Hacıqabul: yollar burada birləşir...  

 

Hacıqabul şəhəri Milə, Muğana, Şirvana, Qarabağa, Gəncəyə, bir sözlə, məmləkətin hər tərəfinə gedən yolların kəsişdiyi yerdə qərar tutub. Bu səbəbdən Hacıqabulun adı tez-tez yada düşür, xatırlanır. Yəqin ki, bu gün aramızda “mən hələ Hacıqabulda olmamışam, yaxud buradan keçməmişəm”, – deyən adam çox az olar.

Üstəlik, paytaxtımıza məsafə cəhətdən ən yaxın bölgələrdən biri olması Hacıqabulun mərkəzinin, eləcə də kənd və qəsəbələrinin inkişafına müsbət təsir göstərir. Bura təkcə yolların qovuşağında olduğu üçün tanınmır. Son illər rayonun əməyə qəlbən bağlı olan səmimi, işgüzar insanları bu yurdun şöhrətini daha da artırırlar.

Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov hesab edir ki, rayonun sürətli inkişafı, ilk növbədə, dövlətimizin başçısı, İlham Əliyevin Hacıqabula göstərdiyi daimi diqqət və qayğı sayəsində reallaşır. Əhməd müəllimin sözlərinə görə, dövlət başçımızın qayğısından ruhlanan hər bir rayon sakini böyük əzm və həvəslə işləməyə çalışır. 

Görünən budur ki, son illər Hacıqabulda həm aqrar sektorda, həm emal sənayəsi sahəsində nəzərəçarpan uğurlar əldə olunub.

Hacıqabula budəfəki gəlişim zamanı şəhərin mərkəzindəki Heydər Parkında rayon sakini Əlihəsən Əlihəsənovla görüşdüm. Ağsaqqalı çoxdan tanıyıram. O dedi:

– Oğul, doğulub boya-başa çatdığım bu yurdun gözəl novrağını görəndə ürəyim dağa dönür. Axı, abad yerdə ürək də, göz də sevinir.

Ağsaqqalla xeyli söhbət etdik. Əlihəsən əmi qəlbindən dilinə axan bu sözləri böyük qürur hissi ilə vurğuladı:

– Azərbaycan xalqı son yarım əsrdəki bütün böyük uğurları üçün ulu öndər Heydər Əliyevə borcludur. Dahi siyasətçi həm birinci dəfə respublikaya rəhbərlik etdiyi illərdə, həm də müstəqillik illərində ölkəmiz, xalqımız üçün olduqca böyük işlər gördü. Nə yaxşı, ulu öndərin ölkəmizin parlaq gələcəyinə xidmət edən müdrik siyasəti dövlətimizin başçısı, cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan bütün dünyada adı, sanı, nüfuzu olan bir dövlətdir. Prezident İlham Əliyev dünyanın ən müdrik dövlət başçılarından biri sayılır. Buna necə sevinməmək, bununla necə fəxr etməmək olar?!

Həqiqətən, son illər Hacıqabul şəhərində, rayonun ayrı-ayrı qəsəbə və kəndlərində tikinti-quruculuq, abadlıq işlərinin həcmi və vüsəti artmışdır. Yaxşı haldır ki, bu işlər xüsusi bir zövqlə, səliqə-sahmanla görülür.

Hacıqabul şəhərinin Ə.Vahid, İ.Qayıbov, S.İ.Xətai, H.Həmidov, M.Əsədov adına küçələrində xeyli abadlıq və yenidənqurma işləri ilə tanış oldum. Hər yerdə səliqə-sahman gördüm. Babək, M.Əsədov, İ.Qayıbov küçələrində xeyli abadlıq işləri görülmüşdü. Həmin küçələrin sakinləri görülən işlərdən xeyli razılıq etdilər.

Şəhərdə nümunəvi məhəllənin tikintisinə başlanılıb. Bu məqsədlə Xətai küçəsində 6 yaşayış binasının əhatəsindəki ərazidə məhəllənin və mərasim zalının tikintisinə start verilib. Təqdirəlayiq haldır ki, həmin məhəllədə yaşayan insanlar böyük həvəslə tikinti işçilərinə kömək edirlər.

