Qurucu, yaradıcı şəxsiyyət 

 

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Kamran Hüseynovun anadan olmasının 105 illiyi tamam olur. Respublikamızın quruculuq salnaməsində silinməz izlər qoymuş bu yurdsevər insanın bir çox yadigarları bu gün də ölkəmizin xidmətindədir. Onun nurlu xatirəsi isə indiki nəsillər üçün əziz və unudulmazdır.

Kamran Əsəd oğlu Hüseynov 1913-cü il dekabrın 15-də Azərbaycanın ucqar dağ rayonu Qubadlının Çərəli kəndində dünyaya göz açmışdır. 16 yaşında oxumaq, işləmək, ailəsinə kömək etmək üçün 50 qəpik pul, 4 büküm çörəklə Bakıya üz tutan yeniyetmə Kamran yolüstü ilk qazanc fürsətindən yararlanmaq məcburiyyətində qalmışdı. Həkəri dəmiryol stansiyasında 3 gün vaqonlara yük vurmuş, qazandığı 10 manatın 5-ni pencəyi ilə birlikdə tanış bir adamla kənddə atasız, əyin-başsız qalmış qardaşlarına göndərmişdi.Qatarla Bakıya gəlib çıxan Kamran neft mədənində fəhləlik edərək kənddəki böyük külfətin dolanışığına yardım eləmiş, eyni zamanda, Bakıda və Moskvada ali mühəndis təhsili almışdı.

Kamran Hüseynov 20 yaşında Ali Partiya Məktəbinin ən gənc dinləyicisi olarkən partiya təşkilatının katibi seçilmişdi. Böyük Vətən müharibəsində batalyon komandiri kimi qanlı döyüşlərin ağrı-acısını yaşayan həmyerlimiz sonrakı illərdə respublika rəhbəri Mircəfər Bağırovun xüsusi tapşırığı ilə alman əsarətindən azad edilən Şərqi Avropa ölkələrindən müxtəlif təyinatlı avadanlıq, mal-material gətirilməsini təşkil edənlərdən biri olmuşdu.

Sumqayıtın inşasına başlayan ilk tikinti trestini yaradan da məhz Kamran Hüseynov olmuşdu.Qısa müddətdə özünü təşəbbüskar və məsuliyyətli rəhbər işçi kimi tanıdan gənc mühəndis 30 yaşından başlayaraq Sumqayıtın, Bakının ən böyük neft rayonu Binəqədi, Mingəçevir, Neftçala rayon partiya komitəsinin birinci katibi işləmiş, 31 yaşından həm də respublika Ali Sovetinin deputatı seçilmişdi. Bu vəzifələrdə uğurlu fəaliyyətin ardınca Kamran Hüseynov Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri,daha sonra isə Ümumittifaq Həmkarlar İttifaqları Şurasının katibi seçilmişdi. Moskvada yüksək vəzifədə çalışdığı dövrdə sovet nümayəndə heyətinin rəhbəri kimi dünyanın 30-dan çox ölkəsində səfərlərdə olmuşdu.

Respublikaya qayıtdıqdan sonra Kamran Hüseynov ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 13 il Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmiş, bir sıra mühüm sosial quruculuq layihələrini uğurla həyata keçirmişdi. Rəhbər fəaliyyətinin son dövründə isə Respublika Ticarət-Sənaye Palatasına sədrlik etmişdi. 50 ildən çox davam edən ictimai-siyasi fəaliyyəti dövründə Kamran Hüseynov respublika partiya təşkilatının Mərkəzi Komitəsinin və bürosunun üzvü olmuş, Azərbaycan və Rusiya Federasiyası Ali sovetlərinin deputatı seçilmişdi.

Ömrünün ahıl çağlarında da Kamran müəllim fəal ictimai fəaliyyətdən kənarda qalmamış, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olmuşdu. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifi idi. Sovet dövlətinin müxtəlif yüksək təltiflərindən əlavə, müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunmuşdu, Prezidentin fərdi təqaüdçüsü idi. 2006-cı il aprelin 20-də dünyasını dəyişən Kamran Hüseynov xalqımızın tarixdə seçilən izlər qoymuş böyük övladlarının uyuduğu Fəxri xiyabanda dəfn edilmişdir.

