Heydər Əliyev və Dağlıq
Qarabağda
Azərbaycanın suverenliyi uğrunda
mübarizə
Heydər Əliyev Cənubi Qafqazda
uzun müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur. Dağlıq
Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə
ədalətli və uzunmüddətli həllinə nail olmaq
sahəsində onun nümayiş etdirdiyi qətiyyət
regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət
kəsb etmişdir.
Corc BUŞ
Amerika Birləşmiş Ştatlarının sabiq
Prezidenti
Bu qeyri-adi şəxsiyyət
Azərbaycanı çiçəklənmə yoluna gətirib
çıxarmışdır. Müxtəlif
görüşlərimiz zamanı, xüsusilə
Dağlıq
Qarabağ münaqişəsi ətrafında müzakirələr
apararkən, münaqişənin sülh yolu ilə həllində
onun cəsarətini, müdrikliyini və qətiyyətini
yüksək qiymətləndirdim.
Jak ŞİRAK
Fransa
Respublikasının sabiq Prezidenti
Tarix Heydər Əliyev şəxsiyyətinin
əzəmətini, onun müdrik strateq və çevik taktik
kimi qüdrətini dönə-dönə təsdiq
etmişdir. Şəxsi taleyini canından
artıq sevdiyi Azərbaycanın xoşbəxtliyindən, tərəqqisindən
ayrılıqda təsəvvür etməyən dünya
şöhrətli siyasətçi və dövlət xadimi
Heydər Əliyev qurucu lider olması, xalqımızı bir
çox bəlalardan qoruması ilə ümummilli lider məqamına
yüksəlmişdir. Bütün bunlar bu
dahi insana ölməzlik və əbədi ehtiram
qazandırmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
çox önəmli bir istiqamətini Dağlıq
Qarabağda Azərbaycanın suverenliyinin təmin edilməsi təşkil
etmişdir.
Onun müdrik və qətiyyətli siyasətçi kimi erməni
millətçilərinin bir çox faciələrlə nəticələnmiş
soyqırımı və təcavüz siyasətinə
qarşı mübarizəsinin mahiyyət və hədəflərini
aşağıdakı yönlər ümumi şəkildə
nişan verir:
Respublikaya
rəhbərliyinin birinci dövründə – Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının
açıq müstəviyə çıxmasına imkan verməməsi;
Dağlıq Qarabağ münaqişəsi böhran həddinə
çatanda Moskvadan Vətənə dönüb əazilərimizin
bütövlüyü uğrunda ümumxalq mübarizəsinə
hərtərəfli dəstək göstərməsi, bu məcrada
dövlət müstəqilliyinin qazanılması uğrunda
milli hərəkata düzgün yön verməsi.
Ölkəmiz
istiqlalına qovuşandan az sonra isə – xalqın tələbi
ilə hakimiyyətə qayıdıb məhvedici siyasi
böhranı aradan qaldırması; siyasi-diplomatik manevrləri
ilə beynəlxalq aləmdə Azərbaycanı təcavüzə
məruz qalan, Ermənistanın isə təcavüzkar
olduğunu birmənalı olaraq sübuta yetirməsi, məqsədyönlü
fəaliyyəti ilə erməni millətçilərinin
ölkəmiz ərtafında yaratdığı informasiya
blokadasını yarması; müstəqil dövlətimizin
dünya birliyində öz layiqli yerini tutmasını,
ümumi uğurları ilə Ermənistan üzərində
hərtərəfli üstünlük qazanmasını təmin
etməsi.
Öz
xalqının həqiqi lideri olan Heydər Əliyev
dünyanın müxtəlif dairələrinin himayə etdiyi
qurama “erməni məsələsi”nin mahiyyətini,
erməni millətçilərinin xalqımıza
qarşı davamlı xəyanət və cinayətlərinin
tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin
birinci dövründən başlayaraq gizli formalarda təzahür
edən Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarının, Dağlıq Qarabağdakı erməni
riyakarlıqlarının qarşısını qətiyyətlə
kəsmişdi. Dərin zəkası, müstəsna liderlik
bacarığı ilə respublikanı yumruq kimi birləşdirən
ulu öndər daim məqam gözləyən erməni
separatizminin baş qaldırmasına imkan verməmək
üçün bütün zəruri mənəvi-siyasi,
sosial-iqtisadi və inzibati tədbirləri məharətlə
gerçəkləşdirmişdi.