Bəllidir ki, Hacıqabulun isti, quraq iqlimində yaşıllıqlar salmaq asan deyil. Rayon rəhbərliyi yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Bu ilin əvvəlindən şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kampaniyası çərçivəsində 4500 ədəd ağac və 3000 ədəd gül kolu əkilib.

Respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da abad, rahat yolların tikintisinə böyük önəm verilir. Yol infrastrukturunun sürətli inkişafı əhalinin dərin razılığına səbəb olur. Yaxşı yol inkişaf və tərəqqinin güzgüsüdür. Hacıqabulda da abad, rahat yollar ölkəmizin dinamik inkişafını səciyələndirən amildir.

Hazırda 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48 kilometrlik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan dairəvi avtomobil yolunun tikintisi davam edir. 48 kilometrlik yola asfalt örtüyü qoyulmuşdur. İndi yolun çiyinlərində son tamamlama işləri aparılır.

Hacıqabulda istər aqrar sektorda, istərsə də emal və sənayə müəssisələrində davamlı uğurlar üçün hər cür şərait yaradılıb. Hacıqabul RİH başçısı Əhməd Muxtarov dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə uğurla həyata keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin uğurla icra edilməsi, respublikamızın digər rayonları kimi, Hacıqabulun da sürətli inkişafına təkan verib.

Əhməd  müəllim konkret rəqəmlər göstərərk dedi ki, 2018-ci ilin birinci yarısında rayon üzrə bütün istehsal sahələrində artım müşahidə olunmuşdur. Bütövlükdə, rayonda ümumi məhsul buraxılışının həcmi 139,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 milyon manat çoxdur. Bu ilin əvvəlindən rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9,6 faiz, sənayedə 100,8 faiz artım müşahidə edilmişdir.

Hacıqabul Rayon Kənd Təsərrüfatı İdarəsində dedilər ki, bu il rayonda 43 min hektar sahədən  63691 ton buğda və arpa toplanıb ki, bu da ötən ilkindən xeyli çoxdur. Buğda və arpa əkini sahələrinin məhsuldarlığı yüksəlmişdir.

2018-ci ilin birinci yarısında 3186 ton tərəvəz, 1761 ton bostan,  2188 ton meyvə, 495 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bostan məhsulları istehsalı 321 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 3 ton çox olmuşdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Belə ki, süd istehsalı 25 ton artaraq 9869 tona, yun istehsalı 1 ton artaraq 229 tona çatmışdır.

Son illər rayonda pambıqçılığın inkişafına diqqət və qayğı artmışdır. Bu il rayonda 1300 hektar sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 10,7 faiz çoxdur. Bu il istehsalçılar ilə “Hacıqabul Kənd Təsərrüfatı MMC” arasında xam pambığın istehsalı və alqı-satqısına dair müqavilələr bağlanmışdır. Məqsəd pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 2600 tondan çox pambıq əldə etməkdir.

Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38 min ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir. Bu iş bundan sonra da  davam etdiriləcəkdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır. Məlumat üçün bildirək ki, bu il rayonda 30 kümçü tərəfindən 1924,25 kq barama istehsal edilmişdir.

Rayonun Meyniman kəndindən olan fermer Zöhrab Əliyevlə onun pambıq sahəsində görüşdüm. İş-gücü başından aşırdı. Dedi ki, iki-üç gündən sonra məhsul yığımı başlanır. Təsərrüfat üzvləri bu il böyük həvəslə çalışaraq bol məhsul yetişdiriblər. İndi məqsəd məhsulu vaxtında toplayıb, məhsul itkisinə yol verməməkdir. 

Z.Əliyev sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyev ölkə pambıqçıları qarşısında məhsuldarlığı artırmağı bir vəzifə kimi qoymuşdur. O, şəxsən bu il hər hektardan 30 sentner məhsul toplamağa çalışır. Gələcəkdə məhsuldarlığı daha da artırmaq əzmindədir.

Meyniman kəndində başqa fermerlərlə də görüşüb söhbət etdim. İnsafən, demək olar ki, hər yerdə işgüzar əhvali-ruhiyyə hökm sürürdü. Fermerlər dedilər ki, onların  gübrə, yanacaq  və texnika sarıdan çətinlikləri yoxdur.  Bunu Rayon Kənd Təsərrüfatı İdarəsinin aqronomu da təsdiq etdi. O dedi ki, “Aqrolizinq” vasitəsilə kənd təsərrüfatında çalışan fermerlərə 1364 ton müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı 3016 litr kimyəvi maddənin 70 faiz güzəştlə satışı həyata keçirilmişdir.

