Nailə Vəlixanlı İpək Yolu Beynəlxalq Muzeylər

Alyansının vitse-prezidenti seçilib

 

Çinin Fuçjou şəhərində Beynəlxalq Konfrans və Sərgi Mərkəzində İpək Yolu Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın Konqresi keçirilib. Tədbirdə Çin və dünya muzeylərinin nümayəndələri iştirak ediblər. Olaylar.az bildirir ki, İpək yolu üzərində olan ölkələrdən – Azərbaycan, Qazaxıstan, Kamboca, İsrail, Laos, Monqolustan, Belarus, Serbiya və digər milli muzeylərin rəhbər və nümayəndələri tədbirə dəvət olunublar. Azərbaycanı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təmsil edib.

İBMA və ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb və nizamnamə qəbul olunub. 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib. Muzeylər arasında beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr olub. Sonra İBMA təşkilatının prezident və vitse-prezidentləri yerlərinə nümayəndələr seçilib. 9 vitse-prezidentdən, 5 nəfəri çinli və 4 nəfəri digər dövlətlərdən seçilib. Seçilən vitse-prezidentlərdən biri Azərbaycandan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı olub. İpək Yolu Beynəlxalq Muzeyləri Alyansı təşkilatına qəbul olunmuş dövlətlərin milli muzeyləri arasında Milli Azərbaycan Tarixi Muzeyi böyük uğurlara imza atıb. Bu muzeyin beynəlxalq əlaqələrin genişlənməsi sahəsində xidmətləri böyükdür.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 2 dekabr.- S.4.