Taxılçılığın
inkişafında
həlledici mərhələ
Azərbaycanda son illər ərzində
aqrar islahatların uğurla reallaşdırılması nəticəsində
yüksək əlavə dəyər yaradan ənənəvi
sahələrin inkişafı sürətlənib. Pambıqçılıq,
tütünçülük, çəltikçilik,
baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul
olunmuş dövlət
proqramlarının icrası uğurla davam etdirilib. Kənd təsərrüfatı məhsulları
istehsalının artırılmasına və çeşidinin
genişləndirilməsinə müxtəlif dövlət dəstəyi
mexanizmlərinin tətbiqinə üstünlük
verilib, güzəştli kreditlərin və
subsidiyaların ayrılması, aqrolizinq
xidmətlərinin göstərilməsi, müasir
texnologiyalardan istifadə olunması
ilə bağlı məqsədyönlü tədbirlər
reallaşdırılıb.
Aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində istehsal göstəriciləri də davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına mühüm töhfə verib.
Həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, cari il noyabr ayının 1-nə kimi, dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) 1051,4 min hektar əkin sahəsinin 1049,1 min hektarı biçilib və həmin sahələrdən 3057,7 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan 29,1 sentner məhsul əldə edilib. Bundan əlavə, 31,6 min hektar dən üçün qarğıdalı sahəsindən 202 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 64 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 259,7 min ton olub.
Məhsul yığımı başlanandan noyabrın 1-dək sahələrdən 1 milyon 390,2 min ton tərəvəz, 885,5 min ton kartof, 401,6 min ton bostan məhsulları toplanılıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 11 sentner, bostan məhsulları üzrə 5 sentner artıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq 1720,1 min ton olub.
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 7,4 faiz artıb.
Gələn ilin məhsulu üçün 856,3 min hektar sahə şumlanıb, 417,8 min hektar sahəyə dən üçün taxıl, ondan 247,2 min hektar sahəyə buğda, 170,5 min hektar sahəyə isə arpa səpilib.
Aqrar sahədə daha çox əlavə dəyər yaratmaq, yeni iş yerləri açmaq üçün hökumətin fəaliyyəti nəticəsində bəzi rayonlarda yeni kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri yaradılıb, aqrobiznes obyektlərinin inşasına başlanıb, müasir texnika və texnologiyalar alınaraq fermerlərin istifadəsinə lizinq yolu ilə icarəyə verilib, yaxud satılıb və digər stimullaşdırıcı tədbirlər həyata keçirilib.
Kənd təsərrüfatında tətbiq edilən vergi güzəştləri də bu sahədə calışan istehsalçıları stimullaşdıran əsas amillərdəndir. Hazırda kənd təsərüfatı istehsalçıları torpaq vergisindən başqa, bütün digər vergilərdən azaddırlar. Bu güzəştlərin gələcəkdə də tətbiq ediləcəyi istisna olunmur.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri də dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunmasıdır. Taxıl məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması ilə əlaqədar qanunvericilik bazası 2009-cu ildə təkmilləşdirilib, Dövlət Taxıl Fondunun səmərəli fəaliyyəti təmin edilib, tələbata uyğun yeni elevator və anbarların tikilməsi istiqamətində mühüm işlər görülüb.
Hazırda qarşıda duran əsas vəzifə ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bu sahədə ixracın coğrafiyasının genişləndirilməsi və həcminin artırılmasından ibarətdir.
Yeri gəlmişkən, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan taxılçılığın indiki vəziyyətinə bir qədər geniş şəkildə toxunmaq istərdim. Xatırladım ki, son illərdə bu sahənin inkişafı ilə bağlı müəyyən işlər görülüb, məhsuldarlığın yüksəldilməsi üçün növbəli əkin sisteminin tətbiqi, torpaqların seçilməsi, suvarmanın yaxşılaşdırılması, gübrələrlə, pestisidlərlə təminat məsələləri diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, taxılçılığın inkişafına sahibkarların marağının artırılması məqsədilə stimullaşdırıcı tədbirlər reallaşdırılıb. Ən başlıcası isə fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi üçün Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələrinin qurulması qərara alınıb.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə taxılçılığın inkişafına mühüm verir. Dövlətimizin başçısı bu il oktyabrın 28-də Qax Aqroparkının açılışı mərasimində çıxış edərək deyib: “Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük… Taxılçılıqda yaxşı nəticələr var. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir. Təsadüfi deyil ki, biz bu gözəl nəticələri görürük. İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir…”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasdakı nitqində də
iri fermer təsərrüfatları
tərəfindən taxılçılıqda müsbət nəticələr
əldə edildiyini, hətta bəzi
təsərrüfatlarda hektardan orta hesabla 50 sentner məhsul götürüldüyünü
də xatırladaraq bildirib: “İri fermer təsərrüfatlarında
tətbiq olunan texnoloji
prosesi də biz bütün təsərrüfatlara
yaymalıyıq. Belə olan halda, biz mövcud
əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il
taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük
edilibdir. Buğda yığımında məhsuldarlıq 30
sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm
ki, daha da artmalıdır və artacaq”.
Qeyd edim
ki, bu il taxılçılıqda bol məhsul əldə
edilməsi məqsədilə ötən ilin dövlət və
icmal büdcələrindən üst-üstə 581 milyon
manat vəsait ayrılmış, toxumçuluq, seleksiya
işləri, aqrotexnika, becərilmə prosesi, mövzu
planına uyğun tədqiqat işləri diqqət mərkəzində
saxlanılmış, fermerlərə çoxşaxəli
dövlət dəstəyi göstərilmişdir. Bunun sayəsində
hər hektardan orta hesabla 29,1 sentner məhsul əldə edilməklə
2 milyon 820 min ton taxıl istehsal olunmuşdur. Bu, 2017-ci illə
müqayisədə 2 faiz çoxdur. Bunun isə 1 milyon 844 min
tonu buğdadır.