Rayon fermerlərinin su sarıdan da çətinlikləri yoxdur. Rayonun aqrar sektorunda məhsul istehsalının ilbəil artmasında Rayon Suvarma Sistemləri İdarəsinin kollektivinin də əməyi böyükdür. Kollektiv hazırda  21 min hektara yaxın suvarılan torpaqlarda kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. İdarədə bildirdilər ki, əkin sahələrinin su təminatının yaxşılaşması üçün bu il 130 kilometr magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Bundan başqa, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2018-ci ilin birinci yarısı ərazində Abdulabad kəndi ərazisində K-3-17-3, təsərrüfatdaxili kollektorlarda 4550 paqonmetr, K-2 yığıcı kollektorunda 1500 paqonmetr, Kolanı kəndi ərazisində 1470 paqonmetr, Baş Şirvan Kollektorunun Abdulabad kəndi ərazisindən keçən hissəsində 2370 paqonmetr  lildən təmizlənmə işi aparılmışdır.

Son illlər respublikamızın aqrar sektorunda həyata keçirilən uğurlu işlərdən biri də aqroparkların yaradılmasıdır. Hacıqabul rayonunda da bu istiqamətdə bir sıra işlər həyata keçirilmişdir.

Rayonun Padar qəsəbəsi ərazisində “Azərsun” tərəfindən 1625 hektar sahədə aqropark yaradılmışdır. Aqroparkda pivot suvarma sistemi quraşdırılmış, texnika alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnika üçün qaraj tikilmişdir. Burada 490 hektar buğda sahəsindən 4761 ton, 791 hektar arpa sahəsindən 1938 ton məhsul əldə edilmişdir.

Hazırda aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000 başlıq heyvandarlıq kompleksində son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə 496 baş cins iribuynuzlu mal-qara gətirilmişdir. Heyvanların gətirilməsi davam etdirilir.

Meyniman kəndində 1936 hektar sahəsi olan “Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, iki ədəd mal damı, bir ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqropark su, işıq və təbii qazla təmin olunmuşdur.

 Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən il hər birinin sahəsi 2 hektar olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. 150 hektar sahədə buğda, 245 hektar sahədə arpa, 144 hektar sahədə yonca, 20 hektar sahədə soğan, 80 hektar sahədə pambıq, 250 hektar sahədə qarğıdalı əkilmiş, 57 hektar sahədə meyvə bağı salınaraq, onun ümumi sahəsi 114 hektara çatıdırılmışdır. Bundan əlavə, illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq kompleksi yaradılmışdır.

Rayonun Pirsaat massivində 4800 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir. Layihənin məqsədi Kür çayından 27,6 kilometr məsafədən 4800 hektar əkinə yararlı torpaq sahəsinə su çıxarmaqdır. Uzunluğu 4905 metr olan mövcud torpaq kanalı yenidən qurulmuş, 3,6 kilometr uzunluğunda beton kanal inşa olumuş, 7,4 kilometr uzunluğunda ikixətli boru xətti çəkilmiş, 35/6 kilovoltluq yarımstansiya, üzən nasos stansiyası quraşdırılmışdır.

Atbulaq kəndində yerləşən 20 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon `ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfər işlə təmin olunacaqdır.

Həmçinin burada “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazidə müasir tipli istixana inşa edilir. 10 hektar sahədə İspaniya texnologiyası ilə istixana tikilir. Layihənin ümumi dəyəri təxminən 40 milyon manatdır. Kompleksin 5 hektarında tikinti işləri başa çatmış, qalan 5 hektarda da tikinti işlərinə başlanılmışdır. Burada 150-180 nəfərin işlə təmin olunacağı planlaşdırılır.

 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli sərəncamına əsasən Hacıqabul rayonunda 20 hektar sahədə Hacıqabul Sənaye Məhəlləsi yaradılmış, onun fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunmuşdur. Hazırda “Hacıqabul Sənaye Məhəlləsi”ndə tikinti-quraşdırma işləri aparılır.

Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı da diqqət mərkəzindədir. Qarasu kəndində yeni inşa edilmiş 110/35/10 Kv-luq yarımstansiyada 2 ədəd 20 mVa gücündə transformator, Pirsaat qəsəbəsində yeni inşa edilmiş 35/6 kV-luq 752 saylı yarımstansiyada da 2 ədəd 10 mVa gücündə transformator quraşdırılmışdır. Pirsaat qəsəbəsində 7, Navahı kəndində isə 8 ədəd müasir tipli komplekt transformator məntəqələri quraşdırılmışdır.

Navahı kəndində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 270 ədəd dəmir-beton dayaq basdırılmaqla 13,5 kilometr məsafəyə 6 kV-luq hava xətti çəkilmişdir. Birinci Udullu kəndində 6 ədəd komplekt transformator məntəqələri quraşdırılmış, Pirsaat qəsəbəsində 0,4 kilovoltluq elektrik veriliş xətlərində 824 ədəd metal dayaqlar basdırılmış və 20,1 kilometr məsafədə açıq naqillər izolyasiyalı naqillərlə əvəz olunaraq istehlakçıların istifadəsinə verilmişdir.

Udullu massivində 22 ədəd komplekt transformator məntəqələri quraşdırılmış, 6 kilometr 0,4 Kv-luq xətt çəkilmişdir. Abonentlərə 460 ədəd 3 fazlı elektron, 80 ədəd PAUD smart kart tipli sayğac quruşdırılmışdır.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2018-ci ilin birinci yarısında istehlakçılara 23.239.147 kub metr qaz satılmış, ödəniş 106,4 faiz təşkil etmişdir.

2018-ci ilin birinci yarısında əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 50-219 diametrdə 120 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 4 ədəd diametri 100 mm ola yeni siyirtmələr quraşdırılmış, 45 ədəd siyirtmələrdə təmir və yağlama işləri aparılmışdır.

Rayon icra hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hazırda rayonda 33 ümumtəhsil məktəb 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Təhsil sahəsində yaddaqalan hadisələrdən biri rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonun ümumtəhsil məktəblərində oxuyan, təhsildə fərqlənən 40 nəfər şagird mart ayının 26-29-da Quba, Qusar və Xaçmaz rayonlarına səfər etmişdir.

Rayonda əhalinin sağlamlığına xüsusi diqqət artırılır.  Hazırda rayonun tibb müəssisələrində 50 həkim, 157 nəfər orta tibb işçisi çalışır. Təəssüf ki, bu sahədə ixtisaslı kadrlar çatışmır. Belə ki, rayon üzrə 31 nəfər həkim, 30 orta tibb işçisi vəzifəsi vakantdır.

Hacıqabulda 17 klub, 27 müstəqil kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi,  Heydər Əliyev Mərkəzi, 14 arxeoloji tarixi abidə fəaliyyət göstərir. Mərkəzləşdirilmiş kitabxana sisteminin xidmət və uşaq şöbəsi 6 ay ərzində 1, 2, 24 və 30 saylı kitabxana filialları şəhərin bir sıra orta məktəblərində,   Pir Hüseyn Tarix Memarlıq Qoruğunun inzibati binasında yeni kitabların sərgisini açmışdır.

Rayon məşğulluq mərkəzinə 404 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 347 nəfər olmuşdur. 16 nəfərə işsizlik statusu verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli      sərəncamının icrasını təmin etmək məqsədi ilə 65 ailə özünəməşğulluğa cəlb olunmuş və biznes planları təsdiq edilmişdir. Əlavə olaraq 30 nəfər işsiz və işaxtaran növbəti təlimlərə cəlb olunacaqdır.

Bu ilin əvvəlindən rayonda 542 yeni iş yeri açılmışdır ki, bunun da 314-ü daimidir.

Rayonda müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həllinə kömək göstərilir. Rayon icra hakimiyyəti aparatı vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirir.

Sonda yazının əvvəlində haqqında söz açdığım el ağsaqqalı Əlihəsən əminin yaddaşımda dərin iz buraxan sözlərini xatırlatmaq istəyirəm: “Bu gün bütün hacıqabullular gələcəyə böyük ümidlə baxırlar. Hər birimiz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz bundan sonra da böyük zəfərlər qazanacaq, xalqımız daha da  firavan yaşayacaq”.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2018.-30 avqust.- S.11.