Qəfil ölüm kabusunu

cilovlayan kardioloji inqilab

 

İnvaziv kardiologiya – 40

 

Yola salmağa hazırlaşdığımız 2018-ci ildə ürək-damar xəstəliklərinin müalicəsində, ani və vaxtsız ölüm kabusunun cilovlanmsında 1958-ci ildən dünyada inqilab yaratmış invaziv kardiologiyanın Azərbaycana gəlişinin 40-cı ili tamam oldu. Ölkə kardioloqları bugünlərdə milli təbabət tariximizə önəmli yenilik kimi daxil olmuş bu hadisəni respublikamızda invaziv kardiologiyanın ilkin yaranması, sürətli inkişafı və daha geniş yayılması perspektivlərinə nəzər salmaqla qeyd edirlər.

Kardiologiyanın yüksək effektli bu sahəsi tarix boyu bəşəriyyət üçün əlacsız bəla sayılan qəfil ölümlərin qarşısını almaqda, həqiqətən, yeni bir dövr açmış, yüz milyonlarla insanı ani ölümlərin pəncəsindən xilas etmiş, onların ömrünü 10-20 il, bəzən də daha çox uzatmışdır. Məsələ burasındadır ki, zaman-zaman vaxtsız ölümlərin, az qala, yarısı ürək-damar xəstəliklərinin təsirli müalicəsinin olmaması səbəbindən baş vermişdir.

İnvaziv kardiologiyanın bu bəlanın qarşısına sədd çəkdiyi bir dövrdə belə hər il 18 milyonadək insan ürək qüsurlarından dünyasını dəyişir. Bütün ani ölüm hallarının 88 faizi ürək qüsurlarının vaxtında aşkar edilməməsi və belə xəstələrin vaxtında ixtisaslı invaziv kardiologiya xidməti ala bilməməsinə görə baş verir. Invaziv kardiologiyanın geniş yayıldığı Avropa ölkələrində belə hər min ölümdən biri ürək qüsurlu xəstələrin payına düşür və ani olaraq baş verir. Bu statistika invaziv kardiologiyanın çağdaş həyatımızda necə ciddi önəm daşıdığından xəbər verir.

İnvaziv kardiologiya nədir? O, həyatımızda hansı önəm daşıyır? Kardiologiyanın bu sahəsi necə formalaşmışdır? Azərbaycanda koronar angioqrafiya və stent əməliyyatlarının uğurlu tətbiqi hansı inkişaf yolu keçmişdir?

Müasir tibbin ciddi nailiyyətlərindən biri olan invaziv kardiologiya ürəyin tac damarlarında darlıq və tutulmaları aşkara çıxarmaq üçün aparılan koronar angioqrafiya və bu qüsurların aradan qaldırılması üçün icra edilən stent əməliyyatlarından ibarətdir. İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. Çağdaş təbabətin bu sahəsi koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla, kardiologiyanin geniş və önəmli bir sahəsini əhatə edir.

Angioqrafiya termini 2 yunan sözündən yaranıb “angeion”– damar və “grapho”– yazmaq deməkdir. Angioqrafiya qan damarlarının xüsusi və mürəkkəb rentgenoloji müayinəsidir. Bu dərin və əhatəli informativ müayinə həkimlərin xəstənin damarlarının vəziyyətini, oradakı pozulmaları dəqiq qiymətləndirmələrinə imkan yaradır. Nəticədə, xəstəyə daha təsirli müalicə təyin olunur. İndiki inkişaf mərhələsinə gəlib çatana qədər invaziv kardiologiya böyük bir yol keçmişdir.

XX əsrdə tarix boyu insanları kütləvi surətdə məhv etmiş bir sıra xəstəliklərin, xüsusən, epidemiyaların qarşısının alınmasında ciddi nailiyyətlər qazanılsa da, anadangəlmə və qazanılmış ürək-damar qüsurlarının aradan qaldırılması üsullarının tapılması ilə bağlı inadlı mübarizə xeyli davam etmişdir. Bu axtarışlarda əsas məsələ ürəyin səthini ağac şaxəsi kimi bürüyən koronar damarların görüntüsünə nail olmaq, bundan sonra isə aşkar edilən darlıq və tutulmaları aradan qaldırmaq üsullarının tapılması olmuşdur. Bir yenilik isə kardioloq və mütəxəssisləri uğurlu axtarışlara daha ciddi sövq etmişdir.

1929-cu ildə 25 yaşlı alman həkimi Verner Forsman 65 santimetrlik sidik kateterini öz dirsək venasından sağ mədəciyinə salıb rentgen şüası altında təbabət tarixində ilk dəfə ürəyinin görüntüsünü aldı. Çarlz Dotter isə bu yeniliyə əsaslanmaqla, 1950-ci ildə ürək kateterizasiyası adlı əməliyyatı təbabətə gətirdi. Bundan sonra Zimmerman və Lason sol sağ ürək kateterizasiyasını uğurla icra etdilər. Bu sahədə əsas irəliləyiş isə Meyson Sonsun ilk dəfə kateteri təsadüfən ürəyin koronar arteriyasına salması ilə başlandı. Bu hadisə koronar angioqrafiyanın kəşfi ilə nəticələndi.

