Heydər Əliyev: Mən ona özüm qədər inanıram 

 

"Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır.”

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ötən dövr çox aydın şəkildə göstərdi ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir. Dinamik tərəqqi prosesi Azərbaycanı artıq siyasi, iqtisadi cəhətdən nəinki regionda, daha böyük məkanda aparıcı ölkəyə çevirib.

Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır. Milli dövlətçilik təfəkkürünə bağlı olan cənab İlham Əliyev əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə pozitiv anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada, millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun olan, eləcə də müasir dünyamızın modern təmayüllərinə əsaslanan siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarından qaynaqlanır. Cənab İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir. Prezident İlham Əliyev klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu ilk dəfə, özü də müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazının daşıyıcısı olaraq beynəlxalq münasibətlərdə, diplomatiyada eyni dərəcədə mühafizəkar, ənənəçi və yenilikçi, liberal olmaqla mötədil dəyərləri uzlaşdırmağı bacarır. Bütün bu vacib keyfiyyətlər isə Azərbaycanın   uğurlarının başlıca düsturuna çevrilmişdir.

Bütün bunların əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasi kurs dayanır. Elə bundan irəli gəlir ki, qarşıdakı dövr ərzində də Azərbaycanı daha böyük uğurların gözləməsinə ekspertlər tam əminliklə yanaşırlar.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Bu gün regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət edir.

Prezidentin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun qüdrətinə inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu.

Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu getdikcə yüksəlib. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb.

Dövlət başçısı dekabrın 15-dəki çıxışında demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur”.

Dövlət başçısının bildirdiyi kimi, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir.

Prezident İlham Əliyevin möhtəşəm uğurları təsdiq edir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev  ona  böyük ümidlər bəsləməkdə  tamamilə haqlı imiş. Ulu öndər 2003-cü ildə xalqa müraciət edərək İlham Əliyev haqqında bunları söyləmişdir: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, ümummilli lider özünün alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı doğru göstərmişdi. Ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün məyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada nüfuzu artdı, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Ermənilərin isə buna müqavimət imkanları getdikcə daha zəif hala gəlir. Digər tərəfdən, düşmən görür ki, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diktə etməsinə şərait yaradır.

Aclıq və səfalət içərisində yaşayan Ermənistan cəmiyyəti görür ki, bu durumda Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz. Prezident İlham Əliyev məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edib. Ermənilər görür ki, işğal faktoru üzərindən yürüdülən militarist siyasət, qonşu dövlətlərə qarşı ərazi iddialarının təşviqi və yarıtmaz idarəçilik Yerevanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Bu isə ölkənin çöküşünü sürətləndirir, əhalinin ölkədən qaçmasına, olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına səbəb olur. Bu durumda Azərbaycanın öz təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib.

Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır. Əks təqdirdə Azərbaycan düşməni başqa yolla ərazisindən çıxmağa vadar edəcək. İndi Ermənistanın yeni hakimiyyəti üçün də yeganə çıxış yolu işğal siyasətinə son qoymaqdır. Yoxsa Ermənistanın çöküşü davam edəcək. Onsuz da Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra ölkədə hansısa ciddi dəyişikliklərin olacağına dair ümidlər yavaş-yavaş yerini bədbinliyə verir. Çünki dəyişən heç nə yoxdur. Son günlər Ermənistanda hakimiyyət uğrunda baş verən hadisələr onu göstərir ki gondarma Dağlıg Garabağ rejimi Paşinyanın hakimiyyətinə garşı çıxıb.

Baş nazir vəzifəsini tutduqdan sonra Nikol Paşinyan da sadəcə quru vədlər verməklə kifayətlənir və reallıqda müsbətə doğru ­hansısa addımlar atmır. Halbuki Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.

Lakin siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın görürlər ki, onların rifahı, ümumiyyətlə xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal faktına son qoyulmayana qədər Azərbaycan düşmənə ciddi təzyiqi davam etdirəcək.

