Biləsuvarlı gənclərin qaynar həyatı 

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həmyerliləri olmaları ilə fəxr edən Biləsuvar gəncləri hər sahədə örnək olmağa çalışırlar. Onlar rayonun həyatında fəal iştirak edir, doğma yurdun tərəqqisinə layiqli töhfələr verirlər.

Gənclərin mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsi, onların yaradıcılıq qabliyyyətinin üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və idmanda nailiyyətlər qazanması üçün Biləsuvarda hər cür şərait yaradılıb. Elə iki ay öncə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Gənclər evi hazırda gənclərin qaynar həyatının “episentrinə” çevrilib. Artıq öz funksionallığı ilə seçilən bu binada dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çoxşaxəli tədbirlər görülür.

Qısa müddətdə tikilib istifadəyə verilən Biləsuvar Gənclər evinin binası ikimərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən foto-guşələr yaradılıb. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet-kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyətə başlayıb.

Biz Gənclər evi ilə tanışlıq zamanı son aylarda burada, eləcə də rayonda gənclərin istifadəsində olan digər obyektlərdə bir-birindən maraqlı tədbirlərin reallaşdırıldığını öyrəndik. Belə ki, vaxtaşırı olaraq gənclərin maraqlarına uyğun intellektual yarışlar və kompüter oyunları təşkil edilib. Avqust ayında Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında üzgüçülük üzrə rayon birinciliyi keçirilib. Yarışda 50 nəfər həvəskar iştirak edib. Fərqlənən idmançılar diplomlar və üzgüçülük ləvazimatları ilə mükafatlandırılıblar. Bundan bir həftə sonra “Bilyard klubu”nda bilyard üzrə rayon birinciliyi keçirilib. Yarışda 20 ən güclü həvəskar qüvvəsini sınayıb, qaliblər təltif ediliblər.

Sentyabr ayında ümumtəhsil məktəblərində uşaq birliyi təşkilatı rəhbərləri ilə seminar keçirilib. Gənclər və idman idarəsinin təhsil şöbəsi ilə birgə planları və qarşıda duran vəzifələr müzakirə olunub, iştirakçılarının arzu və təklifləri dinlənilib. Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ilinin qalibi” adlı şahmat turniri keçirilib. Olimpiya İdman Kompleksində 10-12 və 15-16 yaşlı məktəbli oğlanlar arasında futzal yarışları təşkil edilib. Kiçik yaşlılar arasında Bəydili kənd tam orta məktəbinin, yeniyetmələr arasında şəhər 1 saylı tam orta məktəbin komandaları qalib gəliblər.

Oktyabrın əvvəlində idarənin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə həsr olunmuş veloyürüş keçirilib. Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürərək, Heydər Əliyev küçəsi boyunca davam edib. Fərqlənən idmançılara diplomlar və hədiyyələr təqdim edilib.

Biləsuvar rayon gənclər və idman idarəsi polis şöbəsi ilə birgə Xırmandalı kənd 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. 200 nəfərə yaxın gəncin cəlb olunduğu tədbirdə maraqlı çıxışlar olub. Bir neçə gün sonra isə Gənclər Evində “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək” devizi altında gənclərlə mədəni-kütləvi aksiya keçirilib. Tədbirdə 250 nəfər gənc iştirak edib, nazirlik əməkdaşı Fərid Qurbanzadə, rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova, Gənclər və idman idarəsinin rəisi Aqşin Bağırovun çıxışları dinlənilib. Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib, maarifləndirici bukletlər paylanıb.

“Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə zona birinciliyində Biləsyvar komandası qalib gəlib. “Breyn-rinq” intellektual oyununda isə 8 məktəbin komandası sınağa çəkilib. Tədbirdə iştirak edən nazirliyin məsul əməkdaşı Əli Məmmədov gənclərə uğurlar arzulayıb.