Bu gün dünya təbabətində qısaca “anju” adlanan inqilabi yeniliyi ilk dəfə 1958-ci ildə ABŞ-ın Klivlend xəstəxanasında Meyson Sons özü tətbiq etdi. O, kontrast məhlulla X şüaları altında aotaqrafiya apararkən kateter təsadüfən koronar arteriyaya düşdü və ürək koronoqrafiyası çəkilişi alındı-- ilk dəfə ürək damarları görüntüləndi. 1959- cu ildə isə Meyson ilk dəfə selektiv koronar angioqrafiya əməliyyatını icra etdi. Bu təcrübə çoxillik axtarışların dönüş nöqtəsi kimi modern voskulyar texnologiyaların inkişafına və invaziv kardiologiyanın formalaşmasına, açıq ürək əməliyyatlarının sürətlənməsinə səbəb oldu.

1953-cü ildə koronar angioqrafiya üçün kateterlə klassik giriş üsulunu ilk olaraq İsveç həkimi Sven Seldinger irəli sürdü. Bu üsulla ilk angioqrafiya əməliyyatını isə 1967-ci ildə Jadkins apardı. O, Amplaçla birgə kateterin ucunu əyərək sağ sol koronarlar üçün kateterlər yaratdı. Hazırda ən çox istifadə edilən Seldinger üsuludur. Daha təsirli əməliyyatlar aparılması üçün balonun ixtirası da təsadüf nəticəsində mümkün oldu. Məlum oldu ki, əməliyyat darlığı göstərməklə yanaşı, onu genişləndirə də bilər.

 Lakin ilk vaxtlar damrların balon vasitəsilə şişirdilməsinə heç kəs cəsarət etmədi. Bu əməliyyatı ilk dəfə 1960-cı ildə ABŞ-da Çarlz Dotter ayaqda sınaqdan keçirdi. O, əvvəlcə incə borular, sonra isə balonlarla ayaq damarlarının genişləndirilməsinə nail oldu. 1977-ci ildə isə İsveçrədə gənc həkim Andreas Qruentziq ilk dəfə angioplastikanı uzun, incə balonla heyvanlar üzərində sınaqdan keçirdi. Bu üsul ilk vaxtlar müəyyən tərəddüdlə qarşılansa da, Qruentziqin 38 yaşlı xəstə üzərində uğurlu əməliyyatından və doktor Riçard Rayerin onu dəstəkləməsindən sonra bu üsulun sürətli tətbiqinə başlandı. 1982-ci ildə Simpson koronar müdaxilələr üçün yeni tellər təklif etdi.

Tezliklə məlum olan damarların təkrar tutulması mütəxəssisləri növbəti axtarışlara məcbur etdi. Təkrar tutulmanın qarşısını almaq üçün müxtəlif üsullar və dərman müalicəsi səmərə verməyəndə çıxış yolu kimi damarın genişləndirilmiş hissəsinə incə metaldan stent qoyulması axtarışlarına başlandı, bu işə milyardlarla vəsait xərcləndi. Nəticədə,1986-cı ildə isveçrəli kardioloq Ulriq Sıqvart öz ölkəsində, fransız Jan Puel isə Tuluzada ilk dəfə genişləndirilmiş ürək damarlarına stent daxil etdilər. Stentlərin tutulmasının qarşısını almaq üçün isə sonrakı illərdə dərmanlı stentlərdən istifadə edildi. İlk belə stentləri ABŞ-ın Kordes şirkəti yaratdı.

Keçmiş SSRİ-də koronar angioqrafiya ilk dəfə Moskvada icra edildi. Qardaş Türkiyədə koronar angioqrafiyanı ilk dəfə Sones üsulu ilə Mehmet Özdəmir, 1975-ci ildə isə Seldinger üsulu ilə professor Oral Pektaş gerçəkləşdirdilər.

Rusiyadan sonra angioqrafik tədqiqatlar, ikinci, Zaqafqaziyada isə birinci olaraq 1978-ci ildə Azərbaycanda gerçəkləşdirildi. Bu sahədə ilk axtarışlara Eksperimental və Tətbiqi Cərrahiyyə İnstitutunda həmyerlimiz Oqtay Hacıyev başladı. Həmin il ilk dəfə ürək kameralarının kateterizasiyası əməliyyatı sınaqdan keçirildi. Koronar angioqrafiya əməliyyatlarını davam etdirmək üçün ilk avadanlıq Bakıya 1980-ci ildə gətirildi. Damar cərrahiyyəsi əməliyyatlarını isə Cərrahiyə İnsitutunda ilk dəfə mərhum professor Fikrət Zərgərli apardı. 1986-cı ildə Bakıda koronar angioqrafiya üçün avadanlıq quraşdırıldı. Tədqiqatlara həmyerlimiz Ələsgər Əliyev də qoşuldu.