Bütün
bunların nəticəsi idi ki, tarixi Azərbaycan
torpaqlarında bolşeviklərin himayəsi ilə özlərinə
respublika qurmuş, sonrakı dövrdə də ərazilərimizdən
yağlı tikələr qoparmağa,
soydaşlarımızın tarixi vətənlərindən
növbəti deportasiyasına nail olmuş ermənilərin
Heydər Əliyev hakimiyyətə gələndən sonra əli
boşda, niyyətləri gözlərində
qalmışdı. Ulu öndərin
Dağlıq Qarabağda erməni separatizminə qarşı
mübarizəsi düşünülmüş, milli
maraqları əks etdirən siyasətə əsaslanırdı.
Heydər Əliyev hələ Azərbaycan
Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən
ermənilərin DQMV-də gizli fəaliyyətlərindən
xəbərdar olmuş, onlara qarşı lazımi tədbirlər
görülməsi üçün ciddi təşəbbüslər
göstərmişdi. O, Azərbaycan KP MK-nın birinci
katibi seçildikdən sonra vilayətin sosial-iqtisadi
inkişafına dair müvafiq tədbirlərlə ermənilərin
hər hansı bir narazılığına bəhanə yeri
qoymamışdı.
Təəssüf ki, böyük rəhbər
Azərbaycandan gedəndən sonra Dağlıq Qarabağda
baş verən proseslərə seyrçi münasibət bəsləyən
bacarıqsız və iradəsiz yerli rəhbərlər
burada baş verən mərkəzdənqaçma meyllərinin
qarşısını yerindəcə almaq əvəzinə, fəaliyyətsizlik
göstərmişdilər. Xalqımızın
böyük oğlu Heydər Əliyev SSRİ-nin yüksək
dövlət rəhbərlərindən biri olduğu dövrdə
də Dağlıq Qarabağ Muxtar Vilayətində respublikamızın
üstün maraqlarını qətiyyətlə qorumuşdu.
Ümummilli
lider ali sovet rəhbərliyindən
uzaqlaşdırılıb ciddi nəzarət altında
yaşamağa məhkum ediləndən dərhal sonra Ermənistanın
Azərbaycana qarşı ərazi iddiası baş
qaldırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər
Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu
meyllər daha da gücləndi və Azərbaycana
qarşı açıq ərazi iddiası prosesi
başlandı. Əfsuslar olsun ki, bu prosesə
başçılıq edən o vaxtkı sovet rəhbərliyi
idi. Əgər sovet rəhbərliyinin bu
işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç
vaxt münaqişə yaranmazdı”.
Ulu
öndər sonralar öz istefasının doğurduğu nəticələrdən
danışarkən deyirdi: “Azərbaycan üçün bəla
ondan başladı ki, 1987-ci ildə ermənilər bizim azərbaycanlıların
bəziləri ilə yığışdılar, mənim
Kremldən istefa verməyimə nail oldular. Bundan
iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə
başlandı. О vaxtdan ermənilərin bir məqsədləri var idi ki,
Heydər Əliyevi Kremldən uzaqlaşdırsınlar.
Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və
belə məsələlərin qaldırılmasına yol
verməyəcəyəm. Məni Kremldən
uzaqlaşdırdılar. Bundan sonra Azərbaycan
nə günə düşdü”.