Hazırda
taxılçılıqda qarşıda duran ən
mühüm vəzifə yüksək məhsuldarlığa
nail olmaqdır. Bunun üçün, ilk növbədə,
sahənin inkişafın sürətləndirən növbəli
əkin sisteminin tətbiqinə xüsusi diqqət yetirilməli,
məhsuldar, yerli şəraitə uyğun toxumlardan istifadəyə
üstünlük verilməli, becərilmədə müasir
texnologiyaya əsaslanılmalı, alaqlarla və zərərvericilərlə
mübarizə tədbirləri vaxtında və keyfiyyətlə
həyata keçirilməlidir. Təbii ki, burada müvafiq
qaydaya uyğun suvarmanın aparılması, yemləmə
gübrələrinin verilməsi də əsas şərtlərdir.
Əlbəttə, belə şəraitdə yüksək
göstəricilərdən söhbət açmaq olar. Həm
də unutmayaq ki, uğurlu nəticənin əldə edilməsində
ölkəmizin əlverişli təbii iqlim şəraiti də
mühüm rol oynayır və bu cür mühit təkcə
payızlıq taxılın hət hektarından 60-70 sentner və
daha çox məhsul götürməyə imkan verir.
Yuxarıda
qeyd etdim ki, yüksək məhsul alınmasında əsas
amillərdən biri taxıl əkiləcək sahədə
növbəli əkinə ciddi əməl olunmasıdır. Təcrübə
də göstərir ki, eyni sahədə 2-3 ildən artıq
taxıl əkilməsi səmərə vermir. Çünki hər
hansı bir bitkini eyni yerə uzun müddət əkdikdə
orada ona lazım olan qida ehtiyatı tükənir, digər tərəfdən
xəstəlik və zərərvericilərin miqdarı
artır. Nəticədə bitkinin məhsuldarlığı
aşağı düşür.
Aqrar
sektorda yüksək nəticələrə nail olmaq
üçün yeni texnologiyaların tətbiqi mühüm
şərtdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bununla əlaqədar deyib: “Kənd təsərrüfatı
qarşısında duran əsas vəzifə bu sahəni
yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində
belə təsəvvür var ki, kənd təsərrüfatı,
necə deyərlər, elə ənənəvi qayda ilə
inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu
gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı
bir neçə dəfə artırır. Biz həm aqrotexniki
tədbirlərlə bağlı texnologiyaları, həm də
su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik.
Elə müasir suvarma sistemləri var ki, hər bir
qarış torpaqdan maksimum səmərə ilə istifadə
olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik
və elektron kənd təsərrüfatı sistemini nəhayət
ki, tətbiq etməliyik…”.
Dövlətimizin
başçısı həmin çıxışında
diqqəti, həmçinin kənd təsərrüfatının
intensiv yollarla inkişafının zəruriliyinə yönəldərək
bildirib ki, aqroparkların yaradılması bu sahədə
mühüm əhəmiyyətə malikdir. Bitkiçiliklə
məşğul olan bu aqroparklarda məhsuldarlıq ən
yüksək səviyyədədir --
taxılçılıqda minimum 50 sentnerdir.
Elm və
qabaqcıl təcrübənin nəticələri göstərir
ki, dənli taxıl bitkilərindən yüksək və
keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində
mütərəqqi və səmərəli texnologiyalardan istifadə
etmək lazımdır. Bu texnologiyanın əsas və
başlıca elementlərindən biri dənli taxıl bitkilərinin
səpin üsullarıdır.
Dövlət
başçısının dəyərli tövsiyələrinə
uyğun olaraq, hazırda ölkədə aqrar islahatlar kəndli
və fermerlərə yaxınlıq, səmərəli idarəçilik
və innovasiyaların tətbiqi prinsiplərinə əsaslanılmaqla
reallaşdırılır. Rəqabətqabiliyyətliliyin və
ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldarlığın
artırılmasına xüsusi önəm verilir. Bu isə
bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə
texnologiyalarının, müasir və mütərəqqi
metod və həllərin geniş tətbiqini tələb
edir. Ona görə də aqraryönümlü elmi müəssisələrin
təminatının gücləndirilməsi, innovativ yeniliklərin
fermerlərə çatdırılması, bu qurumların məsləhət
xidmətləri şəbəkəsinə çevrilməsi
istiqamətində institusional islahatlar aparılmasına
xüsusi diqqət yetirilir.
Respublikada
aqrar islahatların səmərəliliyini artırmaq
üçün Kənd Təsərrüfatı Nazirliyinin
bütün elmi-tədqiqat institutlarının
inzibati-laboratoriya binaları əsaslı təmir edilib.
İnstitutlarda müasir avadanlıqlarla təchiz olunan torpaq,
bitki və su analizi üzrə aqroekologiya və aqrokimya,
genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik
və zərərvericilərə nəzarət
laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri
tikilib. Hazırda isə fermerlərin yüksək
kondisiyalı və məhsuldar buğda, arpa və
qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə
Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz
rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri
qurulur.
Ramiz TƏHMƏZOV,
Kənd Təsərrüfatı Nazirliyinin istehsal
müəssisələri ilə iş şöbəsinin böyük məsləhətçisi
Xalq qəzeti.- 2018.-
1 dekabr.- S.6.