Lakin sonrakı dövrdə lazımi avadanlığın olmaması və digər səbəblər üzündən tədqiqatlarda 10 ildən artıq bir müddətdə fasilə yarandı. Azərbaycan müstəqillik qazanandan sonra isə invaziv kardiologiyanın inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində tədbirlər gerçəkləşdirildi. İlk olaraq xarici ölkələrdə kadr hazırlğına start verildi. Bununla yanaşı, müvafiq maddi baza yaradılmasına başlandı.

Ölkəmizdə səhiyyənin inkişafına müstəsna diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın həyata keçirdikləri tədbirlər invaziv kardiologiyanın tarixən ən qısa bir vaxtda əhaliyə tibbi xidmətlər sırasında layiqli yer tutmasını təmin etdi. Bu gün Azərbaycan invaziv kardiologiyası öz samballı şəbəkəsi və yüksək inkişaf səviyyəsi ilə Azərbaycanın uzunömürlülər ölkəsi şöhrətinin geri qaytarılmasına xidmət edir.

Angioqrafiya və stent əməliyyatları ilk dəfə ölkəmizdə 2000-ci illərin əvvəllərində Mərkəzi Klinikada tətbiq edildi. Bu əməliyyatları ilk vaxtlar Türkiyədən gəlmiş mütəxəssislər icra edirdilər. Xaricdə uzmanlıq təhsili almış və lazımi təcrübə toplamış invaziv kardioloqlarımız artıqca, bu əməliyyatları əsasən milli kadlar həyata keçirməyə başladılar. Artıq ölkəmizin dövlət və özəl klinikalarında onlarla invaziv kardioloq çalışır.

Azərbaycanda angioqrafiya, stent müayinə və müalicəsini icra edən ilk yerli mütəxəssis invaziv kardioloq Abbasəli Abbasəliyev oldu. Bundan sonra Üzeyir Rəhimov, Firdovsi İbrahimov, Ülvi Mirzəyev, həyatdan vaxtsız getmiş Cavid Həmişəyev və onlarla digər mütəxəssis invaziv kardioloq kimi yetişərək ölkəmizin klinikalarında fəaliyyət göstərməyə başladılar. Hazırda Kliniki Tibbi Mərkəzdə, Mərkəzi Neftçilər Xəstəxanasında, Elmi Cərrahiyyə Mərkəzində, Respublika Diaqnostika Mərkəzində, Hərbi, Gömrük və Dövlət Təhlükəsizlik Xidməti hospitallarında, “Baku Medical Center”də, “Zəfəran”, “Ege” hospitallarında, “Mediland” klinikasında, Naxçıvanın və Gəncənin ixtisaslaşdırtılmış xəstəxanalarında və digər mərkəzlərdə invaziv kardioloji əməliyyatlar uğurla icra edilir. Bu yaxınlarda 20-ci invaziv kardiologiya mərkəzi Bakı sağlamlıq Mərkəzində fəaliyyətə başlayıb. Hər il ölkəmizdə 35 minədək koronar angioqrafiya, 15 minədək stent əməliyyatı həyata keçirilir.

Əsas məqsədi respublikamızda ürək-damar xəstəliklərinin profilaktikasının, diaqnostikasının və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarət olan Azərbaycan Kardiologiya Cəmiyyəti ölkənin bütün kardiologiya infrastrukturları ilə əməkdaşlıq şəraitində soydaşlarımızın infarkt riskinin aradan qaldırılmasında, ani ölümlərin qarşısının alınmasında invaziv kardioloğiyanın misilsiz imkanlarından daha səmərəli istifadə edilməsinə çalışır. Cəmiyyət sahənin problemlərinin həlli və yüksək inkişafı üçün də zəruri tədbirləri əlaqələndirir. Azərbaycan kardioloqları ölkəmizi beynəlxalq məclislərdə böyük uğurla təmsil edirlər.

Beləliklə, bu il Azərbaycanda 40 illiyi tamam olan invaziv kardiologiya sahəsində tədqiqatlar ötən dövrdə qabaqçıl dövlətlərin 60 ildə əldə etdiyi bir səviyyəyə çatmışdır. Ölkəmizdə invaziv kardiologiyanın həqiqi inkişafı onun yaranma tarixinin ikinci yarısından başlansa da, bu sahə qısa müddətdə yüksəliş yolu keşmiş və çox sayda soydaşımız vaxtsız ölümün pəncəsindən xilas edilmişdir.

 

Tofiq SADIQOV,

Bakı Şəhər Kliniki Mərkəzin invaziv kardioloqu

 

Xalq qəzeti.- 2018.- 23 dekabr.- S.13.