İşıq arxadan düşəndə...

 

Yaxudİstiqlal mücahidləri” barədə daha bir dəyərli tədqiqat

 

1920-ci ilin aprelində Xl rus ordusu iyirmi üç aylıq Azərbaycan Demokratik Cümhuriyyətini qızıl qan gölündə boğdu. Bununla ürəyi soyumayan bolşeviklər xalqı oğul-oğul, duyğu-duyğu budamağa başladılar. Qəlbi azadlıq eşqilə döyünənləri, Vətəni canından artıq sevənləri, beyinlərilə, düşüncələrilə xalqın yollarına işıq salanları, qardaş-qardaş deyib kəndirimizi kəsənlərin hiylələrini, kələklərini yaxşı duyanları arayıb-axtarır, tapır, dindirir, incidir, onların haqqında min cür böhtan, qarayaxma uydurub həbs edir, olmazın işgəncələrini verirdilər.

Əslində, 1937-ci ildə geniş miqyas almış repressiyalar Azərbaycanda 1920-ci ildən başlamışdı. Böyük mütəfəkkir, pedaqoq, ədəbiyyatşünas Firudin bəy Köçərlinin 1920-ci ildə ermənilərin əli ilə öldürülməsi repressiyanın görünən ilk dalğasıydı. Düşmənlərimizin əl-qollarını xeyli dərəcədə bağlayan, onların azğınlıqlarının qarşısında canlı divar kimi dayanan Nəriman Nərimanovun aradan götürülməsi artıq 1937-ci ilin acı küləklərinin yaxınlaşdığından soraq verirdi.

Azərbaycanın və onun qeyrətli, millətsevər, vətənsevər insanlarının, işıqlı amallarla yaşayan uzaqgörən ziyalılarının 1920-1937-ci illər arasında göy əskiyə bükülmüş həyatı haqqında bilgilərimiz hələ də çox azdır. Bu baxımdan tədqiqatçı-jurnalist Rəhman Salmanlının təzəcə işıq üzü görmüşİstiqlal mücahidləri” kitabı çox böyük maraq doğurur. Arxiv sənədləri, xatirələr və canlı insanların dedikləri əsasında yazılmış bu kitabı oxuduqca gözlərimiz önündə insanı dəhşətə gətirən çox ağır mənzərələr canlanır.

Adından da göründüyü kimi, bu kitabda Azərbaycan Demokratik Cümhuriyyətini quranonun işğalından sonra başlarına olmazın işgəncələr gətirilən insanlardan danışılır. Kitabın ən dəyərli cəhəti odur ki, Rəhman Salmanlı nədən yazırsa-yazsın, mütləq arxiv sənədlərinə, tarixi qaynaqlara söykənir, imkan olduqca həmin olayları gözlərilə görmüş canlı insanların söhbətləri ilə faktların dəqiqliyini bir az da gücləndirir. Məsələn, uzun illər boyu ziyalılar arasında belə bir söhbət dolaşırdı ki, yazıçı Abdulla Şaiq ötən əsrin əvvəllərində – 1912-ci ildə Balkan müharibəsi zamanı türk ordusunda vuruşmuşdur. Lakin Abdulla Şaiqin ömürlüyündə və haqqında yazılmış əsərlərdə bu barədə heç bir bilgi yoxdur. Rəhman Salmanlı arxiv sənədləri əsasında dəqiqləşdirmişdir ki, Balkan müharibəsində Abdulla Şaiq yox, onun böyük qardaşı Axund Yusif Ziya Talıbzadə iştirak etmişdir. O yazır.: “Təkcə bizim ölkəmizdə yox, Türkiyədə də bəzi yazarlar və tədqiqatçı-alimlər Azərbaycanın milli şairi Əhməd Cavad Axundzadənin ədəbi və ictimai-siyasi fəaliyyətindən bəhs edərkən bildirirlər ki, “1912-ci ildə Əhməd Cavadla birlikdə Abdulla ŞaiqQafqaz könüllüləri dəstəsinin tərkibində Türkiyəyə gedib, Balkan müharibəsində iştirak etmişdir”. Bu fikirləri ilk dəfə Əhməd Cavadın yaxın dostu, Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından olan mühacir soydaşımız Hüseyn Baykara 1975-ci ildə İstanbulda nəşr etdirdiyi “Azərbaycan İstiklal mücadiləsi tarixi” kitabında yazıb. Hüseyn Baykara, Əhməd Cavad 1923-cü ildə NKVD tərəfindən birinci dəfə həbs olunanda onunla bir kamerada olub. Həbsdən qurtulduqdan sonra o, Sovet quruluşunu qəbul etməyərək, Türkiyədə mühacir həyatı yaşayıb.

