Azərbaycan–Türkiyə müttəfiqliyi
qarşılıqlı maraqlara,
xalqlarımızın tale birliyinə
söykənir
30 Avqust Türkiyə
Respublikasının Zəfər Bayramıdır
Azərbaycan–Türkiyə müttəfiqliyi qarşılıqlı maraqlara, xalqlarımızın tale birliyinə söykənir
Bu gün qardaş Türkiyə qəhrəman türk ordusunun Meydan müharibəsindəki qələbəsinin 96-cı ildönümünü qeyd etməkdədir. Qazi Mustafa Kamal paşanın komandanlığı altında 1922-ci il avqustun 26-da başlayıb avqustun 30-da Dumlupinarda başa çatan döyüşdə düşmən qoşunları üzərində qazanılan tarixi qələbə Zəfər Bayramı kimi türk xalqının tarixinə yazıldı. O gündən 30 avqust Türkiyənin Zəfər Bayramı kimi qeyd edilməkdədir.
Bu gün İstiqlal savaşının bütün qəhrəmanlarının, qazi və şəhidlərinin adlarının hörmətlə anıldığı ölkələr sırasında Azərbaycanın da adı var.
Müasir dünya düzənində illərin sınağından çıxmış Azərbaycan –Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi hər iki ölkənin xarici siyasətinin prioritetinə çevrilmişdir. Dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi strateji tərəfdaşlıq amilini daha da gücləndirmişdir.
Bir az əvvələ gedib bu əlaqələrin tarixi köklərinin eyni soykök, dil, din, mədəniyyət ortaqlığı üzərində qərarlaşdığını görsək də, çağdaş dövlətlərarası münasibətlərin yaranıb-möhkəmlənməsi, Azərbaycanın dünya birliyinə inteqrasiyası, regional təhlükəsizliyin təmin olunmasında qardaş Türkiyənin rolunun önəmli dərəcədə artması, siyasi-iqtisadi və elmi-mədəni maraqlarımızın reallaşması ölkəmizin müstəqillik qazanması ilə mümkün olmuşdur.
Müstəqilliyin ilk illərində
Azərbaycan-Türkiyə əlaqələri
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında da yeni mərhələ açmışdır. Əslində, bu əlaqələrin kökləri Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən qaynaqlanır. Vətənin dar günündə onun harayına gəlmiş ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi Naxçıvan – Türkiyə münasibətlərinin qurulmasına təkan vermişdir.
Dövrün siyasi xarakteristikasını verən siyasətçilərin dili ilə desək, 1990-cı ilin iyul ayında ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar respublikanın ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etmişdir. Həmin illərdə ümummilli liderimizin muxtar respublika parlamentində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəliyə gətirərək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir.
Azərbaycan – Türkiyə əlaqələrinin inkişafında və Naxçıvanın iqtisadi blokadasının yarılmasında 1992-ci il may ayının 28-də Sədərək–Dilucu körpusünün açılışı mühüm addım idi. Körpünün rəsmi açılış mərasimində Türkiyənin Baş naziri Süleyman Dəmirəlin başçılığı ilə türkiyəli nazirlərdən, yüksək çinli məmurlardan və ziyalılardan ibarət 150 nəfərdən artıq nümayəndə heyəti iştirak etmişdi. Ölkələrimiz arasında mühüm hadisə kimi dəyərləndirilən bu körpü iki qardaş xalqın uzun illər bir-birinə qovuşmaq arzusunu gerçəkləşdirdiyindən xalq arasında “Ümid körpüsü”, “Həsrət körpüsü” adlandırılmışdı.
İki dövlət arasında münasibətlərin yeni və əsas mərhələsi 1991-ci ildə SSRİ dağıldıqdan sonra başlanmışdır. Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması Turkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışı isə Türkiyə ilə əlaqələrin genişlənməsində xüsusi mərhələ olmaqla, həm də bu istiqamətdə qurulmuş xarici siyasət kursunun yüksələn xətlə inkişafına geniş meydan açmışdır.
Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, regionun, eyni zamanda, Şərqlə Qərb arasında iqtisadi imkanların genişlənməsinə mühüm zəmin yaradır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft-qaz kəmərləri layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin gerçəkləşməsi də Türkiyə və Azərbaycanın siyasi iradəsinin nəticəsidir.
İkitərəfli münasibətlərin
qurulmasında mühüm
addım
2010-cu il mayın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı keçirdiyi görüşlərdə hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulmasında yeni və mühüm addım idi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdikləri birgə mətbuat konfransında bu məsələnin əhəmiyyətini dəyərləndirən qardaş ölkənin rəhbəri demişdi: “Bu gün keçirdiyimiz görüşlərdə, xüsusilə də hörmətli Prezidentlə ən önəmli addımlardan biri yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verdiyimiz qərardır. Bu, təbii ki, çox geniş, hərtərəfli bir işdir və Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən ən mühüm addım olacaqdır”.
