Vyanada “Dmitri
Şostakoviç - Qara Qarayev.
Tarixin səhifələri”
Vyana Musiqi və Təsviri İncəsənət
Universitetində Azərbaycan musiqi mədəniyyətinin
görkəmli nümayəndəsi, dünya şöhrətli
bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir
keçirilib.Bu barədə Mədəniyyət Nazirliyinin rəsmi
saytı məlumat yayıb.
“Culture
Meeting Point” mədəniyyət ocağının təşkil
etdiyi tədbirdə qurumun rəhbəri, incəsənət
üzrə fəlsəfə doktoru, musiqişünas alim Fərəh
Tahirovanın “Dmitri Şostakoviç-Qara Qarayev. Tarixin səhifələri”
adlı məruzəsi dinlənilib.
“Dmitri
Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti
Şərqlə Qərbin mədəni dixotomiyasının
inikası kimi” layihəsi çərçivəsində
reallaşan tədbirdə F.Tahirova XX əsrin dünya
musiqisinin iki görkəmli nümayəndəsi Qara Qarayev və
Dmitri Şostakoviç arasındakı yaradıcı əlaqələrini
tarixi faktların dili ilə təqdim edib. Məruzəçi
çıxışında özünün müəllifi
olduğu “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti”
adlı kitabdan da istinadlar edib.
Vyanada
musiqisevərlərə ilk dəfə təqdim olunan tarixi
faktlar, arxiv sənədləri və fotolar əsasında
Dmitri Şostakoviçin Azərbaycanla əlaqələrinin
ümumi mənzərəsi canlandırılıb, xüsusilə
də onun azərbaycanlı tələbələri Qara
Qarayev, Cövdət Hacıyevlə münasibətlərindən
bəhs edilib.
Tədbir
iştirakçılarına həmçinin Dmitri
Şostakoviçin Azərbaycan Radiosundakı
çıxışı səsləndirilib və onun Azərbaycan
musiqi mədəniyyətində Üzeyir Hacıbəyli, Qara
Qarayev, Cövdət Hacıyev, Bülbül, Fikrət
Əmirov, Niyazi və digərlərinin oynadığı rol
barədə fikirləri təqdim olunub.
Tədbirdə
dahi bəstəkar Qara Qarayevin qızı, bəstəkar
Züleyxa Qarayevanın atası haqqında xatirələrinin
yer aldığı videoçarx nümayiş etdirilib.
F. Tahirova
bildirib ki, bu məruzə “Dmitri Şostakoviç və Azərbaycan
musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni
dixotomiyasının inikası kimi” layihəsinin ikinci və
yekun hissəsidir. Bu layihənin ilk hissəsi ötən ilin
sentyabr ayında görkəmli Azərbaycan bəstəkarı
Cövdət Hacıyevin 100 illik yubileyinə həsr
olunmuşdur.
Bildirilib
ki, növbəti layihə Dmitri Şostakoviçin Türkiyə
ilə əlaqələrinə və Mustafa Kamal
Atatürkün dəvəti ilə onun qardaş ölkəyə
səfərinə həsr olunacaq.
M. Mükərrəmoğlu
Xalq qəzeti.- 2018.- 25 dekabr.- S.12.