Azərbaycanda vəziyyət tamam fərqlidir. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Vaxtilə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vətəndaş həmrəyliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub.

Azərbaycanda demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə fəal iştirak edən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il büdcədən vəsaitlər ayrılır. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir.

Ermənlərin böyük sürətlə siyasi və igtisadi uçuruma getməsi haqqında Prezident İlham Əliyev həmişə obyektiv fikir söyləmişdir. Dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrilib.

Birmənalı həqiqətdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasət Ermənistanı, onun sabiq baş naziri Serj Sarkisyanı, şahmat dili ilə desək, həmişə mat vəziyyətində qoyub. Prezident İlham Əliyevin siyasəti sayəsində Sarkisyan və onun hazırkı sələfi Paşinyan nə hadisələrin iştirakçısı ola bilir, nə də onlara təsir etmək imkanlarına malikdir.

İşğalçı ölkədə açıq bəyan edilirdi ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında Serj Sarkisyan iqtidarı duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində erməni tərəfi getdikcə daha zəif duruma düşürdü. Elə bu səbəbdəndir ki, Ermənistanda Prezident İlham Əliyevin siyasi və diplomatik gedişlərinin rəsmi Yerevanı daha çıxılmaz vəziyyətə saldığına dair etiraflara indi daha çox rast gəlmək mümkündür.

Ermənilər həm də onu gördülər ki, Azərbaycanda vəziyyət tamam fərqlidir və bu ölkənin lideri güclü mövqe sahibi kimi Dağlıq Qarabağ danışıqlarında şərtləri diktə edən əsas tərəfdir. Bu da ermənilərdə o fikri möhkəmləndirdi ki, Prezident İlham Əliyevin yaratdığı güclü dövlət, uğurlu siyasəti Serj Sarkisyanı daha çətin vəziyyətdə qoyub. Bu durum həm də liderlərin siyasətinə qiymət vermək baxımından da çox önəmlidir. Digər tərəfdən, bir həqiqət də aydın şəkildə anlaşılır ki, Ermənistanın danışıqlar prosesində illərdir nümayiş etdirdiyi destruktiv mövqenin sonu yoxdur. Çünki bu hal müharibəni yenidən alovlandıra bilər.

Müharibənin nə ilə nəticələnəcəyini isə ermənilər, o cümlədən də Serj Sarkisyan Aprel döyüşlərində çox yaxşı gördülər. Bilindi ki, Azərbaycan Prezidenti ötən illər ərzində müasir, döyüş qabiliyyəti yüksək olan ordu yarada bilib, Ermənistanda isə bunun tam əksi baş verib, bu ölkədə silahlı qüvvələr adına heç nə qalmayıb.

Ölkəmizdə əldə edilən uğurlar fonunda işğalçı Ermənistana nəzər saldıqda tamam əks mənzərə müşahidə olunur. Bunun ümdə səbəblərindən biri işğal siyasətinə görə Azərbaycanın Ermənistanı təcrid vəziyyətinə salmasıdır. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib: "Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.

Ekspertlər qeyd edir ki, hazırda Ermənistanda baş verənlər ölkənin sosial, iqtisadi və siyasi həyatında uzun müddət davam edən tənəzzülün nəticəsidir. Faktiki olaraq işğalçı ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi bu ölkəni sürətlə çökdürür. İstər köhnə, istərsə də yeni hakimiyyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq işğalçılıq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur.

Ermənistanın bir dövlət kimi var olması birbaşa işğal siyasətinə son qoyulmasından asılıdır. Əks təqdirdə Ermənistanın tənəzzülü daha sürətli xarakter alacaq. Aydındır ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib.

Prezident Ilham Əliyev bildirib: “Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhvali-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Bununla yanaşı, Ermənistan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Eyni zamanda, Ermənistanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində işğalçı ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.

Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır.

 

Kamran Behbudov,

“ADA” Universitetinin professoru

    

 Xalq qəzeti.- 2018.- 22 dekabr.- S.7.