Nəhayət, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə özünü təsdiq etmiş tarixi-mənəvi əlaqələr 2010-cu il avqustun 16-da Türkiyə Respublikanın sabiq Prezidenti Abdullah Gülün Azərbaycana səfəri zamanı “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin imzalanması ilə yeni bir mərhələyə qədəm qoymuşdur.
Müqavilə tərəflərin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımaqla, hər hansı birinin təhdid və ya təhlükə, üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qalarsa, hərbi imkanlardan da istifadə etməklə, bütün zəruri tədbirlərin görülməsini, təxirəsalınmaz məsləhətləşmələr aparılmasını, bir-birinə qarşılıqlı yardım göstərməsini təsdiqləyir. Bu, həm də yeni dünya düzənində mövqeyni birmənalı təsdiq etmiş Türkiyə dövlətinin siyasi iradəsinin təntənəsi idi. Cənab Ərdoğanın dediyi kimi, “artıq dünyada gündəmi müəyyənləşdirilən bir ölkə olmaqdan çıxıb, gündəm müəyyən edən bir ölkəyə çevrilmişik”.
Türkiyə Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Azərbaycana səfəri zamanı geniş tərkibdə görüşdən və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" imzalandıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək demişdir: “Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə Türkiyə Prezidenti Abdullah Güllə görüşündə bu mərasimin siyasi əhəmiyyətinə toxunaraq qeyd etmişdir: “Bu sənədlər bizim ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün hüquqi baza yaratmışdır”.
O zaman Azərbaycanın rəsmi mətbuatı Türkiyə Prezidentinin ölkəmizə səfərini dəyərləndirərək yazırdı: “Bu müqavilənin imzalanması beynəlxalq aləmdə diqqət mərkəzində idi. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi bu müqavilənin imzalanmasından ciddi narahatlıq hissi keçirirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni imzaladılar. Ekspertlər Rusiya Prezidenti Dmitri Medvedevin 49 illik hərbi müqavilənin imzalanmasını nəzərdə tutan Ermənistan səfəri ərəfəsində Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri və iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmasını çox yüksək qiymətləndirirlər. Bu müqavilənin imzalanması Türkiyə və Azərbaycanın "bir millət, iki dövlət" olmasını bir daha təsdiqlədi” ("Xalq qəzeti", 19 avqust 2010-cu il ).
Strateji Əməkdaşlıq Şurası: əlaqələrin
daha da möhkəmlənməsi
Xatırladaq ki, 2010-cu ilin 15 sentyabrında keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının İstanbul sammitindən əvvəl Azərbaycan– Türkiyə ikitərəfli danışıqlarının rəsmi nəticəsi iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair sənəd imzalanmasıdır. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında strateji əməkdaşlıq səviyyəsində olan əlaqələrin daha da möhkəmlənməsini təmin etmişdir. Bu şuranın yaradılmasına böyük siyasi dəyər verən Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında deyirdi: “Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə adi bir müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq”.
Bu barədə şərh verən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Azərbaycan – Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri, millət vəkili Nizami Cəfərov “Xalq qəzeti”nə bildirmişdi: “Azərbaycan – Türkiyə münasibətləri "bir millət, iki dövlət" prinsipinə uyğun olaraq uğurla inkişaf edir. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması bir daha hər iki ölkənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirmişdir”.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı 2011-ci il oktyabrın 25-də İzmirdə keçirilmişdir. İki qardaş ölkədən 10 nazirin iştirak etdiyi toplantıda ikitərəfli əlaqələr geniş müzakirə olunmuş, 20-yə yaxın sənəd imzalanmışdır. 2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi Azərbaycan–Türkiyə münasibətlərinin qloballaşmanın çağırışlarına uyğun yeni hədəflər müəyyənləşdirilməsində vacib bir vəsilə oldu.
2013-cü il noyabrın 13-də Ankarada keçirilən üçüncü, 2015-ci il yanvarın 15-də isə dördüncü iclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunmuş, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Vaxtilə Türkiyə rəhbərinin Azərbaycana səfərinin yekununu şərh edən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov bildirmişdi: “Azərbaycan və Türkiyənin dövlət başçılarının bəyanatları bir daha göstərdi ki, iki dövlətin arasına girmək olmaz. Azərbaycan və Türkiyə dünyada analoqu olmayan müttəfiqdirlər və onların müttəfiqliyi qarşılıqlı maraqlara, qarşılıqlı mənafelərə, xalqlarımızın tale birliyinə söykənir. Onların müttəfiqliyi həm regionda, həm dünyada dövlət maraqlarımızın tam üst-üstə düşməsinə söykənir" (“Xalq qəzeti”, 29 iyul 2011-ci il).