Heydər
Əliyevin SSRİ rəhbərliyindən getməsi məqamını
gözləyən erməni millətçiləri, guya, sosial
vəziyyətin pisləşməsini və buna görə də
Azərbaycan hökumətinin rəhbərliyi altında
yaşamağın mümkünsüzlüyünü özlərinə
şüar edərək, Ermənistanda və Dağlıq
Qarabağda ictimai fikri çaşdıra bildilər,
açıq separatizm başlandı. Respublika rəhbərləri
bundan sonra da muxtar vilayətdə sürətlə genişlənən
antiazərbaycan hərəkatının
qarşısını almaq üçün ciddi tədbirlər
görə bilmədilər, bacarıqsızlıqlarından
bu zəruri işi ittifaq orqanlarının vəzifəsi
saydılar.
Ermənipərəst Mixail Qorbaçovun timsalında
sovet rəhbərliyi isə münaqişənin
qarşısını vaxtında almaq əvəzinə, onun
qanlı müharibəyə çevrilməsinə şərait
yaratdı, Azərbaycanı süni surətdə oyundankənar
vəziyyətə salmaqla ərazilərimizin 20 faizinin itirilməsinə
bais oldu.
Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər
Əliyevin böyük siyasətdən kənarda
qaldığı həmin illərdə respublikada baş verən
qarışıqlıq, hakimiyyət uğrunda qruplararası
mübarizə də düşmənin təcavüzkarlığı
qarşısında ölkəmizi müdafiəsiz qoydu.
Xalqımızın
zəkalı və qeyrətli oğlu Heydər Əliyev belə
bir mürəkkəb şəraitdə dağılmaqda olan
sovet imperiyasının mərkəzində ciddi nəzarət
altında yaşamağa məhkum edilsə də, çətinliklə
imkan tapıb Vətənin
harayına yetişdi. Respublika rəhbərliyinin
xəyanətkarlığı və
üzüdönüklüyündən Bakıda yaşamaq
imkanı tapmayan ümummilli lider Naxçıvana –
doğmalarının və həmyerlilərinin yanına
qayıtmağa məcbur oldu. Tezliklə
muxtar respublikaya blokada şəraitində rəhbərlik onun
üzərinə qoyuldu. Ulu öndərin
burada gerçəkləşdirdiyi zəruri tədbirlərlə
Naxçıvan işğaldan xilas edildi, qəbul edilmiş
tarixi qərarlarla dövlətçiliyimizin bərpası ilə
bağlı ciddi addımlar atıldı.
Müstəqilliyin ilk illərində naşı, xain
siyasətbazların hakimiyyət davası ölkəni
uçuruma sürükləyəndə isə xalqın təkidli
tələbi və iradəsi ilə 1993-cü ilin
böhranlı yayında ümummilli lider Heydər Əliyev
ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Zamanın hökmü ilə
Azərbaycan dövlətinə və xalqına rəhbərliyin
ağır məsuliyyətini öz üzərinə
götürən praqmatik və xarizmatik lider Heydər
Əliyevin siyasi qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi
üçün dönüş məqamı oldu.
Bundan sonra
çoxsaylı terror aktlarının, dövlət
çevrilişlərinə cəhdlərin
qarşısını alaraq, siyasi sabitliyə və
sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər
Əliyev Qarabağ müharibəsinin gedişində də
dönüş yaratdı və düşməni atəşkəs
müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə,
açılmaz bir düyünü xatırladan Dağlıq
Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana
rəhbərliyi dövründə Heydər Əliyevin siyasi xəttinin və
diplomatik fəaliyyətinin əsasını təşkil
etdi.
Ölkəmizin
ətrafında baş verənləri, başımızın
üstünü alan qara buludları
görən, prosesləri uzaqgörənliklə qiymətləndirən
Heydər Əliyev respublikamızın pozulmuş ərazi
bütövlüyünün bərpa olunması və
işğalçıların ölkə ərazisindən
çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi.
Bundan sonra Dağlıq Qarabağ probleminin həlli
ilə bağlı beynəlxalq aləmin dəstəyinin
qazanılması Azərbaycan diplomatiyasının
qarşısında duran ən mühüm vəzifələrdən
biri oldu.
Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq və
regional təşkilatların tribuna və salonlarından
işğalçılığı məntiqi şəkildə
əsaslandıran konstruktiv çıxışlar
üçün maksimum istifadə etdi. O, Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti
haqqında dünya dövlətlərini lazımınca məlumatlandırdı,
ayrı-ayrı dövlətlərin, regional təşkilatların
Ermənistanın mövqeyini pisləyən qərarlarının,
bəyanatlarının qəbul edilməsinə nail oldu.
Lakin təcavüzkarı cəzalandırmaq
üçün iqtisadi və hərbi təzyiq mexanizmlərinə
malik olan beynəlxalq təşkilatlar Ermənistan--Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin
təmin olunmasında lazımi rol oynaya bilmədi. BMT-nin Təhlükəsizlik
Şurası Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı 4 qətnamə qəbul etsə də, bu sənədlərdə
əks olunmuş tələblər yerinə yetirilmədi.
Təəssüf ki, BMT tərəfindən təcavüzkar
Ermənistana qarşı bu vaxta qədər heç bir
sanksiya tətbiq olunmamışdır. Bu
isə təcavüzkar Ermənistanın beynəlxalq
hüquqa sayğısızlıq göstərməsi və
dünya birliyinə meydan oxuması ilə nəticələnmişdir.
Ümummilli lider Heydər Əliyevin diplomatiyası
Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə
çıxarılması və həlli ilə bağlı
xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata
keçirmək üçün ardıcıl siyasi kurs
planlaşdırdı. Azərbaycan lideri Dağlıq
Qarabağda ermənilərin yaşadığı dövlətə
qarşı yönəlmiş
çıxışlarının beynəlxalq separatizmin tərkib
hissəsi kimi qorxulu, ağır nəticələr törədən
və digər dövlətlərin də ərazisində
oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli
bir hərəkət olduğunu sübut etdi, dünya ictimaiyyətinin
diqqətini belə təhlükələrin
qarşısını vaxtında almağın vacibliyinə
yönəltdi.
1996-cı
il dekabr ayının 2--3-də ATƏT-in
Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsi
müzakirə mövzularından birinə çevrildi.
Prezident Heydər Əliyevin qəti və inadlı mövqeyi
nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında
münaqişənin üç prinsip əsasında tənzimlənməsi
öz əksini tapdı: Ermənistan Respublikasının və
Azərbaycan Respublikasının ərazi
bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın
tərkibində ən yüksək özünüidarə
statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təminatlı
təhlükəsizliyi. Bu prinsiplər Ermənistandan
başqa, ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Dağlıq
Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən
qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda
qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət
göstərsəydi, Dağlıq Qarabağda heç vaxt
separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal
altına düşə bilməzdi”. Ulu öndərin
özü isə belə demişdi: “Bir hadisənin
qarşısını almaq, o hadisə baş verəndən
sonra onun nəticələrini aradan götürməkdən
daha asandır”. Əlbəttə, Azərbaycan
xalqına Heydər Əliyev kimi təcrübəli bir siyasətçi
başçılıq etmiş olsaydı, Dağlıq
Qarabağ faciəsinin qarşısını almaq
mümkün olardı.
Ümummilli
lider Heydər Əliyevin Dağlıq Qarabağla bağlı
hərtərəfli düşünülmüş, dünya
birliyi tərəfindən qəbul edilən siyasətini son 15
ildə onun layiqli davamçısı Prezident İlham
Əliyev uğurla davam etdirir. Bu siyasətin bir cümlə ilə
ifadə edilə bilən mahiyyəti belədir: “Ermənistan
münaqişənin danışıqlar yolu ilə,
müharibənin sülhlə başa çatmasına
razı olmasa, Azərbaycan
öz torpaqlarını hərbi yolla azad edəcək”. 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın
münaqişəni hərbi qələbə ilə həll
etməyə qadir olduğunu bütün dünyaya sübut
etdi.
Qasım HACIYEV,
AMEA-nın Qafqazşünaslıq
İnstitutu ermənişünaslıq şöbəsinin
müdiri, tarix üzrə elmlər doktoru
Xalq qəzeti.- 2018.- 8 dekabr.- S.3.