Bütün bunlar Kamran Hüseynovun zəngin, mənalı və nəsillərə örnək olan ömür yolunun, şərəfli tərcümeyi-halının qısa sətirlərini təşkil edir. Əlavə etməyə ehtiyac var ki, Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yüksək vəzifəli partiya, dövlət və ictimai xadimlər arasında təmiz ad-sanla ömür sürmüş, milli düşüncəli, xalqı üçün çalışan, işləməkdən yorulmayan az sayda mərd, cəsarətli, xeyirxah rəhbərlərindən biri olmuşdur. Həyatda əməlləri ilə ucalmış bu qadir insanın ömür yolunun ibrətli səhifələrinə nəzər salaq.

Azərbaycan KP Binəqədi Rayon Komitəsinə təzəcə 1-ci katib təyin olunmuşdu. Büro iclasına başlamaq istəyəndə yanındakılar deyirlər ki, bəlkə, bir az gözləyək. Kamran müəllim soruşur, niyə? Deyirlər, bəs “Binəqədinefttrest”in rəisi, büro üzvü Nersesyan hələ gəlməyib, onsuz heç vaxt iclas başlamayıb. Belə bir antimilli halı qəbuledilməz sayan Kamran Hüseynov dərhal iclası başlayır, qəsdən gecikməklə yerli rəhbərlərə meydan oxuyan erməni rəisi iclasa buraxmır, tezliklə təzyiqlərə baxmayaraq onu vəzifədən götürməyə də nail olur.

Kamran Hüseynovun respublikada erməni özbaşınalığına qeyrətli münasibətindən daxilən razı qalan Mircəfər Bağırov Mingəçevir SES-in tikintisini sürətləndirmək üçün MK bürosunda müzakirə zamanı qəfil Kamran Hüseynova üz tutub deyir: “Ey Sultan bəy (Kamran müəllimi Zəngəzurda daşnak Andronikin qoşunlarını məhv edən xalq qəhrəmanı Sultan bəy Sultanova bənzədir), sabahdan Mingəçevirə gedirsən, o şəhəri, SES-i sən tikməlisən!” Ucaboylu, yaraşıqlı, Azərbaycan və rus dillərində səlis nitqi ilə dinləyənləri cəlb edən paytaxtdan gəlmiş bu gənc Mingəçevir SES tikintisinə partiya-siyasi rəhbər kimi işə başlayanda çoxları düşünürmü ki, 10-15 gün ancaq duruş gətirəcək. Amma onun gəlişi ilə tikintidə böyük canlanma yaranır. Bir neçə gündən sonra ailəsini də yanına gətirir, ona baxıb başqaları da belə edir.

Çox keçmədən təxribatçı, düşmən adı ilə həbsxanalara göndərilmiş məhbus mütəxəssisləri azad etdirib geri qaytardır.Moskvadan energetika naziri gəlib geniş quruculuq işlərini görəndə özündən çıxır ki, bu nə şəhərdir tikirsən, biz şəhər yox, müvəqqəti fəhlə qəsəbəsi salmağı planlaşdırmışdıq burda. Kamran Hüseynovu Moskvada çək-çevirə salsalar da o, M. Bağırovun köməyi ilə Boz dağın qoynunda Mingəçevir kimi gözəl bir şəhər salır.

Sumqayıt partiya komitəsinin 1-ci katibi işləyəndə isə şəhərdəki irimiqyaslı quruculuqla yanaşı, Ceyranbatan gölündən xeyli aralı, Azərbaycanda “traxoma” xəstəliyinin mənbəyi sayılan Saray kəndinin köçürülüb indiki yerində salınmasına öz təşəbbüsü ilə, dövlət köməyi olmadan nail olur.

