 xalça istehsalı emalatxanası yaradılacaqdır.

Bir məsələni xüsusi qeyd etmək lazımdır. Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən mənfur ermənilər dədə-baba yurdlarımızda qalan Azərbaycan xalçalarını öz sənət əsərləri kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və o xalçalar bizim xalqımızın yaratdığı qədim çeşnilər əsasında toxunub.

Azərbaycan torpaqları işğal olunduqdan sonra məcburi köçkünə çevrilən insanlar arasında peşəkar xalçaçılar, rəssamlar, boyaqçılar, tacirlər, bir sözlə ömrünü bu sənətə bağlayanlar vardır. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də o insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça emalatxanalarının tikilməsinə üstünlük verilib. Təsadüfi deyil ki, “Azərxalça”nın ilk filialı məhz Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Vaxtilə indi işğal altındakı Ağdam şəhərində xalça fabriki olub. Quzanlı qəsəbəsində yaradılan emalatxanada çalışanların çoxu Ağdam şəhərindəki xalça istehsalı müəssisəsində işləyən qadınlardır.

Bu il isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayon sakinləri üçün xalça emalatxanası inşa olunur. Bu proses 2019-cu ildə də davam etdiriləcəkdir. Gələn il Goranboy rayonunun Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı, Ağcəbədi rayonunun Taxtakörpü qəsəbəsində isə Laçın filialları yaradılacaqdır.

Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalça istehsalı üçün lazım olan xammalın ölkəmizdə istehsal olunmasıdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yunəyrici-Boyaq Fabriki tikilir. Müəssisədə ildə 1500 ton kirli yun emal olunacaq, yun ipliklər istehsal ediləcək. Burada həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılır. Hər məntəqədə orta hesabla 300 ton kirli yun qəbul olunacaq.

Xalçaçılığın kompleks şəkildə inkişafının təmin olunması, bu sahədə görülən işlərin sürətləndirilməsi üçün Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu Dövlət Proqramı qarşıdakı 5 ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Proqramda müvafiq dövlət orqanlarının qarşısına mühüm vəzifələr qoyulub. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin bir hissəsi artıq “Azərxalça” tərəfindən həyata keçirilib.

Azərbaycan Prezidenti xalçaçılığın iqtisadi əhəmiyyətindən danışarkən deyib: “Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”.

Göründüyü kimi, dövlət başçısının xalçaçılıqdan gözləntiləri çoxdur. Xalçaçılıq yeganə sahədir ki, onun ixracı ilə həm ölkəmizin dəyərləri, tarixi, mədəniyyəti təbliğ olunur, həm də respublikamıza valyuta gəlir. Azərbaycan xalçalarının kütləvi şəkildə ixracına nail olmaq üçün “Azərxalça” beynəlxalq əlaqələrini genişləndirir. Xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələr yaradılır.

“Azərxalça”nın ilk məhsulları 2017 və 2018-ci illərdə Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq xalça satış-sərgisində, ötən ilin 10-13 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən Rug Show-da təqdim edilib. Londonda nəşr olunan “HALI” jurnalı 190-cı sayından etibarən öz səhifələrində “Azərxalça”nın fəaliyyətini ənənəvi xalı toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandırır. Bundan başqa, Almaniyada nəşr olunan nüfuzli “Carpet XL” jurnalında “Azərxalça”nın məhsulları reklam olunur.

Xalça emalatxanalarında istehsal olunan məhsulların dünya bazarına çıxarılmasını təmin etmək məqsədilə Amerika Birləşmiş Ştatları və Yaponiyada fəaliyyət göstərən şirkətlərlə danışıqlar aparılıb, ilkin razılıq əldə olunub.

Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Xalçaçılığa bu qədər vəsait ayırmaq böyük cəsarət tələb edir. Yalnız cənab İlham Əliyev kimi cəsarətli, milli dəyərlərin yaşadılmasına böyük önəm verən müdrik dövlət xadimi bunu edə bilərdi. Çünki xalçaçılığa qoyulan vəsait on illər sonra geri qayıdır. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb.

Ona görə də “Azərxalça”nın fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Prezident xalçaçılarla budəfəki görüşündə də hər zaman onların yanında olduğunu bildirdi, Azərbaycan xalçasına, beləliklə milli dəyərlərimizə hər zaman sahib çıxacağını bir daha bəyan etdi. İsmayıllı filialının açılışında ölkə rəhbərimizin dediyi “Dövlət daim sizi dəstəkləyəcək” sözü bu sahənin gələcək inkişafından, görüləcək nəhəng işlərdən xəbər verir: “Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun”.

Bu, gələcəkdə bir rayonda bir neçə xalça istehsalı emalatxanasının yaradılacağı barədə dövlət başçısının xalçaçılara daha bir sevindirici xəbəri idi. Bu, həm də Azərbaycanın düşmənlərinə verilən ciddi mesajdır. Azərbaycan milli dəyərlərinə, tarixi ənənələrinə sahib çıxmaq, belə fabriklər yaratmaq qüdrətindədir, hər kəndindəki evdar qadınları belə bax bu cür işlə təmin edə bilir. “Azərxalça”nın İsmayıllı filialının açılışından cəmi bir gün sonra ölkə rəhbəri İsmayıllı xalçaçılarını sevindirdi. Dövlət başçısının Sərəncamı ilə İsmayıllıda daha bir xalça istehsalı emalatxanası yaradılacaqdır. Bu fakt onu deməyə əsas verir ki, müstəqil Azərbaycanın xalçaçılığı yeni üfüqlər fəth edəcəkdir.

 

Tural Səfərov,

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi

 

Xalq qəzeti - 2018.- 30 avqust.- S.6.