Azərbaycan və Türkiyə dünyada
analoqu olmayan müttəfiqlərdir
Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Bakıda keçirilməli idi. Ancaq paytaxt Ankarada törədilən terror aktı səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı il martın 15-də Azərbaycana nəzərdə tutulan səfəri təxirə salındı. Bu, bir ayda ikinci belə hadisə idi. Azərbaycan Prezidenti iclasın Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış etmiş və Türkiyəyə səfər etməyə qərar vermişdi.
Prezident İlham Əliyevin düşmən xəyanətinin acısını yaşayan Türkiyəyə getməsi milyonların qəlbini riqqətə gətirmişdi. Ən böyük alqışı isə təbii ki, qardaş ölkənin dövlət başçısının dilindən eşitdik: “Millətimizin və ölkəmizin bu çətin günündə – Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı, həqiqətən, çox ciddi terror aktı – terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını yaşayaraq, bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm.”
Martın 15-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasında enerji, nəqliyyat məsələləri ilə yanaşı, müdafiə, hərbi və bütün bu istiqamətlərdə əməkdaşlıq müzakirə edilmiş və altı müqavilə imzalanmışdır. Tədbirdən sonra mətbuata bəyanatlarla çıxış edən Azərbaycan və Türkiyə prezidentləri mövqelərində yekdil olduqlarını bir daha nümayiş etdirdilər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir: “Görüşlərimizdə hərbi sənaye və təhlükəsizlik məsələlərini bir daha müzakirə etdik. Müdafiə sənayesi sahəsində bəzi konkret addımların atılmasını qərarlaşdırdıq. Qarşıdakı aylarda keçiriləcək üçüncü Türkiyə – Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlığı Toplantısının bu baxımdan mühüm fürsət olacağına inanıram”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə demişdir: “Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq”.
2017-ci il oktyabrın 31-də isə Bakıda Azərbaycan – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti altıncı toplantısı keçirilmişdir. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş və 6 mühüm sənəd imzalanmışdır. Yeri gəlmişkən qeyd edim ki, tədbirin açılış günü tarixi “İpək yolu”nun bərpası kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi vaxtına təsadüf edir. Oktyabrın 31-də sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etmişlər. Ölkəmizin rəhbəri bəyanatında bildirmişdir: “Bu gün region üçün ən ağrılı problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Mən Prezident Ərdoğana danışıqlarla bağlı son vəziyyət haqqında məlumat verdim. Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb”.
Ankarada 2018-ci il aprelin 25-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilmişdir. İclasda çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdir: “Biz Türkiyədə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qardaşlarımızın yanındayıq. Azərbaycanda da bu vəziyyət eynidir. Bu baxımdan FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizəmizdə heç vaxt dəstəyini əsirgəməyən Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı öz mübarizəsi hesab edib. Orada canını qurban verən şəhidlərimiz üçün duyduğunuz üzüntünü, qazandığımız uğurlara görə də keçirdiyiniz sevinc hisslərini də təqdir edirik. Biz də Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə öz problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik”. Qardaş ölkənin lideri bu fikirlərini açıqlamaqla həm tədbirin strateji dəyərini qiymətləndirmiş, həm də Azərbaycanla əlaqələrin nə qədər vacib olduğunu bildirmişdir.
Növbəti prezident seçkilərindən sonrakı ilk rəsmi xarici səfərini Ankaraya edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də cıxışında Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın müttəfiqlər olduğunu vurğulamışdır: “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də, öz növbəmizdə, bütün məsələlərdə Türkiyənin yanındayıq. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terrora qarşı mübarizədə, “Zeytun budağı” əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq borcumuzdur”.
Azərbaycan – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra iclasın protokolu və 5 sənəd, o cümlədən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair protokol" imzalanmışdır.
Göründüyü kimi, bütün dövrlərdə Türkiyə – Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. İki qardaş dövlətin rəsmi mövqeyinə gəldikdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin gerçəkləşmiş rəsmi görüşləri də müəyyən mənada ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab olmuşdur.
Ölkələrimiz arasında hərtərəfli əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə, regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Bu gün “bir millətin iki dövləti” arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Tarixi gerçəklik budur ki, bütün bölgədə Türkiyə – Azərbaycan əməkdaşlığına söykənmədən heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
Namiq ƏHMƏDOV
Xalq qəzeti.- 2018.-30 avqust.- S.9.