Nobel qardaşlarının Azərbaycandakı

fəaliyyətinə həsr edilmiş film çəkilib 

 

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” adlı bədii-sənədli film hazırlayıb. Film layihəsi “Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Filmin çəkilişində məqsəd Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Ekran əsərində Nobel qardaşlarının böyük nailiyyətləri – dünyada ilk neftdaşıma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi digər yeniliklərdən də bəhs olunur.

Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artmasından, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanmasından və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizəsindən də danışılır.

Bundan başqa, filmdə Nobel Mukafatı Fondunun 15-17 faizinin “Nobel qardaşları” neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil edilməsi qabardılır. Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mukafatı Fondu ilə bağlılığı qeyd olunur.

Həmçinin “Miras” filmində Nobel qardaşları tərəfindən “qara qızıl”a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.

“Miras” bədii-sənədli filminin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir.

Filmin tezliklə ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir Günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 15 dekabr.- S.11.