Xalq yazıçısı Elçinin
“Baş” romanı Türkiyədə nəşr
edilib
Xalq yazıçısı Elçinin “Baş” romanı Türkiyənin “İş Bankası Kültür Yayınları” nəşriyyatında nəfis tərtibatda çap edilib.
AZƏRTAC xəbər verir ki, nəşriyyat əsərlə bağlı geniş şərhlər verməklə, müəllifi oxuculara “Modern ədəbiyyatın ən önəmli təmsilçilərindən” biri kimi təqdim edib. Türk dilinə Azad Ağaoğlu tərəfindən çevrilən roman Elçinin qardaş ölkədə nəşr edilmiş 26-cı kitabıdır.
“Baş” romanı xarici ölkələrdə böyük maraqla qarşılanmaqdadır. Belə ki, əsər rus dilində Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında çap olunub, “Yunost” jurnalında və məşhur “Roman-qazeta”da təkrar dərc edilib. Əsər Qahirədə ərəb dilində, Berlində alman dilində, Kişinueda moldav dilində yerli oxuculara təqdim olunub, London və Romada isə ingilis və italyan dillərində nəşrə hazırlanır.
İki il öncə roman çapdan çıxarkən mövzusu, orijinallığı və yüksək bədii xüsusiyyətlərinə görə oxucuların dərin marağına səbəb olmuşdu. Ədəbi ictimaiyyət əsəri ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdi.
Qeyd edək ki,
“Baş” romanında Azərbaycan
xanlıqlarının idarə olunması, əhalinin
yaşayışı və üzləşdiyi çətinliklər,
eləcə də həmin dövrdə xalqımızın mədəni-məişət
həyatı zəngin bədii koloritlə, obrazların dili ilə oxucuya
çatdırılır. Əsər oxucunu
XIX əsrin əvvəllərinə aparır. Bakıda
və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr
romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini
yaradır.
Xalq qəzeti.- 2018.- 30 avqust.- S.9.