K.Hüseynovun 16 kitabından ikisi – “Bir ömrün salnaməsi” və “Quruculuğa həsr olunmuş ömür” xatirə ədəbiyyatımızın ən yaxşı nümunələrindəndir. Bu kitablar Azərbaycanın 70 illik keşməkeşli həyatının, mürəkkəb tarixi hadisələrinin, respublikamıza rəhbərlik etmiş ayrı-ayrı şəxsiyyətlərin və özünün bu dövrlər haqqında canlı, obyektiv müşahidələrinin zəngin fakt və incə detallarla qələmə alınmış salnaməsidir. Müəllifin ümummilli lider Heydər Əliyev haqqında fikirləri, onun respublikamızın inkişafı naminə gördüyü əvəzsiz işlər, bu böyük şəxsiyyətlə bağlı xatirələri hər iki kitabda xüsusi yer tutur.

1968--80-ci illərdə Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış Kamran Hüseynovun fəaliyyətini, səmərəli xidmətlərini ümummilli lider Heydər Əliyev həmişə yüksək qiymətləndirilmiş, onun təkliflərinə daim diqqət və ehtiramla yanaşmışdı. Ömrünün ahıl çağlarında Kamran Hüseynova “Şöhrət” ordeniniulu öndər şəxsən təqdim etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev görkəmli ictimai-siyasi xadim Kamran Hüseynovun 100 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalamış, bu yubiley münasibətilə respublikamızda çoxlu tədbirlər keçirilmişdir.

Xatirə kitablarında ­Kamran Hüseynovun görkəmli dövlət, siyasət adamları F. Kastro, X. Ş. Min, L. Brejnev, A. Kosıgin və b. ilə bağlı detallı xatirələrini, S.Vurğun, Ç.Aytmatov, M.Tursunzadə, S.Rəhimov, R.Behbudov kimi ədəbiyyat, mədəniyyət adamları ilə dostluq münasibətlərini əks etdirən xatirə, yazı və foto şəkilləri, tanınmış dövlət və siyasət xadimlərinin, məşhur ziyalıların Kamran Hüseynovla bağlı yazı, məktub və teleqramları da bu böyük şəxsiyyətin zəngin mənəviyyat, dərin, yüksək dünyagörüşü sahibi olmasını bir daha sübut edir.

Kamran Hüseynov respublika hökumətində idarəetmənin önəmli sahələrinə rəhbərlik etdiyi 13 ildə ziyalıların ən böyük dostlarından biri, himayədarı olmuşdu. Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə yazmışdı: “Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrikzavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsl vətəndaşısan”.

Məşhur cərrah, professor Nurəddin Rzayev isə demişdi:

“Nə yaxşı ki, dünyada Kamran Hüseynov kimi müdrik, sadə, mehriban, işgüzar, qərəzsiz insanlar vardır. Əqidələri, vicdanları bulaq suyu kimi saf olan belə insanlar el adamı, el ağsaqqalı, görkəmli dövlət xadimi kimi xalqımızın tarixində öz layiqli yerlərini tuturlar. Mən bu böyük qurucu və yaradıcı alimlə fəxr edirəm”.

Yaratmağı, tikib-qurmağı həyat amalı sayan, aydın fikirli, iti düşüncəli, pak əxlaqlı bir müdrik ömür yaşamış Kamran Hüseynov özü isə yaşam fəlsəfəsini belə ifadə etmişdi: “Mən özümü daim bal arısı hesab etmişəm. Mənim həyat fəlsəfəm budur... Taleyimdən razıyam. Onu özüm yaratdım. Oxutmadılar – oxudum. Böyütmədilər – böyüdüm. Öyrətmədilər – öyrəndim. Evləndirmədilər – evləndim. Dayağa söykənmədim”.

Qədirbilən xalqımız görkəmli övladlarından biri kimi Kamran Hüseynovun ölməz xatirəsini həmişə qəlbində yaşadır.

 

Hacı NƏRİMANOĞLU,

Azərbaycan Respublikasının Prezidenti

yanında Bilik Fondunun sektor müdiri,

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri

 

Xalq qəzeti.- 2018.- 15 dekabr.- S.9.