O, Azərbaycanı çox sevirdi

 

Yevgeni Matveyev. Bu ad kino həvəskarlarına yaxşı tanışdır. Onun çəkildiyi filmlər nəinki keçmiş SSRİ-də, eləcə də dünyanın əksər ölkələrində sevilə-sevilə baxılıb və bu gün də baxılmaqdadır. Yevgeni Matveyev Vətənini, torpağını sevən bir insan idi. Ona görə də çəkdiyi filmlərdə vətənpərvərlik hissi çox güclü alınmışdı. Doğrudur, o, sənətə teatrdan gəlmişdi. Rusiyanın bir sıra məşhur teatrlarında çalışmış, klassik və müasir qəhrəmanların rollarını ifa etmişdi.

Y.Matveyev əslən ukraynalı idi. 1922-ci ildə Ukraynanın Xerson vilayətinin Novoukrainka kəndində doğulmuşdu. Uşaqlığı çətin keçib. Hətta, küçədə alverlə məşğul olub. Yaxşı oxuduğuna görə təhsilini davam etdirmək üçün onu Nyurupinsk şəhərinə göndərirlər. Burada ilk dəfə teatr tamaşasına baxan gənc Yevgeni özfəaliyyət dərnəyində məşğul olmağa başlayır. 9-cu sinifdən məktəbi atır və Xersona gedir. Bu şəhərdə N.Kuliş adına Akademik Musiqili Dram-Teatrı fəaliyyət göstərir. Bu teatrda kütləvi səhnələrdə iştirak etməyə başlayır. Belə tamaşalardan birində onu görən görkəmli aktyor N.K. Çerkasov məsləhət görür ki, Kiyevə getsin və orada rejissor A.P. Dovjenkonun kursuna qəbul olunsun.

Beləliklə, Y.Matveyev 1940-1941-ci illərdə Kiyev kinostudiyasının aktyor məktəbində təhsil alır. Sonra bir müddət teatrlarda çalışır. 1946-1948-ci illərdə Tümen Dram Teatrında, 1948-1952-ci illərdə isə Novosibirsk Dram Teatrında, 1952-1968-ci illərdə isə Moskvanın Malı Teatrında aktyor kimi fəaliyyət göstərir.

Yevgeni Matveyev 1956-cı ildə Ümumrusiya Teatr Cəmiyyəti nəzdində M.N.Kederovun rəhbərlik etdiyi studiyada təhsil almışdır. Tələbə ikən ilk rolunu da “Sabahınız xeyir” komediyasında oynamışdı. Kinoda rejissor debütünü isə “Qaraçı” filmində yaratmışdı.”Dayça” filminin çəkilişi vaxtı atdan yıxılmış və ciddi zədə almışdı. Həkimlər ona ciddi müalicə olunmağı məsləhət görmüşdülər. Xəstəxanada o, “Qaraçı” filminin ssenarisinin böyük hissəsini yazmışdı.

 1968-ci ildən “Mosfilm” kinostudiyasında rejissor kimi işə başlamışdı. Bu studiyada onun çəkdiyi və baş rollarda oynadığı filmlər SSRİ məkanında böyük hörmət və ehtiramla qarşılanırdı. Xüsusilə, Böyük Vətən müharibəsi mövzusunda lentə aldığı “Adi məhəbbət”, “Tale” filmləri ötən əsrin 70-ci illərinin ən çox baxılan filmlərindən idi. Onlar bir-birini tamamlayırdı. Rusiya kinosu tarixində müharibə mövzusunda çox filmlər yaradılıb. Ancaq mənə belə gəlir ki, müharibənin fonunda insan talelərinin bu qədər tam, dürüst işləndiyi filmlər azdır. Onun bu filmdə oynadığı kolxoz sədri Zaxar obrazı əvəzsiz kino qəhrəmanıdır. Bu filmlər Bakıda nümayiş etdiriləndə kinoteatrlarda yer olmazdı. Bütün seanslar anşlaqla keçərdi.