Bəzi yazarlar Əhməd Cavadın və Abdulla Şaiqin Balkan müharibəsində iştirakını Türkiyə və Azərbaycan mətbuatında, yeri gəldikcə fəxrlə hallandırıblar. Amma Abdulla Şaiqin oğlu Kamal Talıbzadə söhbətlərində və “Xatirələr” kitabında bildirir ki, Abdulla Şaiq 1912-ci ildə Balkan müharibəsində olmayıb...

Bəs bu anlaşılmazlıq haradandır? “Əhməd Cavadın yaradıcılıq yolu” namizədlik dissertiyası üzərində işləyərkən araşdırmalar zamanı məlum oldu ki, bu məsələdə Abdulla Şaiqin adı Balkan hərbində böyük şücaətlər göstərmiş böyük qardaşı Axund Yusif Ziya Talıbzadə ilə səhv salınıb”.

Rəhman Salmanlının bu bilgiləri iki cəhətdən dəyərlidir. Bir tərəfdən, Azərbaycan tarixinin səhifələri bu cür dolaşıqlıqlarla doludur. Ən qorxulusu isə odur ki, belə yanlışlıqlar kitabdan-kitaba düşüb təkrarlanaraq, daha geniş yayılır. Bütün bunların qarşısını almaq üçün həmin faktların dürüstləşdirilməsinə ciddi ehtiyac duyulur. Digər tərəfdən, Abdulla Şaiqin böyük qardaşı Axund Yusif Ziya Talıbzadənin adı Azərbaycanda unudulmuşdur, onun kimliyi çoxlarına qaranlıqdır. Bu kitabı oxuyanda isə Axund Yusif Ziya Talıbzadənin kim olduğunu görürük.

Yəqin ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin 1918-ci ildə Qazaxa gətirilməsində Hacı Kərim Sanılının böyük pedaqoq Firudin bəy Köçərliyə göstərdiyi köməyi az adam bilir. Rəhman Salmanlı bu qaranlıq səhifənin üstünə işıq salaraq yazır: “1918-ci il avqust ayının son günü axşamtərəfi Firudin bəy öz rəhbərliyi altında Seminariyanın Azərbaycan şöbəsinin bütün avadanlığını, kitabları və digər vəsaitləri vaqonlara doldurub sentyabrın birində Qazax şəhərinin 9 kilometrliyində Ağstafa stansiyasında dayanır. Gəncənin yol uzaqlığından, ilk növbədə ictimai-siyasi hadisələrin gözlənilmədən dəyişməsindən ehtiyat edən Firudin bəy (Firudin bəy Köçərli əvvəlcə seminariyanı Gəncəyə köçürmək istəmişdir - İ.S.) məsələni təcili həll etmək üçün Qazax qəzasının general-qubernatoru, vaxtıilə tələbəsi olmuş Hacı Kərim Sanılının yanına gəlir, məsələni ona açır və Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün təcili bina lazım olduğunu bildirir.Sanılı keçmiş müəllimi Firudin bəy Köçərlini böyük mehribanlıqla qarşılayır və bu işə ürəkdən tərəfdar olduğunu söyləyir.

Hacı Kərim Sanılı müəlliminə əminliklə söz verəndən sonra Qazağın məşhur xeyriyyəçilərindən və dəyərli insanlarından olan Məşədi İbrahimi yanına çağırıb məqsədini ona açıqlayır. Heç bir təhsili və savadı olmayan Məşədi İbrahim oxumağın və maarifçiliyin tərəfdarı olduğundan bu təklifə çox sevinir, elə həmin günü bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alır, Firudin bəy Köçərliyə bağışlayır”.

Kitabdakı ən maraqlı yazılardan biri Qarabəy Qarabəyov haqqındadır. Sözsüz ki, bu ad çoxlarına tanış deyil. Onun ömür sarayı ağlı-qaralı, istili-soyuqlu, acılı-şirinli kərpiclərdən hörülüb.

Q.Qarabəyov 1874-cü il yanvarın 14-də Gəncə quberniyasının Şəmkir mahalının Yuxarı Ayıblı (indiki Şiştəpə) kəndində anadan olmuşdur. Doğma kəndində ilk təhsilini başa vurduqdan sonra Şəmkirdəki alman-rus liseyini, sonra isə Tiflisdəki klassik gimnaziyanı bitirib həkimlik ixtisasına yiyələnmişdir. 1900-cü ildə Estoniyanın Tartu şəhərindəki Yuryev Universitetini əczaçı-həkim ixtisası üzrə alman dilində bitirib Bakıya gəlmişdir. O, burada orta təhsil verən rus-müsəlman məktəbində həkim işləmiş, Bakı milyonçusu Hacı Rzaqulu bəy Aşurbəyovun qızı Məsumə xanımla evlənmişdir.