Oktyabrın 19-da Gənclər evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Zona toplantısında Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak ediblər. Qonaqlar və toplantı iştirakçıları gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı toplantı iştirakçılarını salamlayıblar. Rəsmi çıxışlar bitdikdən sonra əlaqədar dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələr olub. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Elnur Kazımov, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Sarvan Cəbrayılov, İqtisadiyyat Nazirliyinin Lənkəran bölməsinin müdiri Çingiz Məmmədov ayrı-ayrı mövzularda çıxış ediblər, Azərbaycan Respublikası Gənclər Fondunun mərkəz rəhbəri Vüsalə Niftəliyeva fondun fəaliyyəti və yeniliklər barədə toplantı iştirakçılarına məlumat verib, geniş fikir mübadiləsi aparılıb. İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilib.

Gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə rayon mədəniyyət evində təbliğat xarakterli mədəni-kütləvi tədbir, şəhər 4 saylı tam orta məktəbdə “Qəhrəman olmaq sənin haqqındır!” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi, Heydər Əliyev Mərkəzində “Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon birinciliyi, hərbi xidmətdən təxris olunan və hərbi xidmətə yola salınan gənclərlə görüş, Milli Qəhrəman Mübariz İbrahimovun anım günü və sair tədbirlər də yaddaqalan olub.

Bu yaxınlarda Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər qabaqcıl şagirdi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına olan 4 gunlük səfərlərini uğurla başa vuraraq geri qayıdıblar. Tur-aksiya iştirakçıları olan şagirdlər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.

Gənclər evində təşkil olunan möhtəşəm tədbirlərdən biri də Aşıq Şəmşirin anadan olmasının 125 illiyik yubileyi olub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Dirili Qurbani” Saz-söz Məclisinin rəhbəri Tariyel Abbaslı, məclisin üzvləri, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Göründüyü kimi, Biləsuvar gəncləri qaynar həyat yaşayırlar. Bir neçə ay öncə gənclər və idman idarəsinin rəisi Aqşin Bağırovun da Azərbaycanda gənclər siyasəti sahəsində fəaliyyət göstərən 30 nəfərlik qrup tərkibində Fransanın Strasburq şəhərindəki Avropa Gənclər Mərkəzində təlim kursuna cəlb olunması onların uğurlarının nəticəsi kimi dəyərləndirilə bilər.

Aqşin BAĞIROV, gənclər və idman idarəsinin rəisi:

– Dövlətimizin başçısı özünün çoxşaxəli fəaliyyətində gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına da mühüm önəm verir. Bizim intellektual və yaradıcı potensialımızın üzə çıxarılması, xüsusilə, regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramların həyata keçirilməsi sevindiricidir. Biləsuvarda bizim ixtiyarımıza verilən bu müasir, yaraşıqlı memarlıq abidəsi artıq ən sevimli ünvanımıza çevrilib. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə təsdiq edilmiş plan ardıcıl icra olunur. Nazirliyimizin, eləcə də rayon rəhbərliyinin gündəlik diqqət və qayğısı bizi daha böyük uğurlara ruhlandırır.

Səbinə HÜSEYNZADƏ, YAP rayon təşkilatı Gənclər Birliyinin sədr müavini:

– Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Bizim rayonda modern üslubda inşa olunan Gənclər evi də bu məqsədə xidmət edir.

Sahil HÜSEYNZADƏ, Biləsuvar Yeniyetmə və Gənclər İctimai Birliyinin sədri:

– Yeni və yaraşıqlı Gənclər evində xarici dil, rəsm, şahmat dərnəkləri, “Vətənpərvərlik” klubu, debat otağı və internet-kafe də fəaliyyətə başlayıb. Burada günlərimiz şən və maraqlı keçir, təşkil olunan hər bir tədbir faydalı olur və unudulmaz xatirəyə çevrilir. Bütün bunlara görə bizi qayğı ilə əhatə edənlərin hamısına dərin minnətdarlığımızı bildiririk.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2018.- 1 dekabr.- S.6.