SSRİ Xalq artisti Yuri Ozerov ”Azadlıq əsgərləri” kinoepopeyasında ona Sov. İKP MK-nın Baş katibi Leonid İlic Brejnevin obrazını həvalə etmişdi. Y.Matveyev əvvəlcə bu rolu oynamağın onun üçün çətin olcağını bildirmişdi, amma rejissor onu inandırmışdı ki, bu obrazı ancaq o, ifa edə bilər. Beləliklə, Y. Matveyev filmdə Brejnevin obrazını məharətlə ifa etmişdi.

 Yevgeni Matveyev Azərbaycanı çox sevirdi. Bakıya gəlib Ümumittifaq Kinematoqrafiya İnstitutunda öz aktyor kursu üçün tələbə yığırdı. Bakıdan 14 nəfər tələbə seçmişdi.

Onların arasında aktyor Fərhad İsrafilov da var idi. F.İsrafilov deyir: “SSRİ Xalq artisti Yevgeni Matveyevin kursunda təhsil almaq mənə də nəsib oldu. Müəllimim Yevgeni Matveyev məni “Mosfilm”də iki filmə – “Ən mühüm tapşırıq” və “Qələbə” filmlərinə çəkdi. “Ən mühüm tapşırıq”da təyyarəçi Rüstəm obrazını ifa etdim. “Qələbə” filmində isə məşhur italiyalı fotomüxbir Dino Rossinini oynadım. Kurs yoldaşlarım Həmidə Ömərova, Sona Mikayılova, Ömür Nağıyev, Vilayət Əliyev və Ötkəm İsgəndərov sonradan Azərbaycanın istedadlı aktyorları kimi tanındılar. O vaxt Ümumittifaq Kinematoqrafiya İnstitutu SSRİ üzrə yeganə kino institutu idi. Biz birinci kursda oxuyanda qızlarımız özlərini, ən azı, Sofi Loren, oğlanlarımız isə Belmondo, Alen Delon hesab edirdilər. Müəllimimiz Yevgeni Matveyev özümüzü aparmağımıza baxıb dedi ki, bu, Kino İnstitutuna daxil olanların ümumi xəstəliyidir: Birinci kursda hamı özünü dahi, ikinci kursda akademik, üçüncü kursda professor sayır. Dördüncü – buraxılış kursunda isə deyir ki, bəlkə mən institutun qapılarını səhv salmışam? Sizin bu cahilliyinizi yavaş-yavaş başınızdan çıxaracağıq. Təcrübə göstərdi ki, institutun bizə verdiyi yaxşı bazis və nəzəriyyə sonrakı təcrübəmizdə lazım oldu.”

Yevgeni Matveyev Azərbaycanın tanınmış ziyalıları ilə dostluq edirdi. Onlardan biri də Xalq şairi Bəxtiyar Vahabzadə idi. Bəxtiyar müəllim bir dəfə dedi ki, Yevgeni Matveyevlə söhbətlərimizdə tələbələri haqqında dedi: “Bəxtiyar, sizin uşaqlar rus dilini yaxşı bilirlər. Bilməsələr belə, biz onlara rus dilini asanlıqla öyrədərik. Bəla burasındadır ki, onlar öz milli-mənəvi dəyərlərini, xalqın ruhunu yaxşı bilmirlər. Biz bunu öyrədə bilmərik.”

Y. Matveyev böyük sənətkar idi. Aktyor, rejissor kimi teatr və kinoda yaratdığı rollar həmişə sevilib, bu gün də filmləri dünya ekranlarında nümayiş etdirilməkdədir. Bu böyük sənətkar SSRİ-nin ən mühüm mükafatlarına layiq görülmüş, ən yüksək fəxri adlarını almışdı. O, 2003-cü ildə vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 16 dekabr.- S.11.