Qarabəy Qarabəyov Azərbaycan Xalq Cümhuriyətinin qurucularından biri olmuşdur. Dəfələrlə həbs edilmiş, sürgünlərə göndərilmiş, amansız işgəncələrlə üzləşmiş, lakin əqidəsindən, amalından dönməmişdir. Cümhuriyyət dövründə Parlamanın üzvü olmuş Q.Qarabəyovun başına Xalq Cümhuriyyətinin süqutundan sonra daha ağır işlər gəlmişdir. Nəriman Nərimanov onu üç dəfə sürgündən və həbsdən azad etdirmişdir.

15 iyun 1923-cü ildə Nəriman Nərimanovun rəsmi göndərişi və Rusiya Fövqəladə Komissarlığının icazəsi ilə Qarabəy Qarabəyov Moskvada Kreml Xəstəxanasında və Dövlət Siyasi İdarəsinin müalicə müəssisəsində həkim işləmiş, Tibb İnstitutunda patoloji anatomiyadan dərs demiş, Kreml xəstəxanasının baş həkimi olmuş, V.İ. Lenini müayinə və müalicə etmişdir.

1925-ci ildə Xanlarov soyadlı bir nəfərin Bakıdan yazdığı şikayət məktubu əsasında qərəzli yoxlamalar, çək-çevirlər başlamışdır. N.Nərimanov artıq həyatda olmadığından bir türkün Moskvada belə yüksək vəzifə tutmağını, hörmət-izzət qazanmağını gözü götürməyən düşmənlərimizin əlləri-qolları açılmışdır. İnamla demək olar ki, Bakıdan göndərilmiş şikayət məktubunu da ermənilər təşkil etmişlər. Q.Qarabəyov onların əllərindən bezib, gah İrana, gah da Qırğızıstana və Özbəkistana getmişdir. 1936-cı ildən Səmərqənddəki “Namazgah” vərəm sanatoriyasının baş həkimi işləyən doktor Qarabəy Qarabəyovu 1937-ci il yanvarın 20-də Abdullayev soyadlı bir həkimin şikayət məktubu əsasında “Nəriman Nərimanovun silahdaşı olan pantürkistkimi həbs etmişMaqadana 10 illik sürgünə göndərmişlər.

Bütün bu bilgilər Rəhman Salmanlının “İstiqlal mücahidləri” kitabından götürülmüşdür. Kitabda bizə bəlli olmayan bu cür maraqlı faktlar o qədərdir ki, onların hamısını sadalamaq mümkün deyil.

Müəllif Hacı Kərim Sanılı haqqında yazıda Səməd Vurğunun adını çəkmədən “Mən nə Sanılıyam, nə də Cavadam. Onlara düşmənəm, onlara yadam” misralarını xatırladır. Hamı bilməlidir ki, bu şeiri Səməd Vurğun 1931-ci ildə Zəngili soyadlı birisinin onun ilk kitabı haqqındakı məqaləsində geniş yer tutan ittiham ruhlu haqsız tənqidlərə cavab olaraq yazmışdır. Bu misraların yazılma səbəbini düzgün anlamaq üçün Zəngilinin həmin məqaləsini və mənim “Ədəbiyyat qəzeti”ndə çap olunmuş “Səməd Vurğunun bir şeirinin yazılma səbəbi” adlı qeydlərimi oxumaq lazımdır. Rəhman Salmanlının kitabında Əhməd Cavad, Hüseyn Baykara, Mikayıl Müşfiq, Ziya Yusif Talıbzadə, Vəli Xuluflu, Abbasqulu bəy Şadlinski, Almas İldırım, Xəlil İbrahim, Əli Razi Şamçızadə, Cahangir Ağazadə, Abuzər bəy Rzayev və digər ziyalılarımız haqqında da bizə bəlli olanolmayan çox zəngin bilgilər toplanmışdır. Onların hamısı haqqında danışmaq imkan xaricindədir.

Az qala, unudulmaqda olan tariximizin bir çox qaranlıq səhifələrinin üstünə işıq salmaq baxımından Rəhman Salmanlı bu kitabı yazmaqla olduqca gərəkli bir görmüşdür. Biz keçmişimizi öyrənmədən gələcəyə gedən yollarda qorxulu uçurumlarla qarşılaşa bilərik. İşıq arxadan düşəndə öndəki yollar daha aydın görünür.

 

İslam SADIQ,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2018.- 1 dekabr.- S.7.